Məhkəmə qərarları › İş №2(107)-1127/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1127/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1127/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1528/2022 saylı qətnaməsindən İddiaçı MMCnin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YVK5699207 nömrəli müqavilə üzrə 979 manatlıq məişət avadanlığı, ilkin ödəniş 49 manat olmaqla, qalan 930 manat 15 ay müddətinə aylıq 62 manat ödəmək şərtilə və eyni tərəflər arasında xx.xx.2019-cu il tarixli, YVK5699215 nömrəli müqavilə üzrə 919 manatlıq məişət avadanlığı ilkin ödəniş 49 manat olmaqla, qalan 870 manat 15 ay müddətinə aylıq 58 manat ödəmək şərtilə Cavabdeh verilmişdir. Hal-hazırda cavabdehin xx.xx.2019-cu il tarixli, YVK5699207 nömrəli müqavilə üzrə 235 manat məbləğində əsas borc, xx.xx.2019-cu il tarixli, YVK5699215 nömrəli müqavilə üzrə 215 manat əsas borcu yaranmışdır. Hər iki müqavilənin qeyd hissəsində müqavilə müddəti bitdikdən sonra şirkətə vaxtında qaytarılmayan məbləğə görə hər gün üçün 1 %ədək hesablanan cərimə faizlərinin ödənilməsi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh xx.xx.2019-cu il tarixli, YVK5699207 saylı kredit müqaviləsinə əsasən 235 manat məbləğində əsas borc, xx.xx.2019-cu il tarixli, YVK5699215 saylı kredit müqaviləsinə əsasən 215 manat əsas borcu, hər iki müqavilə üzrə hesablanmış 250 manat faiz borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 730 manat məbləğində pul vəsaitin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, YVK5699207 və xx.xx.2019-cu il tarixli, YVK5699215 saylı müqaviləsi əsasında Cavabdeh məişət avadanlıqları verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin İddiaçı MMC-yə 235 manat məbləğində əsas borc, 215 manat əsas borcu, hər iki müqavilə üzrə hesablanmış 250 manat faiz borcu olmaqla, cəmi 700 manat borcu qalmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilmələri haqqında bildiriş göndərilsə də, Cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YVK5699207 və xx.xx.2019- cu il tarixli, YVK5699215 saylı müqaviləsi əsasında Cavabdeh məişət avadanlıqları verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin İddiaçı MMC-yə 235 manat məbləğində əsas borc, 215 manat əsas borcu, hər iki müqavilə üzrə hesablanmış 250 manat faiz borcu olmaqla, cəmi 700 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 250 manat faiz borcunun tutulmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, müqavilədə 1 faiz cərimə faizinin hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən də, həmin 250 manat faiz borcu kimi yox, cərimə (dəbbə) borcu kimi nəzərə alınmalıdır. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 250 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1528/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin olunmuş, 235 manat məbləğində əsas borc, 215 manat əsas borcu, hər iki müqavilə üzrə hesablanmış 5 manat faiz borcu olmaqla, cəmi 450 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, xx.xx.1961-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, S.S.Əsgərova küçəsi ev 43-da yaşayan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385, 386, 467 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı MMC-nin nümayəndəsi X1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə 15 ay müddətinə olmaqla 27 may 2019-cu il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 979 manat olan avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 235 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1480 manat faiz borcu yaranmışdır (235 manat x 630 gün x 1% 1480 manat). Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə 15 ay müddətinə olmaqla 28 may 2019-cu il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən dəyəri 919 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 215 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1354 manat faiz borcu yaranmışdır (215 manat x 630 gün x 1%=1354 manat). İddiaçı faiz borclarını cavabdehdən cəmi 250 manat məbləğində tələb edir. İşin faktiki hallarına əsasən Cavabdeh müqavilə öhdəliyini tam icra etməyib. Odur ki, iddiaçı cavabdehdən əsas borcla yanaşı faiz borcu da tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin faizlə bağlı hissəsini cərimə kimi qiymətləndirərək cərimə məbləğini 5 manat miqdarında müəyyən edib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh gecikdirilmiş hər gün üçün iddiaçıya faiz ödəməyi öhdəsinə götürüb. Məhkəmə heç bir əsaslandırma aparmadan iddia tələbində cavabdehdən faiz ödənilməsi tələb edildiyi halda, faizi cərimə kimi qiymətləndirmiş və cavabdehdən cəmi 10 manat miqdarında cərimə tutulmasını qət etmişdir. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək əsas borcla yanaşı faiz borcu da tələb edir. Odur ki, hazırkı iddia tələbi faiz borcu hissəsində də, əsaslıdır. Məhkəmə sübutetmə prinsiplərini pozaraq müqavilə üzrə cavabdehi öz üzərinə götürdüyü faiz öhdəliyini icra etməkdən qanunsuz olaraq azad edib, maddi hüquq normalarını səhv təfsir edib, iddia tələbindən kənara çıxıb. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasını təşkil edən müqavilə öhdəliklərini ümumiyyətlə şərh etməyib, həmin müqavilə üzrə cavabdehi üzərinə götürdüyü faiz öhdəliyindən azad edib. Ona görə də, Yevlax rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(039)-1528/2022 saylı qətnaməsinin qismən, iddia tələbinin rədd edilən hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin tam təmin edilərək Cavabdeh 27 may 2019-cu il tarixli, YVK5699207 saylı və 28 may 2019-cu il tarixli, YVK5699215 saylı müqavilələrə əsasən hesablanmış 250 manat faiz borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1528/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı MMC -nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəmə kollegiyasına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci madəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı mаddəsinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1528/2022 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün olmayan maddi hüquq normalarına istinad etdiyi üçün Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1528/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kolelgiyası hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YVK5699207 nömrəli və xx.xx.2019- cu il tarixli, YVK5699215 nömrəli müqavilələri borc müqaviləsi deyil, məişət avadanlıqlarının satılması ilə bağlı olan nisyə alqı-satqı müqaviləsi kimi nəzərdən keçirilməlidir. Nisyə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YVK5699207 nömrəli və xx.xx.2019-cu il tarixli, YVK5699215 nömrəli müqavilələri əsasında Cavabdeh məişət avadanlıqları verilmişdir. Hal-hazırda cavabdehin xx.xx.2019-cu il tarixli, YVK5699207 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə 235 manat məbləğində əsas borcu, xx.xx.2019-cu il tarixli, YVK5699215 nömrəli müqavilə üzrə 215 manat əsas borcu vardır, iddiaçı iki müqavilə üzrə əlavə olaraq cəmi 250 manat faiz borcu da tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehdən 250 manat faiz borcunun tutulmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, müqavilədə 1 faiz cərimə faizinin hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən də, məhkəmə kolelgyiası həmin cərimə məbləğini hər müqavilə üzrə 125 manat hesab edərək tənasübsüz surətdə yüksək olduğundan hər müqavilə üzrə məbləği azaldaraq 5 manat həcmində müəyyən etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulduğuna görə İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1528/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı 700 manat pul tələbinə dair iddiası qismən – xx.xx.2019-cu il tarixli, YVK5699207 nömrəli müqavilə üzrə 235 manat məbləğində əsas borc və 5 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, YVK5699215 nömrəli müqavilə üzrə 215 manat əsas borc və 5 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 460 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna dair hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-1528/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı 700 manat pul tələbinə dair iddiası qismən – xx.xx.2019-cu il tarixli, YVK5699207 nömrəli müqavilə üzrə 235 manat məbləğində əsas borc və 5 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, YVK5699215 nömrəli müqavilə üzrə 215 manat əsas borc və 5 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 460 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna dair hissədə təmin edilsin. Cəmi 490 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar