Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1128/2022 20.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında 27 noyabr 2018-ci il tarixində “Borc müqaviləsi” bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıdan hissə-hissə ödəniş şərti ilə 752 manat məbləğində məişət avadanlığını ilkin ödəniş olaraq 50 manat, qalan 702 manat məbləği isə 18 ay müddətinə aylıq 39 manat ödəməklə almağı öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 27 may 2019-cu il tarixində “Borc müqaviləsi” bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıdan hissə-hissə ödəniş şərti ilə 705 manat məbləğində məişət avadanlığını ilkin ödəniş olaraq 30 manat, qalan 675 manat məbləği isə 15 ay müddətinə aylıq 45 manat ödəməklə almağı öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 17 oktyabr 2019-cu il tarixində “Borc müqaviləsi” bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıdan hissə-hissə ödəniş şərti ilə 439 manat məbləğində məişət avadanlığını ilkin ödəniş olaraq 19 manat, qalan 420 manat məbləği isə 12 ay müddətinə aylıq 35 manat ödəməklə almağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 4047 nömrəli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 260 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 405 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 385 manat olmaqla, ümumilikdə 1.050 manat əsas(qalıq) borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.050 manat məbləğində əsas borc, 300 manat məbləğində faiz borcu və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr əsasında cavabdehə məişət avadanlıqları verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və nəticədə 1.050 manat əsas borcu və 300 manat faiz borcu yaranmışdır. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 1419/2022 nömrəli iş üzrə qəbul etdiyi 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia qismən təmin edilmiş, əsas borc olaraq 1.050 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə borcu olaraq 10 manat, ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya ödənilməmiş 1.050 manat əsas borcu yaranmışdır. Bu səbəbdən əsas borc tələbinə münasibətdə iddia əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 300 manat faiz borcunun tutulması hissəsi ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, müqavilələrdən görünür ki, əsas borcun gecikdirilməsi üçün 1 faiz cərimə faizinin hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən tələb olunan 300 manat faiz borcu kimi deyil, cərimə (dəbbə) borcu kimi nəzərə alınmalı və həmin məbləğ yüksək olduğundan azaldılması məqsədə müvafiq hesab edilməlidir. Bu səbəbdən cavabdehdən tutulacaq cərimənin məbləği 10 manat müəyyən edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 467, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 284-5.1, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, məhkəmə heç bir əsaslandırma aparmadan iddia tələbində cavabdehdən faiz borcu tələb etdiyi halda, faizi borcunu cərimə kimi qiymətləndirmiş və cavabdehdən cəmi 10 manat cərimə tutulmasını qət etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2.430 manat faiz, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə 2.079 manat faiz borcu yaranmışdır. Göründüyü kimi cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək faiz borcu da tələb edir. Odur ki, faiz borcu hissəsində də iddia tələbi əsaslıdır. Məhkəmə nəzərə almayıb ki,cavabdeh əsas borc öhdəliyini 600 gündən artıq müddətdə icra etməyib və bu hal hazırda da davam edir. İddiaçının iddiaçı kimi tərəf olduğu işlərdə faiz borcunun tutulmasına dair çoxsaylı qətnamələr mövcuddur ki, bu da məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməyib. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia qismən təmin olunsa da, iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayətini iddiaçı vermişdir. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı Rayon Məhkəməsinin iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin yalnız iddiaçıya münasibətdə və mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 394-1.Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə baxılması ...... Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apelyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli borc müqavilələri (müqavilələr borc müqaviləsi adlandırılsa da, müqavilələrin şərtlərinə görə həmin müqavilələr faktiki nisyə alğı-satqı müqavilələridir) üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş və bu səbəbdən onun iddiaçıya borcu yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrin şərtinə görə borcalan əsas borc məbləğini vaxtında qaytarmadıqda, qaytarılmayan məbləğ (müqavilə müddəti bitdikdən sonra) hər gün üçün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəməlidir. İddiaçının apelyasiya şikayəti ifadə olunmuş mövqeyi ondan ibarətdir ki, müqavilələr üzrə tərəflər arasında razılaşdırılmış yuxarıda qeyd olunan bu şərt borcun vaxtında qaytarılmaması halında kreditor tərəfindən borcluya faiz borcunun hesablanması barədə şərtdir. Lakin Rayon Məhkəməsi müqavilənin həmin bəndində faiz borcunu səhvən cərimə kimi qəbul edərək cavabdehdən azaldılmış məbləğdə cərimə tutmuşdur. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, cərimə (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilələrin müzakirə olunan şərtindən də göründüyü kimi, müqavilə üzrə əsas borc vaxtında ödənilmədiyi halda, hər gecikdirilən gün üçün borclu kreditorun xeyrinə pul pul ödəməlidir. Məhkəmə qeyd edir ki,müqavilələrin həmin bəndində “cərimə” sözü ilə yanaşı “faiz” sözündən istifadə olunması, müqavilə şərtinin mənasını dəyişmir. Müqavilələrin bu şərtinə görə əsas borcun ödənilmədiyi hər gecikdirilən gün üçün 1 faiz miqdarında tələb olunan vəsait borcluya tətbiq edilən məhz maliyyə sanksiyası hesab olunan cərimədir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır və təmin edilməməlidir. Rayon Məhkəməsi müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cərimənin ödənilməsi barədə tələbin əsaslı olması qənaətinə gələn Rayon Məhkəməsi işin hallarını, cavabdehin əmlak vəziyyətini, iddiaçının əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, müqavilələr üzrə ödənilməsi tələb edilən cərimənin məbləği – 300 manat tənasübsüz surətdə yüksəkdir. Ona görə də Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə etməklə tələb olunan cərimə borcunun məbləğini azaldaraq 10 manat məbləğində müəyyən etmişdir. Məhkəmə bu qənaətdədir ki, qeyd edilən məbləğdə cərimə həm borclu olan cavabdehin, həm də kreditor olan iddiaçının əmlak mənafelərinə adekvat və ağlabatandır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apelyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1128/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1128/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver