Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1130/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, miras payının müəyyən edilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların vəkili Vəkil, Maraqlı şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, maraqlı şəxslər X4 və X17 qarşı Oğuz rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V- 667 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,117130 ha torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışlar.
2. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 atası Cavabdeh4 Baxış oğlu xx.xx.1975-ci ildə vəfat etmişdir. Cavabdeh3 qardaşı, digər Cavabdeh4 isə onun oğludur. Cavabdeh4 Baxış oğlunun vəfatından sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,117130 ha torpaq sahəsi miras qalmışdır. Cavabdeh4 Baxış oğlunun vərəsələri həyat yoldaşı X8, oğlu X18, qızları Xoşqədəm, Yaqut və Dilşad, oğlu Cavabdeh3 olmuşdur. Cavabdeh4 ali təhsilli olmaqla müxtəlif rayonlarda, yəni Zaqatalada və Balakəndə vəzifələrdə işləmişdir. O vəfat etdikdən sonra Şəki şəhərinə gəlib orada məskunlaşmışlar. Cavabdeh4 Baxış oğlu rəhmətə gedəndən sonra Oğuz şəhərində yerləşən miras mülkdə əmisi Vaqif Qasımov və digər qohumlar yaşamışdır. Atası vəfat edəndə o, tələbə olub, sonra ailə qurub. Oğuzda yerləşən evə gəlməmişlər, çünki əmisi orda yaşadığından və başqa yeri olmadığından onu ordan çıxarmaq istəməmişlər. Sonralar kimin yolu düşsə gəlib-getmişlər. Cavabdeh4 Baxış oğlu öləndə cavan olublar, qanunu bilməyiblər. 23 il olar ki, qardaşı Cavabdeh3 evi öz adına keçirdiyini bilmişlər. Sənədləşmə olanda Akif demişdir ki, ev onun adına olsa da açarı verəcək, lazım olanda gəlib-getsinlər, qalsınlar. Sonra fikrini dəyişib. Hörmət naminə səslərini çıxarmayıblar. Akif mülkü 2012-ci ildə notarial qaydada sənədləşdirəndə yeganə vərəsə kimi sənəd təqdim edib, notarius da vərəsələri axtarmadan Akifə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verib. Halbuki hamısı Oğuz şəhərində doğulub, xeyli müddət yaşayıblar. Akif hamıdan kiçik olub, əslində o, mülkdə yaşamayıb. Buna baxmayaraq hər şeyi ələ keçirib. Belə ki, onları aldadıb, sonra torpağı və evi 120000 manata satıb. Sənədlərdə məbləğ az göstərilib. Vərəsə olaraq hesab edirlər ki, əldə olunan pul vərəsələr arasında bölünməlidir, yəni halallıq olmalıdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmənin təşəbbüsü ilə X19 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
4. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermişdir. O, həmçinin izahatında göstərmişdir ki, Akif məhkəməyə etirazında onların evdə yaşamadığını, iddia müddətinin ötdüyünü deyir, həm də deyir ki, guya sənədləşmə aparanda onların razılığını alıb. Bu, yalandır. Akif onların fikri ilə razılaşsa, məsələ həll oluna bilər, əks halda tək varis məsələsi aydınlaşmalıdır. Akiflə məhkəmədən kənar razılaşmaq istəsələr də o heç kimə heç nə verməyəcəyini deyib. Burda qanun pozuntusu var. İcra nümayəndəsi vərəsələri araşdırmadan Akifin adına arayış verib. Müddət hamı kimi Akif üçün də keçib. Qanunvericiliyə uyğun olaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Digər İddiaçı2 məhkəmə iclasında İddiaçı1, maraqlı şəxslər Yaqut Məhərrəmovanın və Dilşad Sədrinin bibiləri, Cavabdeh3 isə əmisi olduğunu bildirmiş, iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, atası Səməd 1995-ci ildə vəfat edib. Bir bacı, bir qardaşdırlar. Atasına düşən payın onlara verilməsini istəyirlər, amma əmisi onlarla münaqişəli vəziyyətdədir, bir söz deyəndə nalayiq ifadələr işlədir. Əmisi onları saymırdısa, heç olmasa bibilərini eşidərdi. Atasının əmisi Vaqif Qasımov da Cavabdeh3 bacıları ilə halallaşmağı məsləhət görüb. Vaqif Qasımov bunu təsdiq edə bilər. Cavabdeh3 saxta sənədlərlə mülk əldə edib, sonra da heç kimə demədən satıb. İddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında cavabdeh Oğuz rayon Notariat ofisinin notariusu X13 izahat verərək bildirmişdir ki, mübahisəli evlə bağlı müddət çox keçib, ona görə təxmini xatırlayır ki, 2012-ci ildə Cavabdeh3 müraciət edəndə araşdırma zamanı atasının xx.xx.1975-ci ildə öldüyü müəyyən edilib. Həmin vaxt mirasqoyanın ölümündən 37 il keçmişdi. Qaydaya uyğun olaraq Akifə lazım olan sənədləri toplamaq üçün siyahı verilib. Akifin adına vərəsə olduğuna dair arayış verilib, həmin vaxt digər vərəsələrin Oğuzda qeydiyyatı olmadığından onlarla bağlı məlumat olmayıb. Mirası qəbul etmiş vərəsə kimi Akifə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Ötürülmüş vaxt məhkəmə tərəfindən bərpa edildiyi təqdirdə digər vərəsələr şəhadətnaməyə əlavə edilə bilər. İddiaçı 2023-cü ildə notariat ofisinə müraciət edəndə ona hər şeyi izah edib. Belə ki, vaxtında müraciət etməyiblər, həmçinin qanuna görə vərəsənin susması mirasdan imtina kimi qiymətləndirilir. Notariat vərəsəlik işini açır, sistemə yükləyir. Bu işdə sonra müraciət edən olmayıb. 37 il keçsə də, mübahisəli məqam aşkar edilmədiyindən və ya digər vərəsələrin ərizəsi olmadığından vərəsəlik haqqında şəhadətnamə verilib. Qanuni qərar çıxarılmasını xahiş etmişdir.
7. Maraqlı şəxs X23 əvvəlki məhkəmə iclasında iddiaçı olan bacısı İddiaçı1 izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, atası vəfat edəndə cavabdeh olan qardaşı Akif azyaşlı olub, Oğuz şəhərindəki evdə yaşamayıb. Hesab edir ki, vərəsə olaraq hamısına pay verilməlidir. İddianın təmin edilməsini xahiş etmişdir.
8. Maraqlı şəxs X9 məhkəmə iclasında iddiaçı olan bacısı İddiaçı1 izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 1955-ci ildə Oğuz şəhərində mübahisəli evdə doğulub, 3-cü sinifə kimi Oğuzda məktəbə gedib, qardaşı Səməd 4-5-ci sinifə kimi Oğuzda məktəbə gedib. Atası rayon partiya komitəsində işləyib. Sonra başqa rayonlarda işlədiyindən Oğuzdan köçüblər. Atası 1975-ci ildə vəfat edib. Həmin vaxt onlardan heç kim Oğuzda olmayıb. Atası öləndə Oğuzdakı evdə Vaqif, Rauf və Arif adlı əmiləri yaşayıb. Əmiləri evdə yaşadığından iddia qaldırmayıblar, yəni onları evdən çıxarmaq istəməyiblər. Anası gəlib, amma onu qovublar, deyiblər ki, sənin burda payın yoxdur. Sonra əmiləri bir-bir evdən köçüblər. Qardaşı Akif deyib ki, nə vaxt istəsəniz evə gəlib-gedin. 2012- ci ildən sonra onları evə buraxmayıb. Evi adına keçirdiyini biliblər, həmin vaxt evi satmamışdı, ona görə heç yerə müraciət etməyiblər. Evi satdığını bildikdən sonra şikayət etmək qərarına gəlmişlər. Bütün övladlar həmin evdə doğulub böyüyüblər, məktəbə gediblər. Vərəsədir, gələndə qalmağa yerləri olmalıdır. Akif isə saxta sənədlə evi sənədləşdirib. Əslində hamının payını verməlidir. İddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh3 məhkəməyə təqdim etdiyi etiraz ərizələrində bildirmişdir ki, atası Cavabdeh4 qalmış mirası yalnız o qəbul və idarə edib. İddiaçı1 mirası qəbul etməyib, orada yaşamayıb, 1980-ci ildə Şəki şəhər sakininə ərə gedənədək onun mülkiyyətində olan, Şəki şəhəri, 20 Yanvar küçəsi, bina 56, 3 saylı mənzildə qeydiyyatda olmaqla yaşayıb. İddiaçı2 atası Səməd Qasımov da eyni mənzildə qeydiyyatda olmaqla yaşayıb, ünvan 2 ünvanda yerləşən mənzili aldıqdan sonra orada yaşamışdır. Mirası qəbul edərkən iddiaçıların xəbəri olmuş, onlar mirasdan imtina etmişlər. Əgər onlar mirasdan pay almaq istəsəydilər, atası öləndən sonra keçən 49 il, yaxud onun mirası rəsmi qəbul etdiyi vaxtdan keçən 12 il ərzində bu barədə iddia qaldırmalıydılar. Keçən uzun müddət ərzində onların mirasla bağlı mübahisəsinin olmaması da onların mirası faktiki qəbul etmədiklərini və bu barədə fikirlərinin olmadığını bir daha təsdiq edir. Miras əmlakı yalnız o, mirasa yiyələnərək faktiki idarə etməyə başlamış və 2023-cü ilədək idarə etmişdir. Həmin il əmlakı satmışdır. İşə iştirakı olmadan baxılaraq Azərbaycan Respublikasının həm 2000-ci ilin sentyabr ayınadək qüvvədə olmuş Mülki Məcəlləsinin, həm də həmin vaxtdan indiyədək qüvvədə olan Mülki Məcəllənin normalarına əsasən iddia müddətinin ötürüldüyü nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh4 məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, iddia edilən torpaq sahəsi Vaqif Qasımovun anası Minayə Qasımovadan miras qalmış, o da öz növbəsində yeganə sağ qalan övlad kimi həmin mirasa sahib olub və torpağın bir hissəsini atası ilə anasının birgə nikah dövründə atası Cavabdeh3, bir hissəsini də ona satmışdır. Torpağın üzərində istifadəyə yararsız köhnə tikili ev babası Cavabdeh4 adına olub. İddia müddəti keçdiyindən iddiaçıların miras üzərində heç bir hüququ yoxdur. Ailənin dağılmağından istifadə edərək bibiləri bu vasitə ilə mülkə sahib olmağa cəhd göstərmişlər. İşləri ilə əlaqədar məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyini nəzərə alaraq işə iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh3 ilə aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsini satın almışdır.İddiaçıların onun mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı müqaviləsini mübahisələndirmək hüquqları yoxdur, çünki onlar mülki qanunvericilikdəki kəsici müddəti ötürmüşlər. O, vicdanlı alıcıdır və əmlak əldə edərkən həmin əmlak yüklü olmamışdır. Mülki və mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh3 ilə aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən 0,0505 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini satın almışdır.Vicdanlı alıcıdır, qanuni şəkildə notariat ofisində depozit hesaba müqavilə üzrə razılaşdırılmış məbləği ödəyərək daşınmaz əmlak əldə etmişdir. Həmin vaxt daşınmaz əmlak yüklü deyildi və alqı-satqı üçün maneə yox idi.Notarius da qeyd etmişdir ki, daşınmaz əmlak vərəsəlik qaydasında əldə edilmişdir.Mülki və mülki prosessual qanunvericiliyin müddəaları nəzərə alınmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 nömrəli qətnaməsi ilə (hakim S.Zeynalova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, maraqlı şəxslər X4 və X17 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və X11) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, 100 (yüz) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, 1956-cı il təvəllüdlü İddiaçı1, cavabdeh 1966-cı il təvəllüdlü Cavabdeh3, üçüncü şəxslər 1959-cu il təvəllüdlü Sədri Dilşad və 1955-ci il təvəllüdlü Yaqut Məhərrəmova doğma bacı-qardaş olmaqla onların və İddiaçı2 atası-1995-ci ildə vəfat etmiş 1951-ci il təvəllüdlü Səməd Qasımovun atası-Oğuz rayon sakini olmuş Cavabdeh4 Baxış oğlu 1975-ci ildə işlədiyi ünvan 4 ünvanında 51,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh4 vəfat edərkən onun vərəsəsi Cavabdeh3 istisna olmaqla qalan vərəsələr yetkinlik yaşına çatmış, övladlar atalarının işi ilə əlaqədar müxtəlif rayonlarda, atanın ölümündən sonra Şəki şəhərində məskunlaşaraq yaşamışlar. İddiaçı1 izahatına əsasən atası vəfat etdikdən sonra onun evində əmisi Vaqif Qasımov yaşadığından Oğuz rayonuna gəlib atadan qalmış miras əmlakı rəsmi olaraq qəbul etməmiş və ya faktiki olaraq idarə etməmişlər. Cavabdeh3 2012-ci ildə Oğuz rayonunda yerləşən evi notarial qaydada-qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla öz adına rəsmiləşdirmiş, 2023-cü ilədək həmin əmlak onun mülkiyyətində olmuşdur.
15. Məhkəmə həmçinin müəyyən etmişdir ki, mübahisəli evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhumun anası Minayə Qasımovanın adına rəsmiləşmiş, 2013-cü ildə onun vərəsəsi X16 qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verildiyindən torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Vaqif Qasımov 2013-cü ildə həmin torpaq sahəsindən 0,0515 ha hissəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh3, 0,0085 ha hissəsini isə hazırki iş üzrə cavabdeh-digər Cavabdeh3 oğlu Cavabdeh4 satmış, hər iki şəxs özlərinə məxsus torpaq sahəsini mülkiyyətçi kimi öz adlarına rəsmiləşdirmişlər. Beləliklə, iddiaçılar mərhum X10 miras qalmış 0,117130 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsini xahiş etsələr də, iş materialları ilə mərhumun mirasının yalnız ümumi sahəsi 51,8 kv.m olan fərdi yaşayış evindən ibarət olduğu müəyyən edilmişdir.
16. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, iddiaçı və digər iddiaçının atası, eləcə də üçüncü şəxslər mərhum Cavabdeh4 vəfatından 2000-ci ilədək keçən 25 il ərzində, eləcə də ondan sonrakı illərdə (sağ qalan vərəsələr) miras əmlakla bağlı hər hansı hüquqi mövqe nümayiş etdirməmiş, miras əmlakı vərəsəliyin açılmasından sonra qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişlər.
17. Məhkəmə əlavə olaraq müəyyən etmişdir ki, cavabdeh 2023-cü ildə vərəsəlik qaydasında əldə etdiyi, mülkiyyətində olan 51,8 kv.m ümumi sahədən və 0,0505 ha torpaq sahəsindən ibarət əmlakı Samir Həmidova, 0,001 ha torpaq sahəsini isə Fərdi Babazadəyə notarial qaydada alqı-satqı yolu ilə satmış, yalnız bundan sonra iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hazırda iddiaçılar və maraqlı şəxslər miras əmlakın satılmasından əldə olunan vəsaitdən onların payının verilməsini, əks halda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
18. Məhkəmə ilk öncə iddia tələbinin miras payının müəyyən olunmasına münasibət bildirərək hesab etmişdir ki, miras əmlak iddiaçılar (ikinci iddiaçının atası) tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul edilmədiyindən mübahisəli vəziyyətə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin normaları daxilində qiymət verilməklə iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
19. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” hissəsi "fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsi” hissəsi ilə bilavasitə bağlı olduğundan və iddia tələbi həmin hissədə yuxarıda qeyd olunan hallara əsasən təmin olunmadığından, buna müvafiq olaraq iddiaçıların iddianın digər hissəsini mübahisələndirmək üçün subyektiv hüququ yaranmadığından iddia tələbi ikinci hissədə də təmin olunmamalıdır.
20. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir.
21. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 528, 530, 532, 552, 554, 561, 562-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh4 Baxış oğlu xx.xx.1975-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və 0,117130 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı, digər iddiaçının atası və digər bacı-qardaşları həmin ünvanda yaşamışılar. Cavabdeh3 onlardan xəbərsiz vərəsələrin sayını gizlədərək Oğuz Rayon Notariat Ofisinə müraciət edərək xx.xx.2012-ci tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Cavabdeh4 Baxış oğlu rəhmətə gedəndən sonra 6 vərəsəsi qalmışdır.
24. Vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə аlmаq üçün notаriаt kontoruna müraciət etmiş Cavabdeh3 ərizəsində və notаriаt kontoruna təqdim etdiyi аrаyışlаrdа mərhum atasının qаnun üzrə vərəsələrinin dаirəsini gizlədərək, sаğ olan qаnun üzrə vərəsəsinin olmasına və həmin vərəsələrin miras əmlakda paylarının olmasına baxmayaraq ərizəsində onların adlarını göstərməmişdir. Lakin notariat kontoru da öz növbəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli qərarında hazırkı məsələni nizamlayan möveyini ortaya qoymuşdur. Lakin məhkəmə bu mövaeyi nəzərə almadan formal əsaslarla iddia tələbini rədd etmişdir.
26. Mövcud vərəsələrin gizlədilməsi, miras əmlakın tərəflərindən faktiki olaraq qəbul edilməsi və onların mirasdan imtinaya dair heç bir razılıqlarının olmaması işin mübahisəsiz tərəfidir. Məsələyə Konstitusiya Məhkəməsinin mövqeyindən yanaşılsa idi iddialarının rəddi üçün əsasların olmadığı müəyyən edilərdi.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehlərin mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlilərə əsaslanmamışdır.
28. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır.
30. Odur ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-189/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətinə yazılı etirazlarında iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaşıların vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X9 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 36.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri, maraqlı şəxslər X9, X23, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və X11 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərdən Oğuz rayon Notariat ofisi məhkəmə kollegiyasına göndərdiyi müraciətində iş yükünün çoxluğu nəzərə alınaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etsə də, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi, maraqlı şəxslər X9, X23, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və X11 gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
39. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.
40. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun; 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.
41. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun; 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. İddiaçılar Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiklərindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıların apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı1, cavabdehlərdən Cavabdeh3, maraqlı şəxslər X3, X14 həmçinin 1995-ci ildə vəfat etmiş X12 ataları, İddiaçı2, cavabdehlərdən Cavabdeh4 isə babaları Cavabdeh4 Baxış oğlu 1975-ci ildə vəfat etmişdir. Cavabdeh4 Baxış oğlundan ünvan 6 ünvanında 51,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi miras qalmışdır. Cavabdehlərdən Cavabdeh3 Cavabdeh4 Baxış oğlundan miras qalmış əmlakı 02 noyabr 2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla öz adına rəsmiləşdirmişdir. Mübahisəli evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhumun anası Minayə Qasımovanın adına rəsmiləşmiş, 2013-cü ildə onun vərəsəsi X16 qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verildiyindən torpaq sahəsi onun mülkiyyətinə rəsmiləşdirilmişdir. Vaqif Qasımov 2013-cü ildə həmin torpaq sahəsindən 0,0515 ha hissəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh3, 0,0085 ha hissəsini isə hazırki iş üzrə Cavabdeh3 oğlu olan digər Cavabdeh4 satmış, hər iki şəxs özlərinə məxsus torpaq sahəsini mülkiyyətçi kimi öz adlarına rəsmiləşdirmişlər. Həmçinin Cavabdeh3 vərəsəlik qaydasında əldə etdiyi, mülkiyyətində olan 51,8 kv.m ümumi sahədən və 0,0505 ha torpaq sahəsindən ibarət əmlakı 18 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X15, 0,001 ha torpaq sahəsini isə 02 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Lakin Cavabdeh4 Baxış oğlunun 1975-ci ildə vəfat etməsindən sonra ondan qalmış mirasın İddiaçı1, həmçinin Cavabdeh4 Baxış oğlunun 1995-ci ildə vəfat etmiş oğlu və iddiaçılardan İddiaçı2 isə atası X18 tərəfindən mirasın qəbul edilməsi halları müəyyən edilməmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.
50. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin miras əmlakın tərəflərindən faktiki olaraq qəbul edilməsinin, vərəsələrin mirasdan imtinaya dair heç bir razılıqlarının olmamasının işin mübahisəsiz tərəfi olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı1 və mirasqoyanın birinci növbə vərəsələrindən olan və digər İddiaçı2 1995-ci ildə vəfat etmiş atası X12 ataları Cavabdeh4 Baxış oğlundan qalmış mirasdan imtina etmələri halı müəyyən edilməsə də onlar tərəfindən mirasın qəbul edilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan mülki qanunvericilikdə isə mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməli olması imkanları nəzərdə tutulmamışdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçıların birbaşa vəzifəsidir.
52. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 ərizəsində və notаriаt kontoruna təqdim etdiyi аrаyışlаrdа mərhum atasının qаnun üzrə vərəsələrinin dаirəsini gizlətməsi, ərizəsində onların adlarını göstərməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, mirasın qəbul edilməsinə dair hər hansı bir sübut təqdim edilmədiyi halda həmin dəlillər özlüyündə iddianın təmin edilməsinin əsasları kimi çıxış etmirlər.
54. Beləliklə iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri üçün subyektiv hüquqa malik olmaları müəyyən edilmədiyi halda miras əmlaka dair Cavabdeh3 adına 02 noyabr 2012-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişlər.
55. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz."
56. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin qeyd edildiyi kimi, hazırkı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Oğuz rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, fərdi yaşayış evi və torpaq sahəsinə iddiaçıların miras payının müəyyən edilməsinə dair tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olması iş materialları ilə müəyyən edilməmişdir.
57. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
58. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
59. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
60. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda isə iddiaçılar tərəfindən buna dair sübutlar təqdim edilməmişdir.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı möveyini nəzərə almamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarından göründüyü kimi Həmin Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Yəni adıçəkilən qərar 2000-ci ilin 1 sentyabrından qüvvədə olan Mülki Məcəllənin müvafiq normaları ilə bağlı qəbul edilməklə, həmin dövrədək qüvvədə olan Mülki Məcəllənin müvafiq normalarına şamil edilməmişdir.
63. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-189/2024 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.