Məhkəmə qərarları › İş №2(107)-1131/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1131/2021

02.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1131/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Çümşüd oğlunun Cavabdehnə qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)–400/2021 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)–400/2021 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia təmin edilmiş, İddiaçı Çümşüd oğlunun adına ünvan 1 ünvanında **********0000 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 216 (iki yüz on altı) manat borcun əsassız hesab edilərək silinməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək X1 İstismar İdarəsi (RQİİ) tərəfindən əsassız olaraq üzərinə yazılmış 216 manat məbləğində cərimə məbləğinin üzərindən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Yevlax şəhəri, R.Balakişiyev küçəsi mənzil 10-də yaşayır. Hamı kimi də o, təbii qazdan istifadə etməyə görə dövlət tərəfindən sayğacla təmin edilmişdir. Həmin sayğac onun həyətində yox, əhalinin ümumi istifadə yerində, küçədə hasarına vurulmuşdur. Tərtər RQİİ səlahiyyətli şəxsləri tərəfindən evinə gələrək istifadə etdiyi sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qapaqcıqlarda əzik, cızıq izləri aşkar olunmasını bildirərək üzərinə 216.00 manat ziyan hesablanmışdır. Qeyd olunan hallarla əlaqədar etiraz etmişdir. Əsassız da əlaqədar rəsmi etirazını bildirməklə bərabər aktı imzalamamışdır. Mübahisələndirilən qaz sayğacı onun həyətində deyil, həmin sayğacın təhlükəsizliyi ilə bağlı o, heç bir öhdəlik götürməmişdir. Qazı işlədib ödəmələrini vaxtında ödəmişdir. Ödəmə aylarına nəzarət edilsə qeyd etdiyi hallar tam olaraq öz təsdiqini tapar. Belə vəziyyətdə o, mümkün olan hərəkətini istifadə etdiyi qazın ödənişini etmişdir. Bir neçə müddətdən sonra hazırkı qərarla cavabdeh tərəf onu qeyd etdiyi aktla üzərinə cərimə yazaraq hazırkı vəziyyətdə ağır olan yaşayış vəziyyətini bir az da ağırlaşdırıb. Açıq şəkildə, küçədə nəzarətsiz vəziyyətdə saxlanılan qaz sayğacının kimin rəfindən zərər vurulduğunu o, haradan bilə bilər. Bütün bunları onun üzərinə atmaq ədalətli ola bilməz. Hesab edir ki, əsassız olaraq üzərinə yazılmış 216.00 manat məbləğ onun idarəyə zərər vurmağı nəticəsində yaranmayıb. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi İlham Xəlilov iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd edilən ünvanda dövrü yoxlama müddəti bitdiyi üçün sayğac çıxarılaraq muayinəyə göndərilmiş və müəyyən edilmişdir ki, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-çizik izləri müəyyən edilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh İB tərəfindən аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İB apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən işə baxılarkən bir sıra prosessual hüquq normaları pozulmuş, iş obyektiv araşdırılmamış və nəticədə ədalətsiz, qərəzli 16 fevral 2021 -ci il tarixli, 2(039)- 400/2021 nömrəli qətnamə çıxarılmışdır. Belə ki, Yevlax şəhəri, R.Balakişiyev küçəsi ev 10-dakı mənzilinin qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuşdur. Sənaye və məişət sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanması barədə 19.10.2020-ci il tarixli , 29/1710-03619-1 nömrəli Akta əsasən G-4 markalı ******* nömrəli sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri aşkar olunmuşdır. Bu səbəbdən 30.10.2020- ci il tarixə abonent İddiaçı mənzilinə 2160 m3, yəni, 216 manat itirilmiş qaz hesablanmışdır. Yevlax rayon Məhkəməsi tərəfindən 216 manat borcun silinməsi barəsində qətnamə qəbul edilmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)– 400/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilərək apellyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış İddiaçı Çümşüd oğlu, Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)–400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan ******* nömrəli aktdan müəyyən olunmuşdur ki, istehlakçı İddiaçı yaşadığı Yevlax şəhəri R.Balakişiyev 10 ünvanında yerləşən fərdi yaşayış evində G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, müəyyən edilmişdir ki, Cavabdeh İB-nin 29/1710- 03619- 1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizmi ilişərək səslə işləyir. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-çizik izləri aşkar olunmuşdur. Həmin akt Yevlax Xidmət Sahəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Müayinə nəticəsində qeyd edilmişdir ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-çizik izləri aşkar olunmuşdur. Abonentin saldosundan müəyyən olunmuşdur ki, İddiaçı akt əsasında 2020-cu ilin oktyabr ayında 216 manat cərimə hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı, 12.5 və 12.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.2, 4.7, 4.8, 4.9-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı maddəsinə əsasən, Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 12.5-ci maddəsinə əsasən Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Həmin qanunun 12.6-cı maddəsinə əsasən Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə əsasən Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.2-ci maddəsinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. maddəsinə əsasən Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. maddəsinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. maddəsinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2- ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Tərtər RQİİ-nin əməkdaşları tərəfindən Yevlax şəhəri, R.Balakişiyev küçəsi? 10 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən ******* nömrəli sayğacın hesablama mexanizmi ilişərək səslə işləməsi sayğacın hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-çizik izlərinin olması aşkar edilmişdir. Həmin zaman İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Müayinə eyni nəticəyə gəlmişddir. Akt əsasında İddiaçı 216 manat cərimə hesablanmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz İddiaçı müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Hazırkı halda qaz paylayıcısı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia təmin edilməlidir. İddiaçı Çümşüd oğlunun adına ünvan 1 ünvanında **********0000 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 216 (iki yüz on altı) manat borc əsassız hesab edilərək silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)–400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)–400/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar