Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1133/2023 12.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyatı mübahisəsinin həlli) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki işin ərazi aidiyyatı ilə bağlı mübahisəyə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı «etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun oğludur. Onların münasibətləri yaxşı olmayıb. Oğlu 2017-ci ildə onu aldadıb Bakı şəhərinə aparmış və qısa müddət ərzində bir yerdə yaşamışlar. Həmin müddətdə ağlu onu Bakı şəhərində Asan Xidmətə aparmış, lakin o orada olan proseslərdən heç bir şey anlamamışdır. Hətdə ona Bakı şəhərində tanımadığı bir xəstəxanaya yerləşdirmiş və onu təxminn 5-6 ay orda saxlamışlar. Ona indi məlum olmuşdur ki, onlar ondan istifadə edib Maraqlı şəxs adına etibarnamə vermişlər. Guya o tanımadığı və heç bir vaxt münasibətdə olmadığı Elçin adlı şəxsə etibarnamə vermişdir. Ona yeni məlum olmuşdur ki, oğlu Cavabdeh1 plan quraraq verilmiş etibarnamədən istifadə edərək ona məxsus ünvan 1 ünvanda yerləşən mənzili Nəsimi adlı şəxsə onun adından bağışlamışdır. Onun ahıl yaşından istifadə edərək oğlu bundan istifaədə edərək onu aldatmışdır. Bu günədək, oğlu Nəsimi onun qağısına qalmır və ona baxmır. Odur ki, Maraqlı şəxs verilmiş etibarnamənin etibarsız sayılması və ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh1 mülkiyyətinə veriləsinə əsas olmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 26 iyul 2023-cü il tarixli, 2(011)-1721/2023 saylı qərardadı ilə həmin iddia üzrə işi ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(051)-2137/2023 nömrəli qərardadı ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş, İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı «etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddiası üzrə işin ərazi aidiyyətinə dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsi ilə Mingəçevir Şəhər Məhkəməsi arasında fikir ayrılığı olduğundan, ərazi aidiyyətini müəyyən etmək üçün iş baxılmadan Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsi: 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. «Məhkəmələr və hаkimlər hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 15ci mаddəsinin tələbinə görə işlərin Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş məhkəmə аidiyyətinin dəyişdirilməsi qаdаğаndır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı Məhkəmə kollegiyasının mövqeyi: Göründüyü kimi, hazırda tərəflər arasında yaranmış mübahisə əqdin etibarsız hesab edilməsi ilə bağlıdır. Bununla bağlı olaraq iddiaçı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsi isə qərardadında iddianın mülkiyyətçi hüquqlarının bərpa edilməsi ilə əlaqəli olduğunu hesab edərək mübahisə predmeti olan mənzilin Mingəçevir şəhərində yerləşməsinə görə mülki işin baxılması üçün müstəsna aidiyyət qaydalarına uyğun olaraq ərazi aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilir ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Kolelgiya hesab edir ki, hazırki halda iddia tələbi əqdlərin aid olduğu daşınmaz əşya ilə deyil, əqdlərin özünün etibarsızlığı ilə əlaqəlidir. Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı mövqe nəzərə alındıqda, görmək olar ki, hazırki işdə müstəsna aidiyyatın məqsədləri ilə bağlı həmin qərarda göstərilən hallara zərurət aşkar edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında həmçinin göstərilir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi, hazırki işdə müstəsna aidiyyətin məqsədlərinə xidmət edəcək hallar aşkar edilmədiyindən iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanının istisna olunması üçün əsaslar da mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini əsas tutub, məhkəmələr arasındakı fikir ayrılıqlarını müəyyən edərək bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair hazırki mülki işə ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 35, 39, 44, 45 və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1, 2 saylı Bakı «Asan Xidmət» mərkəzində notariat kontoruna qarşı etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki işin ərazi aidiyyatı ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsi ilə Mingəçevir Şəhər Məhkəməsi arasında fikir ayrılığı həll edilsin və mülki iş icraata qəbul edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1133/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1133/2023
12.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver