Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1139/2021 10.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdeh İB-nin X2 İstismar İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair ilk, Cavabdeh İB-nin İddiaçı qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Ağsu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(016)-153/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Cavabdeh tərəfindən tərtib edilmiş 04.04.2018-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 580,60 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 580,60 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu rayonu, Qaraqoyunlu kəndində yaşayan iddiaçıdan qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq abonent koduna vurulmuş 580,60 manat borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə isə 611 manat məbləğində pulun tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(016)-153/2021 nömrəli (hakim A.Əsgərov) qətnaməsi ilə ilk iddianın təmin edilərək Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən Ağsu rayonu, Qaraqoyunlu kəndi ünvanı üzrə qaz sərfinə görə ilk iddia üzrə iddiaçıya (Abonent kodu: **********00100) hesablanmış 580,60 (beş yüz səksən manat 60 qəpik) manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(016)-153/2021 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İşin halları: İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İdarə tərəfindən yaşadığı Ağsu rayonu, Qaraqoyunlu kəndində yerləşən ünvanına smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin vaxtdan bu günə kimi həmin sayğaca xidmət və nəzarəti də məhz cavabdeh həyata keçirir. Sayğaca müvafiq qaydada yüklədikləri qazı istifadə edirlər. Yəni sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamışdır. Sayğac küçədə quraşdırıldığından ona nəzarət iradəsindən kənardır. “Qaz təchizatı haqqında” Qanunun tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə abunəçi olaraq məsuliyyət daşımır. Onun iştirakı ilə araşdırılma aparılmadan əsassız olaraq cavabdeh tərəfindən 580,60 manat məbləğində cərimə hesablanmış, həmin məbləğin ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. O, göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08.12.2017-ci il tarixində İdarənin əməkdaşları ilk iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 08.12.2017-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı, 1002AQ**********1 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 02.09.2018-ci il tarixli, MSK- 29/1710-00075-1 nömrəli akta əsasən sayğacın giriş (çıxış) yivli birləşməsi ətrafında sızma mövcuddur, sayğac kipliyə yararsızdır. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədələnmiş, klapanı işlək deyil. Həmin akta əsasən ilk iddia üzrə iddiaçının mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 04.04.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İdarəyə göndərilmişdir. Həmin akta əsasən 30.04.2018-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək ilk iddia üzrə iddiaçının **********00100 nömrəli abonent koduna 2903 m3 – 580,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İlk iddia üzrə iddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qətnamə çıxarılarkən təqdim etdikləri sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq əsassız qətnamə çıxarılmışdır. Odur ki, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(016)-153/2021 nömrəli qətnaməsinin ləğv edilərək ilkin iddianın rədd edilməsini xahiş etmişlər. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər mhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(016)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında 27.10.2020-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 699 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00100 olan ilk iddia üzrə iddiaçı qeydiyyata alınmış və ailə tərkibi 4 nəfərdən ibarətdir. Həmin ünvanda “Smart G-4 İtron” tipli qaz sayğacı 08.12.2017-ci il tarixdə quraşdırılmışdır. Sayğacın son göstəricisi may 2018-ci il tarixə qeydə alınmışdır. İlk iddia üzrə iddiaçının təbii qazdan istifadəyə görə 580,60 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 04.04.2018-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, ilk iddia üzrə iddiaçıya məxsus fərdi yaşayış evində qarşılıqlı iddia üzrə iddiaçının əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə sayğacın giriş (çıxış) yivli birləşməsi ətrafında sızmanın mövcud olması, sayğacın kipliyə yararsız olması, hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədələnmiş olması qeyd edilmişdir. İş materiallarında olan 30.04.2018-ci il tarixli sənədin surəti ilə müəyyən edilir ki, ilk iddia üzrə iddiaçının fərdi yaşayış evində 1 ədəd PQ-3 tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat olmaqla hesabat müddəti 38 gün, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 142 gün, 1 ədəd axımlı su qızdırıcı maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat olmaqla hesabat müddəti 38 gün, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 142 gün, 1 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat hesabat müddəti 38 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2903 m3 üzrə hesablanmış məbləğin, sayğacın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə iddiaçıya ünvanlanan məktubda itirilmiş qaz həcminə görə hesablanmış 580,60 manat yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9-cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir MM-in 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Halbuki, MPM-in 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən iş materiallarında olan abonent saldosundan görünür ki, cavabdehin aylar üzrə qaz sərfi o qədər yüksək olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddin artıq yüksək məbləğ müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki , apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(016)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(016)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1139/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1139/2021
10.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver