Məhkəmə qərarları › İş №2(107)-1140/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1140/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1140/2024 08.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı «borc məbləğinin tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc məbləğinin tutulması» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(039)-1329/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı MMC Cavabdeh qarşı «borc məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2023-cü il tarixli, 2924 nömrəli «nisyə alqı-satqı haqqında» müqavilə üzrə qalıq ümumi borc məbləği olan 10998 manat borcun, 58 manat, 74 qəpik gecikmə faizinin və 124 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 11180.74 manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında 29 oktyabr 2023-cü il tarixli, 2924 nömrəli «nisyə alqı-satqı haqqında» müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış «müqavilə»yə əsasən satış obyekti olan yeni "Elos Trio” cihazı 04 dekabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Bildiririk ki, 04 dekabr 2023-cü il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, "təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış 29 oktyabr 2023-cü il tarixli «müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13800 manat müəyyən edilmişdir. «Müqavilə Əlavəsi»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 2802 manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, 05 aprel 2024-cü il tarixdə 534 manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi tam icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edirik ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC-nin nümayəndəsi X7 mhəkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Yevlax Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(039)-1329/2024 nömrəli qətnaməsi ilə (hakim R.Əlizadə) iddianın təmin edilməsi, 10998 manat, 58 manat faiz borcu, 0.74 manat cərimə, cəmi 11066.74 manat borc və ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun xx xxxxxx 1999-cu il tarixdə anadan olmuş, Yevlax şəhəri, Bakıxanov küçəsi 12-də qeydiyyatda olan Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2023-cü il tarixli müqavilə əsasında Cavabdeh Elso Trio cibazı verilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh müqavilə üzrə 10998 manat, 58 manat faiz borcu, 0.74 manat cərimə, cəmi 11066.74 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, iddia təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 600.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 124-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə hazırda qət edilmiş qətnamə ilə onun hüquqları pozulur. Belə ki, o, iddiaçıdan aldığı Elso Trio cihazında bir müddətdən sonra nasazlıq aşkar olunduğu üçün dəfələrlə İddiaçı MMC-nə məlumat vermişdir ki, ona satdıqları çıhazda nasazlıqlar var gəlib onu aparsınlar. O, həmin müddətdə 2000 manatdan artlq hər ay davamlı olaraq ödənişlər də etmişdir. Həmin müddətdən sonra o, ödəniş etməyərək iddiaçıdan məlum çihazı ondan geri almasını tələb etmişdir. Ona görə də hesab edir ki, cihazda aşkar nasazlıqlar olduğu üçün və bunu bilərəkdən nasaz cihazı ona satdğı üçün iddiaçının tələbi əsassızdır və rədd olunmalıdır. Lakin məhkəmə tərəfindən qeyd etdiyi bu hallar ümumiyyətlə nəzərə alınmamışdır.

12. Göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş bu qətnamə ilə birbaşa olaraq onun hüquqları ciddi şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən iddia tələbi təmin edilərkən faktiki hallar araşdırılmamış, əsassız olaraq iddiaçının mənafeyinə uyğun olaraq, iddiaçının sözlərinə istinad etməklə hazırkı qətnamə qəbul edilmişdir.

13. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(039)-1329/2024 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmn edilməməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmaması, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(039)-1329/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Apellyator Yevlax Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(039)-1329/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(039)-1329/2024 nömrəli qətnaməsi dəyişdirilməlidir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2023-cü il tarixli 2924 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC tərəfindən Cavabdeh “Elos Trio” cihazı satılmışdır. İddiaçı MMC tərəfindən “Elos Trio” cihazının Cavabdeh təhvil verilməsinə baxmayaraq, sonuncu tərəfindən alınan malın dəyərinin müqavilə əlavəsinə uyğun olaraq ödənilməsi təmin edilmədiyindən İddiaçı MMC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə tam razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi 10998 manat və 58,74 manat cərimənin cəmini 11066.74 manat kimi müəyyən etməkdə yanlışlığa yol vermişdir.

27. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da dəyişdirilməsi üçün əsasdır.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cihazda aşkar nasazlıqlar olduğu üçün və bunu bilərəkdən nasaz cihazı ona satdğı üçün iddiaçının tələbinin əsassız olması, məhkəmə tərəfindən qeyd etdiyi bu halların nəzərə alınmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. İş materiallarından cavabdehin aldığı əşyanın nasaz olması halı müəyyən edilməməklə, cavabdehin bununla bağlı İddiaçı MMC-nin iddiasına qarşı hər hansı bir qarşılıqlı iddia tələbi irəli sürməsi, həmin əsasla iddia tələbinə etiraz etməsi, etirazını əsaslandırmaq üçün sübut təqdim etməsi halları müəyyən edilməmişdir. Halbuki tərəflər arasında bağlanmış 29 oktyabr 2023-cü il tarixli 2924 nömrəli nisyə alqı-satqı müqaviləsinin 4.4.6-cı bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində və eyni zamanda zəmanət müddəti ərzində satış obyektində baş vermiş hər hansı bir qüsur və ya nasazlıq barədə “icraçı”ya dərhal məlumat vermək Cavabdeh vəzifələrindəndir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması isə tərəflərin birbaşa vəzifəsidir.

31. Beləliklə məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hər hansı bir əsasın olmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətində qeyd etdiyi tələbi ilə razılaşmır.

32. Məhkəmə kollegiyası hesab edir ki, 10998 manat əsas borcla, 58,74 manat cərimənin cəmi 11056,74 manat təşkil etdiyi halda birinci instansiya məhkəməsi həmin məbləğlərin cəmini yanlış olaraq 11066.74 manat kimi müəyyən ediyindən, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(039)-1329/2024 nömrəli qətnaməsi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş cəmi 11066,74 manat borc məbləğinə münasibətdə dəyişdirilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan cəmi borc məbləği 11056,74 manat müəyyən edilməli, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(039)-1329/2024 nömrəli qətnaməsi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş cəmi 11066,74 manat borc məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan cəmi borc məbləği 11056,74 manat müəyyən edilsin. Qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar