Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1147/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-150/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh XS-nin vəzifəli şəxsinin xx.xx.2019-cu il tarixli akt əsasında tərtib edilmiş qərar əsasında hesablanmış 745,20 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-150/2020 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə iddia təmin edilmiş, “İddiaçı adına Cavabdeh XSnin vəzifəli şəxsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında hesablanmış 745 (yeddi yüz qırx beş) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon RQİl-nin XS əməkdaşları xx xxxxxxxx 2019-cu il tarixdə ona məxsus olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirmiş guya müəyyən etmişlər ki, sayğacın çıxış plastmas borusu deşilib və təbii qaz itkisi yaranıb. Nəticədə akt tərtib edilmiş və o, bununla əlaqədar olaraq 745.20 manat ziyan vurmaya dair cərimə edilmişdir. Akta nə yazıldığını bilmir, çünki akt onun iştirakı olmadan tərtib edilmiş və ona göndərilməmiş və ya təqdim edilməmişdir. Sadəcə olaraq ona xeyli müddət keçəndən sonra "dəymiş ziyanın bərpasına dair tələbnamə verilmiş və xx xxxxxxx 2019-cu il tarixli, 01/02TQQ-220/CC saylı xəbərdarlıq göndərilmişdir. Həmin xəbərdarlıq məktubu xx xxxxxxx 2019-cu ildə Böyük Pirəli poçtuna daxil olmuş və bir neçə gündən sonra ona çatdırılmışdır. Məktub ona çatdırıldıqdan sonra qərar və tərtib olunmuş aktın tələb edilməsi ilə əlaqədar dəfələrlə şifahi olaraq Zaqatala RDİİ-niıı Qəbələ XS üzrə TQQ və SX-nin rəisi cənab A.Cəlilova müraciət etdi. Lakin ona heç bir sənəd vermədilər. Nəhayət xx xxxxxxx 2019-cu il tarixdə rəsmi ərizə ilə müraciət etdi və ərizəni qeydə aldırdı. Lakin bu günə qədər akt və qərarı ala bilməmişdir. Onun sayğaca heç bir müdaxiləsi olmamışdır. Sayğacda hər hansı bir müdaxilə ilə bağlı hər hansı bir irad bildirmədilər. Qaz işçiləri həyətə gəlib sayğaca baxıb və ona heç bir söz demədən çıxıb getmişlər. Bu barədə akt yazılıb-yazılmadığını da bilməmişdir. Lakin sonradan onun ünvanına qaz itkisi olmasına dair sənəd göndərilmiş və guya onun təqsiri üzündən 7452 kub metr qaz itkisi olmasına dair akt tərtib olunmaqla 745,20 manat ziyan hesablanmışdır. Həmin aktı tərtib edən mütəxəssislərin və ya şəxslərin inisiallarını da bilmir. Qna görə də o, həmin ziyanlıq aktını, onun əsasında tərtib olunmuş qərarı qanunsuz hesab edir, ikincisi, sayğacda hər hansı bir nasazlıq və ya qanunsuzluq olmasına dair akt tərtib olunarkən hal şahidlərinin iştirakı təmin olunmamışdır. Üçüncüsü, qaz istismarı sahəsində olan qanuna görə qaz istismarına nəzarət edən təşkilat vaxtaşırı yoxlama aparmalı və hər hansı bir problem aşkar olunarsa bu barədə dərhal tədbir görməlidirlər. Onlar bunu etməmişlər. Odur ki, İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-150/2020 nömrəli qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və İddiaçı tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********7 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2019-cu il tarixli 29/1710-02543-2 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir (qaz itkisi, müdaxilə). Sonra iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019cu il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 7452 m3 (və ya 745.20 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və sair başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Qeyd etmək lazımdır ki, məhkəmə prosesi zamanı tədqiq edilmiş sübutlar yalnız Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim edilmişdir. Həmin sübutlar yetərincə iddianın rədd olunmasına əsas versə də, demək olar ki, onların heç biri tamamilə nəzərə alınmamış, qətnamə çıxarılarkən sayğacın iddiaçı tərəfindən sıradan çıxarılmasının cavabdeh tərəfindən təsdiq edilməməsi əsas götürülmüşdür. Proses iştirakçılarının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ona məxsus olan qaz sayğacı qaz idarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılmış, heç bir qüsur aşkar olunmamışdır. Lakin sonuncu dəfə cavabdeh təşkilatın nümayəndələri sayğacı söküb aparmış, bir müddətdən sonra həmin sayğacda qüsur aşkar olunduğunu bildirmişlər. Halbuki o heç vaxt sayğaca müdaxilə etməmişdir. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)- 150/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxxxx 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, Cavabdeh İB-nə 6264 m3ziyan dəymişdir. Eyni zamanda G-4 markalı ******* nömrəli sayğacın çıxış plastmas borusu sınıqdır. Nəticədə təbii qaz itkisi yaranmışdır. Mövcüd sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi planlaşdırılmışdır. Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019cu il tarixli ******* nömrəli aktının surətindən görünür ki, sayğacın çıxış plastmas borusunun sınması, sayğacın giriş yivli birləşmələri deformasiyaya uğraması müəyyən olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29aprel 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, əvvəlki sayğacın üstünə ağac düşüb sayğacı yararsız hala saldığı üçün yeni G-4 markalı, ******* nömrəli sayğac quraşdırılmışdır. Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 02141134 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1953-cü il tarixdə Qəbələ rayonu Aydınqışlaq kəndində doğulmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan cavabdeh daşıdığından həmn sayğaca müdaxilə edilməsinə görə iddiaçı barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın “sayğacın hesablama mexanizminə müdaxilə edilməsi halı” müəyyən edilsə də, həmin tamlığın pozulmasının məhz iddiaçının səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-150/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-150/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1147/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1147/2020
09.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver