Məhkəmə qərarları › İş №2(107)-1151/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1151/2020

03.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1151/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh1 İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinə və Cavabdeh1 İB-nin Zaqatala Regional qaz istismarı İdarəsi Qəbələ Xidmət Sahəsinə qarşı borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-148/2020 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-148/2020 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddiа təmin edilmiş, İddiaçı adına Cavabdeh1 XS-nin vəzifəli şəxsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinə və Cavabdeh1 İB-nin Zaqatala Regional qaz istismarı İdarəsi Qəbələ Xidmət Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 XS-nin vəzifəli şəxsinin xx.xx.2019-cu il tarixli akt əsasında tərtib edilmiş qərar əsasında hesablanmış 529,20 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Zaqatala rayon RQİİ-nin Qəbələ XS əməkdaşları xx.xx.2019-cu il tarixdə həyətə gələrək qaz sayğacına müdaxilə ilə əlaqədar güya yoxlama aparmış və “müəyyən” etmişlər ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Nəticədə guya 5292 m3 qaz itkisinə yol verilmiş və ona buna uyğun olaraq cərimə hesablanıb. Cavabdeh1 İB-nin Qəbələ Xidmət Sahəsinə ona dəymiş ziyanın məbləği barədə məlumat verilməsi üçün dəfələrlə müraciət etməyinə baxmayaraq, dəymiş ziyanın məbləği barədə xəbərdarlıq bu günə qədər ona verilməmişdir. Lakin güya 5292 m3 qaz itkisinə yol verilmiş və 1 kub m üçün 10 qəpik hesablandığından təxminən o 529,2 manat cərimə edilmişdir. Yoxlayıcıların 22.11,2019-cu il tarixdə tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktını qəbul etmir. O və onun ailə üzvləri qaz sayğacına müdaxilə etməmişlər. Qaz idarəsinin əməkdaşları tərəfindən onlara ******* saylı aktda göstərilən qüsursayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi - barədə məlumat verilməmiş, müdaxilə barədə irad bildirilməmişdir. Adına qeydə alınmış qaz sayğacı həyətdən kənarda, həyətin küçə tərəfində, hər hansı qoruyucu qutuda yerləşdirilmədən quraşdırılmışdır, hesab edir ki, bu səbəbdən qaz abonenti olaraq o, cavabdehlik daşımır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixdə tərtib olunmuş ******* saylı aktda yoxlamanın istehlakçıya məxsus qeyri yaşayış sahəsində aparıldığı qeyd edilsə də əslində yoxlama qaz sayğacının yerləşdiyi ərazidə ona məxsus həyətin kənarında ictimai yolun kənarənda aparılıb. Küçə ictimai yer olduğundan qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsi sübuta yetirilməli idi. Odur ki, İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 İB-nə və Cavabdeh1 İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinə və Cavabdeh1 İB-nin Zaqatala Regional qaz istismarı İdarəsi Qəbələ Xidmət Sahəsinə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh1 nümayəndəsi X1 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh1 nümayəndəsi X1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. Müdaxilə edilmiş G-4 markalı ******* nömrəli qaz sayğacının yararsız hala düşməsi mülki işin mübahisəsiz halıdır. Sözügedən qüsurun mövcudluğu onun standartlara uyğun işləməməsinə dəlalət edir və bu fakt eyni zamanda lobaratoriya rəyi ilə təsdiq edilmişdir. Belə bir vəziyyətdə həmin sayğacdan keçən təbii qazın həcmini istehlakçının həmin sayğaca cavabdeh olub-olmamasından asılı olmayaraq qeydə almaması şəksizdir və bu baxımdan iddia tələbində sərfiyyatın silinməsi tələb edilə bilməz. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-148/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, apelyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh1 hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(025)-148/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 İB-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh1 nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 148/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlan Cavabdeh1 İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2019-cu il tarixli ******* nömrəli aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Zaqatala RQİİ xidmət ərazisində “Qaz sayğaclarına nəzarət” komissiyası tərəfindən baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İşdə оlan Cavabdeh1 İB-nin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 5292 m3 qazın dəyərinin ödənilməsi qərara alınmıdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müdaxilə ilə əlaqədar yoxlanılmış, yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb müəyyən edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 529,20 manat tələb edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 529,20 manat borcun silinməsi və qaz təminatının bərpa edilməsi barədə iddia tələbi də təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab edir ki, , iddia tələbi təmin edilməli, İddiaçı adına Cavabdeh1 XS-nin vəzifəli şəxsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında hesablanmış 529 (beş yüz iyirmi doqquz) manat 20 (iyirmi) qəpikməbləğində borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayədəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh1 nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-148/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-148/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh1 nümayəndəsi X1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar