Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1159/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, müqavilə öhdəliyi, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-755/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 29 aprel tarixli 08/00720 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2250,00 (iki min iki yüz əlli) manat borcun və 42,50 (qırx iki manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 2292,5 (iki min iki yüz doxsan iki manat əlli qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 29 aprel tarixli 08/00720 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08/00720 nömrəli müqaviləsinə əsasən 4500,00 (dörd min beş yüz) manat öhdəlikdən 2250,00 (iki min iki yüz əlli) manat ödəniş edilmiş, 2250,00 (iki min iki yüz əlli) manat borc qalmışdır. Cavabdeh Cəmiyyətə hazırda 2250,00 (iki min iki yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-755/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 29 aprel 2014- cü il tarixli 08/00720 saylı “ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” Müqaviləsindən görünür ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2021-ci il tarixdə mexanizator Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT 2-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2021-ci il tarixdə texniki mexanizator Cavabdeh təhvil alınmışdır. İşdə olan “Texniki vəziyyət haqqında” aktlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə məxsus konbayn xx.xx.2021-ci il tarixdən istifadəyə başlanılmış və xx.xx.2021-ci il tarixdə isə geri qaytarılmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış Lizinq müqaviləsi isə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmiş, həmin müddətdə Cavabdeh tərəfindən ümumilikdə 4,500 manat ( təqribən hər gün üçün 75 manat) ödənilməli imiş. İşdə olan sənədlərlə isə müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nə ümumilikdə 2250 manat ödənilmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı ASC-nə məxsus kombayndan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər istifadə edərək ümumilikdə 4500 manat ödəməli olduğu halda, cəmi 25 gün ( müqavilənin şərtlərinə əsasən 1875 manat) konbayndan istifadə etmiş və həmin müddət üçün də 2250 manat ödəmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. İşin hallarından və eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Cavabdeh verilmiş konbayn 2015-ci ildən vurulmuş və işləmək üçün saz vəziyyətdə olmamışdır. Konbaynda olan qüsurun lizinq alana əvvəlcədən məlum olması barədə tərəflər arasında bağlanmış müqavilədə,eyni zamanda xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-də nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında olan ifadəsində sözügedən qüsurun cavabdehin təqsiri ucbatından olmadığını qeyd etmişdir. Eyni zamanda Mülki Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin normanın təfsirindən göründüyü kimi lizinq alanın ödənişlər etmə müddəti lizing obyektini istifadə etdiyi vaxtdan başlanır. Göründüyü kimi qanunverici orqan lizinq ödənişlərinin verilməsini lizinq obyektindən istifadə olunduğu vaxtdan hesablayır. Göründüyü qanunverici orqan ödənişlərin konkret olaraq lizinq obyektinin istifadə edilməsi müddəti ilə bağlı norma qeyd etməsə də, sözügedən maddənin təfsirindən, yəni “Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir” sözlərindən müəyyən olunur ki, Cavabdeh lizinq ödənişlərinin lizinq obyektinin istifadə etdiyi müddətə hesablanması əsaslı və ədalətlidir. Tərəflərin məhkəmə iclaslarında olan ifadələrindən isə müəyyən olunmuşdur ki, lizinq alan Cavabdeh konbayndan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə etmişdir. Həmçinin məhkəmə o halı da nəzərə almışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Konstitusiya məhkəməsinin qərarında da göründüyü kimi lizinq müqaviləsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılmasıdır ki, hazırkı halda da Cavabdeh lizinq obyektinin, yəni kombaynın istifadə etmədiyi müddətə lizinq ödənişlərinin hesablanması lizinq müqaviləsinin prinsiplərinə ziddir və lizinq alanın hüquqlarının pozulması ilə nəticələnməsi səbəb olur. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər Cavabdeh tərəfindən ümumilikdə 4500 manat ödənilməli imiş. Bu zaman 1 (bir) ay üçün Cavabdeh tərəfindən ödənilməli məbləğ 2250 manat edir. Cavabdeh isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 25 gün lizinq obyekti kombaydan istifadə etmiş və həmin müddət üçün də 2250 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdən isə lizinq obyektini ondan asılı olmayan səbəblərdən, yəni lizinq obyekti ona verilərkən mövcud olan qüsurun səbəbindən istifadə edə bilməmiş və lizinq obyektini lizinq alana geri qaytarmışdır. Bu halları məhkəmə iclasında iddiaçının nümayəndəsi də izahatında təsdiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.4, 748-10.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş 2021-ci il 08 may tarixli texniki vəziyyət haqqında 09/00720 nömrəli aktdan (AKT 1) görünürki, 2014cü il buraxılışlı, SR-2045 markalı, 36 T 020 dövlət nömrə nişanlı, 700048 şassi nömrəli, A48413 mühərrik nömrəli taxılyığan kombayn Cavabdeh verilən zaman tam saz vəziyyətdə olmuşdur. Texnika 2021-ci il 25 iyun tarixində təhvil alınarkən (AKT 2 №08/00720) nasazlıqlar(arxa stop işığı, şnek barmağı 3 ədəd yuvası, bıçaq barmağı, 8 ədəd motovillanın nizamlayıcısı yoxdur, maili kameranın valının şkifi, ələyin valının şkifi və solomatranın valı qaynaq olunub və s.) olmuşdur. Aktların doğruluqlarını tərəflər öz imzaları ilə təsdiq etmişlər. Nasaz mexanizmlərlə işlərin aparılmasının yol verilməz olmasının, alət və qurğuların təyinatına görə istifadə olunmasının vacibliyini bilməli olan və texnikanı idarə etmək üçün xüsusi biliyə malik olan cavabdehin may ayından qəbul etdiyi və bir ay sonra müqavilə bağlananadək kombaynda texniki nasazlıqları bilməməsi qeyri mümkün olmaqla, məsuliyyətdən yayınması kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş 2021-ci il 29 aprel tarixli iltizamda cavabdeh texnikanın isismarı zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh müqavilə bağlanmamışdan əvvəl ərizə ilə müraciət edərək kombaynın istifadə müddəti xx.xx.2021-ci il tarixədək öhdəliyini tam icra edəcəyini bildirmişdir. Qeyd edilən hallarla bağlı məhkəmə tərəfindən şifahi mülahizələrə əsaslanaraq texnikanın istifadə olunmaması və ya az istifadə olunmasını əsas götürmüş, “işləməyən” texnikada yuxarıda qeyd edilən nasazlıqların hansı əsasla yaranmasına əhəmiyyət verməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işin həlli ilə bağlı hüquqi baxımdan əhəmiyyət kəsb edən texnikaların təhvil-qəbul aktlarında texnikaların texniki vəziyyətini müqayisə etməmişdir. Cavabdeh hər hansı tutarlı sübut və sənəd təqdim etməmiş, məhkəmə isə yalnız qarşı tərəfin şifahi mülahizələrinə əsaslanmışdır. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş sübutları hər tərəfli araşdırmamış və düzgün qiymət verməmişdir. Məhkəmə prosesinin gedişində kombaynın az istifadə olunmasını sübut edəcək hər hansı qarşı tərəfin dəlili olmamışdır. Texnikanın təhvil alınarkən tərtib olunmuş 2021-ci il 25 iyun tarixli AKT 2-də (№08/00720) əmələ gəlmiş nasazlıqlar aşağıdakılardır: arxa stop işığı, şnek barmağı 3 ədəd yuvası, bıçaq barmağı, 8 ədəd motovillanın nizamlayıcısı yoxdur, maili kameranın valının şkifi, ələyin valının şkifi və solomatranın valı qaynaq olunub, 0614225,0615109,0615184,0615124, 0619090,0615135,0614242, ******* nömrəli qayışlar nasazdır. Qeyd olunan nasazlıqlar “az” işləmiş kombaynda təsadüf etməyi qeyri mümkün olmaqla, məhkəmənin gəldiyi yekun nəticəyə uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq Qəbələ Rayon Məhkəməsinin 2022-ci il 07 iyul tarixli, 2(025)-755/2022 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)-755/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 2(025)-755/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 2(025)- 755/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-755/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 29 aprel 2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlamışdır. Həmin müqavilədən görünür ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2021-ci il tarixdə mexanizator Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT2-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2021-ci il tarixdə texniki mexanizator Cavabdeh təhvil alınmışdır. İşdə olan “Texniki vəziyyət haqqında” aktlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə məxsus konbayn xx.xx.2021-ci il tarixdən istifadəyə başlanılmış və xx.xx.2021-ci il tarixdə isə geri qaytarılmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış Lizinq müqaviləsi isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmiş, həmin müddətdə Cavabdeh tərəfindən ümumilikdə 4,500 manat ( təqribən hər gün üçün 75 manat) ödənilməli imiş. İşdə olan sənədlərlə isə müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nə ümumilikdə 2250 manat ödənilmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı ASC-nə məxsus kombayndan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər istifadə edərək ümumilikdə 4500 manat ödəməli olduğu halda, cəmi 25 gün ( müqavilənin şərtlərinə əsasən 1875 manat) konbayndan istifadə etmiş və həmin müddət üçün də 2250 manat ödəmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə tərəfindən şifahi mülahizələrə əsaslanaraq texnikanın istifadə olunmaması və ya az istifadə olunmasını əsas götürülmüş, “işləməyən” texnikada yuxarıda qeyd edilən nasazlıqların hansı əsasla yaranmasına əhəmiyyət verilməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işin həlli ilə bağlı hüquqi baxımdan əhəmiyyət kəsb edən texnikaların təhvil-qəbul aktlarında texnikaların texniki vəziyyətini müqayisə etməmişdir. cavabdeh hər hansı tutarlı sübut və sənəd təqdim etməmiş, məhkəmə isə yalnız qarşı tərəfin şifahi mülahizələrinə əsaslanmışdır. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş sübutları hərtərəfli araşdırmamış və düzgün qiymət verməmişdir. Məhkəmə prosesinin gedişində kombaynın az istifadə olunmasını sübut edəcək hər hansı qarşı tərəfin dəlili olmamışdır. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, iş materiallarında olan 2021-ci il 25 iyun tarixli AKT 2-də (№08/00720) görünür ki, iş üzrə Cavabdeh istifadəsi verilən texnikanın təhvili zamanı bir sıra nasazlıqlar aşkar edilmişdir: arxa stop işığı, şnek barmağı 3 ədəd yuvası, bıçaq barmağı, 8 ədəd motovillanın nizamlayıcısı yoxdur, maili kameranın valının şkifi, ələyin valının şkifi və solomatranın valı qaynaq olunub, 0614225,0615109,0615184,0615124, 0619090,0615135,0614242, ******* nömrəli qayışlar nasazdır. Bundan başqa 29 aprel 2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanən saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmçinin həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən lizinq alan (istifadəçi) tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə lizinqə (istifadəyə) verən onu yazılı xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydadav ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Göründüyü kimi iş üzrə Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 08/00720 saylı müqavilə üzrə qeyd edilmiş bütün öhdəlikləri icra etməyi öz üzərinə götürsə də, iş materiallarında olan 2021-ci il 25 iyun tarixdə tərtib edilmiş 08/00720 saylı 2 nömrəli AKT əsasında təstiqini tapmış nasazlıqları aradan qaldırmaq öhdəliyini icra etməmiş, bununla da sözügüdən müqavilə üzrə şərtləri pozmuşdur. Bundan başqa Cavabdeh müqavilənin digər bəndinə, yəni 1.4-cü bəndində göstərilən şərt üzrə öhdəliyini də yerinə yetirməmişdir. Belə ki, Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 08/00720 saylı müqavilənin 1.4-cü bəndində qeyd edilmişdir ki, müvəqqəti istifadəyə götürülmüş texnikaların öhdəliyi 100 % olaraq ödənilməlidir. Eyni zamanda müqavilənin 2.2–ci bəndinə əsasən məlum olmuşdur ki, lizinq alan (istifadəçi) ödəniş məbləğini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öz üzərinə götürür. Buradan da göründüyü kimi Cavabdeh müqavilənin bu şərtini də pozaraq 29 aprel 2021-ci il tarixli, 08/00720 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4500,00 manat öhdəlikdən 2250,00 manat ödəniş etsə də, borcun qalan hissəsi, yəni 2250 manat üzrə İddiaçı ASC-nə hər hansı ödəniş etməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 755/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-755/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 2250,00 (iki min iki yüz əlli) manat məbləğində borc pul və 42,50 (qırx iki manat əlli qəpik) manat dövlət rüsumu, cəmi 2292,5 (iki min iki yüz doxsan iki manat əllik qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1159/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1159/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver