Məhkəmə qərarları › İş №2(107)-1160/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1160/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1160/2024 03.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-ə qarşı “avtomobilə dəymiş maddi zərərə görə sığorta ödənişi, dəbbə pulu və maddi zərər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sığorta ödənişinin üçüncü şəxsin təqsirinə görə azaldılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-ə qarşı “avtomobilə dəymiş maddi zərərə görə sığorta ödənişi, dəbbə pulu və maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-108/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-ə qarşı “avtomobilə dəymiş maddi zərərə görə sığorta ödənişi, dəbbə pulu və maddi zərər” tələbi barədə ərizə ilə müraciət edərək, cavabdeh "Xalq Sığorta” ASC-dən 4018 manat maddi zərərə görə sığorta məbləğinin və 830 manat dəbbə pulunun, digər cavabdeh xx.xx.1999-cu il tarixdə anadan olmuş Cavabdeh2 132 manat azad olma məbləğinin, ödənilmiş 68,48 manat dövlət rüsumu və 50 manat vəkil xidmət haqqının isə cavabdehlərdən ona müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hyundai markalı 77DR062 dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili əzilmiş və ona 4150 manat maddi ziyan dəymişdir. Hadisənin törədilməsində Cavabdeh2 təqsirkardır. Yol hadisəsi zamanı bədən xəsarəti almasalar da hadisə zamanı avtomobilə ümumilikdə zərər dəymiş və avtomobil yararsız hala düşmüşdür. Avtomobilə dəymiş ziyanla bağlı Zaqatala rayonunda fəaliyyət göstərən X2 məxsus "Avtomobillərə texniki xidmət sexi”ndən akt alınmışdır. Həmin aktda açıq-aydın olaraq göstərilmişdir ki, avtomobilin hansı hissələri yararsız hala düşmüş, onların dəyəri neçə manat təşkil edir, eyni zamanda avtomobili təmir etmək üçün usta xərcləri neçə manat təşkil edir. Avtomobilə dəymiş zərər mütəxəssis rəyi ilə müəyyən olunaraq cəmi 4150 manat təşkil edir. Lakin həmin zərərin yalnız 1670 manatını sığorta şirkəti ödəyəcəyini bildirir. O, isə bu rəqəmlə razı deyil. Sığorta şirkətindən vurulmuş zərərin tələb etməsinin əsası iddia ərizəsinə əlavə edilmiş, sığorta şirkəti ilə bağlanmış xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsidir. Bundan başqa sığorta təşkilatından tələbinin əsası "Xalq Sığorta” ASC-dən onun istifadəsində olan mobil telefonuna göndərdiyi SMS mesajlarıdır ki, həmin mesajlarda qeyd olunmuşdur ki, onun istifadəsində olan ** DR *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəymiş zərərin məbləği 1670 manat qiymətləndirilmişdir. Həmin 1670 manatı 3 iş günü müddətində o müraciət etdiyi halda ala bilər. Qeyd olunanların məcmusundan belə qərara gəlmək mümkündür ki, "Xalq Sığorta” ASC-nin dəymiş ziyanla bağlı bağlanmış müqavilə əsasında onun qarşısında öhdəliyi vardır. Lakin dəymiş ziyanı düzgün qiymətləndirmir və dəymiş ziyanı tam şəkildə ödəmək istəmədiyinə görə o cavabdehi məhkəməyə vermişdir. Avtomobilə dəymiş zərər cəmi 4150 manat təşkil edir. Həmin zərərin 1670 manat hissəsi- cavabdehsığorta şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. Bu rəqəmlə o razı deyil. Bundan başqa sığorta təşkilatı ilə bağladığı müqavilə əsasında sığorta hadisəsi nəticəsində ona dəymiş ziyan sığorta təşkilatı tərəfindən ödənilməsi nəzərdə tutulduğuna görə sığorta təşkilatı işə cavabdeh kimi cəlb olunmuş, sığorta müqaviləsində azad olma (sığorta haqqı) məbləği 132 manat qeyd olunduğundan, həmin məbləğ də təqsirkar şəxs olan Cavabdeh2 tutularaq ona ödənilməlidir. Qeyd etdiyi bu faktlar məhkəmə araşdırması zamanı müəyyən olunmalı hallardır ki, məhkəmə tərəfindən lazım gələrsə ekspertiza təyin olunacaq, ekspertiza rəy ilə dəymiş zərər müəyyən olunacaq, daha sonra ekspertiza rəyi ilə sığortadan ona ödəniləcək məbləğ müəyyən olunacaq və yerdə qalan dəymiş zərərin məbləği isə Cavabdeh2 tutulacaq. Deməli dəymiş ziyan 4150 manat təşkil edir. Bu məbləğin 4018 manatını sığorta təşkilatı olan cavabdehdən, 132 manatını isə Cavabdeh2 tələb edir. Hadisə 12 iyul 2023-cü il tarixdə baş verib. O dərhal sənədləri sığortaçıya təqdim etmişdir. 20 iyul 2023-cü il tarixə ona sığorta haqqı ödənilməli idi. Lakin ödənilməyib. xx.xx.2023-cü il tarixdən məhkəmə iş üzrə qətnamə çıxaracaq günə 200 gün keçəcəyini hesablasaq və hər gecikdirilmiş 1 günə ödəniləcək sığorta məbləği olan 4150 manat pulun 0.1%-i bir günə üçün 4.15 manat təşkil edir. 4.15 manat x 200 gün = 830 manat təşkil edir. Deməli cavabdeh ona ödəniləcək sığorta pulundan əlavə 830 manat dəbbə pulu ödəməlidir. Göründüyü kimi cavabdeh ona sığorta ödənişini düzgün hesablamamış və qanunda nəzərdə tutulan vaxtda sığorta ödənişini etmədiyinə görə dəbbə pulu da ödəməlidir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh "Xalq Sığorta” ASC iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi, xx.xx.2023-cü il tarixində üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "Xalq Sığorta” ASC-də icbari qaydada sığortalanmış iddiaçıya məxsus "Hyundai Sonata” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Cavabdeh2 idarə etdiyi "VAZ 2103” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, hər iki avtomobilin sürücüsü təqsirli bilinmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli TP ******* və TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərarlar tərtib edilmişdir. Hadisə nəticəsində "Hyundai Sonata” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilərək, zərər məbləği 1670 (min altı yüz yetmiş) manat müəyyən edilmişdir. Bununla bağlı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı tərtib edilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı xx.xx.2023-cü il tarixli zərər aktına istinad edərək real zərər məbləğindən dəfələrlə artıq olan 4150 manat tələb etmiş və təklif olunan sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "İcbari sığortalar haqqında” qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının icbari sığortalar haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərafası beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Mülki Məcəllənin "Zərərin əvəzinin ödənilməsi” adlanan 21-ci maddəsinə əsasən, 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. "İcbari sığortalar haqqında” qanunda "mülki məsuliyyət” anlayışından istifadə edilir. Bu qanun publik hüquq sahəsinə aid qanun olmaqla, xüsusi hüquq sahəsinə aid olan "mülki məsuliyyət” və onun yaranması hallarının yalnız Mülki Məcəllədə müəyyən edilmiş normalara uyğun müəyyən edilən müddəa kimi qəbul edir. Mülki Məcəllənin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aid edilmişdir. Göründüyü kimi, sığortalının iddiaçıya zərər vurmaqla onun qarşısında mülki vəzifəsinin (zərərin əvəzinin ödənilməsi vəzifəsinin) yaranması fakt kimi 14.2.6-cı maddədən irəli gəlsə də, bu zərərin hansı həcmdə ödənilməsi məsələsi Mülki Məcəllənin "zərərin əvəzinin ödənilməsi” adlanan 21-ci maddənin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Eyni zamanda "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Belə olan halda qanunvericiliyin tələbi nəzərə alınmaqla, hər iki tərəf təqsirli olduğundan təqsirin dərəcəsinə mütənasib olaraq sığorta ödənişi ödənilməlidir. Həmin sığorta ödənişini də İddiaçı "Xalq Sığorta” ASC-dən götürə bilər. İşin məhkəmə müstəvisində baxılması İddiaçı zərər məbləğindən daha artıq pulu istəməsidir. Bunun üçün də dəbbə pulunun, vəkil xidmət haqqının və ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etməsi absurddur. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdeh "Xalq Sığorta” ASC-yə münasibətdə "sığorta ödənişi tələbinə” dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "Xalq Sığorta” ASC tərəfindən ona məxsus ** DR *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəymiş zərərin məbləği 1670 manat qiymətləndirilmişdir. Lakin dəymiş ziyanı düzgün qiymətləndirilməmişdir və o, bu rəqəmlə o razı deyil. O, hazırda ekspert rəyinə əsasən avtomobilinə vurulmuş ziyanın 2950 manat qiymətləndirilməsi ilə razıdır. Lakin cavabdeh "Xalq Sığorta” ASC-dən dən 830 manat dəbbə pulu və Cavabdeh2 132 manat azad olma məbləğini tələb edir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Cavabdeh2 05 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh "Xalq Sığorta” ASC-in nümayəndəsi X6 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-108/2024 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov), iddianın qismən təmin edilməsi, cavabdeh "Xalq Sığorta” ASC-dən vurulmuş maddi ziyana görə 2950 (iki min doqquz əlli) manat və 50 (əlli) manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı ödənilməsi, cavabdeh "Xalq Sığorta” ASC-dən 49,50 (qırx doqquz manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 18,98 (on səkkiz manat doxsan səkkiz qəpik) manatı iddiaçının özünə aid edilməsi, cavabdeh "Xalq Sığorta” ASC-dən 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4) iddia ərizəsinin qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ona 4150 manat maddi zərər dəydiyini iddia etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün "Avtomobillərə texniki xidmət sexi”nin xx.xx.2023-cü il tarixli 41 nömrəli avtomobillərə dəymiş zərər aktını təqdim etmişdir. Həmin aktdan görünür ki, Hyundai Sonata minik markalı **-DR-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı iddiaçıya 4150 manat maddi zərər dəymişdir. Cavabdeh "xxxx" ASC baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya 1670 manat maddi zərər dəyməsi əsası ilə iddiaya etiraz etmiş, etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün icraçı “DadaşovTacəddin Fitatoğlu”nun xx.xx.2023-cü il tarixli yekun qüsur aktını təqdim etmişdir. Həmin aktdan görünür ki, Hyundai Sonata minik markalı **-DR-*** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı iddiaçıya 1670 manat maddi zərər dəymişdir.

9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, sığortalı ilə sığortaçı arasında zərərin miqdarı barədə razılıq əldə edilmədiyindən zərərin miqdarının qiymətləndirilməsi icraçı "X7”nun xx.xx.2023-cü il tarixli yekun qüsur aktı ilə müəyyən edilmişdir ki, bunun nəticələri ilə də iddiaçı razılaşmayaraq, hazırkı tələblə müraciət etmişdir.

10. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, Hyundai Sonata minik markalı **-DR- *** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı iddiaçıya 4150 manat maddi zərər dəyməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Tərəflər xx.xx.2023-cü il tarixli 41 nömrəli və xx.xx.2023-cü il tarixli aktları tərtib etmiş şəxslərin fəaliyyətlərinin əsas vəzifəsinin zərərin müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair sübut təqdim etməmişlər. Məhkəmə, qeyd edilənlə əsasən həmin aktları mübahisənin həllində mötəbər sübut saymamış və xx.xx.2024-cü il tarixli 9/375 saylı rəyi vermiş ekspertin zərərin müəyyən edilməsi sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşmış və xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya 2950 manat maddi zərər dəydiyinə dair ekspertin xx.xx.2024-cü il tarixli 9/375 saylı rəyi ilə müəyyən edilənləri işin hallarına uyğun saymışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı sığorta hadisəsi baş verəndən dərhal sonra sənədləri sığortaçıya təqdim etdiyini iddia etsə də, “Avtomobillərə texniki xidmət sexi”nin avtomobillərə dəymiş zərər aktından görünür ki, həmin sənəd xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. İş üzrə sübutlarla iddiaçının sığorta hadisəsi baş verəndən dərhal sənədləri sığortaçıya təqdim etməsi halı təsdiq edilməmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, sığortaçı tərəfindən həmin vəsaitin sığorta ödənişi olaraq verilməsindən imtinası qanuni olmuş və iddiaçının hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ əmələ gəlməmişdir.

15. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, sığorta hadisəsi nəticəsində dəymiş 2950 manat maddi zərər sığorta ödənişi olaraq sığortaçı tərəfindən iddiaçıya tam ödənilməli olduğundan, bununla da əmlakının zədələnməsi ilə əlaqədar uğradığı zərərin əvəzi tam olaraq iddiaçıya ödənilmiş olduğundan, iddiaçı 132 manat azad olma məbləğini zərərin əvəzi olaraq Cavabdeh2 özünün xeyrinə tutulmasını tələb edə bilməz.

16. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya 2950 manat maddi zərər dəymişdir və həmin vəsait sığorta ödənişi (maliyyə kompensasiyası) olaraq sığortaçı tərəfindən ona ödənilməlidir.

17. Məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "Xalq Sığorta” ASC-dən vurulmuş maddi ziyana görə 2950 (iki min doqquz əlli) manat alınaraq İddiaçı xeyrinə tutulmalıdır.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya dəymiş maddi zərər sığortaçı tərəfindən tam olaraq ödənildiyindən, bununla da 132 manat azad olma məbləğinin zərərin əvəzi olaraq Cavabdeh2 iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi eyni vəsaitin başqa şəxsdən təkrar olaraq tutulması xarakteri daşıdığından, iddia tələbi ona münasibətdə təmin edilə bilməz.

19. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edildiyini nəzərə alaraq, iddia tələbinin vəkilə ödənilmiş 50 (əlli) manat xidmət haqqının cavabdeh "xxxx" ASC-dən alınaraq xeyrinə qətnamə çıxarılan iddiaçıya ödənilməli olduğu nəticəsinə gəlmişdir.

20. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia əksər hissədə təmin edildiyindən, Cavabdeh2 münasibətdə isə rədd edildiyindən, ödənilmiş 68,48 manat dövlət rüsumunun 49,50 manat hissəsi cavabdeh "Xalq Sığorta” ASC-dən alınaraq iddiaçının xeyrinə ödənilməli, 18,98 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməldir.

21. Məhkəmə qeyd etmişdir ki, 50 manat ekspertiza xərci cavabdeh "Xalq Sığorta” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 926.1, 934.1, 934.2, 458.1, 21.3, 925-1.1, 925-1.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 115, 119.1, 121.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il yol-nəqliyyat hadisəsi üzrə BDYPİ-nin V Tağım Baş yol patrul xidməti inspektoru polis kapitanı X9ju tərəfindən 12 iyul 2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilərək İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.

25. Həmin hadisə üzrə TP ******* nömrəli qəbul edilmiş qərarda həmçinin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.

26. Mülki qanunvericiliklə, zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasının nəzərə alınması birbaşa olaraq təsbit edilmişdir. İş materiallarından göründüyü kimi, həm İddiaçı, həm, də cavabdeh X8 baş vermiş vol-nəqliyyat hadisəsi zamanı təqsirli olmaqları sübuta yetirilmişdir. Buna görə də, məhkəmə tərəfindən zərərin əvəzinin ödənilməsi ilə bağjı qətnamə qəbul edilən zaman Mülki Məcəllənin 21.3-cü maddəsi nəzərə alınmalı idi.

27. Birinci instansiya məhkəməsi dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi ilə bağlı məsələyə düzgün şəkildə hüquqi qiymət verməmiş, nəticədə, cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

28. xx.xx.2023-cü il taıixdə yol-nəqliyyat hadisəsi üzrə BDYPİ-nin V Tağım Baş yol patrul xidməti inspektoru polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək X10 və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.

29. Birinci instansiya məhkəməsi isə əsassız olaraq, 2950 manat dəyərində müəyyənləşdirilmiş zərəri tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.

30. İş materiallarından aydın olur ki, həm Cavabdeh2, həm də "xxxx" ASC-də sığortalanmıs “Hyundai Sonata” markalı **-DR-*** d.q.n. nəqliyyat vasitəsini idarə edən X5 təqsirli davranışları səbəbindən yol- nəqliyyat hadisəsi baş vermişdir. Belə olan halda qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişi təqsirin dərəcəsinə mütənasib məbləğdə azaldılmaqla, iddiaçıya xx.xx.2023-cü il tarixli Yekun Qüsür aktından müəyyən edilmiş 1670 manat məbləğindən 835 manat cavabdeh "xxxx" ASC tərəfindən ödənilməlidir. Fərz edilsə ki, məhkəmə 07 mart 2024-cü il tarixli, 9/375 nömrəli ekspert rəyi əsas kimi götürürsə, bu halda həmin ekspert rəyinən müəyyənləşdirilmiş 2950 manat pul vəsaitinən mütanasib şəkildə 1475 manat iddiaçıya cavabdeh "xxxx" ASC tərəfindən ödənilməlidir.

31. Hesab edirlər ki, işin məhkəmə müstəvisində baxılması iddiaçının dəymiş zərərin artıq çox pul istəməsidir. "xxxx" ASC iddiaçıya 835 manat sığorta məbləğini ödəmək hazırdır.

32. Hadisə nəticəsində “Hyundai Sonata” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığortaçı tərəiindən qiymətləndirilərək, zərər məbləği 1670 (min altı yüz yetmiş) manat müəyyən edilmişdir. Bununla bağlı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı tərtib edilmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “Tərəflər xx.xx.2023-cü il tarixli 41 nömrəli və xx.xx.2023-cü il tarixli aktları tərtib etmiş şəxslərin fəaliyyətlərinin əsas vəzifəsinin zərərin müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət оlmasına dair sübut təqdim etməmişlər." İlk öncə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq avtomobilin zərərin xərclərini müstəqil ekspert tərəfindən həyata keçirilmişdir. 7 mart 2024-cü il tarixli, 9/375 nömrəli ekspert rəyində aparılan tədqiqatın nəticəsindən onlar razı deyillər və hesab edirlər ki, təqdim etdikləri xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı mötəbər sübut kimi qəbul olunmalıdır. Bütün hesablamalar bazarda mövcud olan cari məlumatlar əsasında aparılmışdır. “Qiymətləndirmə iəalliyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş norma və qaydalara, o cümlədən zərərin qiymətləndirilməsi üsullarına və ekspertizaların aparılması qaydasına ciddi şəkildə uyğundur.

33. Birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara MPM-in 76-cı maddəsini pozaraq düzgün hüquqi qiymət verməmiş, bununla bağlı hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etmişdir.

34. Hazırkı işdə məhkəmənin qətnaməsi tam şəkildə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları-apellyasiya şikayətinin 5-ci bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

35. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)- 108/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

39. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsiSübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-108/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də iddianın həmin təşkilata, həmçinin digər Cavabdeh2 qarşı rədd edilmiş hissələrində qətnamənin nə üçün ləğv edilməli olmasına aydınlıq gətirməmişdir.

46. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın "xxxx" ASC-nə qarşı təmin edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 14 dekabr 2022-ci il tarixdə İddiaçı məxsus Hyundai Sonata minik markalı **- DR-*** qeydiyyat nişanlı avtomobillə bağlı icbari sığorta müqaviləsi imzalanmış və həmin müqavilənin qüvvədə olma tarixi 14 dekabr 2023-cü il tarixədək müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə idarə etdiyi Hyundai Sonata minik markalı **-DR-*** qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, həmin hadisədə İddiaçı ilə yanaşı digər Cavabdeh2 da təqsirli bilinmişdir. İddiaçı vermiş sığorta hadisəsi nəticəsində ona 4150 manat maddi zərər dəydiyini iddia etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün “Avtomobillərə texniki xidmət sexi”nin xx.xx.2023-cü il tarixli 41 nömrəli avtomobillərə dəymiş zərər aktını təqdim etmişdir. Cavabdeh "xxxx" ASC baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya 1670 manat maddi zərər dəyməsi əsası ilə iddiaya etiraz etmiş, etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün icraçı “DadaşovTacəddin Fitatoğlu”nun xx.xx.2023-cü il tarixli yekun qüsur aktını təqdim etmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı dəyərləndirməni aparır.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqdim etdikləri xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktının mötəbər sübut kimi qəbul edilməli olması, sığorta ödənişinin təqsirin dərəcəsinə mütənasib məbləğdə azaldılmaqla, iddiaçıya xx.xx.2023-cü il tarixli Yekun Qüsür aktında müəyyən edilmiş 1670 manat məbləğindən 835 manatın cavabdeh "xxxx" ASC tərəfindən ödənilməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 03 avqust 2023-cü il tarixli icraçı “X7” tərəfindən tərtib edilmiş, “Hyundai Sonata” minik markalı ** DR *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərcinin 1670 manat təşkil etməsinə dair qüsur aktından görünür ki, həmin qüsur aktı İddiaçı tərəfindən imzalanmamışdır. Yəni maddi ziyanın məhz cavabdeh "xxxx" ASC-nin göstərdiyi məbləğdə olması iddiaçı tərəfindən qəbul edilməmişdir.

52. Mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

53. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli 9/375 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "Avtomobillərin texniki xidmət sexi” tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı 2014-cü il "Hyundai Sonata” minik markalı ** DR *** dövlət nömrə nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2950 manat müəyyən edilir.

54. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi ilə bağlı məsələyə düzgün şəkildə hüquqi qiymət verməməsinə, fərz edilsə ki, məhkəmə 07 mart 2024-cü il tarixli, 9/375 nömrəli ekspert rəyini əsas kimi götürürsə, bu halda həmin ekspert rəyi ilə müəyyənləşdirilmiş 2950 manat pul vəsaitinən mütanasib şəkildə 1475 manatın iddiaçıya cavabdeh "xxxx" ASC tərəfindən ödənilməli olmasına dair dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 9/375 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdehlər tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş materiallarından göründüyü kimi, həm İddiaçı, həm də Cavabdeh2 baş vermiş vol-nəqliyyat hadisəsi zamanı təqsirli olmalarının sübuta yetirilməsi, həm Cavabdeh2, həm də "xxxx" ASC-də sığortalanmıs “Hyundai Sonata” markalı **-DR-*** d.q.n. nəqliyyat vasitəsini idarə edən X5 təqsirli davranışları səbəbindən yol- nəqliyyat hadisəsinin baş verməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan 14 dekabr 2022-ci il tarixli məlumatdan görünür ki, Hyundai Sonata minik markalı **-DR-*** dövlət nişanlı avtomobilə görə X11 "Xalq Sığorta” ASC-də 14 dekabr 2022-ci il tarixdən 14 dekabr 2023-cü il tarixədək sığortalanmışdır.

56. İş materiallarında olan BDYPİ-nin V Tağım Baş yol patrul xidməti inspektoru polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı 12 iyul 2023-cü il tarixdə saat 18:00-da idarə etdiyi Hyundai Sonata minik markalı **-DR-*** dövlət nişanlı avtomobilə törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir.

57. İş materiallarında olan BDYPİ-nin V Tağım Baş yol patrul xidməti inspektoru polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 12 iyul 2023-cü il tarixdə saat 18:00-da idarə etdiyi Vaz 2103 markalı 62BM 249 dövlət nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir.

58. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" ASC-dən Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli 9/375 nömrəli rəyi ilə müəyyən edilmiş məbləğdən üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib hissəsinin azaldılmasını aparmadan, həmin rəydə müəyyən edilmiş bütün məbləğin tutulmalı olması qənaətinə gəlməklə maddi hüquq normalarının tələblərini pozmuşdur.

59. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinin tələbindən də göründüyü kimi fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.

60. Kollegiya qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan İddiaçı ilə yanaşı Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin eyni normaları ilə təqsirli bilinərək eyni məbləğdə cərimə edilmələri nəzərə alanaraq, onların hadisədə eyni dərəcədə təqsirli olmaları müəyyən edilmişdir.

61. Belə olduğu halda Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli 9/375 saylı rəyi ilə müəyyən edilmiş 2950 manat pul vəsaitindən Cavabdeh2 təqsirinin də dərəcəsi nəzərə alınmaqla İddiaçı ödənilməli olan məbləğ 2950 manat pul vəsaitinin yarısınadək, yəni 1475 manatadək azaldılmalı, məhkəmə xərcləri də tələbin təmin edilmiş hissəsinə mütənasib qaydada müəyyən edilməli idi.

62. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-108/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş vurulmuş maddi ziyana görə 1475 manat, vəkilə ödənilmiş xidmət haqqı olaraq 25 manat, dövlət rüsumu olaraq 14,75 manatın cavabdeh "Xalq Sığorta” ASC-dən alınaraq İddiaçı ödənilməsi, həmçinin cavabdeh "Xalq Sığorta” ASCdən 25 manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi vurulmuş maddi ziyana görə 1475 manat, vəkilə ödənilmiş xidmət haqqı olaraq 25 manat, dövlət rüsumu olaraq 14,75 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməsi hissələrində rədd edilməli, aparılmış ekspertiza tədqiqatının dəyərindən 25 manatı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 kodu210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************4) köçürülməli, ödənilmiş dövlət rüsumundan 14,75 manatı da İddiaçı özünə aid edilməli, Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-108/2024 nömrəli qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-108/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş vurulmuş maddi ziyana görə 1475 manat, vəkilə ödənilmiş xidmət haqqı olaraq 25 manat, dövlət rüsumu olaraq 14,75 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməsi, həmçinin cavabdeh "Xalq Sığorta” ASC-dən 25 manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi vurulmuş maddi ziyana görə 1475 manat, vəkilə ödənilmiş xidmət haqqı olaraq 25 manat, dövlət rüsumu olaraq 14,75 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməsi hissələrində rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərindən 25 manatı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4) köçürülsün. Ödənilmiş dövlət rüsumundan 14,75 manatı da İddiaçı özünə aid edilsin. Zaqatala Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(033)-108/2024 nömrəli qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar