Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1161/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-in Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qaz istehlakı ilə bağlı borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı İB-in Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(014)- 1134/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı İB Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh yaşadığı Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində yerləşən mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. G4 markalı **********9 nömrəli sayğacın göstəricisinə əsasən aparılmış hesabata görə 1270.36 manat borc vardır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı İB Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı İB iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00770 saylı qaz hesabında xx.xx.2022-ci il tarixə ödənilməmiş 1270.36 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan 1270.36 manat borc sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1270.36 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində yerləşən mənzilində xx.xx.2022ci il tarixdə istismardan açılan G4 markalı **********9 nömrəli sayğacın 8422 m3 göstəricisi ilə müəyyən edilmişdir. Odur ki, cavabdeh Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1270.36 manat borcun, əvvəlcədən ödənilmiş 32.70 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə 1303.46 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
4. İddianın qiyməti beş min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağdaş XS-də istehlakçı kimi qeydiyyatda olan Cavabdeh özünə məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00770 saylı qaz hesabında 1270.36 manat borcu vardır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G4 markalı **********9 saylı qaz sayğacının 8422 m3 göstəricisi ilə 1270.36 manat borc yaranmışdır. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, təbii qazdan istifadəyə görə yaranmış borc məbləği olan 1270.36 manat borc, ödənilmiş 32.70 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
6. Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(014)-1134/2022 saylı qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia təmin olunmuş, cavabdeh Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində yaşayan Cavabdeh 1270.36 manat əsas borc, 32.70 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı, cəmi 1303 manat 46 qəpiyin (bir min üç yüz üç manat qırx altı qəpik) tutularaq İddiaçı İB-in xeyrinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8 və 6.1-ci bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
8. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2022-ci ilə görə 1270.36 manat borcu vardır.
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırda yaşadığı evdə qazdan istifadəyə görə müqavilə xx.xx.2013-cü ildə vəfat etmiş mərhum atası X1 ilə bağlanmışdır. 2021-ci ildə isə iddiaçı ilə onun arasında müqavilə bağlanmışdır. Müqavilədə müqavilə bağlanan ana qədər yaranmış borcun onun tərəfindən ödənilməsi şərti yoxdur. O, mərhum atasının ölümündən sonra ondan miras qalmış əmlakdan ona çatası payını qəbul etmədiyindən atasıyla iddiaçı arasında bağlanmış müqavilə üzrə qazdan istifadəyə görə yaranmış borcu payına mütənasib surətdə ödəməyə borclu deyil. O, qazdan istifadəyə görə yaranmış borcun müqavilə bağlanandan sonra yaranmış hissəsinə cavabdehdir.
11. İddiçı tərəflə qazdan istifadəyə görə müqavilə 2021-ci il tarixdə bağlansa da, həmin vaxta kimi yaranmış borcu ondan tələb etmək, yəni ona zərər (ziyan) vurmaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə qeyd edilən halı nəzərə almadan iddia tələbini təmin etməklə həmin maddi hüquq normasının tələblərini pozmuşdur.
12. İddiaçı tərəflə qazdan istifadəyə görə aralarında bağlanmış müqavilədə müqavilə bağlanan anadək yaranmış borcun onun tərəfindən ödənilməsi vəzifəsini üzərinə götürməyi barədə heç bir öhdəlik yoxdur.
13. O, mərhum atasının ölümündən sonra ondan miras qalmış əmlakdan ona çatası payını qəbul etmədiyindən atasıyla iddiaçı arasında bağlanmış müqavilə üzrə qazdan istifadəyə görə yaranmış borcu (miras passivi) ödəməyə cavabdeh deyil.
14. İşə baxan Ağdaş Rayon Məhkəməsi sözügedən ünvana qazın verilməsi ilə bağlı əvvəlcə onun mərhum atasıyla müqavilə bağlanması, onun 2013-cü ildə vəfat etməsi, 2013-cü ildən 2021-ci ilədək atasıyla iddiaçı arasında bağlanmış müqavilənin mövcud olması, uzun uzadı təkidlərindən sonra nəhayət iddiaçı tərəfin 2021-ci ildə onunla müqavilə bağlaması, atasının ölümündən sonra ondan miras qalmış əmlakın və ya ona çatası hissəsinin onun tərəfindən qəbul edilməməsi, atasıyla iddiaçı arasında bağlanmış müqavilə üzrə yaranmış borcun ödənilməsinə görə cavabdeh olmadığı kimi halları tam və obyektiv araşdırmamışdır.
15. Ona görə də, İddiaçı İB-nin Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun ödənilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(014)- 1134/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
18. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(014)-1134/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14-cü bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh yaşadığı Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində yerləşən mənzildə quraşdırılmış qaz sayğacı 2013-cü ilədək həmin mənzildə yaşamış cavabdehin atası tərəfindən istifadə olunmuş, 2013-cü ildə sonuncunun ölümündən sonra həmin mənzildə yaşayan hazırki iş üzrə Cavabdeh ilə İddiaçı İB arasında 2021-ci ilədək rəsmi olaraq müqavilə bağlanmasa da, 2013-2021-ci illər arasında həmin mənzildə quraşdırılmış qaz sayğacından faktiki istifadəni Cavabdeh həyata keçirmişdir.
24. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı təmin etməkdə haqlı olmuşdur.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(014)-1134/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402--ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(014)-1134/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov