Məhkəmə qərarları › İş №2(107)-1165/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1165/2020

13.05.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1165/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-809/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-809/2019 nömrəli qərardadından Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli bildiriş üzrə ondan tələb olunan 2406.86 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia Zərdab Rayon Məhkəməsinin 2(035)-809/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən təmin edilmişdir. Cavabdeh həmin qətnamə ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxx 2020-ci il tarixli, 2(035)- 809/2019 nömrəli qərardadı ilə Zərdab Rаyоn Məhkəməsinin 2(035)-809/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi X2 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-809/2019 nömrəli qətnaməsi xx.xx.2020-ci ildə Cavabdehnə daxil olmuşdur. Qətnamə daxil olduqdan sonra xx.xx.2020-ci ildə apelyasiya şikayəti 436238 nömrəli qəbzlə poçt vasitəsi ilə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-809/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(035)-809/2019 nömrəli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 2(035)-809/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-809/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-809/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı MPM-nin 1.1-ci mаddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 2.1 və 2.2-ci mаddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 128.1-ci mаddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apelyasiya şikayəti 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, sözügedən məhkəmə qətnaməsi sifarişli poçt göndərişi (məktubu) ilə bilavasitə cavabdehə göndərilmişdir. Rabitə orqanının əməkdaşı məhkəmənin sözügedən qətnaməsini məhkəməyə qaytarılmalı olan sənədin kötüyünə imza etdirilməklə, cavabdehə xx.xx.2020ci il tarixdə çatdırmışdır. Qətnamə cavabdehə xx.xx.2020-ci il tarixdə təqdim olunsa da, apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə verilmişdir. Zərfdə hər hansı bir poçt ştampı yoxdur. Bu onu göstərir ki, cavabdeh apelyasiya şikayətini məhkəməyə poçt operatoru vasitəsi ilə deyil, əlbəəl (taksi və s. formada) göndərmiş və daxil olan gün qanunvericilik və kargüzarlıq qaydalarına uyğun olaraq qeydə alınmışdır. Cavabdehin nümayəndəsi şikayətə surətli poçt daşımasına dair AZERİ EXPRESS-in qayiməsinin əslini deyil, kserosurətini əlavə etmişdir ki, həmin qayimədən sənədin rabitə operatoruna təqdim olunma tarixini dəqiq müəyyən etmək mümkün deyildir. Bundan başqa həmin qayimədə sənədin Zərdab Rayon Məhkəməsinə təqdim olunmasına dair heç bir qeyd və alanın imzası yoxdur. Halbuki, sənədin mötəbər hesab edilməsi üçün alanın imzasının olması mütləqdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin sözügedən qətnamədən qanunvericiliklə müəyyən olunmuş müddətdə şikayət vermək üçün kifayət qədər vaxtı olmuşdur. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixədək apelyasiya şikayəti verməli olduğu halda bunu etməmişdir. Bununla da apelyasiya şikayəti vermək üçün prosesual müddəti ötürmüş və prosesual müddətin bərpasına dair vəsatət verməmişdir. Göründüyü kimi məhkəmə icraatının aparılması ilə əlaqədar prosessual hərəkətlərin həyata keçirilməsi üçün qanunvericilik prosessual müddətlər müəyyən etmişdir ki, yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaranmasın. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-809/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin məhkəməyə qaytarılmalı olan sənədin kötüyünə imza etdirilməklə rabitə orqanının əməkdaşı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə rəsmən çatdırılmasına baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdək apelyasiya şikayəti verilməli olduğu halda, vaxtında deyil, prosesual müddət ötürülərək və prosesual müddətin bərpasına dair vəsatət verilmədən verildiyi üçün apelyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-809/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-809/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar