Məhkəmə qərarları › İş №2(107)-1174/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1174/2022

27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1174/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: debitor borcun silinməsi, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-589/2022 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********02320 saylı hesabına işlənmiş 2173 kub metr təbii qazın dəyəri 489.40 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29 mart 2022-ci il tarixdə Cavabdeh tabeçiliyində olan X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən istifadəsində olmuş təbii qazın hesabatının aparılması üçün evində quraşdırılmış "SMART” tipli qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı qaz sayğacının qaz sərfiyyatını düzgün qeyd etmədiyi (mənfi hesabat apardığı) müəyyən olunduğundan İsmayıllı Xidmət Sahəsinin əməkdaşları qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29 matr 2022-ci il tarixdə ******* nömrəli akt tərtib edərək çıxararaq yeni "SMART" tipli qaz sayğacı quraşdırmışlar. Mənfiyə getmiş sərfiyyat İsmayıllı Xidmət Sahəsi tərəfindən hesablanaraq bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş həmin protokola əsasən itirilmiş 2173 kub metr qaz sərfiyyatına əsasən 489.40 manat borc müəyyənləşdirilərək onun **********02320 saylı abonent hesabına işlənmişdir. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun abonent koduna hansı əsaslarla borcun necə yarandığı barədə tərtib olunmuş protokolu, digər zəruri sənədlərin ona verilməsini və buna aydınlıq gətirilməsi üçün X5 istismar İdarəsinə və İsmayıllı Xidmət Sahəsinə müraciət etmişdir. Sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etməməsinin aşkar olunması barədə tərtib olunmuş, "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və həmin akta əlavə olunan sənədləri cavabdeh təşkilatın əməkdaşları qəsdən ona verməmişlər. Əldə etdiyi məlumata əsasən, güya evinə quraşdırılmış qaz sayğacının mexaniki və elektron hissesi normal işləməmişdir. Bu səbəbdən cavabdeh təşkilatın əməkdaşları araşdırmalar aparmış və ”Azəriqaz” İstehsalat Birliyinin sayğac göstəriciləri əsasında müəyyən etdiyi qaz sərfiyyatı real istifadə etdiyi qazın dəyəri kimi qiymətləndirmişdir. Halbuki, qeyd olunmuş rəqəmlər əsassız, yalan və qondarmadır. Həmin akt əsasında güya impuls ötürücü ştikerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 2173 kub metr az olduğu bildirilmişdir. Bununla bağlı müraciətinə heç bir aydınlıq gətirilməmiş və etdiyi müraciətinə müxtəlif cür bəhanələr və müraciətinə başdansovdu yanaşılaraq formal cavab verilmişdir. Beləliklə qərəzli, məqsədli şəkildə uydurmalar ilə yaratdıqları şəbəkə vasitəsilə vətəndaşları əsassız şəkildə incidirlər. xx.xx.2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin sayğacı bloklanmış, evinə qaz verlişi dayandırılmışdır. Qaz sayğacının blokdan açılması barədə cavabdeh təşkilata olan müraciəti nəticəsiz qalmışdır. Cavabdeh təşkilatın əməkdaşları yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğacı blokdan açmadıqlarından müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 07 aprel 2022-ci il tarixli MTT(037)-18/2022 saylı qərardadı ilə ərizəsi təmin edilərək müvəqqəti təminat tədbiri kimi məhkəmə qətnaməsi qəbul edilənədək ona məxsus fərdi yaşayış evinə qaz verlişi bərpa edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları öz inhisarçı mövqeyindən sui-istifadə edərək sözügedən qanunsuz aktı və onun əsasında hesablanmış qanunsuz borcu qəbul etməyinə görə ona təzyiqlər göstərmişlər. Cavabdeh təşkilatdan ona dövlət yoxlamasının rəyinə əsasən sayğacın daxilində baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etmədiyini bildirmişlər. Göstərilən qaz sərfiyyatı olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı da yoxdur. Həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. Bundan başqa cavabdehin nümayəndələri hər ay sayğacın göstəricilərini götürüb xidmət sahəsinə və ona məlumat vermaklə sayğacda göstərilən göstəricilərə uyğun ödənişlər ödənilməsini tələb etməlidirlər. Sonuncu hesab təqdim edildikdən bir neçə ay sonra ona bildirmişlər ki, sayğac düz hesablama aparmamış və əlavə olaraq 489.40 manat pul ödəməlidir. Əks təqdirdə sayğacın kartı bloklanacaqdır. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Qaz sayğacının hesablama mexanizmindən keçən qazın həcminin qeyd etməməsi və mənfi hesabat aparması onun günahı deyildir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət bütövlükdə cavabdeh təşkilatın üzərindədir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın qaz sərfiyyatını düzgün qeyd etməməsi (mənfi hesabat aparması) barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 489.40 manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 2(037)-589/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə (hakim Ş.Rəfayel) iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********02320 nömrəli abonent koduna vurulmuş 2173 kub metr təbii qazın dəyəri 489.40 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat debitor borc məbləğinin silinməsi və qaz sayğacının blokdan açılması, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu məbləğinin alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 mart 2022-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə quraşdırılmış SMART tipli qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticəsində sayğacın 2162 kub.metr mənfi ilə hesabat apardığından SMART tipli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni SMART tipli sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının evindən açılaraq götürülmüş "SMART” tipli qaz sayğacının qaz sərfiyyatını düzgün qeyd etmədiyi (mənfi hesabat apardığı) müəyyən olunmuşdur. Mənfi hesabat aparmış "SMART” tipli sayğac İsmayıllı Xidmət Sahəsi tərəfindən yeni sayğacla əvəz olunmuşdur. Mənfiyə getmiş sərfiyyat İsmayıllı Xidmət Sahəsi tərəfindən hesablanaraq protokol tərtib olunmuş,2173 kub metr qaz sərfiyyatına əsasən 489.40 manat borc müəyyənləşdirilərək iddiaçının SMART kartına əlavə olunması göstərilmişdir. Mənzildən açılmış qaz sayğacı dövlət yoxlanılmasına göndərilmiş, lakin bu günə qədər sayğaca rəy verilməmişdir. Mənfiyə getmiş təbii qazın dəyərinin iddiaçının mənzilinə yeni quraşdırılmış SMART tipli qaz sayğacının kartına vurulması üçün razılaşma protokolunu imzalanması iddiaçıya təklif edilsə də, sonuncu protokolu imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin qaz xəttinə quraşdırılmış SMART tipli sayğacın kartı bloklanaraq qaz verilişi dayandırılmışdır. İddiaçı yaşadığı evə qaz verilişinin bərpası üçün müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 07 aprel 2022-ci il tarixli MTT(037)-18/2022 saylı qərardadı ilə ərizə təmin edilərək müvəqqəti təminat tədbiri kimi məhkəmə qətnaməsi qəbul edilənədək iddiaçıya məxsus fərdi yaşayış evinə qaz verilişi bərpa edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 489.40 manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttindən açılaraq götürülmüş "SMART” tipli qaz sayğacının qaz sərfiyyatını düzgün qeyd etməməsi (mənfi hesabat aparması) iddiaçının təqsiri üzündən baş verməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirilərkən sayğacın mənfiyə hesabat aparıldığı müəyyən edildiyindən çıxarılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Eyni zamanda 29 mart 2022-ci il tarixdə iddiaçının yaşadığı evin qaz xəttindən açılaraq götürülmüş SMART tipli qaz sayğacı cavabdeh tərəfindən dövlət yoxlamasına göndərilsə də, həmin vaxtdan bu günə qədər sayğacda hansı qüsurun olması barədə müvafiq rəy verilməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə göndərdiyi etiraz ərizəsində sayğacın mənfi hesabat apardığını və düzgün işləməməsini göstərdiyi halda yaranmış 2173 kub.metr itirilmiş təbii qazın dəyəri olan 489.40 manat debitor borcun hansı əsasla iddiaçıdan tutulmalı olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda,həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2173 kub metr miqdarında, yəni 489.40 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.2, 4.9, 5.2, 5.4-cü bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində ”Azəriqaz” X1 RQİİ-nin İsmayıllı XS-nin əməkdaşları İsmayıllı rayonu Mican kəndində yaşayan İddiaçı mənzilinə quraşdırılmış SMART tipli, **********4 nömrəli qaz sayğacını sayğac 2162 m3 mənfiyə getdiyi üçün açaraq götürmüş,əvəzinə digər eyni tipli qaz sayğacı quraşdırmışlar. Bununla bağlı 29 mart 2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Həmin akta abonentin özü imza etmiş, mənzilindən açılmış sayğacın düzgün işləmədiyindən və 2162 m3 mənfiyə getməyindən məlumatlı olmuşdur. Mənzildən açılmış qaz sayğacı Dövlət yoxlanılmasına göndərilmiş, lakin bu günə qədər sayğaca rəy verilməmişdir, lakin buna baxmayaraq sayğacın mənfiyə işləməsi gözlə göründüyündən abonentin mənzilindən açılmış qaz sayğacının 2162 m3 təbii qazı qeydə almadığı müəyyən edilmişdir. İddiaçı həmin mənfiyə getmiş təbii qazın dəyərinin onun mənzilinə yeni quraşdırılmış SMART tipli qaz sayğacının kartına vurulması üçün razılaşma protokolu imzalanması təkilif edilməsinə baxmayaraq o bundan imtina etmişdir. İddiaçı ödənilməsi təklif edilən, lakin onun abonent bazasında öz əksini tapmamış 2162 m3 təbii qazın dəyəri onun mənzilindən açılmış qaz sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin göründüyü kimi məhkəmə qanunsuz qətnamə çıxararaq abonentin saldosuna işlənməmiş, heç bir yerdə öz əksini tapmamış bir məbləğin silinməsini qət etmişdir. Baxmayaraq ki, iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır, lakin sonda məhkəmə yenə də əsassız bir qətnamə çıxarmışdır. Göründüyü kimi qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. İstehlakçı hazırkı vəziyyətdə sayğac üzrə hesablanmış qaz sərfinin dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçı hazırda mübahisələndirdiyi sayğac üzrə aparılmış hesabata əsasən hesablanmış borcu ödəmək istəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmış borc olduğunu, lakin tərəflərin qarşılıqlı razılaşması olmaması səbəbindən həmin məbləğin ümumiyyətlə mövcud olmamasını birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Lakin birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, o saldo və digər sübutları düzgün təhlil edilməməsi sayğac göstəricisinə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. İddiaçıdan tələb edilən,lakin razılaşdırılmamış borc hər hansı cərimə aktı əsasında hesablanmamışdır, ümumiyyətlə abonentin saldosuna işlənməmişdir, abonentin mənzilində istifadə edilmiş lakin qaz sayğacının işləməməsi səbəbindən qeydə alınmayan bir məbləğdir. Məhkəmə heç bir yerdə, abonentin saldosunda qeyd olmayan bir məbləğin silinməsinə qərar vermişdir. Məhkəmə Kollegiyasından xahiş edir ki, Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilsin, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 589/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilsin. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)- 589/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-589/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-589/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 mart 2022-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə quraşdırılmış SMART tipli qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticəsində sayğacın 2162 kub.metr mənfi ilə hesabat apardığından SMART tipli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni SMART tipli sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. Mənzildən açılmış qaz sayğacı Dövlət yoxlanılmasına göndərilmiş, bu günə qədər sayğaca rəy verilməmişdir, lakin buna baxmayaraq sayğacın mənfiyə işləməsi gözlə göründüyündən abonentin mənzilindən açılmış qaz sayğacının 2162 m3 təbii qazı qeydə almadığı müəyyən edilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə qanunsuz qətnamə çıxararaq abonentin saldosuna işlənməmiş, heç bir yerdə öz əksini tapmamış bir məbləğin silinməsini qət etmişdir. Baxmayaraq ki, iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır, lakin sonda məhkəmə yenə də əsassız bir qətnamə çıxarmışdır. Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsaslıdır. Belə ki, fiziki şəxs İddiaçı məxsus yaşayış evinə quraşdırılmış SMART tipli, **********4 nömrəli qaz sayğacını sayğac 2162 m3 mənfiyə getdiyi üçün açaraq götürülmüş ,əvəzinə digər eyni tipli qaz sayğacı quraşdırılmışdır. Həmin sayğacın mənfiyə işləməsi gözlə göründüyündən abonentin mənzilindən açılmış qaz sayğacının 2162 m3 təbii qazı qeydə almadığı müəyyən edilmişdir. Lakin İddiaçı iddia ərizəsi ilə Cavabdehnə qarşı İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İB tərəfindən **********02320 saylı hesabına işlənmiş 2173 kub metr təbii qazın dəyəri olan 489.40 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılmasını xahiş etmişdir. Göstərilən məbləğ iddiaçının mənzilindən açılmış qaz sayğacının düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Məhkəmə kollegiyası hesab edir ki, həmin itirilmiş qazın dəyəri iddiaçının özü tərəfindən ödənilməlidir və mübahisə edilməsi tamamı ilə əsassızdır. Belə ki, iş materiallarında olan 18 aprel 2022-ci il tarixli abonentin saldosundan görünür ki, 2022-ci ilin aprel ayının sonuna iddiaçının **********02320 nömrəli abonent koduna borc vurulmamışdır. Göründüyü kimi iddiaçının iddia qaldıraraq silinməsini istədiyi **********02320 saylı abonent hesabına işlənmiş 2173 m3 itirilmiş təbii qazın dəyəri olan 489.40 manat debitor borc abonentin saldosuna işlənməmiş, heç bir yerdə öz əksini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-589/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-589/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar