Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1180/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X3 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tаrixli, 2(051)-891/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Tərtər X5 İdarəsinin Mingəçevir XS ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya xidmət edən qaz xətti üzərində xx.xx.2018-ci il tarixdə G-4 markalı 10598654 nömrəli qaz sayğacı quraşdırılmış və həmin qaz sayğacı üzərinə 12629785 nömrəli plomb vurulmuşdur.
2. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Abonentin Saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına quraşdırılmış 10598654 №li qaz sayğacının 2023-cü ilin noyabr ayı üzrə sərfiyyatı 200 kub metr, dekabr ayı üzrə 676 kub metr, 2024-cü ilin yanvar ayı üzrə 1618 kub metr və fevral ayı üzrə isə 370 kub metr olmuşdur. Nəticədə, abonentə 346.16 manat qalıq borc hesablanmışdır.
3. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına quraşdırılmış 10598654 №li qaz sayğacına 346.16 manat yekun borc hesablanmışdır.
4. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, 10598654 nömrəli qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacı üzərinə 12629785 nömrəli plomb vurulmuşdur. Sayğacın (plombun) quraşdırılma səbəbi kimi sızma göstərilmişdir.
5. İş materiallarında olan 666 saylı sifariş vərəqəsindən görünür ki, İddiaçı 12 fevral 2024cü il tarixdə saat 15:10-da Mingəçevir xidmət sahəsinin 104 qəza xidmətinə zəng edərək ünvan 1 ünvanında qaz sızması olduğunu bildirmişdir. Ünvanda 10598654 nömrəli məişət qaz sayğacının çıxışından evə gedən xətdə sızma aşkar olunmuşdur. Qəlyan dəyişilmiş, sızmanın qarşısı alınmışdır.
6. İş materiallarında olan YSTİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 19 yanvar 2024-cü il tarixində idarəyə daxil olan telefon zənginə və idarənin baş mütəxəssisi X1 verdiyi yazılı məlumata əsasən Təbriz küçəsi 28 ünvanında qırılmış ağacın budaqları tərəflərindən doğranaraq yığışdırılıb götürülmüşdür.
7. İş materiallarında olan YSTİ-nin baş mütəxəssisi Behbudov M., icraçı Əliyev C.Ş. və mişarçı Səmədov İ.M. tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 19 yanvar 2024-cü il tarixində idarəyə daxil olan zəng əsasında Təbriz küçəsi 28 ünvanında külək nəticəsində qopmuş 1 ədəd ağac budağı tərəflərindən doğranaraq yığışdırılıb götürülmüşdür.
8. İş materiallarında olan YSTİ-nin baş mütəxəssisi Mehman Behbudov tərəfindən İddiaçı ərizəsinə cavab olaraq yazılmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, yanvar ayının 19-da daxil olan telefon zəngi əsasında həmin adresdə qırılmış ağacın qənədləri briqadir Cəsarət Əliyev tərəfindən doğranıb götürülmüşdür. Həmin qənədlər qaz turbası olan tərəfdən digər istiqamətə düşmüşdür. Həmin qənədlər qaz turbasına heç bir ziyanlıq vurmamışdır.
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 346.16 manat məbləğində borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən yaşadığı evə qaz sərfinə görə həyətyanı sahəsinin çöl tərəfinə sayğac quraşdırılmışdır. Evinə qazın verilməsi əvvəllər normal olmuşdur. Hər ay əvvəlcədən “Azəriqaz’ın əməkdaşları tərəfindən bildiriş-xəbərdarlıq verildikdən sonra, bildiriş üzrə borcları hissə-hissə, yaxud tam formada ödəmişdir. Lakin qonşuluqda yaşayan şəxsin həyətində olan ağacın aşması nəticəsində evindən kənarda quraşdırılmış qaz sayğacının üzərinə düşmüş və sayğacın üst tərəfinin qəlyanı qırılmışdır. Qeyd olunan hal onun təqsiri üzündən baş verməmişdir. 10 fevral 2024-cü il tarixdə ona bildiriş-xəbərdarlıq gəlmişdir. Həmin bildirişdə ona 346.16 manat məbləğdə borc yazıldığı qeyd olunmuşdur. Hesab edir ki, bu tam qanunsuz və əsassızdır. Belə ki, qaz sayğacı onun cavabdehliyi sərhəddində quraşdırılmamış və onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Ağacın aşması isə təbii hadisə nəticəsində, yəni güclü küləyin təsirindən qırlmış və onun istifadəsində olan qaz xəttini sındırmışdır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı Cavabdeh Tərtər X5 İdarəsinin Mingəçevir rayonu üzrə xidmət sahəsində abonent kodu **********20000 olmaqla, xx.xx.2024-cü il tarixli, XS-45-00124/24 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh İBnin Tərtər RQİİ-nin rayonu üzrə Yevlax xidmət sahəsi tərəfindən İddiaçı mənzilində 10598654 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, guya sayğacın üstünə ağac aşması nəticəsində sayğacda yaranmış hər hansı problem üzündən borcu artmışdır. Halbuki, abonent təbii qazdan istifadəyə görə borcunu fasilələr və ya yarımçıq olaraq ödəniş etdiyi üçün borcu hər ay artaraq yüksək məbləğə gətirib çıxarmışdır. Bunu abonentin saldosuna nəzər yetirdikdə müəyyən etmək olur. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. İddiaçı onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı müraciəti ilə bağlı bildirmişdir ki, abonent 12 fevral 2024-cü il tarixdə saat 15:10-da Mingəçevir xidmət sahəsinin 104 qəza xidmətinə zəng edərək ünvanında qaz sızması olduğunu bildirmişdir. Qəza xidməti tərəfindən saat 15:13-də tərtib olunmuş 666 saylı sifariş vərəqəsilə ünvan 3 ünvanına yola düşmüşdür. Ünvanda 10598654 nömrəli məişət qaz sayğacının çıxışından fərdi evinə gedən qaz xəttinin polad əymədə yaranmış sızmanı aradan qaldıraraq polad əyməni yenisi ilə əvəz edərək sızmanı ləğv etmişlər. Ev daxilində yaranmış problemlərə (sızmalar, xəttin qırılması və.s) abonent məsuliyyət daşıyır. Yerli Qaz İdarəsi küçə xəttində qaz sızması ilə bağlı həmin ünvanda olmuşlar. Əməkdaşların yoxlamaları zamanı küçə xəttinə birləşən dik boruda, yəni sayğacdan əvvəl olan hissədə qaz sızması aşkar edilib aradan qaldırılıb. Bundan əlavə İddiaçı borcunun yaranmasına səbəb kimi qaz sızması nəticəsində olduğunu göstərmişdir. Hadisə Qaz İdarəsinin təqsiri ucbatından olmamışdır və buna görə də məsuliyyət daşımır. Hadisədən əvvəl dekabr ayına nəzər yetirilsə, abonent 135.20 manat məbləğində qazdan istifadə etmişdir. Bununla da iddiaçının borcu özünün istifadə etdiyi təbii qaza görə yaranmış borcudur və onun tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən iddianın rədd olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 18 iyul 2024-cü il tаrixli, 2(051)-891/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abonent koduna hesablanaraq daxil edilmiş 134 (bir yüz otuz dörd) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88 və 218.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci, 11-ci maddəsinin 6-cı, 13-cü maddəsinin 9-cu bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.5, 4.7, 4.8, 4.9 və 6.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
14. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eyni məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tаrixli, 2(051)-891/2024 saylı qətnaməsinin iddianın təmin edilmiş hissədə ləğv edib, yeni qətnamə qəbul edərək Cavabdeh xeyrinə borcun və dövlət rüsumun ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
17. Məhkəmə kollegiyasını iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tаrixli, 2(051)-891/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
24. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
25. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
26. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
31. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. - 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; - 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
32. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. Müəyyən edilmişdir ki, 19 yanvar 2024-cü il tarixində Təbriz küçəsi 28 ünvanında güclü külək əsməsi nəticəsində 1 ədəd ağac budağı qopmuş və həmin ağacın qənədlər qaz turbası olan tərəfdən digər istiqamətə düşmüşdür. Sonradan aidiyyəti orqan tərəfindən qopmuş ağac budaqları doğranaraq yığışdırılıb götürülmüşdür. Nəticədə, iddiaçının evinə gedən qaz xəttində sızma baş vermişdir. Ona görə də iddiaçı 12 fevral 2024-cü il tarixdə saat 15:10-da Mingəçevir xidmət sahəsinin 104 qəza xidmətinə zəng edərək ünvan 1 ünvanında qaz sızması olduğunu bildirmişdir. İş üzrə cavabdeh olan qaz paylayıcısının işçiləri tərəfindən iddiaçının ünvanında 10598654 nömrəli məişət qaz sayğacının çıxışından evə gedən xətdə sızma aşkar olunmuşdur. Qəlyan dəyişilmiş, sızmanın qarşısı alınmışdır. Həmin hadisədən sonra iddiaçının Saldosunda əhəmiyyətli dərəcədə artım olmuşdur. Belə ki, iddiaçının adına quraşdırılmış 10598654 №li qaz sayğacının 2023-cü ilin noyabr ayı üzrə sərfiyyatı 200 kub metr, dekabr ayı üzrə 676 kub metr olduğu halda, 2024-cü ilin yanvar ayı üzrə 1618 kub metr fevral ayı üzrə isə 370 kub metr olmuşdur.. Göründüyü kimi sızmanın yarandığı yanvar ayı üzrə iddiaçının qaz sərfiyyatı çoxalmış, nəticədə, ona 346.16 manat qalıq borc hesablanmışdır.
47. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarında qazın alqı-satqısı və digər şərtləri yalnız qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, həmçinin işlək vəziyyətdə saxlanması isə qaz paylayıcısının hesabına təmin edilməli olduğu, eləcə də qaz qurğusu sahibinə dəymiş ziyana görə yalnız qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxsin məsuliyyət daşıdığı imperativ şəkildə göstərilmişdir.
48. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
49. Göründüyü kimi, tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
50. Lakin iddiaçı məhkəmə icraatı zamanı qaz xəttinə qanunsuz qoşulmasını etiraf etdiyindən onun təqsirinin müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq edilməsinə ehtiyac qalmamış, müvafiq akta əsasən hesablanmış sərfiyatın məbləği yuxarıda göstərilən qaydada müəyyən edilmişdir.
51. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).
52. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
53. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir.
54. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq haqı olaraq hesab etmişdir ki, İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün ictimai yolda sayğac quraşdırılmışdır. Cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 10598654 nömrəli qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacı üzərinə 12629785 nömrəli plomb vurulmuşdur. xx.xx.2024-cü il tarixdə güclü küləyin təsirindən ağacın budağı qopmuş və iddiaçının evinə gedən qaz xətti zədələmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə qaz sızmasından xəbər tutmuş və dərhal qaz paylayıcısına məlumat vermişdir. Ondan sonra cavabdeh təşkilatın mütəxəssisləri həmin sızmanı aradan qaldırmış və iddiaçıya qaz verilməsi davam etmişdir. Bununla belə qaz paylayıcısı qaz xəttindən sızmanın baş verməsinin iddiaçının iradəsindən asılı olmayan hadisədən irəli gəldiyini nəzərə almadan, formal şəkildə iddiaçının təqsirli olması qənaətinə gəlmiş və iddiaçının abonent koduna əsasız olaraq debitor borc hesablamışdır.
55. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəf iddiaçının hərəkətlərində cavabdeh təşkilata zərər vurulmasına səbəb olan hüquqa zidd hallar müəyyən etməmişdir. Cavabdeh təşkilat üstün mövqeyinə uyğun olaraq hüquqdan suiistifadə edərək iddiaçıya əsassız borc hesablamışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər.
57. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
58. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
60. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
62. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tаrixli, 2(051)-891/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tаrixli, 2(051)-891/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov