Məhkəmə qərarları › İş №2(107)-1186/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1186/2024

08.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1186/2024 08.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X10 və X6 ibarət tərkibdə; İddiaçılar İddiaçı, X7, X9 və X5 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə ərizəsi icraata qəbul edilmədən geri qaytarılması barədə” həmin məhkəmənin 21 avqust 2024-cü il tarixli, e- 2(033)-201/2024 saylı qərardadından Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X7, X9 və X5 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” dair iddia ərizəsi ilə müraciət edərək onların ümumi birgə paylı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 (fındıq məhsulunun yığılması, çoxillik əkmələrin yararsız hala salınması, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 18816 (on səkkiz min səkkiz yüz on altı) manat maddi zərərin, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən 6184 (altı min bir yüz səksən dörd) manat maddi zərərin, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən 5000 (beş min) manat mənəvi zərərin, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa əsasən iddiaçılar İddiaçı, X7, X9 və X5 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2023-cü il ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yığılmış fındıq məhsuluna görə 2534,4 manat pul vəsaiti sonunculardan müştərək qaydada alınaraq iddiaçılar İddiaçı, X7, X9 və X8 verilməsi, iddia tələbi qalan hissədə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə münasibətdə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumunun 45,34 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 134,66 manatının isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti 22 may 2024-cü il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2(107)-827/2024 saylı qərardadı ilə isə Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(033)-201/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birgə baxılması üçün aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 qız və Cavabdeh4 nümayəndəsi Vəkil apellyasiya şikayəti əlavə edilməməklə apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)- 940/2024 saylı qərardadı ilə hazırkı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli qərardadı ləğv edilərək, mülki iş apellyasiya baxışından çıxarılmış və iş materialları Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 21 avqust 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qərardadı ilə ərizə təmin edilməyərək Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi Vəkil apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə icraata qəbul edilmədən geri qaytarılmışdır. Sözügedən qərardaddan narazı qalan Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həyat yoldaşının İİ qrup əlil Cavabdeh2 münasibətdə əlillik barədə arayışı və qızının Cavabdeh1 münasibətdə əməlliyyat olunaraq daimi müayinələr alması barədə arayışları Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddətin bərpası və maddi imkansızlıqları və işləməmələri heçə sayılaraq, həmçinin onların qanunları bilmədiklərindən dövlət hesabına vəkil təyin etməkdənsə, ümumiyyətlə xx.xx.2024-cü il tarixli qərardad çıxarmaqla onun və bütün ailə üzvlərinin konstitusion və mülkiyyət hüquqlarını, eləcə də bütünlüklə prosessual hüquqlarını pozmuşdur. Bildirlər ki, təqdim edilən apellyasiya şikayəti, daha sonra heç bir pozuntu olmadan şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə və ailə üzvlərinin xəstəliyi səbəbindən dövlət hesabına vəkil təyin edilməsi və məhkəmənin ədalətsiz mövqeyi ilə yenidən şikayətin hazırlanması kimi halları tam qanuna uyğun tərtib edərək Zaqatala Rayon Məhkəməsinə təqdim edilmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qərardadı ədalətsiz, birtərəfli və qanunsuz olduğundan, bütün konstitusion, mülkiyyət və prosessual hüquqlarını pozduğundan ləğv edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 avqust 2024cü il tarixli, e-2(033)-201/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə cavabdehlərin hər birinə ayrı-ayrılıqda Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən ünvanına göndərilmiş, qətnamənin əlavə edildiyi poçt zərfi “poçt göndərişinin çatdırılması haqqında” xəbərnamənin şəxsən qaydada qrafasında imzalanmaqla 27 və 29 aprel 2024-cü il tarixlərdə təhvil alınmışdır (iş vərəqi 190). Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə isə xx.xx.2024cü il tarixdə yerləşdirilmişdir (iş vərəqi 190). Cavabdehlər Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən qətnaməni aldığı gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti verməli olduqları halda, buna riayət etməmişlər, eyni zamanda müddətin bərpası haqqında ərizə verildiyi halda müddəti buraxılmış zəruri prosessual hərəkət edilmədiyi, yəni apellyasiya şikayəti ərizəyə əlavə edilmədiyi üçün cavabdehlərə qeyd edilən nöqsanın aradan qaldırılması məqsədi ilə məhkəmə iclası təxirə salınmaqla vaxt verilməsinə baxmayaraq apellyasiya şikayətini məhkəməyə təqdim etməmişlər. Bundan başqa iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 23 may 2024cü il tarixli, e-2(033)-201/2024 saylı qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin həmin qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-827/2024 saylı qərardadı ilə isə Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(033)-201/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizədə cavabdehlərdən bəhs edilsə də, yuxarıda qeyd edilən şikayəti imzalayan Vəkil yalnız Cavabdeh4 nümayəndəsi və vəkili olmuşdur. Apellyasiya şikayəti də şikayəti verən şəxs olaraq Cavabdeh4 adından verilmiş və Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qərardadı ilə icraata qəbul edilmədən şikayətin verilməsi üçün ödənilmiş rüsum ilə birgə geri qaytarılmışdır. İş materiallarında digər cavabdehlərin apellyasiya şikayəti aşkar edilmir. Görünüdüyü kimi cavabdehlər qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, eyni zamanda müddətin bərpası haqqında ərizə verildiyi halda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməmiş, yəni apellyasiya şikayəti məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü ... maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin ötürülməsinin səbəblərinin üzürlü sayılması üçün təkzibolunmaz əsaslar təqdim edilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Belə olan halda buraxılmış prosessual müddətin bərpasından imtina ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, vaxtı keçmiş şikayətin qarşısının alınması və məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək məqsədinə xidmət edir. Bu məhdudiyyət də ədalət mühakiməsinin maraqlarının təmin edilməsi, vaxtı keçmiş şikayətlərin qarşısının alınması və məhkəmənin dəyərli vaxtının alınmasından çəkindirməkdə ifadə olunan qanuni məqsəd daşıyır və tətbiq edilən bu vasitə ilə qarşıya qoyulan həmin məqsəd arasında ağlabatan əlaqə mövcuddur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Zaqatala Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, e-2(033)- 201/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar