Məhkəmə qərarları › İş №2(107)-120/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-120/2023

17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-120/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə(bundan sonra- cavabdeh) qarşı borcun silinməsi tələbinə dair mülki işi üzrə Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" ASC-nin Abunə haqqında məlumatından görünür ki, İddiaçı X4 Təchizatı və Satışı İdarəsinin enerji satış bazasında **********00397 saylı kod altında, Şəki rayonu Çələbixan kəndində istehlakçı kimi qeydiyyatdadır. 14 fevral 2018-ci il tarixli, 090451 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı iddiaçı tərəfindən elektrik enerjisindən sayğacsız istifadə edildiyi müəyyən olunmuşdur. Şimal-Qərb RETSİ-nin Akt Komissiyası tərəfindən təsdiq edilmiş 19 fevral 2018-ci il tarixli icra vərəqindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə 090451 nömrəli akt əsasında iddiaçıya ümumilikdə dəyəri 581,40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. 12 fevral 2019-cu il tarixli, 126500 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı iddiaçı tərəfindən elektrik enerjisindən sayğacsız istifadə edildiyi müəyyən olunmuşdur. Şimal-Qərb RETSİ-nin Akt Komissiyası tərəfindən təsdiq edilmiş 11 mart 2019-cu il tarixli icra vərəqindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə 126500 nömrəli akt əsasında iddiaçıya ümumilikdə dəyəri 658,99 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. 30 yanvar 2020-ci il tarixli, 166470 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı sayğaçın yanaraq sıradan çıxması və iddiaçı tərəfindən elektrik enerjisindən sayğacsız istifadə edildiyi müəyyən olunmuşdur. Şimal-Qərb RETSİ-nin Akt Komissiyası tərəfindən təsdiq edilmiş 27 fevral 2020-ci il tarixli icra vərəqindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə 166470 nömrəli akt əsasında iddiaçıya ümumilikdə dəyəri 878,76 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yazılmış 14 fevral 2018-ci il tarixli, 090451 nömrəli akt əsasında hesablanmış 581,40 manat, 12 fevral 2019-cu il tarixli, 126500 nömrəli akt əsasında hesablanmış 658,99 manat və 30 yanvar 2020-ci il tarixli, 166470 nömrəli akt əsasında hesablanmış 878,76 manat olmaqla, cəmi 2.119 manat borun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17-18 may 1992-ci il tarixində Laçın rayonunun işğal olunması ilə bağlı Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında məskunlaşmış, ən son Şəki rayonu ərazində Çələbixan qəsəbəsi yaxınlığında Dəmiryol vağzalının binalarından birində məskunlaşmışlar. Qeyd olunan ərazidə məskunlaşarkən Dəmiryol stansiyasının elektrik enerjisi xətlərindən istifadə etmişlər. Məcburi köçkün kimi elektrik enerjisi və digər komunal xidmətlərin xərclərindən azad edilmişlər və bundan "xxxx" ASC-nin ərazi üzrə bütün əməkdaşlarının xəbəri olmuşdur. 12 fevral 2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona yaxınlaşaraq X1 ilə bağlı elektrik sayğacı qoymalı olduqlarını bildirmişlər. O da onların tələbi ilə razılaşmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacı quraşdırılmışdır. Müəyyən müddət keçdikdən sonra "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirmiş, sayğacın yanması ilə bağlı akt tərtib etmişlər. Sayğacı yenisi ilə əvəz etmişlər. Yeni quraşdırılmış sayğac smart tipli olduğundan həmin karta ekeltrik enerjisindən istifadə ilə bağlı pul yükləndikdə və yüklənən pulun yarısı borc kimi çıxdıldıqda "xxxx" ASC-nin Şəki rayon Sahəsinə müraciət etmiş və barəsində 14 fevral 2018-ci il tarixli 090451 nömrəli, 12 fevral 2019-cu il tarixli 126500 nömrəli və 30 yanvar 2020-ci il tarixli 166470 nömrəli aktların yazıldığını bilmişdir. Sayğac quraşdırılan zamandan bu günədək hər bir vətəndaş kimi pulunu ödəyərək, X1 etmişdir. Sayğacda baş vermiş yanmada heç bir günahı olmadığı halda "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində cərimənin tətbiq edilməsi anlaşılan deyildir. Bu səbəbdən də, hesablanmış borcla razı deyil. "xxxx" ASC-yə müraciət etsə də, nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Şəki rayonu Çələbixan qəsəbəsində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00397 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik enerjisindən elektrik sayğacı olmadan bir başa qoşularaq istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq əməkdaşlar tərəfindən xx.xx.2018-ci il tarixli, 090451 saylı akt tərtib olunmuşdur. xx.xx.2018-ci il tarixli, 090451 saylı akta əsasən “Azərişıq" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə elektrik sayğacından kənar xəttən keçən yükə uyğun 6 ay üçün 0.07 manatla 1800 kvt.s (dəyəri 126.00 manat) və 0.11 manatla 4140 kvt.s (dəyəri 455.40 manat) toplamda 581.40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. xx.xx.2019-cu il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsilə birbaşa X1 etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq əməkdaşlar tərəfindən xx.xx.2019-cu il tarixli, 126500 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2019-cu il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur xx.xx.2019-cu il tarixli, 126500 saylı akta əsasən “Azərişıq" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 60 gün üçün 0,07 manatla 600 kvt.s (dəyəri 42.00 manat) və 0,11 manatla 5609 kvt.s (dəyəri 616.99 manat) toplamda 658.99 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Təkrar olaraq xx.xx.2020-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi Kamil Şərifovun iştirakı ilə “X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin ünvanına quraşdırılmış elektrik sayğacının yanaraq sıradan çıxdığı və abonentin kənar xətt vasitəsilə birbaşa X1 etdiyi aşkar edilmişdir. Tərtib edilmiş aktı iddiaçının nümayəndəsi Kamil Şərifov öz imzasıyla təsdiq etmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, R166470 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2020-ci il tarixində Şəki EŞnin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, 166470 saylı akta əsasən “Azərişıq" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 90 gün üçün 0,07 manatla 900 kvt.s (dəyəri 63.00 manat) və 0,11 manatla 7416 kvt.s (dəyəri 815.76 manat) toplamda 878.76 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır Müəyyən edilmiş qüsurların xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçının “abunə haqqında" məlumatına nəzər saldıqda açıq-aşkar görünür ki, abonent iddia ərizəsində qeyd etdiyi kimi həmin ünvanda mütəmadi yaşamış, X1 etmiş, lakin heç bir sərfiyyatı olmamışdır. İddiaçı iddia ərizəsində “X1 Qatdaları’nın 8.33-cü bəndinə istinad etmişdir. "X1 Qatdaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. “EEİQ"-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ''-nın 8.17-2. bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrim təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə "...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. İddiaçının tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2022-ci ilin may ayında məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)- 1314/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia tələbi təmin edilmiş, "xxxx" ASC tərəfindən hesablanmış 126500 nömrəli akt üzrə 658.99 manat, 090451 nömrəli akt üzrə 581,40 manat, 166470 nömrəli akt üzrə 878.76 manat olmaqla, ümumilikdə 2.119 manat məbləğində borcun İddiaçı hesabından silinməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 41,19 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət olunmuşdur. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan aktlarda elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi, həmçinin sayğacın yanaraq sıradan çıxdığı yazılsa da, sayğaca abonent tərəfindən müdaxilə edilməsi aşkar edilməmişdir. İddiaçının elektrik enerjisinin sayğacına hər hansı müdaxilənin olması sübuta yetirilməmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı ünvanına qoyulmuş işıq sayğacı onun yaşayış sahəsindən çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş işıq sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, işıq sayğacına cavabdehlik fiziki şəxs olan istehlakçıya münasibətdə enerji paylayıcısının hesabına həyata keçirilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi, sayğacdan kənar X1 etməsi müəyyən edilmədiyi halda iddiаçıya əsаssız olаrаq ümumilikdə 2119 manat məbləğində borc hesablanmışdır. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2019 və xx.xx.2018-ci il tarixlərində "xxxx" ASC-nin Şəki EŞ-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı yerdə X1 qaydalarına riayət edilməsinin yoxlanılması məqsədi ilə baxış keçirilmiş, həmin vaxt iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə X1 etməsi müəyyən edilmişdir. Lakin hər iki aktın tərtibində iddiaçının iştirakı təmin edilməməklə yanaşı onun nüsxəsinin iddiaçıya verilməsinə dair cavabdehin nümayəndələri tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçı isə məhkəmə iclasında akt və akt əsasında hesablanmış borc barəsində məlumatın 2020-ci ildə əldə edildiyini bildirmişdir. Lakin cavabdeh qeyd edilən aktların iddiaçıya daha əvvəl təqdim edilməsi ilə bağlı hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bundan başqa etiraz ərizəsində qüsur aşkar olunduqdan sonra abonentə 126500 nömrəli akt əsasında 658.99 manat, 090451 nömrəli akt əsasında 581.40 manat məbləğində hesabat aparılması göstərilmişdir. Lakin itirilmiş enerjinin bərpası üçün müəyyən olunan məbləğin məhz göstərilən qədər olması əsaslandırılmır, faktiki olaraq cərimə kimi qiymətləndirilir və məhkəmə də bunu cərimə kimi qəbul edir. Buna görə də iddiaçıya hesablanan itirilmiş enerjinin bərpasına dair məbləğlər əsaslı olması sübuta yetirilmədiyindən, faktiki olaraq cərimə kimi qəbul olunmalı, həmin məbləğlərin silinməsinə dair üç illik iddia müddəti də tətbiq olunmamalıdır. Belə ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddiaçıya yazılan məbləğlər müqavilə tələblərindən irəli gəlməsinə dair sübutlar təqdim olunmur, vaxtaşırı icra olunmalı öhdəliklərdən irəli gələn tələblərə aid edilmir və bu səbəbdən də on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı iddia müddətini ötürməmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.6, 7.9, 7.11, 8.32, 8.33-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.1, 373.2, 374.1, 374.2, 375.1, 375.2, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandırmamış pozuntunun məhz istehlakçı tərəfindən törədilməsinin təsdiqini tapmadığını əsas gətirərək əsassız qətnamə çıxarmışdır. Abonentin fərdi yaşayış evini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına əməkdaşlarımız tərəfindən dəfələrlə baxış keçirilmiş və evə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar əməkdaşlarımız tərəfindən 3 dəfə ayrı-ayrı vaxtlarda aktlar tərtib olunmuşdur. Aktlardan biri abonentin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Göründüyü kimi aşkar edilmiş kənar xətt tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Digər tərəfdən bu normanın tətbiqi üçün qüsurun xarakteri (sayğacdan kənar xətt) nəzərə alınmalıdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, abonentin istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Şəki Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının enerji sərfiyyatları nəzərə alınmamışdır. Abonentin “abunə haqqında” məlumat cədvəlinə nəzər saldıqda xx.xx.2015ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həmin fərdi yaşayış evində yaşamasına baxmayaraq heç bir sayğac sərfiyyatının olmadığı müəyyən olunur. Bu da tam şəkildə sübut edir ki, fərdi yaşayış evi sayğacdan kənar xətt vasitəsi ilə enerji ilə təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, əsas məsələ qüsurun sayğacda olubolmaması deyil, qüsurun sayğacın işinin pozulmasına səbəb olub-olmamasıdır. Hazırki işə baxacaq məhkəmə cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamadan əvvəlki və sonrakı dövrlərdə iddiaçının X1si nəticəsində sərfiyyatını müqayisə edərək, bu sərfiyyatın artıb-artmamasını müəyyən etməli, nəticədə isə aktın əsaslı olub-olmadığı sualına cavab verilməlidir. Məhkəmə iddia tələbinin təmin edilməsinin digər bir əsası kimi göstərmişdir ki, cavadehin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizə əsassızdır. Belə ki, iddiaçıya aktların nə zaman təqdim edilməsi məlum deyildir. Həmçinin hesablanmış məbləğ məhkəmə tərəfində cərimə kimi qəbul olunmalıdır. Qeyd etməyi zəruri hesab edirik ki, aktlar tərtib edilən zaman iddiaçının iştirakı təmin edilmiş və hətta aktlardan birinə iddiaçının nümayəndəsi imza atmışdır. Digər tərəfdən abonentə hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, abonentin istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Həmçinin "xxxx" ASC inzibati orqan olmadığından onun cərimə tətbiq etməsi mümkünsüzdür. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı izahatında məcburi köçkün kimi Şəki rayonu Çələbixan qəsəbəsində Dəmiryol vağzalının binasında məskunlaşdığını, yaşayış evinin elektrik enerjisi ilə təmin olunduğunu bildirmişdir. Lakin o düşünmüşdür ki, istehlak etdiyi enerjinin dəyərini məcburi köçkün olduğu üçün dövlət ödəyir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları” Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bənd 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bənd 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, hazırki işə baxmış Rayon Məhkəməsi iddiaçının yaşayış ünvanına quraşdırılmış elektrik sayğacının onun yaşayış sahəsindən çöl tərəfdə quraşdırıldığını, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə iddiaçının cavabdehlik daşımadığını, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi, iddiaçının sayğacdan kənar X1 etməsi müəyyən edilmədiyi qənaətinə gələrək iddia tələbini təmin etmişdir. Halbuki iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçının yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman iddiaçının elektrik enerjisindən sayğacsız istifadə etdiyi müəyyən olunmuşdur. Bu barədə 14 fevral 2018-ci il, 12 fevral 2019-cu il və 30 yanvar 2020-ci il tarixli aktlar tərtib olunmuş və itirilmiş enerjinin hesabatı aparılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan aktlar sayğaca hər hansı müdaxilənin olması əsası ilə deyil, elektrik enerjisinin sayğacdan kənar qoşulmaq yolu ilə istehlak edilməsi əsası ilə tərtib olunmuşdur. Apellyasiya baxışında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, 2018, 2019 və 2020-ci illərdə yaşadığı evdə X1 etmiş, lakin məcburi köçkün olduğu üçün istehlak etdiyi elektrik enerjisinin dövlət tərəfindən ödənildiyini güman etmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün kommunal xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər xx.xx.2016-cı il tarixədək nəzərdə tutulmuş və həmin kateqoriya şəxslər üçün dövlət büdcəsindən ödənişlər 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinətlə edilmişdir. Göründüyü kimi, iddiaçı məcburi köçkün olaraq 2017-ci ilin 1 yanvar tarixindən kommunal xidmətlər üzrə aylıq müavinətlə təmin edilmişdir. Buna baxmayaraq 2018, 2019 və 2020-ci illərdə elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşularaq elektrik enerjisini talamışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar