Məhkəmə qərarları › İş №2(107)-1205/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1205/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1205/2022 26.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 1 avqust 2022-ci il tarixli 2(037)-726/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə və 07/00023919 nömrəli xx.xx.2019-cu il tarixli "xxxx" ASC-ə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə (bundan sonra – qısa müddətli lizinq) əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayın 2 ay istifadə müddəti ilə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh müqavilə üzrə olan 6000 manat öhdəlikdən 4000 manat ödəniş etmiş, 2000 manat borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2019-cu il tarixli 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 manat borc və 40 manat dövlət rüsumu olmaqla,cəmi 2040 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayın cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh müqavilə üzrə olan 6000 manat öhdəlikdən 4000 manat ödəniş etmiş,2000 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə 2000 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə olan borcunu vaxtında qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı 16 may 2019-cu il tarixli 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 manat borc və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2040 manat məbləğinin cavabdehdən tutulmasını tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır. İddiaçı ASC ilə aralarında bağlanmış 16 may 2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR- 2045 markalı taxılyığan kombayın iki ay müddətinə istifadəsinə verilmişdir. xx.xx.2019-cu il tarixli akt əsasında 2014-cü il buraxılışlı, 1 ədəd SR-2045 markalı taxılyığan kombayın "xxxx" ASC tərəfindən ona təhvil verilmişdir. Qeyd edilən texnikadan müqavilə müddəti ərzində istifadə etməklə 6000 manat müqavilə məbləğindən 4000 manat ödəniş etmiş və 2000 manat qalıq borcu qalmışdır. İddiaçı ASC tərəfindən istifadəsində olan texnikaya GPRS avadanlığı quraşdırılmışdır. Qeyd edilən texnikaya GPRS avadanlığı quraşdırıldığından təyin olunmuş ərazidən kənara çıxa bilməmişdir. İddiaçı ASC tərəfindən təyin olunmuş ərazidə işləyərək müqaviklə üzrə borcunun bir hissəsini ödəsə də, sonradan həmin ərazidə iş olmadığından müqavilə üzrə öhdəliyini tam icra edə bilməmişdir. İddiaçı ASC tərəfindən ona təyin olunmuş ərazidən kənarda işləməsinə şərait yaradılmadığından istifadəsində olan texnikadan lazımı qaydada istifadə etməsi mümkün olmamış və nəticədə 2000 manat qalıq borcu yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayın 2 ay istifadə müddəti ilə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh müqavilə üzrə olan 6000 manat öhdəlikdən 4000 manat ödəniş etmiş, 2000 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2022ci il tarixə 2000 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir.

6. Məhkəmə hesab edir ki, Cavabdeh 40 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

7. İsmayıllı Rayon Məhkəməsinin 1 avqust 2022-ci il tarixli 2(037)-726/2022 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, Cavabdeh 16 may 2019-cu il tarixli 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2000 manat borc və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2040 (iki min qırx) manat məbləğinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458, 747, 747-5, 748-1 və 750-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

9. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli "xxxx" ASC-ə məxsus kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, lizinq verən lizinq müqaviləsi üzrə müqavilə məbləği 6000 manat olan 1 ədəd SR-2045 markalı taxılyığan kombayın 2 ay istifadə müddəti ilə lizinq alan Cavabdeh istifadəyə verməyi, lizinq alan Cavabdeh isə müqavilə müddəti ərzində qeyd edilən texnikadan istifadə etməklə müqavilə üzrə olan 6000 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AKT1-in sürətindən görünür ki, xx.xx.2019-cu il tarixdə 2014-cü il buraxılışlı, 1 ədəd SR-2045 markalı taxılyığan kombayın saz vəziyyətdə "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmiş və tərtib olunmuş aktın doğruluğu "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imza olunmuşdur

11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli 07/00023919 nömrəli müqavilə üzrə 6000 manat müqavilə məbləğindən 4000 manat ödəniş etdikdən sonra xx.xx.2022-ci il tarixə 2000 manat qalıq borcu qalmışdır.

12. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun sürətindən görünür ki, müqavilə üzrə yaranmış borcun qısa zaman ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödənilmişdir.

14. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, üzərinə götürdüyü öhdəliyi icra edərkən, "xxxx" ASC lizinq müqaviləsinin yerinə yetirilməsinə zəmin yaratmaq üçün onunla birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. "xxxx"ASC tərəfindən onun istifadəsində olan texnikaya GPRS avadanlığı quraşdırıldıqdan qeyd edilən texnikaya təyin olunmuş ərazidən kənara çıxa bilməmişdir. Bu səbəbdən də, "xxxx" ASC tərəfindən təyin olunmuş ərazidə iş olmadığından müqavilə üzrə öhdəliyini tam icra edə bilməmişdir. "xxxx" ASC tərəfindən ona təyin olunmuş ərazidən kənarda işləməyinə şərait yaradılmadığından istifadəsində olan texnikadan lazımı qaydada istifadə etməyi mümkün olmamış və nəticədə 2000 manat qalıq borc yaranmışdır.

16. Belə ki, qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı lizinq müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir.Operativ lizinq kredit müqaviləsi 3 il müddətinə yəni 16 may 2019-cü il tarixdə bağlanmış və lizinq müqaviləsinin müddəti 16 may 2022-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti müqavilə müddətinin bitdiyi 16 may 2022-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində onun tərəfindən "xxxx" ASC ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olmamışdur. İddia müddəti 16 may 2019-cu il tarixdə başlanmış və 16 may 2022-ci il tarixdə bitmişdir. 'Aqrolizinq" ASC iddia müddəti ərzində məhkəməyə müraciət etməmişdir.

17. Göründüyü kimi, 16 may 2019-cu il tarixdən 3 il müddətinə bağlanmıs lizinq müqaviləsinin müddəti 16 may 2022-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı 16 may 2019-ci il tarixdə başlamış və 16 may 2022-ci il tarixdə bitmişdir. "xxxx" ASC-nin hazırkı iddia tələbi ilə 2022-ci ilin iyul ayında məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia nüddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdr. Şərh olunanlara əsasən hesab edir ki, borc tələbi ilə bağlı iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunmalıdır.

18. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 1 avqust 2022-ci il tarixli 2(037)- 726/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 1 avqust 2022-ci il tarixli 2(037)-726/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən Lizinq verənin Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 1 avqust 2022-ci il tarixli 2(037)- 726/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 16-17-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə və 07/00023919 nömrəli xx.xx.2019-cu il tarixli qısa müddətli lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayın 2 ay istifadə müddəti ilə Cavabdeh istifadəsinə verilmişdir. Müqavilə 2 ay müddətinə bağlanmışdır. Müqavilənin bağlanma müddəti 16 may 2019-cu il tarixdən hesablandığı halda, onun bitmə müddəti 16 iyul 2019-cu il, 1 iyun 2019-cu il tarixdən hesablandığı halda isə onun bitmə müddəti 1 avqust 2019-cu il olur. Birinci halda, 3 illik iddia müddətinin bitməsi 16 iyul 2022-ci il, ikinci halda isə 1 avqust 2022-ci ilə təsadüf edir. Bu qətnamənin 23-cü bəndində qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi iddia müddəti müqavilənin icrası müddəti bitdiyi andan başlanır. Apellyator bu halı qeyd etsə də, yanlış olaraq müddətin axımını müqavilənin icrası müddəti bitdiyi andan deyil, müqavilənin bağlandığı andan hesablamışdır. Hazırki iş üzrə iddia ərizəsi məhkəmənin icraatına 4 may 2022-ci ildə daxil olduğundan hər iki halda iddia müddəti ötməmişdir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 15-ci bəndlərində göstərilmiş arqumnetlərinə münasibət bildirərək qeyd edir ki, mülki işin 7-8-ci vərəqlərində yer alan xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli qısa müddətli lizinq müqaviləsinin 1.4-cü bəndində texnikanın Cəmiyyətin struktur bölməsinin yerləşdiyi İsmayıllı rayonu ərazisində istifadə olunmalı olduğu qeyd edilmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli qısa müddətli lizinq müqaviləsinə imza etməklə qeyd edilən şərti qəbul etmişdir. Ona görə də, "xxxx"ASC tərəfindən onun istifadəsində olan texnikaya GPRS avadanlığı quraşdırıldığına görə qeyd edilən texnikanın təyin olunmuş ərazidən kənara çıxa bilməməsi, bu hal müqavilənin şərtlərinin tərkib hissəsi olduğundan, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hərəkət kimi nəzərdən keçirilə bilməz.

30. Hazırki iş üzrə iddiaçı iddia tələbində, iddiaçının nümayəndəsinin birinci instanisya məhkəməsinin iclasında verdiyi izahatında, xx.xx.2022-ci il tarixli maliyyə arayışında, xx.xx.2022-ci il tarixli pretenziya məktubunda xx.xx.2019-cu il tarixli, 07/00023919 nömrəli operativ lizinq müqaviləsinə istinad etsə də, həmin operativ lizinq müqaviləsi mülki işin materiallarına əlavə edilməmişdir. Həmçinin, eyni - 07/00023919 nömrəli xx.xx.2019-cu il tarixli qısa müddətli lizinq müqaviləsinə istinad edilmişdir ki, həmin müqavilə mülki işin materiallarında mövcuddur. İddiaçı da 07/00023919 nömrəli müqavilə üzrə cavabdehə qarşı tələbini irəli sürmüşdür, eyni zamanda cavabdeh də həmin nömrəli müqavilə üzrə borcunun olduğunu etiraf etmiş, həmin borcun yaranmasında iddiaçı tərəfi günahlandırmışdır. Qeyd olunan hallar qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 1 avqust 2022-ci il tarixli 2(037)-726/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 1 avqust 2022-ci il tarixli 2(037)-726/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar