Məhkəmə qərarları › İş №2(107)-1207/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1207/2022

22.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1207/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçılar İddiaçı1 (eyni zamanda X5 və X6 qanuni nümayəndəsi), İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 (X13) və Sadıqova (Əliyeva) Cəmilə Sabir qızının iştirakı ilə, iddiaçılar İddiaçı1 (eyni zamanda X5 və X6 qanuni nümayəndəsi), İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı1 xx.xx.2001-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 (hazırki iş üzrə iddiaçı), xx.xx.2005-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X15 anadan olmuşdur. X7 30 mart 2015-ci il tarixdə vəfat etmişdir. X1 miras əmlak olaraq İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən JN-014G Kod 40711048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə miras qoyanın, onun valideynləri olan cavabdehlərin və digər ailə üzvləri olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsi, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsi və JN-0177 Kod 40711048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 1,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar (iddiaçı X9 xx.xx.2005-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X5 qanuni nümayəndəsi kimi), cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 miras qalan, İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən JN-014G Kod 40711048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, qeydiyyat nömrəsi ********** olan 25 iyun 2009-cu il tarixli çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-0177 Kod 40711048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,308 ha hissəsinin 4/6 hissəsinin miras əmlak kimi onlar(eyni zamanda xx.xx.2005-ci il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X15) tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, miras qoyan həyat yoldaşı (anaları) X7 30 mart 2015-ci il tarixdə vəfat etmişdir. Ondan İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən JN-014G Kod 40711048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə miras qoyanın və onun valideynləri olan cavabdehlərin və digər ailə üzvlərindən ibarət 5 nəfərin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsinin, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsinin və JN-177 Kod 40711048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə 1,54 ha pay torpaq sahəsinin 0,308 ha hissəsi miras qalmışdır. Miras qoyan həyat yoldaşı (anaları) vəfat edənədək və vəfatından bir neçə il sonraya kimi cavabdehlər miras qoyanın payına düşən pay torpağına görə icarə haqqı ödəmiş, lakin son 4 ildir ki, icarə haqqı ödəməməklə yanaşı, miras qoyanla rəsmi nikahlarından doğulmuş uşaqların və onun payını verməyərək, ümumiyyətlə onları torpağa yaxın buraxmırlar. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(037)- 42/2022 nömrəli iş üzrə qəbul etdiyi 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin təmin edilməsi, İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 Şakir qızı, X7, X10 və X8 birgə mülkiyyətlərinə verilmiş JN-014G KOD 40711048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnaməyə əsasən 0.16 hektar həyətyanı torpaq sahəsinin mərhum X3 çatan 0.032 hektarı (0.16x1/5=0.032x1/6=0.005x4=0.02 ha), Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən 0.18 hektar həyətyanı torpaq sahəsinin mərhum X3 çatan 0.036 hektarı (0.18x1/5=0.036x1/6=0.006x4=0.024 ha) və JN-177 KOD 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna” dair dövlət aktına əsasən 1.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X3 çatan 0.308 hektarının (1.54x1/5=0.308x1/6=0.051x4=0.20 ha) hər birinə ayrı-ayrılıqda 1/6 hissə olmaqla, ümumilikdə 4/6 hissəsinə birinci növbəli vərəsəsi kimi əri İddiaçı1, uşaqları İddiaçı2, X15 və X14 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 (X14 və X5 qanuni nümayəndəsi (atası) və İddiaçı2 Natıq qızı və cavabdehlər (miras qoyanın valideynləri) Cavabdeh1 və Cavabdeh2 mirasın açıldığı vaxt Pərvanə Sadıqovanın vərəsələri olmuşdur. X17 öldükdən sonra onun birinci növbəli vərəsələri, əri Natiq Səmədov, uşaqları İddiaçı2 və Nihad və Namiq Sadıqovlar və valideynləri Cavabdeh1 və Cavabdeh2 miras açıldıqdan əvvəl və sonra da miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanmasında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda İddiaçı2 miras qoyan anası Pərvanə Sadıqovanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, X17nın birinci növbəli vərəsələri - əri, uşaqları və valideynləri ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. X11 verilmiş (1998,2000-ci illərdə) torpaq sahələri, əri İddiaçı1la rəsmi nikaha daxil olmazdan əvvəl verildiyindən, ərin birgə nikah dövründə əldə olunmuş əmlak kimi ondan qalan torpaq sahələrinin bölünməsi zərurəti yoxdur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1159.1.1, 1243.2, 1243.3, 1245, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, guya Cavabdeh1 qızından miras qalmış əmlakda iddiaçıların payının olmasını etiraf etmiş və eyni zamanda iddiaçıların payına münasib başqa yerdən torpaq sahəsi verilməsinə etiraz etməmişdir. Lakin cavabdeh belə bir izahat verməmiş və bu barədə məhkəmə iclas protokoluna qeydlər vermişdir. İddiaçılar nə torpaq sahəsinin abadlaşdırılmasında iştirak etmiş, nə də mirası faktiki qəbul etmişlər, nə də qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etmişlər. Lakin Rayon Məhkəməsi tərəfindən bu hallara qiymət verilməmişdir. Mirasın açıldığının onlara bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq iddiaçılar notariat kontoruna mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişlər. Müddətin üzrlü səbəbdən ötürülməsi barədə isə iddiaçılar tərəfindən hər hansı sübut təqdim edilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 (X13) və Sadıqova (Əliyeva) Cəmilə Sabir qızı izahatlarında iddia tələbinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1 və 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçılar miras qoyan Pərvanə Sadıqovanın birinci növbəli vərəsələridir. İddiaçı1 mərhumun əri, Nahidə, Nihad və Namiq isə mərhumun övladlarıdır. Miras əmlak - İsmayıllı rayonu, Çayqovuşan kəndində yerləşən mərhumun və mərhumun valideynləri, bacısı Cəmilə və qardaşı Nemətin birgə mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsi, 0,18 ha həyətyanı torpaq sahəsinin 0,036 ha hissəsi və İsmayıllı rayonu, İstisu kənd ərazisində yerləşən 1,54 ha kənd təyinatlı pay torpaq sahəsinin 0,038 ha hissəsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, miras qoyanın vərəsələri mirasın açıldığı onlara bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməlidilər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər – mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Hazırki iş üzrə iddiaçılar mirasın qəbuluna yönəlmiş hərəkətlərin faktiki qəbul etmək formasını həyata keçirmişlər. Belə ki, həm iddiaçılar, həm də cavabdehlər apellyasiya baxışının iclasında bildirmişlər ki, iddiaçılar miras qoyan Cavabdeh2 ölümündən sonra ona məxsus qızıl-zinət əşyalarını qəbul etmiş, miras əmlaka daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişdirilən taxıl bitkisini 4 il ərzində cavabdehlərdən qəbul etmişlər. Göründüyü kimi, iddiaçılar miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. İşə Rayon Məhkəməsində baxılması zamanı xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qismən qəbul edərək, iddiaçıların miras əmlakı faktiki qəbul etdiklərini, pay torpağından onlara uzun müddət icarə haqqının bir hissəsini ödədiklərini bildirmişdir. Hazırki iş üzrə Cavabdeh1 verdiyi apellyasiya şikayətində isə göstərilir ki, Cavabdeh1 yuxarıda qeyd olunan məzmunda izahat verməmiş, onun bildirdikləri təhrif olunmuşdur. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işdən görünür ki, Cavabdeh1 məhkəmə iclas protokollarına qeyd versə də, həmin qeydlər məhkəmə qərardadı ilə əsassız olduğundan rədd edilmişdir. Bu baxımdan qəbul edilməlidir ki, Cavabdeh1, həqiqətən də işə Rayon Məhkəməsində baxılması zamanı iddiaçıların miras əmlakı faktiki qəbul etdiklərini etiraf etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra Cavabdeh1 peşəkar vəkil tərəfindən təmsil olunduğu üçün fərqli məzmunlu apellyasiya şikayəti ilə sonradan məhkəməyə müraciət etməsi anlaşılan olsa da, hüquqa uyğun və mötəbər sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların miras qoyan Cavabdeh2 vəfatından sonra miras əmlakı faktiki qəbul etdikləri iş materialları ilə sübut edilir. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar