Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1207/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və X4 İstismar idarəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Akt əsasında hesablanmış məbləğin silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və X4 İstismar idarəsinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(024)-366/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında qanunsuz olaraq hesablanmış 6480 kub/m qazın dəyəri 777,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Qax rayonu Turaclı kəndində yaşayır. O yaşadığı evdə təbii qazdan istifadə etmiş və mütəmadi olaraq qaz pulunu ödəmişdir. xx.xx.2024-cü il tarixdə Azəriqazın əməkdaşları yaşadığı mənzilə gələrək qaz sayğacının yenisi ilə əvəzlənməsi məqsədi ilə sayğacı aparmış və yenisi ilə əvəz etmişlər. Qaz sayğacının yenisi ilə əvəz olunduğuna dair akt tərtib olunmuşdur. Bir müddət vaxt keçdikdən sonra ona əlavə olaraq 6480 kub.m qazın dəyəri 777.40 manat qaz borcu hesablandığı müəyyən olunmuşdur. Bununla bağlı Qax rayon Qaz istismar sahəsi yaranmış ziddiyətin heç bir hüquqi əsasını göstərməmiş sadəcə bildirmişdir ki, ona verilən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Onun və ya mərhum anası tərəfindən həmin sayğaca müdaxilə olunmamışdır. Belə ki, Azəriqazın əməkdaşları hər ay mütəmadi olaraq sayğaca baxış keçirmiş, hesablanmış qaz puluna dair bildiriş vermişlər. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanmasına nəzarət etmək imkanı da olmamış, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır.Buna görə də hesablanmış qanunsuz borc məbləği silinməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında qanunsuz olaraq hesablanmış 6480 kub/m qazın dəyəri 777,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər X4 İstismar idarəsinin və Cavabdeh2 İB-nin etibarnamə üzrə nümayəndələri məhkəmə iclasına gəlməmiş və cavabdehlərin etibarnamə üzrə nümayəndələri gəlməmələrinin üzürlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verməmişlər. Həmçinin İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Qax Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(024)-366/2024 nömrəli qətnaməsi ilə (hakim M.Qarayev), iddianın təmin edilməsi, Cavabdeh2 İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında İddiaçı qanunsuz olaraq hesablanmış 6480 kub/m qazın dəyəri 777.40 manat məbləğində borcun silinməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 İB-də **********01580 saylı istehlakçısı kimi qeydiyyatdadır. İddiaçı mənzildə təbii qazdan istifadə etmiş və istifadə etdiyi qaz pulunu hər ay sayğacın hesablamalarına uyğun olaraq ödəmişdir. xx.xx.2024-cü il tarixdə Azəriqaz İB-nin X4 istismar idarəsinin rəisi tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və iddiaçıya G4 markalı **********3 nömrəli sayğacın maksimal qaz sərfi 6m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın həcmi 6480m3 hesablanmışdır. Həmin borc məbləği iddiaçıya sayğaca müdaxilə etdiyi iddiası ilə hesablanmışdır. Lakin Cavabdeh2 İB yaranmış ziddiyətin heç bir hüquqi əsasını göstərməmiş sadəcə iddiaçıya bildirmişlər ki, iddiaçıya verilən sayğacın hesablama mexanizminin qapağı fiziki təsir nəticəsində gövdədən tamamilə aralanıb. Qaz keçir hesavlama mexanizmi keçən qazın sərfini qeydə almır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı mənzilindən kənarda küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəfindən Qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutlar və iddiaçının gətirdiyi dəlilləri təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan sayğaca hər hansı müdaxilənin edilməsi, onun tərəfindən sayğacdan, onun işləmə prinsipindən və s. anlayışı olan şəxsin tapılaraq, onun vasitəsi ilə sayğaca müdaxilə etməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim etmədiyindən məhkəmə iddiaçıya hesablanan cərimə məbləğinin əsassız olması qənaətinə gəlir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.5.2-ci maddələrinə, Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndinə, «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2, 4.5, 4.8, 6.7-ci bəndlərinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.
13. Cavabdeh2 İB-nin Zaqatala RQİİ-ninmütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********3 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ona müdaxilə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13762332 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2024-cü il tarixli 0183 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı fiziki təsir nəticəsində gövdədən tamamilə aralanıb, qaz keçir hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6 m3 sutkalıq iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir.
14. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.
15. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, mövcud vizual qüsur aşkarlansada, istehlakçı qüsuru təsdiq edən xx.xx.2024-cü il tarixli ******* saylı aktı imzalasada, inventarizasiyanın aparılmasına dair xx.xx.2024-cü il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.
16. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, isin hərtərəfli, tam və obyektiv həllinə lazımi sərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli səkildə arasdırmamıs, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmis, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.
17. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.
18. İddiaçı tərəfdən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilməmişdir.
19. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həmdə ona görə əsassıdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, qaydaların 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur: Birincisi sayğacın texniki cəhətdən nasaz olması, ikincisi sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilmsi. Bu iki hal bir birindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehilik isə ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. Belə ki, birinci halda sayğacın zavod qurğuşun plombunda və onun flyans birləşməsinə vurulan plombunda, sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutlmaq olmaz. İkinci halda isə sayğacını nasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi) bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz. Çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir.
20. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
21. Göründüyü kimi qaz sərfi müdaxilə qaz sayğacının şəbəkədən açılmamışdan əvvəlki dövrü ilə yenisi ilə əvəz edildikdən sonrakı dövrlə müqaisədə nəzərə çarpacaq dərəcədə fərq vardır. Sayğacda mövcud olan qüsur elə bir müdaxilədir ki, onun üzərində qanunsuz əməllər həyata keçirilərkən (müdaxilə edilərkən) hökmən mənzilin qaz təminatı dayandırılmalıdır və bundan da vətəndaşın məlumatının olmaması qeyri mümkündür. Digər tərəfdən sayğacın içəri mexanizminə təmas edildiyindən müəyyən vaxt tələb olunur və ona ərazidən keçən hər hansı şəxsin təsaüfən müdaxilə etməsi də mümkünsüzdür və bu halda da cavabdehin məlumatının olmaması mümkünsüzdür. İstehlakçının sayğacda müdaxilə faktı varsa deməli onun məlumatı daxilində mümkündür.
22. Nəticə etibarilə istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Yuxarıda aparılan analizdən və mülki işin faktiki hallarından da göründüyü kimi istehlakçıya məxsus mənzildə sayğaca müdaxilə edilməklə qanunsuz qazdan istifadə edilməsi faktına heç bir şübhə yeri qoymur və cavabdehin etirazında göstərdiyi fikirlər isə yalnız formal mülahizələrdən ibarətdir.
23. Odur ki, Cavabdeh2 verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, 2(024)-3662024 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh2 və X4 İstismar İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
27. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 4.2-ci bəndində əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətindən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 31 iyul 2024cü il tarixli, 2(024)-366/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(024)- 366/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur .
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının fiziki təsir nəticəsində gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin keçən qazın sərfini qeydə almaması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh2 tərəfindən hesabat aparılmış və hesablanmış 777,60 manat iddiaçıdan tələb edilmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və onun dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya aktda nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qoruyucu qapağının fiziki təsir nəticəsində gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin keçən qazın sərfini qeydə almaması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir.
38. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya həmçinin qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G4 markalı, **********3 nömrəli sayğaca dair Cavabdeh2 aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh2 tərəfindən quraşdırılan sayğaca görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdehin şikayəti o halda əsaslı sayıla bilərdi ki, cavabdeh sayğacda kənar müdaxilənin olmasını göstərmiş olsun və həmin müdaxilənin iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etmiş olsun. Lakin hazırkı vəziyyətdə belə hallar müəyyən edilmir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, aktda qeyd edilən “sayğacın hesablama mexanizminin qoruyucu qapağının fiziki təsir nəticəsində gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizminin keçən qazın sərfini qeydə almaması” fikirləri həmin sayğaca təbii qazdan qeyri qanuni istifadə məqsədi ilə hər hansı kənar müdaxilənin olmasını göstərmir. Həmin nöqsanların qeyd edilməsi isə özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsanın yaranmasında məhz iddiaçının təqsirli olmasına dair qəti fikrin ifadə edilməsi üçün əsaslar mövcud deyildir. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan həyətində yox, yol kənarında quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsini, bununla bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
40. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına sayğaca müdaxilə ilə bağlı iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsi, iddiaçının bunda təqsirli olmasına dair hər hansı bir sənəd əlavə edilməməklə yanaşı, cavabdeh təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da hər hansı bir sübut təqdim edilməmişdir.
41. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Göründüyü kimi, hazırki halda sayğacda aşkar edilən nasazlıqların iddiaçının təqsiri üzündən baş verməsi sübut olunmur.
43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(024)-366/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(024)-366/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.