Məhkəmə qərarları › İş №2(107)-1212/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1212/2022

15.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1212/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Teyub oğlunun cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlaka dair payın müəyyən edilməsi, gözlənilən mülkiyyət hüququ, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Teyub oğlunun, Cavabdehlər Cavabdeh6, Cavabdeh7, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh4, Cavabdeh5 iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-644/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Teyub oğlu cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun, Qoşaqovaq kəndində ölmüş X12nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun, Qoşaqovaq kəndində ölmüş anası X10 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılmasına, onların ölümündən sonra mərhum atasından Ağdaş rayonunun Qoşaqovaq kəndində miras qalmış ayrı-ayrılıqda iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin, həmin evin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsinin atasına və anasına çatası 1/7 hissəsinin, yəni hər birinə çatası 0,16 hektar hissəsinin, 4.38 hektar və 2.41 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı torpaq sahələrindən onların hər birinə çatası 1/10 hissəsinin, yəni hər birinə çatası 0.68 hektar paylarının miras əmlak kimi tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xaqhiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum valideynləri X29 ilə X11 1956-cı ildə rəsmi nikah qeyd etdirmədən evlənmişlər. Nikahlarını 01 noyabr 1963-cü ildə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra anaları "Şöyübova" soyadını qəbul etmişdir. Onların birgə nikahlarından 26 mart 1957-ci ildə Sadıqova (Mustafayeva) Sadəgül Teyub qızı, 01 iyul 1959-cu ildə Cavabdeh6, 05 avqust 1961-ci ildə Şöyübova (Qədirova) Telli Teyub qızı, xx xxxxxxx 1963-cü ildə Şöyübova (Mahmudova) Güllər Teyub qızı, 09 iyun 1966-ci ildə Cavabdeh7, xx xxxxxxxx 1968-ci ildə İddiaçı Teyub oğlu, xx xxxxxx 1971-ci ildə Şöyübova (Mahmudova) Səidə Teyub qızı və X31 və xx xxx 1973-cü ildə Şöyübova (Babayeva) Mehriban Teyyub qızı anadan olmuşdur. X31 24 fevral 1971-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində vəfat etmişdir. Mərhum valideynləri birgə nikah dövründə Ağdaş rayonu, Qoşaqovaq kəndində istifadələrində olan 1.09 hektar həyətyanı torpaq sahəsində bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Həmin yaşayış evi X3 Bürosunda xüsusi mülkiyyət hüququ əsasında X12nun adına qeydə alınmış, bu barədə adına qeydiyyat vəsiqəsi verilmişdir. X18 30 avqust 1978-ci ildə X13 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mustafayeva", X25 09 noyabr 1980-ci ildə X30 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, nikah bağlandıqdan sonra "Qədirova", X20 15 iyul 1983-cü ildə X7 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mahmudova" və X26 27 iyun 1991-ci ildə X19 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mahmudova" soyadını qəbul etmişlər. Ağdaş rayon AİK-nın 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında 22 mart 1999-cu il tarixdə 3200 sayı ilə qeydiyyata alınmış JN: 0094, kod 90310018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində 4.38 hektar və 2.41 hektar olmaqla iki müxtəlif yerdən ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN-144A, kod 90310018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qanuni istifadələrində olan 1.09 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir. X12 08 oktyabr 2007-ci ildə, anası X10 isə 09 noyabr 2008-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində vəfat etmişdir. Valideynləri ölən günədək Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən evlərində onunla birlikdə yaşamışlar. Onların ölümündən sonra o, həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Atalarının ölən günə mərhum anaları X10, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 və cavabdehlər Cavabdeh6, Cavabdeh7 və ondan ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mərhum analarının ölən günə üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 və cavabdehlər Cavabdeh6, Cavabdeh7 və ondan ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mərhum atalarının ölümündən sonra ondan Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi, həmin evin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsindən hər birinə çatası 1/7 hissə və 4.38 hektar və 2.41 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatlı təyinatlı topraq sahələrindən mərhum valideynlərindən hər birinə çatası 1/10 hissə paylarını faktiki olaraq özü qəbul edərək idarə və istifadə etməyə başlamışdır. Əmlak və torpaq vergiləri və kommunal xərcləri tərəfindən ödənilməklə, yəni valideynlərinin ölümündən sonra miras qalmış əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bacı və qardaşları olan cavabdehlər və üçüncü şəxslər keçən müddətdə miras əmlakla maraqlanmamış, həmin miras əmlakdan pay istəmələri ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə notariat orqanına rəsmi ərizə ilə müraciət etməmiş, həmçinin ötən müddətdə ümumiyyətlə mirasla əlaqədar hər hansı iddiada olmamışlar. Bacıları olan üçüncü şəxslər miras əmlakın onun tərəfindən qəbul edildiyini etiraf və təsdiq edirlər. Lakin müəyyən səbəblərdən mirası qəbul etmək barədə qanunla müəyyən edilmiş vaxtda ərizə ilə notariat orqanına müraciət etməmişdir. Mirası faktiki qəbul etdiyi üçün və üçüncü şəxslər olan bacıları ilə mehriban münasibətləri olduğundan vərəsəliyin açılması ilə əlaqədar müraciət etməmiş, bu səbəbdən də mirasın qəbulu ilə əlaqədar müddət tərəfindən buraxılmışdır. Hesab edir ki, müddət tərəfindən üzürlü səbəblərdən buraxıldığından uzadılmalıdır. Mərhum valideynlərinin ölümüdən sonra onlardan miras qalmış əmlakın tərəfindən qəbul edildiyindən adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Cavabdehlərlə aralarında miras qalmış əmlaklarla bağlı mübahisə olduğuna görə notariat ofisində vərəsəlik işi açılmamış, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində ölmüş X12nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində ölmüş anası X6 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, onların ölümündən sonra mərhum atasıdan Ağdaş rayonu, Qoşaqovaq kəndində miras qalmış ayrı-ayrılıqda iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin tam, həmin evlərin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin atasına və anasına çatası 1/7 hissəsinin, yəni hər birinə çatası 0.16 hektar hissəsinin, 4.38 hektar və 2.41 hektar olmaqla, ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onların hər birinə çatası 1/10 hissəsinin, yəni hər birinə çatası 0.68 hektar paylarının miras əmlak kimi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2(014)-644/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) iddianın qismən təmin edilməsi, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X12nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş anası X6 ölümündən sonra X12ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin tam, həmin evlərin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin X21 aid 1/7 (yeddidə bir) hissəsinin, X8 aid 1/7 (yeddidə bir) hisəssinin, 0.27 hektar, 4.38 hektar və 2.14 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X21 aid 1/10 (onda bir) hissəsinin, X8 aid 1/10 (onda bir) hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X5 Gülbala Nurəddin qızı ilə xx.xx.1963-cü ildə rəsmi nikaha girmişlər və X1 qəbul etmişdir. X31 xx.xx.1971-ci ildə, X29 xx.xx.2007-ci ildə, X10 xx.xx.2008-ci ildə ölmüşdür. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv.metr olan fərdi yaşayış evinə X17 adına texniki pasport verilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN – 144A KOD 90310018 saylı şəhadətnamənin və Torpağa mülkiyyət hüququna dair JN – 0094 KOD 90310018 saylı dövlət aktının surətinə əsasən, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə 1.09 hektar torpaq sahəsi X15 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında araşdırılmış sübutlar, tərəflərin izahatları və şahid ifadələri əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, mübahisə predmeti olan evlər mərhum X29 tərəfindən tikilmiş, evlər və torpaq sahələri mərhum X29 və X10 tərəfindən miras qalmışdır. Mərhum valideynləri X29 və X10 ölümlərindən əvvəl mülkiyyətlərində olan əmlak və torpaq sahələrini evin kiçik oğlu İddiaçı Teyub oğluna bağışlamışlar və digər övladlar buna etiraz etməmişlər, bu barədə Ağdaş rayonunun Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akt tərtib olunmuş və X29 və ailə üzvləri aktı öz imzaları ilə təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X12nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş anası X6 ölümündən sonra X12ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərini tam hissəsinin, həmin evlərin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin X21 aid 1/7 hissəsinin, X8 aid 1/7 hisəssinin, 0.27 hektar, 4.38 hektar və 2.14 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X21 aid 1/10 hissəsinin, X8 aid 1/10 hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsi müəyyən edilməli, iddiaçı tərəfindən miras əmlaklar qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul edildiyi üçün müddətin uzadılmasına ehtiyac yoxdur, buna görə də iddia həmin hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1243.1, 1243.2, 1145, 1151.1, 1157, 1159.1.1-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsi, Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarı əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsindən narazıdır, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq edilməməsinə görə çıxarıldığından ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş edirlər. İşə baxan məhkəmə iddia tələbini təmin etməklə, bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmiş göstərişlərinə əməl etməyərək cavabdehlərin valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlaklardan, yəni fərdi yaşayış evlərindən və ümumi birgə mülkiyyətə verilmiş həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara düşən paylarından qanun üzrə birinci növbə vərəsə kimi onlara çatası və faktiki qəbul etdikləri paylarından məhrum etmişdir. Valideynlərinin ölümündən sonra, yəni vərəsəlik açıldığı vaxtdan ümumi birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsindən və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçı ilə birlikdə hamısı istifadə etmişlər. Hətta onlar həmin həyətdə meyvə bağı belə salmışlar. Kənarda yaşayan bacı-qardaşlar mütəmadi olaraq ata yurdlarına olan həmin həyətə gəlmiş, evlərdə yaşamışlar və həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əkilib becərilmələrində iştirak etmişlər. Bununla da onlar da mərhum valideynlərindən miras qalmış həmin əmlaklardan onlara çatası paylarından, yəni yaşayış evlərindən, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onların hər birinə çatası paylarını faktiki olaraq qəbul etməklərini şəksiz nümayiş etdirmişlər. Lakin işə baxan məhkəmə həmin halları nəzərə almamışdır. Mərhum valideynlərilə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.09 ha həyətyanı və ümumilikdə 6.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyətlərində olduğundan, həmin torpaq sahələrində payları müəyyən edilmədiyindən və naturada bölünmədiyindən həmin torpaq sahələrindən iddiaçı ilə birlikdə istifadə etdiklərinə görə hesab edirlər ki, mərhum valideynlərindən miras qalmış həmin torpaq sahələrindən onların payına düşən hissələrini də faktiki olaraq qəbul etməklə istifadə və idarə etdiklərinə görə onlardan miras qalmış əmlakları onlar da tamamilə qəbul etmiş vərəsələr hesab olunurlar. 1.09 ha həyətyanı və 6.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri mərhum valideynlərilə birlikdə ümumi mülkiyyət hüququ əsasında mülkiyyətlərində olduğundan mərhum valideynlərinə düşən və onlardan miras qalan həmin torpaq sahələrinə vərəsəlikdə üstünlük hüquqları yaranmışdır. İddiaçının isə belə hüququ yaranmamışdır və yoxdur. İddiaçı iddia ərizəsinə valideynlərinin ölümündən sonra onlardan miras qalmış iki fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, o iddia ərizəsinə fərdi yaşayış evlərindən birinə dair möhürü və imzası oxunmayan və şübhə doğuran qeydiyyat vəsiqəsinin surətini, digər yaşayış evinə dair isə fərdi yaşayış evinin texniki pasportunu təqdim etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə dövlət qeydiyyatına alınmamış əmlaka dövlət təminat vermir və müdafiə etmir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş həmin sənədlər sübut kimi qəbul edilə bilməzdi. İddiaçı ailəsi ilə birlikdə valideynlərinin sağlığında və onların ölümündən sonra da Bakı şəhərində yaşadığı halda valideynlərindən miras qalmış fərdi yaşayış evlərini, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaqlardan valideynlərinə düşən hissəsini faktiki qəbul etməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyi, bundan fərqli olaraq cavabdehlər torpaq sahələrinin onların ümumi birgə mülkiyyətlərində olmasını həmin torpaq sahələrindən birgə istifadə etməklərini təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etsələrdə də, işə baxan məhkəmə tərəfindən iddia tələbinə qarşı etirazlarını və etirazın əsasları kimi istinad etdikləri halları və sübutları nəzərə almamışdır. İşə baxılarkən nümayəndələri tərəfindən verilmiş fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsində olan möhr və imza şübhə doğurduğundan buna aydınlıq gətilməsi üçün iş üzrə ekspertizanın təyin edilməsi barədə vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməmiş, iş üzrə ekspertiza təyin edilməmiş, vəsatətin rədd edilməsi barədə qərardad qəbul edilməmişdir. İddiaçı tərəfindən miras əmlakı faktiki qəbul etməsini təsdiq edən heç bir sübut təqdim olunmadığı halda, işə baxan məhkəmə yalnız heç bir hüquqi əsasları olmayan mərhum ataları tərəfindən vəsiyyətnamə formasında yazılmış yazını dolayısı ilə sübut növü kimi qəbul edərək baxmaqla tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Fərdi yaşayış evlərindən birinə dair iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeydiyyat vəsiqəsi oxunmaz halda olduğuna və möhrü və imzası şübhə doğurduğundan tərəflərindən verilmiş vəsatət məhkəmə iclasında araşdırılmamış, münasibət bildirilməmiş və vəsatətin təmin və ya rədd edilməsi barədə qərardad qəbul edilməmişdir. İşə baxan məhkəmə tərəfindən qətnamə elan edilən gün tərəflərə qətnamədən çıxarış verilsə də, qətnamənin nətizə hissəsi “Elektron Məhkəmə”informasiya sistemində yerləşdirilməmişdir. İşə baxan məhkəmə qətnaməni qəbul etdiyi gün tərəflərə təqdim etdiyi 2(014)-644/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamədən çıxarışın “qət etdi” hissəsində “İddia qismən təmin edilsin. 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X12nun və 09 noyabr 2008ciildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş anası X6 ölümündən sonra X12ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin, həmin evlərin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin X21 aid 1/7 (yeddidə bir) hissəsinin, X8 aid 1/7 (yeddidə bir) hisəssinin, 0.27 hektar, 4.38 hektar və 2.14 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X21 aid 1/10 (onda bir) hissəsinin, X8 aid 1/10 (onda bir) hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsi müəyyən edilsin.” yazdığı halda, həmin qətnamənin qət etdi hissəsində “İddia qismən təmin edilsin. 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X12nun və 09 noyabr 2008ciildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş anası X6 ölümündən sonra X12ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin tam, həmin evlərin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin X21 aid 1/7 (yeddidə bir) hissəsinin, X8 aid 1/7 (yeddidə bir) hisəssinin,0.27 hektar, 4.38 hektar və 2.14 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X21 aid 1/10 (onda bir) hissəsinin, X8 aid 1/10 (onda bir) hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsi müəyyən edilsin.” kimi göstərmişdir. “Eletron məhkəmə” informasiya sistemində qətnamədən çıxarışda və ya qətnamədə düzəlişin edilməsi barədə qərardad yerləşdirilməmişdir. Göründüyü kimi qətnamədən çıxarış və qətnamə bir-biri ilə ziddiyyət təşkil etdiyindən həmin qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, qeyd edilənləri nəzərə alaraq, İddiaçı Teyub oğlunun cavabdehlər Cavabdeh6, Cavabdeh7, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi ”tələbinə dair iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-644/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh6, Cavabdeh7 ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı Teyub oğlunun cavabdehlər Cavabdeh6, Cavabdeh7, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi ”tələbinə dair iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-644/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Teyub oğlu apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-644/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh4, Cavabdeh5 ayrı-ayrılıqda qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-644/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsinə münasibətdə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-644/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbi miras əmlakların qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul edilməsi ilə bağlı müddətin uzadılmasına dair hissəsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd edildiyindən və iddiaçı həmin hissəni mübahisələndirmədiyindən kollegiya hesab edir ki, iddia tələbinin həmin hissəsinə münasibət bildirilməsinə lüzum yoxdur. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X5 Gülbala Nurəddin qızı ilə xx.xx.1963-cü ildə rəsmi nikaha girmişlər və X1 qəbul etmişdir. X31 xx.xx.1971-ci ildə, X29 xx.xx.2007-ci ildə, X10 xx.xx.2008-ci ildə ölmüşdür. Onların ölümündən sonra İddiaçı Teyub oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 adında vərəsələri qalmışdır. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv.metr olan fərdi yaşayış evinə X17 adına texniki pasport verilmişdir. Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən torpaq sahəsi üzərində X27 tərəfindən inşa edilmiş iki ədəd bir mərtəbəli, hər biri iki otaqdan ibarət fərdi yaşayış evləri rəsmi qeydiyyata alınmasa belə, İddiaçı Teyub oğlu fərdiy yaşayış evlərindən birində öz ailəsi birgə yaşamaqla, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 isə digər fərdi yaşayış evinin yerləşdiyi pay torpaq sahəsi üzərində bağ salıb, müxtəlif meyvə ağacları əkərək sözügedən miras əmlakları faktiki idarə etmişlər. Eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair JN – 144A KOD 90310018 saylı şəhadətnamənin və Torpağa mülkiyyət hüququna dair JN – 0094 KOD 90310018 saylı dövlət aktının əsasən, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə 1.09 hektar torpaq sahəsi X15 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, valideynlərinin ölümündən sonra, yəni vərəsəlik açıldığı vaxtdan ümumi birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsindən və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçı ilə birlikdə hamısı istifadə etmişlər. Hətta onlar həmin həyətdə meyvə bağı belə salmışlar. Kənarda yaşayan bacı-qardaşlar mütəmadi olaraq ata yurdlarına olan həmin həyətə gəlmiş, evlərdə yaşamışlar və həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əkilib becərilmələrində iştirak etmişlər. Bununla da onlar da mərhum valideynlərindən miras qalmış həmin əmlaklardan onlara çatası paylarından, yəni yaşayış evlərindən, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onların hər birinə çatası paylarını faktiki olaraq qəbul etməklərini şəksiz nümayiş etdirmişlər. Lakin işə baxan məhkəmə həmin halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili qismən əsaslıdır. İşdə olan Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 247 saylı arayışdan görünür ki, 2009-2020-ci illər üzrə 03 №-li təsərrüfatbaşına kitabın 19 saylı səhifəsində 1973- cü ildə inşa olunmuş 1 mərtəbəli ümumi sahəsi 108 kv.m olan fərdi yaşayış evi və 0.95 hektar həyətyanı torpaq sahəsi onun adına qeyd edilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN – 144A KOD 90310018 saylı şəhadətnamənin və Torpağa mülkiyyət hüququna dair JN – 0094 KOD 90310018 saylı dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə 1.09 hektar torpaq sahəsi X15 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 115 saylı və xx.xx.2021-ci il tarixli, 178 saylı arayışlardan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşamış mərhum X27 və mərhumə X10 vəfat edən günə qədər, oğlanları İddiaçı Teyub oğlu ilə birgə yaşamışlar və mərhumların dəfn xərclərini İddiaçı Teyub oğlu çəkmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki mübahisənin obyektiv həll edilməsi üçün məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı Ağdaş rayonunun Qoşaqovaq kəndində iki ədəd bir mərtəbəli, hər biri iki otaqdan ibarət fərdi yaşayış evləri aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evləri bir-birilərindən aralı yerləşir və arakəsmə ilə ayrılmışlar. Eyni zamanda məlum olmuşdur ki, həmin fərdi yaşayış evlərindən birində İddiaçı Teyub oğlu öz ailəsi ilə birgə yaşayır. Digər fərdi yaşayış evinin yerləşdiyi pay torpaq sahəsi üzərində isə cavabdehlər Cavabdeh6 və Cavabdeh7 bağ salaraq, müxtəlif meyvə ağacları əkmişlər. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə kollegiyasının sorğusuna verilən və mülki iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim olunmuş cavab məktubundan məlum olmuşdur ki, X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Göründüyü kimi X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 237 inventar nömrəli 1992-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv.metr olan fərdi yaşayış evi üzərində texniki pasport X17 adına verilmişdir. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi X17 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən torpaq sahəsi üzərində X27 tərəfindən inşa edilmiş bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evi rəsmi qeydiyyata alınmasa belə, İddiaçı Teyub oğlu fərdi yaşayış evlərindən birində öz ailəsi birgə yaşamaqla mirası faktiki qəbul etmişdir. Cavabdehlər Cavabdeh6 və Cavabdeh7 isə torpaq sahəsi üzərində bağ salıb, müxtəlif meyvə ağacları əkərək sözügedən miras əmlakları faktiki idarə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən miras pay əmlakın bir hissəsi İddiaçı Teyub oğlu, digər hissəsi isə cavabdehlər Cavabdeh6 və Cavabdeh7 tərəfindən faktiki idarə edildiyindən, Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv.metr olan fərdi yaşayış evi qeyd edilən maddi hüquq normasının tələbinə əsasən tamamilə qəbul edilmiş hesab edilir. Bu isə onu deməyə əsas verir ki, sözügedən miras pay qalmış fərdi yaşayış evi həm İddiaçı Teyub oğlu, həm də cavabdehlər Cavabdeh6 və Cavabdeh7 miras əmlakdan 1/3 hissədə miras payları müəyyən edilməlidir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, işə baxılarkən nümayəndələri tərəfindən verilmiş fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsində olan möhr və imza şübhə doğurduğundan buna aydınlıq gətilməsi üçün iş üzrə ekspertizanın təyin edilməsi barədə vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməmiş, iş üzrə ekspertiza təyin edilməmiş, vəsatətin rədd edilməsi barədə qərardad qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyasının sorğusuna verilən və mülki iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim olunmuş cavab məktubundan məlum olmuşdur ki, X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Göründüyü kimi şikayət bu hissədə də əsaslıdır. Məhkəmə kollegiyası digər vərəsələrin mirası qəbul etməmələri ilə bağlı qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh4 və Cavabdeh5 izahat verərək, miras əmlakdan çatası payı qəbul etmədiklərini, faktiki olaraq idarə etməyə başlamadıqlarını etiraf etmişlər. Digər 3-cü şəxslər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 məhkəmə kollegisanın iclasında iştirak etməsələr də, proses tərəflərinin izahatları, eyni zamanda iş materialları ilə məlum olmuşdur ki, onlar miras əmlaka sahiblik etməmişlər, həmin əmlakı idarə etməmişlər, mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməmişlər, yəni miras qalmış əmlakı nə faktiki, nə də ki rəsmi qəbul etməmişlər. Ona görə kollegiya qeyd edir ki, həmin şəxslər miras əmlakdan pay almaq hüquqlarını itirmişlər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən torpaq sahəsi üzərində X27 tərəfindən inşa edilmiş digər bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi nə rəsmi qaydada qeydiyyata alınmamış, nə də həmin əmlaka dair X17 adına texniki pasport tərtib edilməmiş, təsərrüfat başı kitabda qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən əmlak miras kütləsinə daxil edilə bilməz. Mirasın bölünməsi ilə bağlı yekun olaraq kollegiya qeyd edir ki, iddia bu hissədə qismən təmin edilərək 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X17 və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X6 ölümündən sonra miras qalmış X17 adına texniki pasportla işlənmiş Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv.metr olan fərdi yaşayış evindən İddiaçı Teyub oğlu, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 1/3 (üçdə bir) hissədə payları müəyyən edilməlidir. Eyni zamanda fərdi yaşayış evinin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin X21 aid 1/7 (yeddidə bir) hissəsinin, X8 aid 1/7 (yeddidə bir) hisəssinin 1/3 hissəsinə İddiaçı Teyub oğlu, Cavabdeh6 və Cavabdeh7 payları müəyyən edilsin. Yəni hər birinə 1/7=0,7 pay: 1/3=0,23. Yekunda hər birinə 0,23 hissədə pay müəyyən edilməlidir. Daha sonra 0.27 hektar, 4.38 hektar və 2.14 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X21 aid 1/10 (onda bir) hissəsinə, X8 aid 1/10 (onda bir) hissəsinə İddiaçı Teyub oğlu, Cavabdeh6 və Cavabdeh7 1/3 (üçdə bir) hissədə payları müəyyən edilməlidir. 1/10=1pay: 1/3=0,33 İddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsinə münasibətdə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-644/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh6, Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-644/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X17 və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X6 ölümündən sonra miras qalmış X17 adına texniki pasportla işlənmiş Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv.metr olan fərdi yaşayış evindən İddiaçı Teyub oğlu, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 1/3 (üçdə bir) hissədə payları müəyyən edilsin. Fərdi yaşayış evinin yerləşdiyi 1.09 hektar həyətyanı torpaq sahəsinin X21 aid 1/7 (yeddidə bir) hissəsinin, X8 aid 1/7 (yeddidə bir) hisəssinin 1/3 hissəsinə payları müəyyən edilsin. 1/7=0,7 pay: 1/3=0,23. İddiaçı Teyub oğlu 0,23 hissə, Cavabdeh6 0,23 hissə, Cavabdeh7 isə 0,23 hissədə payları müəyyən edilsin. 0.27 hektar, 4.38 hektar və 2.14 hektar olmaqla ümumilikdə 6.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X21 aid 1/10 (onda bir) hissəsinə, X8 aid 1/10 (onda bir) hissəsinə payları müəyyən edilsin. 1/10=1pay: 1/3=0,33. İddiaçı Teyub oğlu 0,33 hissə, Cavabdeh6 0,33 hissə və Cavabdeh7 isə 0,33 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar