Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1214/2022 10.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 020817 nömrəli akt üzrə hesablanmış 2783 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Şəki rayonu 114-cü kvartalda yeni tikilməkdə olan hələki istifadəyə verilməmiş və istifadəyə yararsız fərdi yaşayış evi vardır. Həmin evdə uzun müddət yaşayış olmamışdır. xx.xx.2020-ci il tarixdə Azərişıq ASC-nin nümayəndələri həmin fərdi yaşayış evinə gələrək işıq sayğacına baxış keçirmiş və sayğaca baxış keçirən zaman guya həmin sayğacda X1 qaydalarının pozulduğunu aşkarlayaraq 020817 nömrəli akt tərtib etmişlər. Həmin akt əsasında o, 2783 manat məbləğində cərimə edilmişdir. O, bu barədə bu yaxınlarda xəbər tutmuşdur. Aktın tərtib edildiyi vaxt Azərişıq ASC-nin nümayəndələri oğlu Vaqif Seyidməmmədovu çağıraraq guya sayğacın siyahıya alınması adı ilə ona akta imza etdirmişlər. O, ona hesablanmış cərimədən bu yaxınlarda məlumat əldə etmiş və X2 müraciət etmişdir. Lakin ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Azərişığın abonent bazasında olan elektrik sayğacı qanuni ünvana yəni ona məxsus evə quraşdırılmamış, onun evinə heç bir yerdə qeydiyyatda olmayan, sayğacın üstündə onun sərf etmədiyi kv/saat olan zavod nömrəsiz, qeydiyyatsız sayğac quraşdırılmışdır. Sayğac dəyişikliyindən də onun məlumatı olmamışdır. Azərişıq ASC-nin ona məlum olmayan əməkdaşının səhvi ilə əlaqədar ondan cərimənin tələb edilməsi əsassızdır. Belə ki, o, bazarda süzmə satmaqla maddi ehtiyaclarını çox çətinliklə ödəyir. Maddi imkanı yaxşı olmadığından uzun müddətdir ki, evinin inşasını da başa çatdıra bilmir və hazırda da yataqxanada yaşamaq məcburiyyətindədir. Odur ki, iddianın təmin edilərək onun adına əsassız hesablanmış 2783 manat borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin əməkdaşlarının İddiaçı barəsində tərtib etdikləri 01 dekabr 2020-ci il tarixli, 020817 nömrəli akt əsasında hesablanmış 2733,32 manat borc İddiaçı hesabından silinməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən akt əsasında itirilmiş enerjinin dəyəri olan 769,82 manat, abonentin özünə məxsus bazada qeydiyyatda olmayan sayğacın üzərindəki göstərici üzrə cəmi 1984,5 manat, ümumilikdə isə 2754,32 manat məbləği iddiaçının adına borc olaraq işlənilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Şəki EŞ-nin enerji satış bazasında **********21662 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı akt üzrə itirilmiş enerji sərfiyyatı kimi 769,82 manat, aktın nəticəsi üzrə isə qeydiyyatda olmayan, iddiaçıya aidiyyəti müəyyən edilməyən sayğacın üzərindəki göstəriciyə uyğun 1270,50 manat və 714 manat məbləğlərin hesablanması əsaslı deyildir. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 01 dekabr 2020-ci il tarixdə iddiaçının ünvanında X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda elektrik enerjisindən abonentin özünə məxsus bazada qeydiyyatda olmayan bir sayğac vasitəsi ilə istifadə edilməsi əsas gətirilərək 210 gün uçun 0.07 manatla 2100 kvts (dəyəri 147.00 manat) və 0.11 manatla 5662 kvts (dəyəri 622.82 manat) toplamda 769.82 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Bundan başqa aktın tərtibinin nəticəsi olaraq, abonentin özünə məxsus bazada qeydiyyatda olmayan sayğacın üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat və 0,11 manatla 714 manat, cəmi 1984,50 manat vəsait də iddiaçının üzərinə borc olaraq işlənilmişdir. Halbuki “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2- ci əlavənin tələbinə görə “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Cavabdeh təşkilatın əməkdaşı hər ay sayğacın göstəricilərinə diqqət yetirdikdə istehlakçının ünvanına quraşdırılmış sayğacın abonentin özünə məxsus bazada qeydiyyatda olan və yaxud da abonentə məxsus olmayan sayğac olmasını müəyyən etməli olmuşdur. İddiaçının ünvanına baxışın nəticəsi üzrə aktın tərtibində onun oğlunun da iştirak edərək pozuntunun olmasını qəbul edib, aktı imzası ilə təsdiq etməsi nəzərə alınaraq məhkəmə İddiaçı tərəfindən X1 qaydalarının pozulmasını qəbul edir. Lakin hər ay "xxxx" ASC-nin nəzarətçisinin baxışına məruz qalmalı sayğac üçün 7 aylıq hesabatın aparılması doğru hesab edilə bilməz və sayğaca baxışın "xxxx" ASC-nin əməkdaşı tərəfindən aylıq həyata keçirlməli olması nəzərə alınaraq, cavabdeh təşkilatın iddiaçıdan 210 gün uçun 0.07 manatla 2100 kvts (dəyəri 147.00 manat) deyil, 30 gün üçün 0.07 manatla 300 kvts (dəyəri 21 manat) tələb etməsi daha doğrudur. Məhkəmə iddiaçıya bir ay üçün 0.07 manatla 300 kvts (dəyəri 21 manat) vəsaitin hesablanmasını daha doğru hesab etdiyindən iddiaçı tərəfindən limitdən artıq istifadə halı müəyyən edilmir. Bu baxımdan cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 21 manatdan əlavə olaraq akt üzrə 748,82 manat məbləğində itirilmiş enerjinin dəyərinin iddiaçıdan tələb edilməsi əsaslı deyildir. İddiaçıya akt üzrə itirilmiş enerjinin dəyəri kimi 769.82 manat məbləğində hesabat aparılmaqla yanaşı tərtib edilmiş aktın nəticəsi üzrə istehlakçının ünvanından çıxarılmış, iddiaçının adına kompyuter məlumat bazasında qeydiyyatda olmayan elektrik sayğacının üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat və 0,11 manatla 714 manat, cəmi 1984,50 manat vəsaitin də borc olaraq iddiaçının adına işlənilməsi də əsassızdır. Belə ki, iddiaçının adına qeydiyyatda olmayan bir sayğacın üzərindəki göstəricilər üzrə iddiaçının cavabdehlik daşıması qanuni hesab edilə bilməz. Ona görə ki, həmin sayğacın "xxxx" ASC-nin əməkdaşları tərəfindən digər bir şəxsin adına qeydiyyatda olmasının aşkar edilməsi imkanları istisna edilmir. Bu hal isə sayğacın üzərindəki göstərici üzrə məbləğin sayğacın təhkim edildiyi şəxsdən tələb edilməsini labüd edəcəkdir. İddiaçı iddia ərizəsində 2783 manat borcun hesabından silinməsini tələb etməsinə baxmayaraq məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən akt əsasında itirilmiş enerjinin dəyəri olan 769,82 manat, abonentin özünə məxsus bazada qeydiyyatda olmayan sayğacın üzərindəki göstərici üzrə cəmi 1984,5 manat, ümumilikdə isə 2754,32 manat məbləğin iddiaçının adına borc olaraq işlənildiyi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 2783 manatın, yəni 2754,32 manat məbləğdən əlavə olaraq 28,68 manat vəsaitin də hesabından silinməsini xahiş etməsinə baxmayaraq, 2754,32 manat məbləğdən əlavə vəsaitin hansı əsasla və nəyə görə silinməli olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən 769,82 manat məbləğ akt əsasında itirilmiş enerjinin dəyəri kimi hesablanmasına baxmayaraq, cəmi 1984,5 manat məbləğ də "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri aktın nəticəsi olaraq iddiaçının adına borc olaraq işlənildiyindən məhkəmə iddiaçının abonent koduna vurulmuş ümumilikdə 2754,32 manat məbləği akt əsasında hesablanmış borc kimi qəbul edir. Məhkəmə ümumilikdə 2754,32 manat məbləğdən 21 manatının "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının adına borc olaraq işlənilməsini haqlı hesab etdiyindən 2733,32 manat borcun İddiaçı adına işlənilməsini əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 7.6, 7.9 -cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, akt yazılan tarixdə qüvvədə olan “EEİQ”nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Həmçinin məhkəmə iş materiallarına əlavə edilmiş pozuntu ilə əlaqədar tərtib olunmuş aktın doğruluğunun iddiaçının nümayəndəsi tərəfindən imzalandığını nəzərə almamışdır. Belə ki, abonentin fərdi yaşayış evini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına əməkdaşları baxış keçirmiş və pozuntu aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar əməkdaşları tərəfindən akt tərtib olunmuş və aktın doğruluğunu iddiaçının nümayəndəsi Seyidməmmədov Vaqif öz imzasıyla təsdiq etmişdir. Göründüyü kimi aşkar edilmiş qüsur tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Məhkəmə iddia tələbinin qismən təmin edilməsinin digər bir əsası kimi göstərmişdir ki, iddiaçının adına qeydiyyatda olmayan sayğacın üzərindəki göstəricilər üzrə iddiaçının cavabdehlik daşıması qanuni hesab edilə bilməz. Qeyd etməyi zəruri hesab edirlər ki, elektrik sayğacı cavadehin adına qeydiyyatda olmasa belə onun ünvanına quraşdırılmış və həmin ünvanda elektrik enerjisindən mütəmadi istifadə olunduğu üçün 18150 kvts sərfiyyat yaranmışdır. Bütün bunlarla yanaşı hazırkı iş üzrə qətnamə çıxarılarkən həmdə Azərbaycan Respublikası Konstitusiyasının hakimlərin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxması qaydasını təsbit edən 127-ci maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməsi vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış 2783 manat borcun silinməsi”nə dair iddia tələbi üzrə Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat vəsait də borc silinməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsi qismən, yəni iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat vəsaitdə borcun silinməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməməldir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətinin dəlilərində bildirmişdir ki, həmçinin məhkəmə iş materiallarına əlavə edilmiş pozuntu ilə əlaqədar tərtib olunmuş aktın doğruluğunun iddiaçının nümayəndəsi tərəfindən imzalandığını nəzərə almamışdır. Belə ki, abonentin fərdi yaşayış evini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına əməkdaşları baxış keçirmiş və pozuntu aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar əməkdaşları tərəfindən akt tərtib olunmuş və aktın doğruluğunu iddiaçının nümayəndəsi Seyidməmmədov Vaqif öz imzasıyla təsdiq etmişdir. Göründüyü kimi aşkar edilmiş qüsur tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, abonentin özünə məxsus bazada qeydiyyatda olmayan sayğacın üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat vəsait də iddiaçının üzərinə borc olaraq işlənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, elektrik sayğacı iddiaçının adına qeydiyyatda olmasa belə onun ünvanına quraşdırılmış və həmin ünvanda elektrik enerjisindən mütəmadi istifadə olunduğu üçün 18150 kvts sərfiyyat yaranmışdır. Göründüyü kimi abonentin fərdi yaşayış evini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına əməkdaşları baxış keçirmiş və pozuntu aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar əməkdaşları tərəfindən akt tərtib olunmuş və aktın doğruluğunu iddiaçının nümayəndəsi Seyidməmmədov Vaqif öz imzasıyla təsdiq etmişdir. Göründüyü kimi aşkar edilmiş qüsur tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Qeyd edilməlidir ki, elektrik sayğacı cavadehin adına qeydiyyatda olmasa belə onun ünvanına quraşdırılmış və həmin ünvanda elektrik enerjisindən mütəmadi istifadə olunduğu üçün 1270,50 manat sərfiyyat yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona borc olaraq hesablanmış məbləğin tam silinməsini tələb etməkdə haqlı deyildir. Kollegiya hesab edir ki, digər hissələrdə şikayətin dəlilləri əsassızıdır. Belə ki, iddiaçıya akt üzrə itirilmiş enerjinin dəyəri kimi 1462, 82 manat vəsaitin də borc olaraq iddiaçının adına işlənilməsi əsassızdır. Belə ki, iddiaçının adına qeydiyyatda olmayan bir sayğacın üzərindəki göstəricilər üzrə iddiaçının cavabdehlik daşıması qanuni hesab edilə bilməz. Ona görə ki, həmin sayğacın "xxxx" ASC-nin əməkdaşları tərəfindən digər bir şəxsin adına qeydiyyatda olmasının aşkar edilməsi imkanları istisna edilmir. Bu hal isə sayğacın üzərindəki göstərici üzrə məbləğin sayğacın təhkim edildiyi şəxsdən tələb edilməsini labüd edəcəkdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olsa da idianın tam rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat vəsait də borc silinməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsi qismən, yəni iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat vəsait də borcun silinməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsi qismən, yəni iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat vəsait də borcun silinməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi İddiaçı evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat vəsaitdə borcun silinməsi hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən hissədə yəni, 1462, 82 manat vəsaitin İddiaçı evinə quraşdırılmış sayğac üzərindəki borcun silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1214/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1214/2022
10.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver