Məhkəmə qərarları › İş №2(107)-1216/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1216/2023

02.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1216/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Soltamacid oğlundan 490 manat qaz pulu, 30 manat ödənilmiş dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı, ümumilikdə 570 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 qanunsuz hərəkəti nəticəsində xx.xx.2021-ci il tarixdə o, himayəsində olan 2 azyaşlı uşağı ilə birlikdə yaşadığı və ona məxsus olan yaşayış evindən çıxarılaraq məişət əşyaları ilə birlikdə küçəyə atılmışdır. Həmin tarixdən yaşadığı ev Cavabdeh təhvil verilmişdir. Həmin evdə, evə çəkilmiş qazdan xx.xx.2018-ci il tarixli qaz alqı-satqı barədə müqavilə əsasında istifadə olunurdu. Evdən çıxarıldıqdan sonra onun evə köçürülməsinə dair məhkəmələrə müraciət etdi. Uzun çəkən məhkəmələr nəticəsində Azərbayan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun həmin evə köçürülməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-935/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamənin icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə tapşırıldığından Balakən rayon İcra və Probasiya Şöbəsi xx.xx.2023cü il tarixdə o, uşaqları və məişət əşyaları ilə birlikdə ona məxsus evə köçürmüşdür. Evdə yaşamağa başladıqdan sonra xx.xx.2023-cü il tarixdə «Azəriqaz» İB tərəfindən ona istifadə edilmiş qazın dəyərinə dair bildiriş xəbərdarlıq təqdim edilmişdir. Həmin bildirişdən məlum olur ki, o, evdən çıxarıldığı gündən evə köçürüldüyü günədək olan dövr ərzində istifadə edilmiş qazın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Qazın dəyərinin ödənilməsinə dair müqavilə onunla bağlandığına görə o, hal-hazırda cavabdehin istifadə etdiyi qaza görə borclu qalmışdır. Həmin borc 490 manat və ödənilmiş rüsum, eyni zamanda vəkilə ödənilmiş xidmət haqqı cavabdehdən alınaraq ona qaytarılmalıdır. Ona görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsi ilə iddiasının təmin edilməmiş, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona məhz iddia ərizəsində tələb etdiyi məbləğdə zərər vurması və cavabdehin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə iddiaçının öz tələbini əsaslandırdığı bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi əsassızdır. Belə ki, iddiaçı, cavabdehin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində qazdan istifadə etməsi, 490 manat qaz borcunun məhz həmin vaxt ərzində yaranması, iddiaçının həmin borcu ödəməsi və istifadə edilmiş qazın dəyərinin cavabdeh tərəfindən ödənilməli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışı, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 13 iyun 2018-ci il tarixli 19762 №-li müqaviləni, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-291/2020 nömrəli icra vərəqəsini, xx.xx.2021-ci il tarixli Aktı, xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı, xx.xx.2023-ci il tarixli aktı, «Azəriqaz» İB-nin 25960 saylı müqavilə üzrə İddiaçı ünvanladığı bildiriş-xəbərdarlığı və sair sənədləri iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, həmin yazılı sənədlər cavabdehin iddiaçının göstərdiyi vaxt dövrü ərzində sözügedən tikilidə (yaşayış sahəsində) 490 manat dəyərində təbii qazdan istifadə etməsi, iddiaçının həmin 490 manatı qaz pulunu ödəməsi, cavabdehin iddiaçıya həmin 490 manat məbləğində maddi ziyan vurması, bu ziyanla cavbadehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, cavabdehin bu ziyanın vurulmasına təqsirli olması və həmin 490 manatı iddiaçıya ödəməsi öhdəliyini daşımasını sübut və təsdiq etmir. Qeyd olunan sənədlər iddia tələbinin əsaslı olmasını sübut və təsdiq etmirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 14.2.6, 386.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 78.1, 80, 81, 88, 89.1, 89.3, 106.1, 14.2, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi qətnamə qəbul edərkən ədalətli araşdırma aparmamış və Mülki Prosessual Məcəllənin müddəalarını kobud surətdə pozmuşdur. Onun tərəfindən 490 manat qaz pulunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Belə ki, Azəriqaz həmin 490 manatı onunla bağlanmış müqavilə əsasında ödənilməsini tələb etdiyinə görə ona bildiriş göndərmiş, o da həmin pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Daha sonra cavabdehin həmin tikilidə yaşamaqla təbii qazdan istifadə etməsi və cavabdehin qanuna zidd hərəkətləri nəticəsində qaz borcunun yaranmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2021-ci il tarixli icra məmurunun qanunsuz hərəkətləri nəticəsində tərtib olunmuş akt həmin tikilidən onun əşyaları ilə birlikdə sübut, evin cavabdehə təhvil verilməsinə dair mötəbər sübut kimi qəbul edilsin. Bildiriş xəbərdarlığı 490,46 manat qalıq borc olması göstərilmiş, lakin bu borcun hansı dövr ərzində yaranması, hansı vaxt dövrünü əhatə etməsi qeyd edilməmişdir. Göründüyü kimi, məhkəmə həmin bildiriş xəbərdarlığa diqqətlə nəzər yetirməmişdir. Həmin bildiriş xəbərdarlıqda son ödənilən məbləğ xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Hansı ki, həmin dövrdə ev onun deyil, cavabdehin istifadəsində olmuş, qalıq borc da həmin dövrü əhatə etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Balakən Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtdəki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-cimaddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Balakən Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı, cavabdehin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində qazdan istifadə etməsi, 490 manat qaz borcunun məhz həmin vaxt ərzində yaranması, iddiaçının həmin borcu ödəməsi və istifadə edilmiş qazın dəyərinin cavabdeh tərəfindən ödənilməli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tələb edilən həmin 490 manat qaz pulu İddiaçı tərəfindən «Azəriqaz» İstehsalat Birliyinə ödənilməmişdir. İddiaçı özü də bunu iddia ərizəsində qeyd etmişdir. Eyni zamanda İddiaçı tərəfindən 490 manat qaz pulunun «Azəriqaz» İstehsalat Birliyinə ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Cavabdeh ilə «Azəriqaz» İB arasında həmin tikiliyə (yaşayış sahəsinə) gələn təbii qazın alqı-satqısı müqaviləsi bağlanmamış, Cavabdeh həmin tikilinin (yaşayış sahəsinin) qaz istehlakçısı kimi qeydiyyata alınmamış, «Azəriqaz» İB tərəfindən Yüzbaşyiev Arif Soltanmacid oğlundan qaz istehlakı ilə bağlı borc tələbi irəli sürülməmiş, bu barədə məhkəmədə iddia qaldırılmamışdır. Əslində İddiaçı Cavabdeha qarşı 490 manat tələb hüququ yaranmamışdır. Digər tərəfdən İddiaçı qeyd etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində cavabdeh Yüzbaşyiev Arif Soltanmacid oğlunun həmin tikilidə (yaşayış sahəsində) yaşamaqla 490 manat dəyərində təbii qazdan istifadə etməsi və ya onun göstərişi ilə həmin məbləğdə qazdan istifadə edilməsi, cavabdehin həmin pulu ödəməsi öhdəliyi daşıması və ödəməməsi, cavabdehin qanunazidd hərəkətləri və təqsiri nəticəsində 490 manat qaz borcunun yaranmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi «Azəriqaz» İB-nin iddiaçıya ünvanladığı bildiriş-xəbərdarlıqda yekun qaz borcunun 525.62 manat olması, bunun 35.16 manatının cari qaz borcu, 490.46 manatının isə qalıq borcu olması göstərilmiş, lakin bu 490.46 manat qalıq borcunun hansı dövr əzində yaranması, hansı vaxt dövrünü əhatə etməsi qeyd edilməmişdir. İddiaçı da həmin borcun göstərdiyi vaxt dövrünü əhatə etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin 490.46 manat borcun məhz iddiaçının göstərdiyi vaxt dövrü ərzində cavabdehin qanunazidd hərəkətlərinin yaranması və cavabdehin bu borcun yaranmasında təqsirli olması nəticəsinə gəlmək qeyrimümkündür. İşdəki sübutlarla da Cavabdeh göstərilən dövr ərzində həmin evdə yaşaması və 490 manat dəyərində təbii qazdan istifadə etməsi və məhz onun qanunazidd hərəkətləri nəticəsində 490 manat qaz borcunun yaranması müəyyən olunmur. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, Balakən Rayon Məhkəməsi qətnamə qəbul edərkən ədalətli araşdırma aparmamış və Mülki Prosessual Məcəllənin müddəalarını kobud surətdə pozmuşdur. Onun tərəfindən 490 manat qaz pulunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Belə ki, Azəriqaz həmin 490 manatı onunla bağlanmış müqavilə əsasında ödənilməsini tələb etdiyinə görə ona bildiriş göndərmiş, o da həmin pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Daha sonra cavabdehin həmin tikilidə yaşamaqla təbii qazdan istifadə etməsi və cavabdehin qanuna zidd hərəkətləri nəticəsində qaz borcunun yaranmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2021-ci il tarixli icra məmurunun qanunsuz hərəkətləri nəticəsində tərtib olunmuş akt həmin tikilidən onun əşyaları ilə birlikdə sübut, evin cavabdehə təhvil verilməsinə dair mötəbər sübut kimi qəbul edilsin. Bildiriş xəbərdarlığı 490,46 manat qalıq borc olması göstərilmiş, lakin bu borcun hansı dövr ərzində yaranması, hansı vaxt dövrünü əhatə etməsi qeyd edilməmişdir. Göründüyü kimi məhkəmə həmin bildiriş xəbərdarlığa diqqətlə nəzər yetirməmişdir. Həmin bildiriş xəbərdarlıqda son ödənilən məbləğ xx.xx.2023-cü il tarixə ödənilmişdir. Hansı ki, həmin dövrdə ev onun deyil, cavabdehin istifadəsində olmuş, qalıq borc da həmin dövrü əhatə etmişdir. Kollegiya şikayətin bu dəlilini əsassız sayır. İşə əlavə olunan Balakən Rayon İcra Hakimiyyəti başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 21 iyul 2023-cü il tarixli 388 nömrəli arayışından da görünür ki, Cavabdeh Tülü kənd sakinidir və həqiqətən də Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla daimi yaşayır. Kollegiya qeyd edir ki, əslində təbii qazdan istifadə nəticəsində yaranması ehtimal edilən 490 manat qaz borcunu Cavabdeh tələb etməyə İddiaçı subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin hüquqi məzmununa əsasən öhdəlik zərər vurulma, əsassız varlanma, bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində, həmçinin iştirakçılar arasında müqavilə olduğu hallarda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində öhdəliyin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı (Mülki Məcəllənin 152-249 maddələri), müqavilə münasibətlərindən (Mülki Məcəllənin 386, 389-1078-27.6), əsassız varlanmadan (Mülki Məcəllənin 10911095ci maddələri və mülki hüquq pozuntularından (deliktlərdən) (Mülki Məcəllənin 10961096- 1132-ci maddələri) əmələ gəlməsi təsbit edilmidir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bu xüsusat üzrə müqavilə bağlanmamış və cavabdehin iddiaçı qarşısında müqavilədən əmələ gələn hər hansı öhdəliyi yaranmamışdır. Eyni zamanda iddiaçının hazırda yaşadığı göstərilən tikiliyə (yaşayış sahəsinə) mülkiyyət hüquqları və digər hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və cavabdehin iddiaçı qarşısında əmlaka mülkiyyət hüquqlarının müdafiəsindən irəli gələn hər hansı öhdəliyi yaranmamışdır. Digər tərəfdən cavabdeh iddiaçının hesabına hər hansı məbləğdə, o cümlədən 490 manat məbləğində əsassız varlanmamış və iddiaçıya həmin məbləğdə maddi ziyan vurmamış, bu halın baş verməsi müəyyən olunmamış və sübut olunmamışdır. Həmçinin işdəki sübutlarla cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi, iddiaçıya 490 manat məbləğində maddi ziyan vurması, cavabdehin hansısa qanunazidd hərəkətləri ilə həmin ehtimal edilən 490 manat ziyan arasında səbəbli əlaqənin olması və cavabdehin ehtimal edilən həmin məbləğdə ziyanın vurulmasında təqsirli olması sübut olunmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı həmin 490 manat qaz pulunu «Azəriqaz» İB-nə ödəməmişdir. Hətta həmin 490 manat dəyərində qazın istehlakı qəbul olunsa belə, birincisi bu məbləğdə qaz istehlakının Cavabdeh tərəfindən həyata keçirilməsi və cavabdehin təqsiri nəticəsində 490 manat məbləğində qaz borcunun yaranması müəyyən və sübut olunmur. İkincisi həmin məbləğdə istehlakı ehtimal edilən təbii qaz «Azəriqaz» İB-nin mülkiyyətində olmuşdur. Həmin qeyd edilən qazın istehlakı ilə qaz pulunun ödənilməməsi nəticəsində «Azəriqaz» İB-nə ziyan vurulmasından söhbət gedə bilər ki, həmin borcu da «Azəriqaz» İB məhkəmə qaydasında tələb edə bilər. Hazırki iş üzrə bu hal baş verməmişdir. İddiaçı həmin qaz borcu məbləğini ödədiyi təqdirdə ona vurulan maddi ziyanın ödənilməsi tələbinin subyekti kimi çıxış edə bilər ki, bu hal da işdəki sübutlarla müəyyən olunmur. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2(019)-421/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar