Məhkəmə qərarları › İş №2(107)-1223/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1223/2024

27.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1223/2024 27.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı X4 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-28/2024 nömrəli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********28-10301 reyestr nömrəli Çıxarışla Şəki şəhəri, X18 küçəsi, ev 37 (yeni qaydalarla Şəki şəhəri, X18 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi iddiaçı X11 ilə Cavabdeh paylı mülkiyyətindədir. X4 payı 5/6, Cavabdeh payı 1/6 hissədir. İddiaçı dövlət reyestrindən çıxarışda qeyd edilən 133.2 kv.m. sahədə inşa edilmiş tikilinin sökülməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı X11 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışında göstərilən 133,20 kv.m-dən əlavə Şəki şəhəri, X18 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq Cavabdeh tərəfindən əlavə edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi (hazırkı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi) tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışa əsasən Şəki şəhəri, X18 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi X8, 1/6 hissəsi Cavabdeh məxsusdur. Fərdi yaşayış evinə dair payları müəyyən olunsa da, payların yerləşməsi müəyyən edilməmişdir. O, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışa əsasən Şəki şəhəri, X18 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin münasib şəkildə naturada ayrılıb X8 verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəki şəhəri, X18 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin münasib şəkildə naturada ayrılıb X8 verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddianın təmin edilməməsinə əsas kimi göstərilən hallardan biri də torpaq sahəsində əlavə tikililərin inşa olunması göstərilir. Həmin qanunsuz tikili göstərilən fərdi yaşayış evində 1/6 hissə paya malik olan Cavabdeh tərəfindən onunla razılaşmadan həyata keçrilmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, X18 küçəsi, ev 37 (yeni qaydalarla Şəki şəhəri, X18 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi iddiaçı X11 ilə Cavabdeh paylı mülkiyyətindədir. X4 payı 5/6, Cavabdeh payı 1/6 hissədir. İddiaçı dövlət reyestrindən çıxarışda qeyd edilən 133.2 kv.m. sahədə inşa edilmiş tikilinin sökülməsini tələb edir.

5. İddiaçı göstərir ki, onun naturada bölgü tələbinə dair iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İddianın təmin edilməməsinə əsas kimi göstərilən hallardan biri də torpaq sahəsində əlavə tikililərin inşa olunması olmuşdur. Cavabdeh isə qeyd edir ki, o, həmin evi iddia verilməmişdən 16 il qabaq 2007-ci ildə inşa etmişdir. İddiaçı bu illər ərzində hazırkı vəziyyəti qəbul etmiş və iddia müddətini ötürmüşdür.

6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli texniki pasportun xüsusi qeydlər hissəsində 140 kv.m. zəbt torpaq sahəsi olduğu və B yaşayış evinin icazəsiz olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi üzrə paylar müəyyən edilmiş olsa belə, naturada bölgü müəyyən edilməmişdir. İş materiallarından cavabdeh tərəfindən inşa edilmiş tikilinin məhz iddiaçıya məxsus sahədə inşa edilməsi müəyyən edilmir.

7. Bundan əlavə məhkəmə tərəfindən iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə, ilkin olaraq təyin edilmiş ekspertiza əsasında verilmiş rəyi əsaslı sübut olaraq qəbul etmir. Çünki, ilkin olaraq ekspertiza hazırda qüvvədə olmayan texniki pasport əsasında həyata keçirilmişdir. İkinci ekspert rəyini isə digər sübutlarla birlikdə qiymətləndirərək məhkəmə əsaslı hesab edir. Belə ki, hər nə qədər həmin tikili texniki pasportda qanunsuz tikili kimi qeyd edilsə də, həmin hal iddiaçı tərəfindən illər ərzində qəbul edilmişdir. Həmin tikilinin 2007-ci il tarixdə tikilmiş olması məhkəmədə şübhə doğurmur. İş materiallarında olan 2009-cu ilə dair video görüntüdə də həmin tikilinin mövcud olduğu açıq şəkildə görünür.

8. İddiaçının illərdir qəbul etmiş olduğu və mülkiyyətin naturada ayrılmasını tələb etməsinə baxmayaraq hazırda belə bir iddia irəli sürməsini məhkəmə hüquqdan suiistifadə kimi qiymətləndirir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti tətbiq edilmir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilməməlidir.

9. Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-28/2024 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddia rədd olunmuş, iddiaçı X4 Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddiaçı X2 100 manat ekspertiza xərcinin tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 164, 165, 180, 213, 372, 384 və 560-cı maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış xx.xx.2022-ci il tarixli, 4501 invertar nömrəli texniki passport Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 avqust 2023- cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi Şəki Şəhər İcra Hakimiyyəti “Dəmirçibulağı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31 nömrəli arayış xx.xx.2023-cü il tarixli akt Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-33/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixli ********** saylı qəbz

12. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X11 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı X11 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qanunsuz tikili göstərilən fərdi yaşayış evində 1/6 hissə paya malik olan Cavabdeh tərəfindən onunla razılaşmadan həyata keçrilib. xx.xx.2020-ci il tarixində verilmiş belə bir çıxarış mövcud deyil və olmayıb. Qardaşı Kamranla onun arasında 1/2 ev bölgüsünə dair çıxarış yoxdur və olmayıb. Onunla mərhum atası arasında isə 1/2 ev bölgüsü var və xx.xx.2005 ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən 1741/2362 nömrəli Qeydiyyat Vərəqəsi var və mövcuddur. xx.xx.2023-cü ildə Məhəllə Komitəsi tərəfindən verilmiş 31 nömrəli arayış hüquqi qüvvəsi yoxdur və qeyri qanunidir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə tərəfindən işin nəticəsi üçün əsas əhəmiyyət kəsb edən hallar qəsdən araşdırılmamışdır.

14. Ona görə də, Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-28/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394.1-ci maddəsini rəhbər tutaraq Şəki rayon Məhkəməsinin hakimi X9 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-28/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə yaradır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-28/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. İşin hallarından görünür ki, 2005-ci ilin noyabr ayında tərtib edilmiş 4501 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən ünvan 3 ünvanında yerləşən 887.2 kvm torpaq sahəsi və 269.7 kvm sahəni əhatə edən fərdi yaşayış evi X10 və X3 istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixli **********28-10301 reyestr nmörəli ********** qeydiyyat nömrəli Çıxarışa və Texniki pasporta əsasən Şəki şəhəri, X18 küçəsi, ev 37 (yeni qaydalarla Şəki şəhəri, X18 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evi və sənəd üzrəv 0.07 ha, faktiki olaraq 0.084 ha torpaq sahəsi X4 ½ hissə, X3 ½ hissə olmaqla mülkiyyətlərində olmuşdur. 22 fevral 2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə ilə həmin əmlakdan X5 aid ½ hissənin 1/3 hissəsində Cavabdeh miras payı əldə etmişdir. 27 fevral 2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə ilə həmin əmlakdan X5 aid ½ hissənin hər biri 1/3 hissəsində olmaqla, X1 və X11 miras payı əldə etmişlər. 27 fevral 2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə X1 özünə düşən miras payını X8 bağışlamışdır. Nəticədə, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********28-10301 reyestr nömrəli Çıxarışla Şəki şəhəri, X18 küçəsi, ev 37 (yeni qaydalarla Şəki şəhəri, X18 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi X4 payı 5/6, Cavabdeh payı 1/6 hissə olmaqla mülkiyyətə verilmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi, iddiaçı və cavabdehin mübahisəli daşınmaz əmlakda hazırki payları Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələr və miras payın bağışlanması müqaviləsinin nəticəsində müəyyən olunmuşdur. Sökülməsi tələb olunan tikili isə 2007-ci ildən tikilmişdir və hazırki vaxta qədər mübahisələndirilməmişdir. Bundan başqa, mübahisəli tikilinin torpaq sahəsində iddiaçının payına düşən hissədə inşa edildiyi də müəyyən edilmir. Belə ki, torpaq sahəsində paylar naturada ayrılmamışdır. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-28/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı X11 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(075)-28/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar