Məhkəmə qərarları › İş №2(107)-1229/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1229/2024

23.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1229/2024 23.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(046)–1173/2024 saylı qətnaməsindən Cavabdeh İB-nin verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinın 9 sentyabr 2024-cü il tarixli, 2(046)-1173/2024 nömrəli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 mart 2024-cü il tarixdə tərtib edilmiş razılaşma protokolunun əsassız hesab edilməsi, Cavabdeh İB tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq **********02030 nömrəli abonent koduna yazılmış 24300 manat itirilmiş təbii qazın dəyərinin məbləğinin azaldılaraq 4050 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-1173/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı barəsində Cavabdeh İB-in X4 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 24.300 manat cərimə məbləği, azaldılaraq 4050 manat müəyyən edilmişdir Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinın 9 sentyabr 2024-cü il tarixli, 2(046)-1173/2024 nömrəli qərardadı ilə Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh İB qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinın 23 sentyabr 2024-cü il tarixli, 2(046)-1173/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinın 9 sentyabr 2024-cü il tarixli, 2(046)- 1173/2024 nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(046)–1173/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, cavabdeh Azəriqaz İB tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər apellyasiya şikayətinin geri qaytarılması əsasdır. Bundan başqa təqdim olunmuş mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Apellyasiya şikayəti elektron imza Cavabdeh İB-nin nümayəndəsi X3 tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Şikayət hüquqi şəxs tərəfindən verilmiş, ancaq möhürlə təsdiq olunmamışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə cavabdehin apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə 2 saylı əlavəyə uyğun tərtib edilmədiyi göstərsə də, uyğunsuzluğun özünü nədə göstərdiyi müəyyən edilməmişdir. Halbuki, cavabdehin apelylasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə göstərilən formada və məzmunda tərtib edilmişdir. Formanın tələbinə uyğun olaraq “işin halları”, “maddi hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” hissələri ayrı-ayrılıqda göstərilmiş, apellyasiya şikayəti verən şəxsin tələbi aydın ifadə olunmuş, ümumilikdə, Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə göstərilən formanın tələblərinə riayət edilmişdir. Məhkəmə, həmçinin, şikayətin hüquqi şəxsin möhürü ilə təsdiq olunmadığını qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin məzmunu”nu müəyyən edən 361-ci maddəsində, o cümlədən “Apellyasiya şikayətinin qaytarılması”nı tənzimləyən 363-cü maddəsində şikayətin möhürlə təsdiq olunması ilə bağlı tələbə rast gəlinmir. Apellyasiya şikayətindən görünür ki, “şikayəti imzalayan şəxs haqqında məlumat” hissəsində imzalayan şəxs Cavabdeh (**********) göstərilmişdir. Yəni, apellyasiya şikayəti elektron sənəd şəklində Cavabdeh tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 10-1.8-ci maddəsinə görə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsində göstərilir ki, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Həmin Qanunun 6.3-ci maddəsinə görə dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir. Həmin Qanunun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə görə təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir ki, həmin imza sertifikatlarında da imza sahibinin səlahiyyətləri göstərilir və həmin elektron imza möhürə bərabər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər şikayətdə qeyd olunan dəlillərin əsaslılığını və həqiqiliyini təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki şiakyətin dəlilləri ilə qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinın 9 sentyabr 2024-cü il tarixli, 2(046)-1173/2024 nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(046)– 1173/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinın 9 sentyabr 2024-cü il tarixli, 2(046)-1173/2024 nömrəli qərardadı ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(046)–1173/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar