Məhkəmə qərarları › İş №2(107)-1236/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1236/2020

16.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1236/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz olaraq hesablanmış qazdan istifadə borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-86/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB tərəfindən ona qanunsuz olaraq hesablanmış pulların silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-86/2020 nömrəli (hakim M.Qarayev ) qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı qanunsuz olaraq hesablanmış 378 manat pulun İddiaçı hesabından silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki,Qax şəhəri S.Əliyev küçəsində ona məxsus fərdi yaşayış evində hal-hazırda əmisi oğlu X9 oglu yaşayır. Özü isə Bakı şəhərində yaşayır. İmran Cəfərov ona xx-xx-2019-cu il tarixdə Qax rayon X10nin əməkdaşları həmin evə gələrək qaz sayğacının yenisi ilə əvəzləmələrini bildirmişdir. Həmin vaxtı evdə İmranın həyat yoldaşı Nuranə Cəfərova olmuşdur. X10nin əməkdaşları tərəfindən Qaz sayğacının yenisi ilə əvəzlənməsinə dair akt tərtib olunmuş, tərtib olunan aktı Nuranə Cəfərova imzaladıqdan sonra əlavə olaraq akta “Sayğac alt hissəsindən deşici alətlə deşilib” cümləsini əlavə etmişlər. Daha sonra İmran Cəfərov aktla tanış olduqda görmüşdür ki, aktda kəsici-deşici alətlə qaz sayğacına müdaxilə olunması barədə qeydlər göstərilmişdir. Bununla bağlı İddiaçı dəfələrlə X5 müraciət etməsinə baxmayaraq qaz sayğacının küçədə quraşdırıldığını, açıq şəkildə heç bir təhlükəsizlik tədbiri görülmədiyini, qutuya alınmadığını bildirmişdir. Aylıq borcla bağlı bildiriş gəldikdə borc görünməsə də İmran Cəfərov onun “Emanat” ödəmə terminalında ödəniş etmək istədikdə orada əlavə yazılan 380 manat cıvarında artıq məbləğ olduğunu gördükdən sonra ona dərhal məlumat vermişdir. O da X7 rayon X5 getməsini və bu artıq məbləğin haradan yarandığını aydınlaşdırmasını xahiş etmişdir. O, həmin idarəyə getdikdə isə X6 İstismar İdarəsi tərəfindən cərimə yazıldığı göstərilmişdir. Qax rayon X10 yaranmış ziddiyətin heç bir hüquqi əsasını göstərməmiş, sadəcə bildirmişlər ki, ona verilən qaz sayğacı alt hissəsindən deşilmişdir. Guya onlar tərəfindən qaz sayğacına müdaxilə olunmuşdur. O, bunu böhtan hesab edir. Belə ki, Qax rayon X8 əməkdaşları onun qaz sayğacını onun iştirakı olmadan öz başına götürmüş və ona qaz sayğacına müdaxilənin nədən ibarət olmasını belə izah etməmişlər. Həmin sayğaca müdaxilə olunmamışdır, ona görə də, hesablanmış qanunsuz pul məbləğləri silinməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-86/2020 nömrəli qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və İddiaçı tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən X1 istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın hesablayıcı mexanizminin alt hissədən deşici alətlə deşildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə yeni **********1 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktında göstərilmişdir ki, sayğacın hesablayıcı mexanizminin plastmas qapağı alt hissədən deşici alətlə deşilmişdir (qaz itkisi, müdaxilə). Bundan sonra iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfinəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 3780 m3 (və ya 378 manat) həcmində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə prosesi zamanı tədqiq edilmiş sübutlar yalnız Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim edilmişdir. Həmin sübutlar yetərincə iddianın rədd olunmasına əsas versə də, demək olar ki, onların heç biri tamamilə nəzərə alınmamış, qətnamə çıxarılarkən sayğacın iddiaçı tərəfindən sıradan çıxarılmasının cavabdeh tərəfindən təsdiq edilməməsi əsas götürülmüşdür. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-86/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019cu il tarixli, ******* saylı akdan görünür ki, həmin aktda G4 markalı ******* nömrəli qaz sayğacının alt hissəsindən deşici alətlə deşildiyi üçün həmin sayğac çıxarılaraq **********1 saylı başqa sayğacla əvəz edilməsi göstərilmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Aktın surətindən görünür ki,Cavabdeh İB-nin 29/1710-01439-2 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Cavabdeh İB-nin etiraz ərizəsinə əlavə edilmiş inzibati xəta haqqında material və digər sənədlərin surətlərindən görünür ki, qazdan istifadə qaydalarının pozulması faktının araşdırılması məqsədilə Zaqatala RQİİ tərəfindən xx.xx.2019-cu il tarixli 01/SB-1258 saylı məktubla toplanmış materiallar Qax rayon Polis Şöbəsinə göndərilmiş, Qax rayon Polis Şöbəsi araşdırmanın nəticəsi olaraq istehlakçıya məxsus yaşayış sahəsində yaşayan X4 barəsində cinayət işi başlanılması rədd edilməsi xx.xx.2019-cu il tarixli qərara qəbul edilmiş və İmran Cəfərovun barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qax RPŞ İTB-yə göndərilmişdir. Qax RPŞ İTB X3 Azərbaycan Respublikası İXM-nin 282.1- ci maddəsi ilə təqsirli bilərək barəsində xx.xx.2019-cu il tarixli MN 0152778/479 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol Qax RPŞ tərəfindən aidiyyəti üzrə göndərilmə haqqında qərarla Zaqatala RQİİ-yə göndərmişdir. Bundan sonra Zaqatala RQİİ xx.xx.2019-cu il tarixli 01/SB-1372 saylı məktubla X4 barəsində toplanmış materiallar Azərbaycan Respublikası Energetika Nazirliyinə göndərilmiş, Azərbaycan Respublikası Energetika Nazirliyinin xx.xx.2019-cu il tarixdə çıxardığı MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat həcmində cərimə edilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(024)-11/2020 saylı qərarının surətindən görünür ki, həmin qərara əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Energetika Nazirliyinin şöbə müdirinin müavini Eldar Şiriyevin xx xxxxxx 2019-cu il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilərək həmin qərarın ləğv edilməsi və X4 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. “Abonentin saldosu”nun təsdiq edilmiş surətindən görünür ki, qaz hesabı **********00220 olan abonent İddiaçı ailə tərkibi 4 nəfərdir və həmin evdə olan cihazlar qaz plitəsi (PQ-4), (0/0). Həmin abonentin 2020-ci ilin yanvar ayına qalıq borcu 471.30 manatdır. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan cavabdeh daşıdığından həmn sayğaca müdaxilə edilməsinə görə iddiaçı barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın “sayğacın müdaxilə edilməsi halı” müəyyən edilsə də, həmin tamlığın pozulmasının məhz iddiaçının səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-86/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-86/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar