Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1241/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı (açar sözlər: Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X4 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tаrixli, 2(037)- 964/2024 saylı qətnаməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən 12 yanvar 2024-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən iddiaçının İsmayıllı şəhəri keçmiş Yuxarıbaş kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır.
2. İş materiallarında olan “Azəriqaz” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 fevral 2024-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacı üfüqü vəzəiyyətə qaldıraraq sərfiyyatı dayandırdığı, sayğacın üfüqü qalxanda işləmədiyi aşkar olunmuşdur. Sayğacın açılaraq təlimata uyğun quraşdıırlması və dəymiş ziyanın hesablanması tələb olumuşdur. İddiaçının aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur.
3. İş materiallarında olan “Azəriqaz” İB-nin X10 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 02 fevral 2024cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 13807 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
4. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli abonentin saldosundan görünür ki, 2024-cü ilin yanvar ayının sonuna iddiaçının **********00700 nömrəli abonent koduna 13807 m3 təbii qazın dəyəri 1656,72 manat borc vurulmuşdur.
II. Birinci instansiya məhkəməsində icraat
5. X5 (bundan - sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra - cavabdeh) tərəfindən **********00700 nömrəli abonent koduna işlənmiş 13807 kub metr təbii qazın dəyəri 1656 (bir min altı yüz əlli altı) manat 72 (yetmiş iki) qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 12 yanvar 2024cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan X10 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan ZENER markalı **********7 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Qaz sayğacının çıxarılması zamanı evdə olmamış, onlara bu barədə məlumat və heç bir sənəd verilməmişdir. Cavabdeh tərəfindən 20 gün sonra tərtib olunmuş 01 fevral 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda ona məxsus fərdi yaşayış evində qaz sayğacı üfüqi vəziyyətə gətirildiyi üçün işləmədiyi göstərilmişdir. Halbuki o sayğaca müdaxilə etməmiş, sayğacdan kənar heç bir qanunsuz xətt çəkdirməmiş, qaz xəttinə əlavə qoşulmamışdır. Qaz idarəsinin əməkdaşlarının nəyə görə bu nəticəyə gəldiklərini bilmir. Əgər belə hal aşkar olunmuşdursa nəyə görə dərhal deyil, 20 gündən sonra belə bir akt tərtib olunmuşdur. İstər aparılan yoxlamalar zamanı, istərsədə akt tərtib olunan zaman iştirakı təmin olunmayıb. Bildiriş aldığı vaxt borc rəqəmini yüksək görüb bu barədə maraqlananda bildirilmişdir ki, güya sayğacı yerindən qaldıraraq üfiqi vəziyyətə gətirmiş və bunun nəticəsində də sayğac sərfiyatı qeydə almamışdır. Bu hal tamamilə yalandır. Qaz sayğacı 12 yanvar 2024-cü il tarixdə dəyişdirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt 01 fevral 2024-cü il tarixdə, dəymiş ziyanın bərpasına dair tələbnamə 02 fevral 2024cü il tarixdə tərtib olunduğu halda cavabdeh təşkilat hansı əsasla 13807 kub metr itirilmiş təbii qaz və həmin miqdarda təbii qazın dəyəri olan 1656,72 manat debitor borc məbləğini onun hesabına 2024-cü ilin yanvar ayı üzrə vurmuşdur. Belə çıxır ki, Qaz idarəsinin əməkdaşları itirilmiş təbii qazın miqdarını və dəyərinı əvvəlcədən bilirlər və istədikləri məbləği istehlakçıların abonent koduna işləyirlər. O və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmışdir. Cavabdehin onların sayğaca hər hansı formada müdaxilə etmələrini təsdiq edən sübutları da ola bilməz. Bundan başqa tərtib olunmuş aktda təmir və bərkidilmə işlərinin aparılması göstərilsə də, sonradan onların həyətinə gələn olmayıbdır. Cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 1656,72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, ərizə və iddia tələbinə etiraz göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır.
8. Cavabdehin nümayəndəsi etiraz ərizəsində göstərmişdir ki, hesablanmış 1656,2 manat borc məbləğinin silinməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 01 fevral 2024-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan X2 fərdi yaşayış evinə baxış keçirərkən mənzildə quraşdırılmış qaz sayğacının üfüqi vəziyyətə gətirldiyini və bu zaman da sayğacın keçən qazı qeydə almadığını aşkar etmişlər. Bununla bağlı 01 fevral 2024-cü tarixli ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nə göndərmişlər. 01 fevral 2024cü tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 02 fevral 2024-cü il tarixdə “Azəriqaz” İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək cavabdehin İsmayıllı XS-nin abonent bazasındakı **********00700 nömrəli abonent koduna 13807 m3 - 1656,72 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdehin abonent koduna hesablanaraq vurulmuş 1656,72 məbləğ, sayğacın üfüqi vəziyyətə gətirilərək təbii qazdan qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Ona görə də iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 02 sentyabr 2024-cü il tаrixli, 2(037)-964/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən X2 **********00700 nömrəli abonent koduna vurulmuş 13807 kub metr təbii qazın dəyəri 1656 (bir min altı yüz əlli altı) manat 72 (yetmiş iki) qəpik borc məbləği silinməsi, “Azəriqaz” İstehsalat Birliyindən 36 (otuz altı) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.9, 5.2 və 5.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
11. Qətnаmədən nаrаzı qаlаn cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 1656.72 məbləğ, sayğacın üfüqi vəziyyətə gətirilərək təbii qazdan qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tаrixli, 2(037)-964/2024 saylı qətnaməsinin ləğv edilərək, iddiaçı X2 iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun X1 tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi.
15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, eyni zamanda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
22. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
28. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. - 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; - 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
30. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
43. İşin təsvir edilmiş hallarından müəyyən edilmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 12 yanvar 2024-cü il tarixli iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən akta əsasən **********7 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 fevral 2024-cü il tarixdə tərtib olunmuş ******* nömrəli aktda iddiaçının yaşadığı evin qaz xəttinə baxış keçirilən zaman abonentin sayğacı üfüqü vəzəiyyətə qaldıraraq sərfiyyatı dayandırdığı, belə vəziyyətdə olduqda işləmədiyi qeyd olunmuşdur. İddiaçı aktı imzalamamışdır. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. “Azəriqaz” İB-nin X10 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 02 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 13807 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 1656,72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
44. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini belə əsaslandırmışdır ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış **********7 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi və yaxud da sayğacdan kənar xəttin çəkildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək cavabdeh təşkilatın səlahiyyətlərinə aid olduğundan, habelə həmin sayğaca cavabdeh təşkilatın əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində yəni 12 yanvar 2024-cü iltarixdən 01 fevral 2024-cü il tarixədək 13807 kub metr miqdarında, 1656,72 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir.
45. Göründüyü kimi iddiaçının istifadəsində olan qaz sayğacı 12 yanvar 2024-cü il tarixdə dəyişdirilmişdir. Bundan 20 gün sonra cavabdeh təşkilat tərəfindən 01 fevral 2024cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt, 02 fevral 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunaraq dəymiş ziyanin miqdarı 1656,72 manat müəyyən edilmişdir. Həmin məbləğin iddiaçının **********00700 nömrəli abonent koduna hansı əsasla 2024-cü ilin yanvar ayının sonuna vurulması isə müəyyən deyildir.
46. Məhkəmə kollegiyası onu da vurgulayır ki, cavabdeh tərəfindən tərtib edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 01 fevral 2024-cü il tarixli ******* nömrəli aktda baxış keçirilən zaman abonentin sayğacı üfüqü vəzəiyyətə qaldıraraq sərfiyyatı dayandırdığı, sayğacın üfüqü qalxanda işləmədiyi aşkar olunduğu qeyd edildiyi halda, 02 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə isə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 13807 m3 təbii qazdan istifadə olunduğunun aşkar edildiyi, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alındığı göstərilmişdir.
47. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının (istehlakçı) təbii qazdan qanunsuz istifadəsi barədə tərtib etdiyi sənədlər bir-biri ilə kəskin ziddiyyət təşkil edir ki, bu da cavabdehin əməkdaşlarının öz vəzifələrinə qeyri-peşəkar yanaşmasına dəlalət edir.
48. Bununla belə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
49. Göründüyü kimi, tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə cavabdeh tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
50. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).
51. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər.
52. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
53. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
55. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
57. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tаrixli, 2(037)-964/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə aid edilməlidir.
59. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tаrixli, 2(037)-964/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov