Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1243/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-1675/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üç azyaşlı uşaqları ilə birlikdə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlə 04 noyabr 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 08 may 2010-cu il tarixdə X1, 26 iyun 2013-cü il tarixdə X4 və 11 may 2015-ci il tarixdə X2 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, ayzaşlı uşaqların saxlanması üçün alimentin tutulması qət edilmişdir. Hal-hazırda Bakı şəhərində yaşayır. 2008-ci ildə ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, on otaqdan və iki yüz kv.m. artıq yaşayış sahəsinə və üç min kv.m. torpaq sahəsinə malik olan yaşayış evinə gəlin köçərək orada 2020-ci ilin yanvar ayına kimi yaşamışdır. Bu günədək həmin evdə pasport qeydiyyatındadır. Azyaşlı uşaqları ilə halhazırda onunla birlikdə Bakı şəhərində yaşayırlar, imkansızlıqdan və evsizlikdən təhsildən yayınmağa məhkumdurlar. Valideyinləri məcburi köçkündürlər. ünvan 2 ünvanda yerləşən həmin ev həyət evidir və şəxsi mülkiyyət hüququ əsasında keçmiş həyat Cavabdeh1 atası Cavabdeh2 məxsusdur və keçmiş həyat yoldaşı Cavabdeh1 evin yeganə, tək övladıdır və yeganə varisdir. On il keçmiş qaynatası Cavabdeh2 direktor olduğu Z.Bünyadov adına Göyçay şəhəri, 3 saylı orta məktəbdə kimya müəllimi vəzifəsində çalışmış və maaş kartı heç zaman özümdə olmamışdır. On ildən çoxdur ki, onun bütün cehizləri, mebelləri və zinət əşyaları həmin evdədir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-1675/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə Cavabdeh2 mülkiyyətinə 391.07 kv.m torpaq sahəsi verilmiş, Cavabdeh2 şəxsi vəsaiti hesabına mülkiyyətinə verilmiş torpaq sahəsində layihə üzrə fərdi yaşayış evi inşa etmiş, tikinti işlərini xx.xx.2006cı il tarixdə başa çatdırmışdır. Tikinti-Quraşdırma İşləri Başa X3 Qəbul edilməsi haqqında qəbul komissiyası tərəfindən ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinə baxış keçirilmiş və istismarına icazə verilmişdir. Bundan sonra Cavabdeh2 sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dan xx.xx.2012-ci il tarixdə çıxarış almışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh X5 ilə 04 noyabr 2008-ci ailə həyatı quraraq mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən, Cavabdeh2 torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquq olmuşdur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlardan görünmüşdür ki, İddiaçı mülkiyyətçi Cavabdeh2 qanunda nəzərdə tutulmuş ailə üzvləri dairəsinə daxil deyildir. Məlum olmuşdur ki, İddiaçı ilə mülkiyyətçi Cavabdeh2 arasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma mövcud deyildir. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyətçi Cavabdeh2 məxsus Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi Cavabdeh2 mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdehə məxsus fərdi yaşayış evinə köçmək onun üçün vacibdir, çünki başqa yaşayış yeri yoxdur, yaşayış vəziyyəti acınacaqlıdır. Atasının 2 otaqlı darısqal evində o, 2 uşağı, qardaşı və onun həyat yoldaşı, atası, anası və babası yaşayır, evdə yatmağa yer yoxdur. Belə ki, «mülkiyyətçinin razılığı» müddəası Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Sözügedən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqları onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Həmçinin Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinin hüquqi əsası yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsinin ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə qabul olunmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyası iclasına gəlməmişlər. İddiaçı və Cavabdeh2 məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxsləryaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquq mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-1675/2021 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-1675/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə Cavabdeh2 mülkiyyətinə 391.07 kv.m torpaq sahəsi verilmiş, Cavabdeh2 şəxsi vəsaiti hesabına mülkiyyətinə verilmiş torpaq sahəsində layihə üzrə fərdi yaşayış evi inşa etmiş, tikinti işlərini xx.xx.2006cı il tarixdə başa çatdırmışdır. Tikinti-Quraşdırma İşləri Başa X3 Qəbul edilməsi haqqında qəbul komissiyası tərəfindən ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinə baxış keçirilmiş və istismarına icazə verilmişdir. Bundan sonra Cavabdeh2 sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dan xx.xx.2012-ci il tarixdə çıxarış almışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 87/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixdə 357 № ilə qeydə alınmış nikah pozulmuş, ayzaşlı uşaqların saxlanması üçün Cavabdeh1 alimentin tutulması qət edilmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ev olmuşdur, həmin evin yerləşdiyi torpaq sahəsi isə Cavabdeh2 mülkiyyətində olmuşdur. İddiaçı həmin evə köçərkən Cavabdeh2 həmin evə gözlənilən mülkiyyət hüququ olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, mübahisəli olan fərdi yaşayış evi hazırda da Cavabdeh2 mülkiyyətindədir. İddiaçı mübahisəli fərdi yaşayış evinin qanuni sahibi və mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə onun Azərbaycan Respublikası mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən sözügedən evdən istifadə hüququ yaranmamışdır. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-1675/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-1675/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1243/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1243/2022
24.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver