Məhkəmə qərarları › İş №2(107)-1260/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1260/2020

21.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1260/2020 21.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, x1 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı), onun vəkili x3 və Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: x4 Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, cavbdehin 6000 manat məbləğində kompensasiya verilməklə ünvan 1 mənzil 32 ünvanda yerləşən mənzilə istifadə hüququna xitam verilməsi və onun yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan ərizə verərək, cavabdehə 8000 manat məbləğində kompensasiya verilməklə ünvan 1 mənzil 32 ünvanda yerləşən mənzilə istifadə hüququna xitam verilməsi və onun yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə. Hüseynov) xx xxxx 2019-cu il tarixli 2(051)-1203/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini apelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia ərizəsi təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin qətnаməsindən iddiaçı kassasiya şikаyəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mənzil 32 ünvanında yerləşən, 3 otaqlı yaşayış evi mülkiyyət hüququ ilə ona aiddir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 2 mənzil 32 ünvanında yerləşən evə köçürülməsi təmin edilmişdir. Lakin mən, mənə aid yaşayış evindən istifadə edə bilmirəm, cavabdehlə mübahisəli evə dair heç bir razılığa gələ bilmirik. Cavabdehlə mübahisəmiz çox gərgindir və onunla bir evdə yaşamağımız mümkün deyil. Arvadım yataq xəstəsi olduğu üçün cavabdehlə birgə yaşamasının onun səhhətinə mənfi təsir göstərəcəyindən ehtiyatlanıram. Yaşayış evinin bazar qiyməti 35.000 manatdır. Biz həmin evdə 6 nəfərik və mən tərəfə kompensasiyanı maddi imkanım olmadığı üçün satıb ödəyəcəyəm. Evdə yeganə qazanc gərtirən mənəm, oğlum anadangəlmə ikinci qrup əlildir. Cavabdeh 6000 manat kompensasiya verilməklə ünvan 2 mənzil 32 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi və onun yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edirəm. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla və tətbiq olunmalı qanun tətbiq edilməməklə çıxarıldığına görə ləğv edilməlidir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki,«mülkiyyətçinin mənzilindən onun istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 8000 manat məbləğində kompensasiya onun davamlı sürətdə və müəyyən müddət daxilində, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsinə olmuş şəraitlə müqayisədə ona oxşar yaşamaq imkanı verir və onun evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Həmin mənzil özəlləşdirilərkən o, orada olmuşdur, onun da imzası alınmışdır. Onun həmin evdə hüquqları vardır və pozulmuşdur. İddiaçı onun keçmiş qayınatasıdır. İddiaçı kompensasiya verməklə onun mənzildən istifadə hüququna xitam vermək istəyir. Lakin onun himayəsində iki azyaşlı uşağı var. İddiaçının təklif etdiyi 8000 manat pul məbləği ilə razı deyildir. Göstərilən məbləğ ona ev almaq üçün kifayət etmir. Əgər kompensasiyanın məbləği 13000 manat olarsa o, mənzildən çıxamağa razı olar. Ev dövlət evi olmuş və onun iştirakı olmaqla xüsusiləşdirilmişdir. Onun başqa qalacaq yeri yoxdur, onun evdən çıxmağı uşaqlarının və onun gələcəyinə pis təsir göstərəcəkdir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh apelyasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, 8000 manat məbləğində kompensasiya ilə razı deyiləm. İki uşağım var. Mən həmin məbləğdə Mingəçevir şəhərində ev ala bilməyəcəm. Heç olmasa 9000 manat olsa razılaşaram. Ona görə də apelyasiya şikayətimin təmin edilməsini, məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı bildirmişdir ki, hazırda nəvələrimlə, habelə cavabdehin valideynləri və qardaşları ilə münasibətim pis deyil. Münasibətimizin pis olduğu şəxs yalnız cavabdehin özüdür. O yaxamdan tutub məni hədələyib, mənə və yoldaşıma qarşı hörmətsizlik edib. Bu səbəbdən onun bizimlə bir yerdə yaşaması mümkün deyil. Ancaq buna baxmayaraq, borc edib cavabdehə 8000 manat kompensasiya verməyə hazıram, cavabdeh isə bununla razılaşmır. Hətta mübahisəli evi cavabdehin oğlu olan nəvəm Sübhan Cəfərliyə vəsiyyət etmiş və vəsiyyətnaməni məhkəməyə təqdim etmişəm. Lakin cavabdeh mənimlə razılaşmır. Bundan artıq heç nəyə gücüm çatmır. Cavabdehə 9 min manat verməyə imkanım yoxdur. Ona görə də qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Şəlalə Tağıyeva bildirmişdir ki, iddiaçının oğlu, qızı və yoldaşı mübahisəli evdən notarial qaydada imtina ediblər. İddiaçı ona məxsus olan bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını cavabdehin oğlu olan nəvəsi x2 vəsiyyət etmişdir. Hətta evi həmin nəvəsinə bağışlamaq da istəmiş, ancaq cavabdeh notariusda iddiaçı ilə mübahisə etmişdir. İddiaçı gələcəkdə də evini nəvəsindən başqa heç kimə bağışlamayacaq. Ancaq cavabdeh bütün bunları nəzərə almır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apelyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Üzeyir Hacıbəyov küçəsi 80 saylı evin, 32 saylı mənzili xx.xx.2008-cı il tarixdə İddiaçı adına qeydə alınmışdır. Belə ki, işdə olan sübutlardan, yəni: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 80 nömrəli evin 32 nömrəli mənzili xx.xx.2008-ci ildə İddiaçı adına qeydə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(051)-4548 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh Sübhan və Ayan adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 80 nömrəli evin 32 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. xx xxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhərinin müxtəlif yerlərində yerləşən 1 otaqlı mənzilin kirayə haqqı 90 manat, 2 otaqlı mənzilin kirayə haqqı 100 manat və 3 otaqlı mənzilin kirayə haqqı 120 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı x8 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş xx xxx 2019-cu il tarixli **********60 nömrəli məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, istifadə hüququnun itirilməsi tələb edilən mənzil xx.xx.1986-cı il tarixli orderlə iddiaçıya verilmiş, daha sonra 2008-ci ildə mənzil fondunun özəlləşdirilməsi barədə qanunvericiliyin tələblərinə uyğun iddiaçının adına özəlləşdirilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxx 2006-cı ildə iddiaçının oğlu x5 ilə ailə quraraq, Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 80 nömrəli evin, 32 nömrəli mənzilə gəlin köçmüş, iddiaçının razılığı ilə həmin mənzilə qeydiyyata düşmüş, həmin mənzil dövlət mənzil fonduna daxil olan mənzil kimi orderlə İddiaçı adına olmuş, sonra həmin mənzildə qeydiyyatda olub yaşayanların razılığı ilə mənzil İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış, iddiaçının oğlu Raqif Cəfərovla birgə nikahlarından iki uşaqları doğulmuş, lakin sonra iddiaçı tərəflə münasibətləri pozulmuş və bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsilə cavabdehin həmin mənzildən istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Hazırkı mübahisə iddiaçının cavabdehə kompensasiya ödəməsi yolu ilə cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülkiyyətçinin mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 8000 manat kompensasiya onun davamlı sürətdə və müəyyən müddət daxilində, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Həmçinin, iddia tələbi mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin müddəaları baxımından əsaslıdır. Apelyasiya şikayətinin isə əsas dəlili ondan ibarətdir ki, iddiaçının təklif etdiyi 8000 manat pul məbləği azdır, göstərilən məbləğ ona ev almaq üçün yetərli məbləğ deyil. Əgər kompensasiyanın məbləği 13000 manat olarsa, o, mənzildən çıxmağa razı olar. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, təklif edilən kompensasiyanın məqsədi həmin pulla cavabdehə yeni mənzilin alınması deyil, cavabdehin müəyyən müddət ərzində və davamlı surətdə, əvvəlki yaşayış şəraitinə uyğun mənzildə yaşamaq imkanının təmin edilməsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir və hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). Məhkəmə kollegiyasının gəldiyi nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır. Həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır (mad. 217). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən, belə nəticəyə gəlir ki, birinciinstansiyaməhkəməsi iddia tələbini qismən təmin edilməsini qət etməklə düzgünnəticəyəgəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar