Məhkəmə qərarları › İş №2(107)-1265/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1265/2024

04.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1265/2024 04.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Qaz İxrac» İdarəsinin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı «Qaz İxrac» İdarəsinin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(046)-15/2024 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti verilməsi müddətinin bərpası ilə bağlı ərizəsinin təmin edilməməsi barədə Göyçay Rayon Məhkəməsinın 16 sentyabr 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qərardadından iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində quraşdırılmış dəmir hasarın və yardımçı tikililərin (tövlə və hamam) cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(046)-15/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat iddiaçı “Qaz İxrac” İdarəsindən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə iddiaçı «Qaz İxrac» İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.. Şəki Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-1091/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qətnamədən iddiaçı “Qaz İxrac” idarəsinin nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti vermiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinın 16 sentyabr 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi və apellyasiya şikayəti və əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı “Qaz İxrac” idarəsinin nümayəndəsi X3 şikay verərək ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinın 1 oktyabr 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinın 16 sentyabr 2024-cü il tarixli, 2(046)- 15/2024 nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(046)-15/2024 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməli, apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. İş materiallarından müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-15/2024 saylı qətnaməsi elektron məhkəmə portalı vasitəsi ilə xx.xx.2024-ci il tarixində “Qaz İxrac” İdarəsinin elektron kabinetə daxil olmuş və xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-1091/2024 nömrəli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş və qərardad xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən elektron kabinet vasitəsilə alınmışdır. İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən Şəki Apellyasiya məhkəməsinin qərardadında göstərilən nöqsanlar düzəldilməklə 28 avqust 2024-cü ildə, yəni iddiaçının nöqsanlardan məlumatı olduqdan 5 gün sonra yeni apellyasiya şikayəti və ötürülmüş müddətin bərpası barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair 27 fevral 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəllənin 405 və 406-cı maddələrində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, məhkəməyə şikayət verilməsi üçün müddətlərin axımının müvafiq məhkəməyə müraciətin edilməsi ilə dayanması qaydası da istisna edilmir. Belə bir tənzimetmənin də qanunverici orqan tərəfindən müəyyən edilməsi fiziki və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnun real təmin edilməsi baxımından məqbul hesab oluna bilər.” Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında kassasiya şikayəti ilə bağlı göstərilənlər analoji qaydada apellyasiya şikayətlərinə də tətbiq oluna bilər. Kollegiya qeyd edir ki, hazırki işdə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən ilk apellyasiya şikayəti verilərkən iddiaçının hələ 25 gün müddəti qalmışdı. Əgər iddiaçı tərəfindən apellyasiya şikayəti ilə müraciət edilərkən müddətin dayanmasını hesab etsək, iddiaçı yol verdiyi nöqsanları bildiyi andan 5 gün sonra yenidən apellyasiya şikayəti ilə müraciət etməklə nəinki apellyasiya şikayəti vermə müddətini ötürməmişdir, onun hələ 20 gün də müddəti qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Hazırki halda Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(046)-15/2024 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinın 16 sentyabr 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(046)-15/2024 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 398.0.3-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinın 16 sentyabr 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qərardadı ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(046)-15/2024 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilsin. Apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar