Məhkəmə qərarları › İş №2(107)-1281/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1281/2022

01.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1281/2022 01.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ, kompensasiya məbləği) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1199/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 5000 (beş min) manat kompensasiya verilməklə cavabdeh X2 istifadə hüququna xitam verilməsi, həmin mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. X4 onun gəlini olmuş 24 oktyabr 2008-ci ildə onun oğlu X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və onun mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Lakin sonradan Şəki Rayon Məhkəməsinin 16 mart 2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli 2(075)-1891/2015 nömrəli qətnaməsi ilə (hakim İ.F.Quliyev) İddiaçı cavabdeh X3 qarşı sonuncuya məxsus olan, iddia ərizəsində qeyd etdiyi 64 adda müxtəlif əşya və dəstlərin onun mülkiyyətində olan Şəki rayonu, Qoxmux kəndi 2 nömrəli binanın 6 nömrəli mənzilindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia isə təmin edilərək X2 azyaşlı uşağı X6 ilə birlikdə İddiaçı mülkiyyətində olan Şəki rayonu Qoxmux kəndi 2 nömrəli binanın 6 nömrəli mənzilindən istifadə hüququnun tanınaraq həmin mənzilə köçürülməsi qət edilmişdir. O Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli 2(075)-1891/2015 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli 2(107)- 888/2015 saylı qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli 2(075)-1891/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Həmidə Aslanova hələ nikahı pozulmamışdan mənzili tərk edərək başqa yerə getmiş, mənzildə sadəcə olaraq əşyaları qalmışdır. Bundan sonra o həmin əşyaların çıxarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra o da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Həmidə Aslanovanın onun mülkiyyətində olan mənzildən istifadə hüququ tanınmışdır. Lakin hal-hazırda da cavabdeh X4 onun mülkiyyətində olan mənzildə yaşamır. O işi ilə əlaqəli Zaqatala rayonunda yaşayır. Cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququnun olması onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədir. Ona görə də o hazırki tələblə Mediasiya Şurasına müracət etmişdir. Lakin mediasiya prosesində Cavabdeh ilə heç bir razılıq əldə edə bilməmişlər. Ona görə də, o, kompensasiya verilməklə cavabdeh X2 onun mülkiyyətində olan mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1199/2022 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 5000 (beş min) manat kompensasiya verilməklə cavabdeh X2 istifadə hüququna xitam verilməsi, həmin mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 ünvanında 76.8 kv/m ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 43.4 kv/m yaşayış, 33.4 kv/m köməkçi sahədən ibarət mənzil İddiaçının mülkiyyətindədir. X5 və X4 arasında nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X6 ilə birlikdə mübahisə predmeti olan evdə istifadə hüququ tanınmışdır. İddiaçı mülkiyyətində olan evdə yaşamasına maneələr yarandığını göstərərək Cavabdeh qızına 5000 manat kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən və onun mülkiyyətində olan evindən istifadə hüququna xitam verilməsini və Cavabdeh əmlakları ilə birlikdə mülkiyyətində olan evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab etmişdir ki, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 14 dekabr 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən məlum olmuşdur ki, ünvan 4 ünvanında mülkiyyətində olan 76.8 kv/m ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 43.4 kv/m yaşayış, 33.4 kv/m köməkçi sahədən ibarət mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edilənlərə əsaslanaraq iddiaçının cavabdehə həmin evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı təklif etdiyi 5000 manat kompensasiya məbləği ilə razılaşmamış, hesab etmişdir ki, təklif olunan kompensasiya məbləği cavabdehin davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir və həmin məbləğ cavabdehin qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün yetərli deyildir. Buna görə də «Kristal-MM» qiymətləndirmə tərəfindən 20 iyun 2022-ci il tarixdə verilmiş rəydə qeyd etdiyi qiymətlər hazırki iş üzrə əsas kimi qəbul edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarı, R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(075)-105/2022 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə qeyd edilənlərə əsaslanaraq iddiaçının cavabdehə həmin evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı təklifetdiyi 5000 manat kompensasiya məbləği ilə razılaşmır, hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehin davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir və həmin məbləğ cavabdehin qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün yetərli deyildir. Buna görə də «Kristal-MM» Qiymətləndirmə tərəfindən 20 iyun 2022-ciil tarixdə verilmiş rəydə qeyd etdiyi qiymətlər hazırki iş üzrə əsas kimi qəbul edilə bilməz. Halbuki, işə baxan birinci instansiya məhkəməsinin bu mövqeyi sadəcə olaraq onun formal mülahizəsindən ibarətdir və nəyə görə belə nəticəyə gəldiyi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Belə ki, əgər birinci instansiya məhkəməsi «Kristal-MM» Qiymətləndirmə tərəfindən 20 iyun 2022ci il tarixdə verilmiş rəylə razılaşmırsa bunu əsaslandırmalı həmin məbləğin real olmadığı qənaətinə gəlirdisə öz təşəbbüsü və ya cavabdehin təşəbbüsü ilə iddiaçının mülkiyyətində olan mənzillə eyni şəraitə malik mənzillərin kirayə haqqı barədə məlumat əldə etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən heç bir sübut əldə edilməməsinə baxmayaraq formal olaraq iddiaçı tərəfindən təqdim edilən sübutun qəbul edilməzliyi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarını nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Həmçinin qeyd edir ki, işə baxarkən həmçinin müəyyən edilmişdir ki, cavabdehin qeyd edilən mənzildə istifadə hüququ da formal xarakter daşıyır. Belə ki, iddiaçı Həmidə Aslanova hələ nikahı pozulmamışdan mənzili tərk edərək başqa yerə getmiş, mənzildə sadəcə olaraq əşyaları qalmışdır. Bundan sonra o həmin əşyaların çıxarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra o da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun mülkiyyətində olan mənzildən istifadə hüququ tanınmışdır. Lakin hal-hazırda da cavabdeh X4 onun mülkiyyətində olan mənzildə yaşamır. O Zaqatala rayonuda işləməklə, işi ilə əlaqəli Zaqatala rayonunda yaşayır. Cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququnun olması onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədir. Onun mülkiyyətində olan məzilinin yerləşdiyi bina 1982-ci ildə inşa edilməklə paneldən inşa edilmişdir və panel binaların istismar müddəti 40-50 ildir ki, onun mülkiyyətində olan mənzilin yerləşdiyi binanın istismar müddəti bitib. Hazırda həmin ərazidə eyni şəraitdə evlərin kirayə haqqı 50 manat, evlərin satış qiyməti isə 20000 manat təşkil edir. Hesab edir ki, 5000 manat kompensasiya ödənilməklə cavabdeh X2 bazar qiymətlərinə uyğun, Şəki rayonu Qoxmux kəndində yerləşən onun mülkiyyətimdə olan yaşayış evindən cavabdehin istifadə hüququnun itirilməsi üçün yetərlidir. Lakin cavabdeh iddiaçı tərəfindən təklif edilən kompensasiyanın az olmasını bildirsə də bunun az olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi də təklif edilən kompensasiyanın az olması qənaətinə gəlsə də bu sadəcə formal mülahizədir və məhkəmə tərəfindən heç bir əsaslandırma aparılmamışdır. Ona görə də, o, Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(075)-1199/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə təqdim edərək, cavabdehə 6000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2(075)-1199/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı; R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır....” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1199/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1199/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında 76.8 kv/m ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 43.4 kv/m yaşayış, 33.4 kv/m köməkçi sahədən ibarət mənzil İddiaçının mülkiyyətindədir. X5 və X4 arasında nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X6 ilə birlikdə mübahisə predmeti olan evdə istifadə hüququ tanınmışdır. İddiaçı mülkiyyətində olan evdə yaşamasına maneələr yarandığını göstərərək Cavabdeh qızına 5000 manat kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən və onun mülkiyyətində olan evindən istifadə hüququna xitam verilməsini və Cavabdeh əmlakları ilə birlikdə mülkiyyətində olan evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud olmadığından mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarına toxuna biləcəyindən qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab lunduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə həmin evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı təklif etdiyi 5000 manat kompensasiya məbləği ilə razılaşmamış, hesab etmişdir ki, təklif olunan kompensasiya məbləği cavabdehin davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir və həmin məbləğ cavabdehin qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün yetərli deyildir. Buna görə də «Kristal-MM» qiymətləndirmə tərəfindən 20 iyun 2022-ci il tarixdə verilmiş rəydə qeyd etdiyi qiymətlər hazırki iş üzrə əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edilən Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Birinci instansiya məhkəməsinin əldə etdiyi rəydən görünür ki, oxşar şəraitli mənzillə bağlı kirayə haqqı 50.00-70.00 manat təşkil edir, bu isə onu deməyə əsas verir ki, işdə olan, «Kristal-MM» Qiymətləndirmə tərəfindən 20 iyun 2022-ci il tarixdə verilmiş qiymətləndirmə rəyi nəzər alındıqda cavabdeh iddiaçı tərəfindən təklif edilən 6000 manat kompensasiya məbləği ilə 7 ilə yaxın müddətdə oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf cavabdehə veriləcək kompensasiyanın məbləğini müəyyən etmiş, ona 6000 manat kompensasiya təklif etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəf cavabdehə veriləcək kompensasiyanın məbləğini müəyyən etmişdir və həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehə təklif edilən 6000 manat məbləği həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarını nəzərə alır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğundur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının cavabdehə təklif etdiyi 6000 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin də məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsini nəzərə alaraq 6000 manat kompensasiyanın cavabdehə verilməsini məqsədə müvafiq hesab edir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1199/2022 saylı qətnaməsi ləğv edilməli. Yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1199/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı tərəfindən cavabdeh Nümayəndə 6000 (altı min) manat kompensasiya ödənilməklə, istifadə hüququna xitam verilsin və o mübahisəli evdən çıxarılsın. Qətnamə icra edilərkən cavabdehə 6000 (altı min) manat kompensasiya ödənilməsi ilə fərdi yaşayış evindən çıxarılması eyni vaxtda icra edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar