Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1283/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Ələddin Məcidov Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(051)-2027/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, “Tamuyev Söhrab”, “X3” və “X4” adının qeydə alındığı AR MN İşlər idarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-2551 saylı arayışın və həmin arayışda göstərilən 41 və 97 saylı əmrində göstərilən sənədlərin (adların) ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2027/2022 saylı qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2027/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2027/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, N saylı hərbi hissənin tərkibində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi vuruşmuşdur. Bununla əlaqədar müvafiq olaraq arxiv arayışları və Hərbi komisarlıqdan (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsindən) müvafiq arayışları vardır. Bunu istisna edən heç bir fakt olmasa da, müharibə dövründə sənədləşmə işlərinin lazımi qaydada yerinə yetirilməməsi səbəbindən N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 41 №-li əmrində (əsas: əmrə əlavədə S-2, səh-56, sıra-5, əmrdə soyadının “Tamuyev” yazılmış və qaralanmışdır, ata adı isə yazılmamışdır) Mingəçevir ŞHK-dan toplanışa çağrılmış, Artileriya batareyasının tərkibində döyüş zonasına getmiş hesab edilərək, ümumi təchizatla təmin olunan şəxsi heyətin siyahısında Söhrab Tamuyev adı kimi qeyd edilmişdir. Bundan əlavə xx.xx.1992-ci il tarixdə toplanışa çağrılmış o (səhvən yəni X4) xidməti başa çatdığına görə N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 97 №-li əmri ilə (əsas: S-4, səh-112, sıra-3, əmrdə soyadı “Tamayev” yazılmışdır) ehtiyata təxris olunaraq hərbi hissənin şəxsi heyyətinin siyahısından çıxarılmışdır. Bu barədə müvafiq əmrlər olmasına baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilən xx.xx.2020-ci il tarixli, 9/2- 2551 №-li arayışında da onun soyadının bəzi hallarda “Tamuyev”, bəzi hallarda isə “Tamayev” yazılması müşahidə olunur. Hazırda o, müharibə veteranı statusunun alınması ilə bağlı müraciət etsə də, ona xx.xx.2020-ci il tarixli 9/2-2551 №-li arayışında olan N №-li Hərbi Hissə komandirinin əmrlərin 41 №-li əmrində (əsas: əmrə əlavədə S-2, səh-56, sıra-5, əmrdə soyadım “Tamuyev” yazılmış), 97 №-li əmrində (əsas: S-4, səh-112, sıra-3, əmrdə soyadı “Tamayev” yazılmışdır) adı göstərilən şəxs odur (yəni Ərizəçi) və həmin sənədlər ona məxsusdur. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Sözügedən qərardad tam əsassızdır və qanunun tələbini pozmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, sənədin başqa qaydada alınması mümkün olmadıqda məhkəməyə sənədin məxsusluğu faktı ilə əlaqədar müraciət etmək lazımdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş və oradan məktub verilərək məhkəməyə sənədin məxsusluğu ilə bağlı fakt təsdiqi formasında müraciət edilməsi xahiş olunmuşdur. Belə olan halda aydın görünür ki, DƏDRX sözügedən sənəddə olan sənədi özü düzəldə bilmir. Ona görə də məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Hüquqi faktlarla bağlı işlər isə şəhər (rayon) məhkəməsində və ərizəçinin olduğu yerə görə verilir. İş materiallarında olan sənədlərdən də aydın görünür ki, o, Mingəçevir şəhərində qeydiyyatdadır və yaşayır. Bundan əlavə o, müharibə veteranı adının alınması ilə bağlı deyil, iddia ərizəsində göstərdiyi sənədlərin ona məxsus olması barədə faktın təstiq olunmasını xahiş etmişdir. Bununla bağlı mübahisə belə yoxdur. Hakim qərardadının ikinci səhifəsində Ali Məhkəməsi Plenumunun 12 aprel2019-cu il tarixli, 03 saylı qərarına istinad etmiş və istinad etdiyi qərarın özündə belə “hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayış və digər sənədlərin şəxsə məxsus olması faktının məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən olunması” ilə bağlı qeyd etmişdir. Ona görə də, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(051)-2027/2022 saylı qərardadı ilə Ərizəçi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 2027/2022 saylı qərardadının ləğvi barədə şikayət ərizəsinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(046)-2027/2022 saylı qərardadı ləğv edilməli və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərəkən mülki işin İnzibati Məhkəməyə aid olduğu qənaətinə gəlmişdir. Ancaq kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, “Tamuyev Söhrab”, “X3” və “X4” adının qeydə alındığı AR MN İşlər idarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-2551 saylı arayışın və həmin arayışda göstərilən 41 və 97 saylı əmrində göstərilən sənədlərin (adların) ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi ərizəni mülki işin ümumi məhkəməyə aid olmaması səbəbi ilə qaytarılması barədə gəldiyi nəticə yanlışdır. Birinci instansiya məhkəməsi məhkəməyə müraciət edən ərizəçiyə izah etməli idi ki, hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Bundan sonra o hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Ona görə də kollegiya hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(051)-2027/2022 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(051)-2027/2022 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1283/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1283/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver