Məhkəmə qərarları › İş №2(107)-1287/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1287/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1287/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılması" tələbinə dair mülki iş üzrə (tərəflərin barışıq sazişi -iş üzrə icraata xitam verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 (sonunci iclasda iştirak etmir) iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(037)-811/2022 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları 1.24 sentyabr 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yaşayan İddiaçı ilə alıcı ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında İsmayıllı rayon, Qalacıq kəndində yerləşən ümumi sahəsi 27.9 kv.m, yaşayış sahəsi 27.9 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi barədə alğısatqı müqaviləsi bağlanmış, satıcı daşınmaz əmlakı 13000 manata satmış, alıcı 7000 manat məbləği notariusun depozit hesabına ödəmiş, qalan 6000 manat məbləği isə 3 ay müddətə, xx.xx.2014-cü il tarixinədək notariusun depozit hesabına ödəməyi öhdəsinə götürmüşdür.

2. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X8 göstərmişdir ki, cavabdeh onun işçisi olmuşdur, iddiaçı isə onun qudasıdır. Hər ikisini yaxından tanıyır. Sözügedən alğı-satqı müqaviləsindən xəbəri vardır. Belə ki, Nizami özünə məxsus fərdi yaşayış evini 13000 manata Solmaza satmış, 7000 manat ödəmiş qalan borcunu isə ödəməyi öhdəsinə götürmüşdür. Tarixini dəqiq xatırlamadığı, 2015, 2018 və 2019-cu illərdə Solmaz dəfələrlə ona zəng edərək qohumundan (Nizamidən) ona vaxt verməsini, hələ ki imkanı olmadığından borcunu ödəyə bilmədiyini xahiş etmişdir. Sonuncu dəfə də 30 iyun 2022-ci il tarixdə ona zəng edərək məsələni yoluna qoymasını xahiş etmişdir. X3 göstərmişdir ki, tərəflərin hər ikisi ilə qonşudurlar və yaxın münasibətləri olmuşdur. Bunlar arasındakı alğı-satqı müqaviləsindən xəbəri var idi. Təxminən 2 il əvvəl Nizami ilə avtomobildə getdiyi zaman Solmaz Nizamiyə zəng edərək, ona olan 6000 borcunu hissə-hissə ödəmək istədiyini bildirmiş, Nizami isə buna razı olmayaraq “apar hamısını notariusun depozit hesabına keçir” deyə cavab vermişdir. Bundan əlavə təxminən 4 il əvvəl Qalacıqda istirahət mərkəzlərinin birində istirahət zamanı Solmaz da onların yanına gəlmiş, orda onlar birlikdə çay içmişlər, hətda o Solmaza yemək yeməsini təklif etdikdə o razı olmamışdır. Həmin gün Solmaz ona Nizami ilə danışmasını, ona olan 6000 manat borcunu ödəməsi üçün vaxt verməsini xahiş etmişdir.

3. 13 dekabr 2022-ci il tarixli tərəflərin barışıq sazişinə görə; tərəflər bir tərəfdən Göyçay şəhəri Əhməd Cavad küçəsi 24 saylı evdə yaşayan İddiaçı, digər tərəfdən Göyçay şəhəri Nizami küçəsi ev 201 A, mənzil 14-də qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi Tağıyev küçəsi 3, ev 66-da faktiki yaşayan cavabdeh X7 aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. 1.Cavabdeh X7, İddiaçı ilə 24 sentyabr 2014-cü il tarixdə ismayıllı rayon Notariat Kontorunda bağladığı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən borclu qaldığı 4500 manat məbləğində pulu hər ay 200 (iki yüz) manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür. 2.İddiaçı, cavabdeh X2 daşınmaz əmlakın alqı satqı müqaviləsindən borclu qaldığı 4500 manat məbləğində pulu hər ay 200 (iki yüz) manat olmaqla ödəyəcəyi müqabilində cavabdehə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması tələbindən imtina edir. 3.Tərəflər yuxarıda göstərilən şərtlərlə barışıq sazişini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı cavabdeh X4 qarşı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi niyyəti ilə bağlayırlar və məhkəmədən barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş edirlər. 4.Barışıq sazişi könüllü icra olunmadıqda bu barədə çıxarılmış qərardad qanuni qüvvəyə mindikdən sonra tərəflərin müraciətinə əsasən məcburi icra tədbirləri həyata keçirilməsi üçün Göyçay rayon icra və Probasiya Şöbəsinə təqdim ediləcəkdir. 5.Barışıq sazişi 3 nüsxədən ibarət tərtib olunaraq nüsxələrin ikisi müvafiq olaraq tərəflərdə saxlanılır, bir nüsxəsi isə təsdiq olunması üçün məhkəməyə təqdim edilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 24 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Notariat Kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0,12 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini cavabdehə 13000 manat məbləğinə satmışdır. Müqavilə bağlanarkən cavabdeh notariusun depozit hesabına 7000 manat ödəmiş və qalan 6000 manat məbləği 3 ay müddətində, yəni 24 dekabr 2014-cü il tarixə kimi notariusun depozit hesabına ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilə üzrə öhdəliyini yerinə yetirərərək satdığı əmlakı dərhal cavabdehin sahibliyinə və istifadəsinə versə də sonuncu müqavilə öhdəliklərini icra etməmiş və bu vaxta kimi müqavilə üzrə borclu olduğu 6000 manatı notariusun depozit hesabına ödəməmişdir. Alqı-satqıdan qalan məbləğin ödənilməsi barədə dəfələrlə etdiyi şifahi tələblər müsbət nəticə vermədiyi üçün 21 fevral 2020-ci il tarixdə cavabdehə yazılı, yəni teleqram vasitəsi ilə müraciət edərək 10 gün müddətində 6000 manat pulu notariusun depozit hesabına ödəməsə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir.

6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 24 avqust 2022-ci il tarixli, 2(037)-811/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 24 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-718 nömrə ilə qeydə alınmış AN-İ№ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, - ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010cu il tarixli, **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 27.9 kv.metr olan iki otaqlı fərdi yaşayış evi boşaldılaraq İddiaçı qaytarılması, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 24 sentyabr 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, sözügedən müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı ilə alıcı ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında İsmayıllı rayon, Qalacıq kəndində yerləşən ümumi sahəsi 27.9 kv.m, yaşayış sahəsi 27.9 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi barədə alqısatqı müqaviləsi bağlanmış, satıcı daşınmaz əmlakı 13000 manata satmış, alıcı 7000 manat məbləği notariusun depozit hesabına ödəmiş, qalan 6000 manat məbləği isə 3 ay müddətə, xx.xx.2014-cü il tarixinədək notariusun depozit hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bu hal işin mübahisəsiz halıdır. İddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirdiyini, cavabdehin isə öhdəliyə əməl etmədiyini bildirərək, alqı-satqı müqaviləsinin ləğv edilməsini, cavabdehin nümayəndəsi, vəkili isə müddət ötürüldüyündən iddianın rədd edilməsini xahiş edir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh İsmayıllı rayon, Qalacıq kəndində yerləşən ümumi sahəsi 27.9 kv.m, yaşayış sahəsi 27.9 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi iddiaçıdan almışdır. Cavabdeh aldığı əmlaka görə pulun bir hissəsini, 7000 manat məbləği notariusun depozit hesabına ödəmiş, qalan 6000 manat məbləği isə xx.xx.2014-cü il tarixədə ödəməsi barədə öhdəlik götürmüşdür.

9. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehin müqavilə üzrə iddiaçıya ödənilməmiş 6000 manat borcu qalmışdır. Sözügedən öhdəliklə bağlı iddia müddətinın axımı kəsildiyi üçün müddət ötürülməmişdir. Belə ki, mülki işin hazırlıq iclası zamanı iştirak etmiş Cavabdeh MPM-nin 67.1.2-ci maddəsinə əsasən tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif etdikdən sonra ilkin izahatında iddiaçı ilə çox yaxın münasibətinin olduğunu, onlar arasında müxtəlif dövrlərdə müxtəlif müqavilələr bağlandığını, sonuncu alqı-satqı müqaviləsi üzrə iddiaçıya 6000 manat borcu olduğunu, lakin müxtəlif səbəblərdən (yaxın qohumlarının dünyasını dəyişməsini, ərinin ürək əməliyyatı keçirilməklə xeyli xərc çəkdiyini) borcunu ödəyə bilmədiyini, ondan və yaxın qohumlarından dəfələrlə vaxt istədiyini, lakin iddiaçının buna razı olmadığını bildirərək, öhdəliyin icrası üçün möhlət istənməsini etiraf etmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6, 14.1, 14.2.1, 372.1, 373.2, 375.2, 376, 377.2, 378, 385.1, 386.1, 389.1, 390.1, 425.1, , 442, 443.1, 443.5, 448.1, , 421.1, 421.2, 598.2, 598.3, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4, 217.3 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdehin vəkili iddia müddətinin ötürülməsinə dair ərizə vermiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə prosessində qarşı tərəf iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək iddia müddətinin ötürülmədiyini və iddia müddətinin 10 il təşkil etdiyini qeyd etmişdir. Məhkəmə öz təşəbbüsü ilə iddiaçıya ərizəyə münasibət bildirməsi üçün vaxt vermişdir. Növbəti məhkəmə prosessində iddiaçı qeyd etmişdir ki, guya cavabdeh ondan möhlət istəmişdir, bunu onun dostu təsdiq edə bilər, məhkəmə iddiaçıdan dostun hardadır sualı vermiş iddiaçı isə buradadır deyərək cavab vermişdir, məhkəmə dostunu çağır bura deyərək «şahid» dindirməyə başlamışdır. Şahid qismində çıxış edən zala daxil olarkən məhkəmə ondan tərəflərlə hansı münasibətdə olduğunu soruşmuş o isə iddiaçı onun qudası cavabdeh isə onun keçmiş işçisi olduğunu qeyd etmişdir, beləlkilə məhkəmə şahidin dindirməsinə başlamışdır. Şahidin dindirilməsi zamanı cavabdehin vəkili prosessə etiraz etmiş və şahidin iltizamı imzalamadığını, şahid andiçmədən dindirildiyi söyləmişdir. Bundan sonra məhkəmə şahidə iltizamı imzalatdırmış və şahidin andiçməsini həyata keçirmişdir. Beləlklə X1nun ifadələri iltizama imza etmədən və şahid andiçməsi olmadan alınmışıdr. X1 qeyd etmişdir ki, guya Cavabdeh ona xatırlamadığı tarixlərdə zəng edərək ondan iddiaçıdan möhlət verilməsinə kömək etməsini xahiş etmişdir. Şahid tarixləri dəqiq xatırlamır sadəcə sonuncu dəfə 30 iyun 2022-ci il tarixidə xahiş etdiyini xatırlayır.

12. Digər şahid X3 ümumiyyətlə tarix xatırlamadığını deyil təxmini 2 il əvvəl avtomobildə iddiaçı bir yerdə getdiyi zaman guya ki cavabdeh iddiaçıya zəng etmiş və şahid cavabdehin iddiaçı ilə telefon danışığından X6 iddiaçıdan möhlət istədiyini bilmişdir.

13. Məhkəmə iclas protokolları təhrif edilmişdir, buna dair tərəflərindən qeydlər verilmiş lakin məhkəmə tərəfindən təmin edilməmişdir. İşin hallarından görünən odur ki həm məhkəmə, həm də iddiaçının iddia müddətinin kəsilməsinə yönələn hərəkətlərin olmasını təstiqləməyə maraqlı olmuşlar.

14. Məhkəmə şahidin qeyri-müəyyən ifadə verməsinə (tarixlərin şahidin yadında qalmamasına), bu cür ifadənin nə dərəcədə doğru olub-olmamsını aydınlaşdırmamış, həmin halların hər-hansı digər sübutlara təsdiqlənib-təstiqlənmədiyi aydınlaşdırmamışdır.

15. Məhkəmənin həqiqətən cavabdehin möhlət istəməsi faktını şahid ifədələrindən başqa işin digər halları ilə sübut edilməməsinə hüquqi qiymət verməmişdir. Məhkəmə Cavabdeh məhkəmə zalında möhlət verilməsini etiraf etmə faktı sübuta yetirilməmişdir. Məhkəmə şahid ifadələri ilə tərəflər arasında bağlanmış müqavilənin 18-ci bəndinin tələbləri ilə ziddiyət təşkil etdiyinə hər hansı hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında yazılı əqd bağlanmışdır. Həmin əqddə də qeyd olunmuşdur ki, əqdə dəyişiklik ancaq yazılı qaydada müraciət edilməklə ola bilər. Əqd notarial qaydada təsdiq olunub. Qarşı tərəf onu mübahisələndirir ki, əqddə konkret olaraq yazılıb ki, həmin məbləğ 24 dekabr 2014-cü ilə qədər ödəniləcəkdir. Əqddə hansısa dəyişiklik olmuş olsaydı onda tərəflər həmin dəyişikliyi bir-birlərinə yazılı şəkildə təqdim etməli idilər. Şahidlərdən biri- Mütəllimov soyadlı izahatında bildirir ki, Cavabdeh 2015, 2018 və 2019-cu illərdə ona dəfələrlə zəng edərək xahiş edib ki, iddiaçı borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Cavabdeh prosesdə iştirak edib, etiraf etmişdirsə borcunun olduğunu, onda şahid ifadələrinə nə ehtiyac var idi?! Cavabdeh ümumiyyətlə heç bir məhkəmə iclasında dindirilməyib, bir iclasda iştirak edib onda da onu dindirməyiblər, o da bununla bağlı bəzi orqanlara şikayət ərizələri ünvanlayıb. Başqa bir şahid ifadəsində göstərib ki, “iddiaçı telefonla danışanda bildim ki, Cavabdeh ilə borc məsələsi barədə söhbət gedir”. Qətnamə ciddi prossesual pozuntularla qəbul edilmişdir. Belə ki, məhkəmə iclasının audio-video yazısı tərəfə təqdim edilməyib. Ümumiyyətlə həmin audio-video yazı mövcud olmadığını, həmin vaxt iclas zalında təmir getdiyini bildiriblər. Cavabdehin vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, yaşının bu ahıl vaxtında istəyir ki, hər şey halallıqla qurtarsın. Ona görə də iddiaçı ilə qarşılıqlı razılığa gəlib və bu barədə barışıq sazişi bağlayıblar. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir.

19. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o qarşı tərəflə razılığa gəlmək üçün səy göstərmiş, bu əvvəllər mümkün olmasa da hazırda qarşılıqlı razılğa gəlməklə saziş bağlamışlar. Ona görə də məhkəmə tərəfindən sazişin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş edir.

20. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, cavabdehlə barışıq sazişi barədə razılığa gəlmişlər Onu da qeyd edir ki, cavabdeh iki dəfə olmaqla iddiaçıya ümumilikdə borcundan 1500 manat pul ödəmişdir. Odur ki, barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş edir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və vəkili sonuncu məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

52.3-cü maddəyə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilər. 52.4-cü maddənin tələbinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(037)-811/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən tərəflərin təqdim etdiyi barışıq sazişini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, barışıq sazişinin şərtləri daxilində iş üzrə icraata xitam verilməlidir.

26. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə və ya barışıq sazişi ilə işi yekunlaşdıra bilərlər .

27. Mülki Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərindən göründüyü kimi tərəflər barışıq sazişini bağlamaqda haqlıdırlar, lakin həmin akt məhkəmə tərəfindən təsdiq edildiyi halda qüvvəyə minir. Göründüyü kimi barışıq sazişi ikitərəfli əqdddir ki, tərəflər birbirlərinə güzəştə getməklə, mübahisəli hüquq münasibətləri üzrə hüquq və vəzifələrini yenidən müəyyən edirlər. Barışıq sazişini bağlamaq hüququ yalnız mübahisəli hüquq münasibətlərinin subyektlərinə məxsusdur. Məhkəmə, tərəflərin barışıq sazişi qanunvericiliyə zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, bu barədə əsaslandırılmış qərardad çıxarılmaqla barışıq sazişini təsdiq etməməli və işə mahiyyəti üzrə baxmaqda davam etməlidir.

28. Tərəflərin barışıq sazişi bağlaması dedikdə, iddiaçının cavabdehə olan öz maddihüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi deyil, barışıq sazişinin şərtləri ilə işi yekunlaşdırması başa düşülür. Tərəflərin barışıq sazişi bağlaması ikitərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə barışıq sazişinin motivlərini qiymətləndirmir, lakin o, barışıq sazişinin qanuniliyini qiymətləndirməli və bu zaman sazişin azad iradə ifadəsi nəticəsində baş vermədiyini aşkar etdikdə sazişin təsdiq edilməsindən imtina etməlidir. Tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi bağlamaqla işi yekunlaşdırması onların həqiqi niyyətini əks etdirdiyindən, həmin barışıq sazişi qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, eləcə də barışıq sazişinin doğuracağı nəticə tərəflərə aşkar surətdə məlum olduğundan saziş təsdiq edilməli və İsmayıllı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(037)-811/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

30. Azərbaycan Respublikası MPM-in 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

31. Kollegiya qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən dövlət rüsumunun qaytarılması haqqında məsələyə də münasibət bildirilməlidir.

32. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.

33. Ona görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (əməliyyat: 50573679, qəbz nömrəsi 6949, GPP qəbz nömrəsi 906327417, büdcə səviyyə kodu: 142211) İddiaçı geri qaytarılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması” tələbinə dair aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq olunsun. İsmayıllı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(037)-811/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin.

13 dekabr 2022-ci il tarixli tərəflərin barışıq sazişinə görə; Tərəflər bir tərəfdən Göyçay şəhəri Əhməd Cavad küçəsi 24 saylı evdə yaşayan İddiaçı, digər tərəfdən Göyçay şəhəri Nizami küçəsi ev 201 A, mənzil 14-də qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi Tağıyev küçəsi 3, ev 66-da faktiki yaşayan cavabdeh X7 aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. 1.Cavabdeh X7, İddiaçı ilə 24 sentyabr 2014-cü il tarixdə ismayıllı rayon Notariat Kontorunda bağladığı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən borclu qaldığı 4500 manat məbləğində pulu hər ay 200 (iki yüz) manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür.. 2.İddiaçı, cavabdeh X2 daşınmaz əmlakın alqı satqı müqaviləsindən borclu qaldığı 4500 manat məbləğində pulu hər ay 200 (iki yüz) manat olmaqla ödəyəcəyi müqabilində cavabdehə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması tələbindən imtina edir. 3.Tərəflər yuxarıda göstərilən şərtlərlə barışıq sazişini Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan İddiaçı cavabdeh X4 qarşı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi niyyəti ilə bağlayırlar və məhkəmədən barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş edirlər. 4.Barışıq sazişi könüllü icra olunmadıqda bu barədə çıxarılmış qərardad qanuni qüvvəyə mindikdən sonra tərəflərin müraciətinə əsasən məcburi icra tədbirləri həyata keçirilməsi üçün Göyçay rayon icra və Probasiya Şöbəsinə təqdim ediləcəkdir. 5.Barışıq sazişi 3 nüsxədən ibarət tərtib olunaraq nüsxələrin ikisi müvafiq olaraq tərəflərdə saxlanılır, bir nüsxəsi isə təsdiq olunması üçün məhkəməyə təqdim edilmişdir İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (əməliyyat: 50573679, qəbz nömrəsi 6949, GPP qəbz nömrəsi 906327417, büdcə səviyyə kodu: 142211) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar