Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1296/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-387/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X3 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli qərarı əsasında hesablanmış 244,80 manat məbləğində cərimənin silinməsi və yaşadıqları ünvan 1 ünvanda yerləşən evinə qazın verilməsinin bərpa edilməsi, həmçinin ona məxsus olan evə quraşdırılmış yeni qaz sayğacının dəyəri olan 92,21 manat pulun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-387/2020 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Yevlax şəhəri F.Əmirov küçəsi ev 67 ünvanda yerləşən fərdi evinə istifadə olunan qaz istehlakına görə **********00000 abonent koduna hesablanmış 244 (iki yüz qırx dörd) manat 80 (səksən) qəpik borc məbləğinin silinməsi, həmin ünvana qazın verilməsinin bərpa edilməsi, sayğacın dəyəri olan 92,21 manatın Cavabdehnə aid edilməsi, dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda o, ünvan 1 ünvanında yaşayır. Yaşadıqları ev işıq, su və qazla təchiz olunmuşdur. Cavabdeh Tərtər X3 İdarəsinin tərəfindən xx xxxxxxx 2019-cu il 0243129 saylı akt tərtib edilərək qaz sayğacının hesablama mexaniziminin qapağının yan tərəfindən əzilməsi, daxili qulaqcıqlardan əzikcırıq izlərinin olunması aşkar olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. Cavabdeh Tərtər X3 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli qərar ilə 2448 kub.metr qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi qərara alınmışdır. Sayğac onların həyətindən deyil, həyətin divarından çöl tərəfdə quraşdırılmışdır və sayğac kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-387/2020 nömrəli qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və İddiaçı tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Cavabdeh Tərtər RQİİ-nin Yevlax Xidmət sahəsinin əməkdaşları ünvan 1 ünvanında yaşayan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirən zaman sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün açaraq götürmüşlər və bununla bağlı akt tərtib etmişlər. Mənzildən açılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, ARDNŞ-nin İTRİ tərəfindən tərtib edilmiş akta əsasən sayğacın hesablama mexaniziminin qapağının yan tərəfindən əzilməsi, daxili qulaqcıqlardan əzik-cızıq izləri aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədilə Cavabdeh Tərtər RQİİ-nə göndərilmişdir. Tərtər RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Yevlax XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 2448 kubmetr – 244.80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçı mənzilindən açılan qaz sayğacı akta əsasən növbədənkənar dövlət yoxlamasına göndərilən zaman sayğacın əvəzinə abonentin sərbəst təbii qazdan istifadə etməsi üçün Cavabdeh İB-nin Tərtər RQİİ-nin hesabına eyni markalı yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 244.80 manat məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd etmək lazımdır ki, məhkəmə prosesi zamanı tədqiq edilmiş sübutlar yalnız Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim edilmişdir. Həmin sübutlar yetərincə iddianın rədd olunmasına əsas versə də, demək olar ki, onların heç biri tamamilə nəzərə alınmamış, qətnamə çıxarılarkən sayğacın iddiaçı tərəfindən sıradan çıxarılmasının cavabdeh tərəfindən təsdiq edilməməsi əsas götürülmüşdür. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)- 387/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda yeni qaz sayğacı quraşdırılmışdır. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacına baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, sayğacının hesablama mexaniziminin qapağının yan tərəfindən əzilməsi, daxili qulaqcıqlardan əzik-cızıq izləri aşkar olunmuşdur. Birliyin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.8 m3 /saat, orta günlük iş rejimi - 6 saat və hesabat müddəti - 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi – 0.8 m3 /saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti - 90 gün qəbul edilməklə, QSSQ -80 İ maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi-10 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 2448 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2019cu il tarixli ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 244,80 manat təşkil edir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməsi, sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi fiziki şəxs olan istehlakçıların sayğaclarına münasibətdə qaz paylayıcısının vəzifəsi olduğu, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması qaz paylayıcısının həyata keçirdiyi dəqiq və aydın şəkildə göstərilmişdir. Qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Lakin məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan cavabdeh daşıdığından həmn sayğaca müdaxilə edilməsinə görə iddiaçı barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın “sayğacın hesablama mexanizminə müdaxilə edilməsi halı” müəyyən edilsə də, həmin tamlığın pozulmasının məhz iddiaçının səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-387/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-387/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1296/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1296/2020
23.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver