Məhkəmə qərarları › İş №2(107)-1298/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1298/2023

02.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1298/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tаrixli, 2(046)-177/2023 saylı qətnaməsindən İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tаrixli, 2(046)-177/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə və apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.1 və maddə 363.1.1-1). Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (maddə 74.1). İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). İş materiallarından görünür ki, apellyasiya şikayəti iddiaçının vəkili Vəkil2 tərəfindən imzalansa da, iddiaçının adından etibar edilənə-vəkilə müvafiq səlahiyyətlərin verilməsini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Beləliklə də, apellyasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Göyçay Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tаrixli, 2(046)-177/2023 saylı qətnaməsindən İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar