Məhkəmə qərarları › İş №2(107)-1309/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1309/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1309/2023 06.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Göyçay rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız sayılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Göyçay rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(046)-689/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Torpağa mülkiyyət hüququna dair kod 40807018, JN-194 saylı olan dövlət aktı ilə Göyçay rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1998-ci il tarixli 44 nömrəli qərarı ilə X10, İddiaçı, X3, X11, X14, X1 təsərrüfatı məhsullarının istehsalı üçün 3,09 ha torpaq sahəsi verilmişdir. 17 oktyabr 2006-cı il tarixli müqavilə ilə həmin torpaq sahəsinin həmmülkiyyətçisi-İddiaçı arvadı mərhum X15 ümumi mülkiyyətdə olan torpaq sahəsinin 0,85 ha sahəsini 1700 manata cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmış, digər mülkiyyətçilərin razılığı xx.xx.2006-cı il tarixli notariat qaydasında təsdiq edilmiş ərizə ilə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə mərhum X7 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X20 ilə Cavabdeh1 bağladığı, reyestrdə 4Ə-1021 nömrə ilə qeydə alınmış 17 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun, mərhumlar X5, X17, X15 və sonuncu ilə birgə nikahdan doğulmuş iki qızı ümumi birgə mülkiyyətində Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Ümumi birgə mülkiyyətçilərdən X5 11 may 2009-cu ildə, X17 16 iyul 2009-cu ildə və X15 15 may 2016-cı ildə vəfat etmişlər. Ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Göyçay rayonu Qaraməryəm kəndində 2 müxtəlif ərazisində yerləşir. Torpaq sahəsinin Göyçay rayonu Qarayazı kəndi ilə sərhəddə yerləşən 0,85 ha hissəsi başqa şəxs tərəfindən istifadə edilir və həmin torpaq sahəsinin boşaldılmasını tələb edərkən torpaq sahəsini Rahim Şirinlinin icazəsi ilə əkdiyini, torpaq sahəsinin sonuncuya məxsus olduğunu bildirdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə vəkil sorğusu ilə müraciət edilmiş və sorğuya verilmiş 30 noyabr 2022-ci il tarxli xx/xx-7845/14 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, keçmiş arvadı mərhum X15 17 oktyabr 2006-cı il tarixdə Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı müqaviləsi bağlamaqla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. Notariat işinə əlavə edilmiş torpaq sahəsinin satılmasına dair ərizədəki imza onun deyil və digər ümumi birgə mülkiyyətçilərin imzaları eynidir. Maraqlıdır ki, həmin imza alqı-satqı müqaviləsinin sonunda 1 rəqəmindən sonra da edilmişdir və satıcı kimi mərhum anası Çiçək Ələsgərova göstərilsə də imzadan sonra mərhum həyat yoldaşı Hacıxanım Ələsgərovanın adı göstərilmişdir. X6 anasının əvəzinə imza etmək üçün səlahiyyət verən etibarnaməsi olmamışdır. Bundan başqa o, 2002-ci ildən “Yüngül əqli gerilik, anadangəlmə lal-karlıq” diaqnozu ilə psixiatrın qeydiyyatındadır və alqı-satqı ilə bağlı baş verən əməliyyatlar ondan gizlədilmişdir. O, ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün ümumi birgə mülkiyyətçilərdən heç birinə etibarnamə verməmişdir. Bu səbəbdən də hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır.

4. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Cavabdeh2 MMC rəsmi olaraq ailə başçısı olan Çiçək Ələkbərovadan qeyd olunan torpaq sahəsini 1700 manata xx.xx.2006-cı il tarixdə Notariat Kontorunda alqı-satqı etmişdir. Alqı-satqı zamanı ailə üzvləri, o, cümlədən aktda qeyd olunan şəxslər də torpağın satılmasına razılıq vermişlər. İmzalar ərizədə qeyd olunub və iş materiallarına əlavə edilmişdir. Torpağın satılmasına İddiaçı da imza edərək razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, habelə iddia qaldırmaq üçün müddətin keçməsinə əsas olaraq iş üzrə iddianın rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, "xxxx" MMC Çiçək Ələkbərovadan qeyd olunan torpaq sahəsini 1700 manata xx.xx.2006-cı il tarixdə Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla almışdır . Alqı-satqı zamanı ailə üzvləri torpağın satılmasına razılıq vermişlər. İmzalar ərizədə qeyd olunub və iş materiallarına əlavə edilmişdir. Torpağın satılmasına İddiaçı da imza edərək razılığını bildirmişdir .İddia müddətini tətbiq edib iş üzrə iddianın rədd edilməsini xahiş etmişdir

7. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə Göyçay rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmmülkiyyətçisi İddiaçı arvadı mərhum X15 ümumi mülkiyyətdə olan torpaq sahəsinin 0,85 ha sahəsini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmış, digər mülkiyyətçilərin razılığı notariat qaydasında təsdiq edilmiş ərizə ilə alınmışdır. İddiaçı razılıq ərizəsində olan imzanın ona məxsus olmaması barədə gətirdiyi dəlili iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 4/661 saylı rəyi öz təsdiqini tapmamışdır. Digər tərəfdən İddiaçı əmlakı almış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin alqı-satqı müqaviləsini bağlamış X7 lazımi səlahiyyətinin olmamasını (pis niyyətlə razılığa gəlməsini) bildiyi və ya bilməli olduğu və ya vicdanlı alıcı olmaması qənaətinə gəlmək üçün hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

9. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyini, daşınmaz əmlakın dövlət reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vicdanlı alıcı olmasını nəzərə alıb hesab edir ki, iddianın təmin olunmasından imtina edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

10. O ki qaldı, iddia müddətinin tətbiqi barədə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddiaya qarşı etirazına, məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərildiyi kimi İddiaçı hüququnun pozulduğunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən verilmiş sorğuya 30 noyabr 2022-ci tarixli cavab məktubundan bildiyini göstərdiyindən, bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət isə kəsici müddətlərə aid olduğundan və iddiaçı müəyyən edilmiş zaman ərzində öz hüququndan istifadə etdiyindən iddia müddətinin tətbiq edilməsindən imtina edilməlidir.

11. Göyçay Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(046)-689/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Göyçay rayon Notariat Ofisinə qarşı Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə mərhum X7 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X20 ilə Cavabdeh1 bağladığı, reyestrdə 4Ə-1021 nömrə ilə qeydə alınmış 17 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddiası təmin edilməməsi, İddiaçı ekspertiza tədqiqatının dəyəri 125 manat məbləğində pulun alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148, 182, 213 və 222-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

13. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair kod 40807018, JN-194 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1998-ci il tarixli 44 nömrəli qərarı ilə X10, İddiaçı, X3, X11, X14. X1 təsərrüfatı məhsullarının istehsalı üçün 3,09 ha torpaq sahəsi verilmişdir.

14. İşə əlavə edilmiş notariat işində olan 17 oktyabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, X15 0,85 ha torpaq sahəsini 1700 manata Cavabdeh2 MMC-nə satmışdır.Notariat işində olan xx.xx.2006-cı ildə notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki,İddiaçı Ə.,Ələsgərova Hacıxanım S.,Ələsgərova Günay G.,Ələsgərov Əkbər G.,Ələsgərova Gülər G. Göyçay rayon Aqrar İslahatı Komissiyasının 05 dekabr 1998-ci il tarixli 44 №-li qərarı ilə dövlət aktı №194 0,85 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər.

15. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın ******* saylı xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi xx.xx.2015-ci ildə Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır.

16. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın ******* saylı xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonun Qaraməryəm kəndində yerləşən 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi xx.xx.2015-ci ildə Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır.

17. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 06 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Göyçay rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında X7, İddiaçı, X2, X8, X13 və X9 ümumibirgə mülkiyyətlərinə verilmiş JN-194 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,85 ha (iki konturdan ibarət 0,7324 ha və 0,11 ha) hissəsi Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-1021 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nə satılmışdır

18. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 11 may 2009-cu ildə, X17 16 iyul 2009-cu ildə və X15 15 may 2016-cı ildə vəfat etmişlər.

19. İşə əlavə edilmiş Göyçay rayon X19 X25 Poliklinikanın xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2002-ci ildən “Yüngül əqli gerilik, anadangəlmə lalkarlıq” diaqnozu ilə psixiatrın qeydiyyatındadır.

20. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 4/661 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış 14 sentyabr 2006-cı il tarixli ərizənin imza hissəsində “İddiaçı. Ə.” yazıları önündəki imza İddiaçı tərəfindən icra olunmuşdur.

21. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi Nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisəli torpaq sahələrinə dair sözügedən alqı-satqı müqaviləsi lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlanmamışdır. Alqı-satqı müqavilələri heç vaxt bağlanmamışdır. Paylı mülkiyyətdə olan şəxslərlə qanunvericiliyin tələbi ilə heç bir əqd bağlanmamışdır. Ona görə də, həmin müqavilənin etibarlılığından söhbət gedə bilməz. Belə ki, mülki qanunvericiliyə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Lakin hazırkı məhkəmə araşdırmaları zamanı mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onların tərəfindən imzalanması öz təsdiqini tapmamış və sübut edilməmiş, ümumiyyətlə, onların mübahisəli torpaq sahəsinə dair heç vaxt alqı-satqı müqaviləsi bağlamadığı halda alqı-satqı müqaviləsinin olduğunu və notariat kontorunda həmin müqavilə imzaladığı göstərilmiş və münasibətdə etibarsız olmaqla yanaşı, həm də qeyri-müəyyəndir. Belə əqd isə hər hansı hüquqi nəticə yarada bilməz. Cavabdeh “MKT İstesalat Kommersiya“ MMC əmlakı vicdanlı şəkildə əldə etməmiş, torpaq mülkiyyətçiləri aldatma yolu ilə ümumiyyətlə alqı-satqıda iştirak etmədiyi halda Norariat kontoru ilə sövdələşərək cavabdeh paylı mülkiyyətində olan əmlakı vicdanlı şəkildə əldə etməmişdir. Notariat ofisində güya aparılmış alğı-satqı müqaviləsinə dair işdə hec bir etibarnamə mövcud deyil. Aparılmış alqı satqıda atılmış imzaların paylı mülkiyyətdə olan şəxslərə aid deyil, atılmış imzalar bir şəxs tərəfindən icra olunmuşdur. Ona görə də, həmin alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsasdır.

23. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(046)- 689/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(046)- 689/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka( əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

28. Qərarlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. İddiaçı Göyçay Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(046)- 689/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 8-9-cu bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində aparılmış alqı satqıda atılmış imzaların paylı mülkiyyətdə olan şəxslərə aid deyil, bir şəxs tərəfindən icra olunduğunu və alğı-satqı müqaviləsinə dair işdə heç bir etibarnamə mövcud olmadığını göstərir. Ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Bu halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur. Ümumi mülkiyyətdə olan əmlaka dair sərəncam hüququnun həyata keçirilməsinin özünəməxsus xüsusiyyəti vardır. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin razılıq əşyaya dair sərəncam verilməsi barədə əqdə bütün mülkiyyətçilərin imza etməsi yolu ilə və ya digər mülkiyyətçilərin əşyaya sərəncam verilməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verməsi yolu ilə həyata keçirilə bilər. Hazırki halda ümumi (paylı) mülkiyyətdə olan əşyaya sərəncam verilməsi ikinci üsulla, yəni digər mülkiyyətçilərin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verməsi yolu ilə həyata keçirilmişdir. Belə ki, 17 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi X15 tərəfindən imzalanmış, digər mülkiyyətçilər, o cümlədən İddiaçı Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış 14 sentyabr 2006-cı il tarixli ərizə ilə həmin alqı-satqıya razılıq vermişdir. Həmin razılıq ərizəsindəki İddiaçı adı qarşısında olan imzanın həqiqətən İddiaçı tərəfindən icra olunduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 4/661 saylı rəyi ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası əlaqə olaraq ona qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının torpaq sahəsinin alqı-satqısından xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizliyi mövcud olmuşdur. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(046)-689/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(046)-689/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar