Məhkəmə qərarları › İş №2(107)-131/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-131/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-131/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Zərdab Rayon Məhkəməsinin 2(035)-159/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kirayə pulu olaraq hesablanmış 4000 manat borcun, əmlakında aparılmış dəyişikliyə görə 5000 manat, həyətindəki yardımçı tikililərin sökülməsi nəticəsində vurulmuş ziyana görə 3000 manat, kommunal borclara görə 192.46 manat vəəldən çıxmış fayda olaraq 3200 manat olmaqla, cəmi 15392 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinəəsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə (iddianın həcminin azaldılmasına) dair ərizə təqdim edərək cavabdehdən borclu olduğu aylıq kirayə haqqına görə hesablanmış 4000 manat, kommunal borclara görə 192.46 manatpulun alınaraq ona verilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(035)-159/2022 saylı qətnaməsi ilə (T.Qubadov) iddianın qismən təmin edilməsi, Cavabdeh kirayə pulu üçün hesablanmış 4000 manat, qaz sərfiyyatına görə 136.40 manat, cəmi 4136.40 manat pul tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir; İddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini idarə etmək, lazım gələrsə satmağı Sahib Eyvazova həvalə etmiş və bu barədə ona etibarnamə vermişdir. İddiaçı 2019-cu ilin yay aylarında həmin evi satmaq, Cavabdeh isə həmin evi almaq istəmişdir. Bu məqsədlə İddiaçı nümayəndəsi olan X7 Nəsibli arasında xx.xx.2020-ci il tarixdə sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən onlar evin satış qiyməti 28000 manat müəyyənləşdirmişlər, Cavabdeh xx.xx.2021-ci il tarixədək evə görə 28000 manat pulu ödəməyi, evi almaqdan imtina edərsə kirayə haqqı olaraq 4000 manat pulu ödəməyi, heç bir zərər vurmadan bütün kommunal borcları ödəmək şərtilə evdən çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixdə anası ilə birlikdə həmin evə köçmüş, 1.9 il müddətində həmin evdə yaşamış, evin pulunu ödəmədiyi halda və İddiaçı və ya onun o zamankı səlahiyyətli nümayəndəsi olan Sahib Eyvazovun razılığını almadan özbaşına olaraq evdə müəyyən təmir işləri aparmış, həyətdə müəyyən dəyişikliklər edərək, evin həyətindəki yardımçı tikililəri - su hovuzunu, toyuq hinini və tualeti sökmüşdür. O, 1.9 ildən sonra evi almaqdan imtina edərək və sözügedən alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməyərək, xx.xx.2021-ci il tarixdə evi tərk edərək getmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X4 izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh sözügedən evdə yaşadığı dövrdə qaz sərfiyyatı üçün 136.40 manat kommunal borcu yaranmış və o, həmin kommunal xərci ödəməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin dəyişdirilməsinə (iddianın həcminin azaldılmasına) dair ərizə təqdim edərək cavabdehdən borclu olduğu aylıq kirayə haqqına görə hesablanmış 4000 manat, kommunal borclara görə 192.46 manat pulun alınaraq ona verilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" ASC-nin 2 №-li Regional Sukanal İdarəsi Zərdab su kanal sahəsində abonent kimi qeydə alınmasına və həmin xidmətə görə onun adına borc hesablanmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əksinə təqdim olunan sənədlərdən həmin xidmət üzrə abonent kimi Söyün Məmmədov adlı şəxsin, həm də başqa bir ünvanda, yəni Zərdab rayonu 15-ci Məhəllə ünvanında qeydə alındığı və onun xx.xx.2021-ci il tarixə su təchizatı və kanalizasiya xidmətinə görə borcu 56.06 manat borc yarandığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 386.1, 389.1, 399.1, 425.1, 425.2, 675-ci maddələri, Mülki Prosessual Məcəllənin 218.1, 218.3-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə baxışı zamanı ünvan 3 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 67.3 kv.m yaşayış (əsas) sahəsi 48.5 kv.m köməkçi sahəsi 18.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evini satıldığını bildikdə iddiaçıya bu barədə razılığa gəlmişlər. Onlar 1 sentyabr 2019-cu ildə evin qiymətini 28000 manata razılaşsalar da həmin evə 2019-cu ilin dekabr ayının 31-də köçmüş və anası ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Aralarında bütün şərtləri razılaşaraq 22 avqust 2020-ci il tarixdə öz aralarında alqısatqı müqaviləsi bağlamışıq. Evdə qaldığı dövrdə hazırki iş üzrə iddiaçı ilə razılaşmışlar ki, evdə aparılmış təmir bərpa işlərinə görə müqavilənin necə icra olunmasından asılı olaraq razılaşar, haqq-hesab edərlər. Onun tərəfindən fərdi yaşayış evində əsaslı təmir işləri aparılmış və ümumilikdə 12000 manat xərci çıxmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardandır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilənləri nəzərə alaraq Zərdab Rayon Məhkəməsinin 2(035)-159/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə müqaviləşərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinəçatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun: Həmin Qanunun 58-ci maddəsinə görə bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə, tullantı sularının və tullantıların atılmasına görəödənişlər edilməlidir. Həmin Qanunun 61-ci maddəsinə 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş“Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən istehlakçı bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh tərəf Zərdab Rayon Məhkəməsinin 2(035)-159/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 2(035)-159/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissəsinə, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(035)-159/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini idarə etmək, lazım gələrsə satmağı Sahib Eyvazova həvalə etmiş və bu barədə ona etibarnamə vermişdir. İddiaçı 2019-cu ilin yay aylarında həmin evi satmaq, Cavabdeh isə həmin evi almaq istəmişdir. Bu məqsədlə İddiaçı nümayəndəsi olan X7 Nəsibli arasında xx.xx.2020-ci il tarixdə sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən onlar evin satış qiyməti 28000 manat müəyyənləşdirmişlər, Cavabdeh xx.xx.2021-ci il tarixədək evə görə 28000 manat pulu ödəməyi, evi almaqdan imtina edərsə kirayə haqqı olaraq 4000 manat pulu ödəməyi, heç bir zərər vurmadan bütün kommunal borcları ödəmək şərtilə evdən çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixdə anası ilə birlikdə həmin evə köçmüş, 1.9 il müddətində həmin evdə yaşamış, evin pulunu ödəmədiyi halda və İddiaçı və ya onun o zamankı səlahiyyətli nümayəndəsi olan Sahib Eyvazovun razılığını almadan özbaşına olaraq evdə müəyyən təmir işləri aparmış, həyətdə müəyyən dəyişikliklər edərək, evin həyətindəki yardımçı tikililəri - su hovuzunu, toyuq hinini və tualeti sökmüşdür. O, 1.9 ildən sonra evi almaqdan imtina edərək və sözügedən alqısatqı müqaviləsinin şərtlərinə əməl etməyərək, xx.xx.2021-ci il tarixdə evi tərk edərək getmişdir. Kollegiyas qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli sadə yazılı müqavilənin şərtlərinə əsasən cavabdeh sonradan (1.9 il yaşadıqdan sonra) sözügedən evi almaqdan imtina etsə də, müqavilənin 2.2, 3.4.2, 3.4.4-cü bəndlərinə əməl etməyərək, ödəməli olduğu 4000 manat kirayə haqqını və kommunal xərcləri ödəməmişdir. Bununla da onun iddiaçı qarşısında şərtləşdirilmiş 4000 manat kirayə haqqını və kommunal xərcləri ödəmək öhdəliyi yaranmışdır. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, onlar 1 sentyabr 2019cu ildə evin qiymətini 28000 manata razılaşsalar da həmin evə 2019-cu ilin dekabr ayının 31-də köçmüş və anası ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Aralarında bütün şərtləri razılaşaraq 22 avqust 2020-ci il tarixdə öz aralarında alqı-satqı müqaviləsi bağlamışıq. Evdə qaldığı dövrdə hazırki iş üzrə iddiaçı ilə razılaşmışlar ki, evdə aparılmış təmir bərpa işlərinə görə müqavilənin necə icra olunmasından asılı olaraq razılaşar, haqq-hesab edərlər. Onun tərəfindən fərdi yaşayış evində əsaslı təmir işləri aparılmış və ümumilikdə 12000 manat xərci çıxmışdır. Onun tərəfindən fərdi yaşayış evində əsaslı təmin işlərin aparılması və ümumilikdə 12000 manat xərcinin çıxmasının və həmin xərclərinin araşdırılması aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Kollegiyanın qənaətinə görə ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti, etibarlı müqavilə olub-olmaması ilə bağlı dəyərləndirmə aparılmaldır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, məsələnin düzgün hüquqi həlli üçün ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin hansı hüquq münasibəti olduğu müəyyən edilməlidir. Bunun üçün isə onların arasında bağlanmış xx.xx.2020-ci il tarixli sadə yazılı müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə uyğun olaraq təfsir edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 ilə hazırkı Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı iddiaçı Cavabdeh satılması barədə sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəflər evin satış qiymətini 28000 manat müəyyənləşdirmişlər. Cavabdeh xx.xx.2021-ci il tarixədək evə görə 28000 manat pulu ödəməyi, evi almaqdan imtina edərsə kirayə haqqı olaraq 4000 manat pulu ona ödəməyi, heç bir zərər vurmadan bütün kommunal borcları ödəmək şərtilə evdən çıxmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1. Müqavilənin məzmunundan görünür ki, tərəflər arasında hüquq münasibəti xx.xx.2019-cu il tarixdən yaransa da, onlar sonradan xx.xx.2020-ci il tarixdə sadə yazılı müqavilə bağlamaqla münasibətin son vaxtını şərtlə xx.xx.2021-ci il tarixədək müəyyənləşdirmişlər. Müqavilənin məzmunundan o da görünür ki, tərəflər müqavilədə həm daşınmaz əmlakın alqı-satqısı, həm kirayə, həm də kommunal xərclərin ödənilməsi məsələsini şərtləndirmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının cavabdehdən həm kirayə, həm də kommunal xərclərin ödənilməsi tələbinə dair hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kirayə haqqına görə hesablanmış 4000 manat və qaz sərfiyyatına görə 136.40 manat tələbinə dair hissədə iddianın yuxarıda müəyyən olunduğu kimi həm faktiki, həm dəqanuni əsası vardır. Məhkəmə kollegiyası işin yuxarıda müəyyən olunan hallarını və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Cavabdeh sözügedən evə dair xx.xx.2020-ci il tarixdə sadə yazılı formada müqavilə bağlayaraq xx.xx.2021-ci il tarixədək evə görə 28000 manat pulu, evi almaqdan imtina edərsə kirayə haqqı olaraq 4000 manat pulu ödəməyi, heç bir zərər vurmadan bütün kommunal borcları ödəmək şərtilə evdən çıxmağı öhdəsinə götürsə də, evin mülkiyyətçisi olan İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi Sahib Eyvazov tərəfindən müqavilənin yerinə yetirilməsinə maneə törədən heç bir hərəkət edilmədiyi halda öhdəliyinə əməl etməyərək 1.9 il müddətində heç bir ödəniş etmədən həmin evdə yaşamasına rəğmən razılaşmanı heç bir əsas gətirmədən birtərəfli qaydada pozduğu (evi almaqdan imtina etdiyi) halda, iddiaçı qarşısında şərtləşdirilmiş 4000 manat kirayə haqqını və kommunal xərcləri ödəmək öhdəliyinə əməl etməməsi vicdanlılığın tələb etdiyi tərz kimi qəbul edilə bilməz. Kollegiya işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh 1.9 il müddətində heç bir ödəniş etmədən həmin evdə yaşayıb, kommunal xidmətlərdən istifadə edərək iddiaçının adına qaz sərfiyyatına borc yaratdığından və sonradan həmin kommunal bocu və şərtləndirilmiş 4000 manat kirayə haqqını ödəmədiyindən, o, iddiaçı qarşısında hüquqi məsuliyyət daşımalıdır. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(035)-159/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(035)-159/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar