Məhkəmə qərarları › İş №2(107)-1316/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1316/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1316/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(019)-554/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun, 200 manat vəkilə ödənilmiş vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı 18 noyabr 2019-cu il tarixli və 24 dekabr 2019-cu il tarixli ilkin müqavilələrin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(019)554/2023 saylı qərardadına əsasən həmin qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, 8 saylı Notariat Ofisində xx.xx.2019 cu il və xx.xx.2019-cu il tarixlərdə ünvan 1i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsinin satılması ilə bağlı ilkin müqavilələr imzalanmışdır. Həmin müqavilələr Notarius reyestrində 3M-394 və 3M-440 nömrələr ilə qeydə alınmışdır. Müqavilələrə əsasən ikinci tərəf birinci tərəfə ilkin olaraq ödənilməli olan 4500 manatdan 1000 manat və 3200 manat olmaqla 4200 manatı Notariusun bankda olan depozit hesabına ödəmişdir. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş 1931 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən olur ki, xx.xx.2019-cu il tarixli 3M- 394 cə xx.xx.2019-cu il tarixli 3M440 saylı müqavilələr üzrə 4200 manat məbləğ X5 etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən notariusun bank hesabından götürülmüşdür. Qeyd edilən ilkin müqaviləyə və ilkin müqaviləyə əlavəyə əsasən satıcı olaraq X2 rayonu, Gərəkli kəndi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin alıcaya İddiaçı satmağa dair öhdəlik götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər bu müqaviləni notariat qaydasında təsdiq olunduqdan sonra əsas müqavilənin rəsmləşdirilməsi üçün qarşılıqlı razılıq əsasında 3 (üç) il müddət müəyyən etmişlər. Bundan sonra 2022-ci və 2023-ci illər ərzində satıcıya əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmçinin ilkin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı, yəni X10 ilkin müqavilə notariat tərəfindən təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 1i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verir. Lakin cavabdeh müqavilənin qeyd olunan bəndinində tələbini pozmuş, hazırki tarixədək torpaq sahəsinin alıcının sahibliyinə verməmişdir. Bununla bağlı cavabdehə şifahi müraciət etdikdə o, müxtəlif bəhanələrlə müqavilənin bu bəndinin icrasından yayınmışdır. Qarşı tərəf öhdəliyini icra etmədiyi üçün tərəfindən qeyd edilən torpaq sahəsinin onunla alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətə alıcının sahibliyinə verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(019)-554/2023 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun və 200 manat vəkilə ödənilmiş xərcin İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 15 may 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3ində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmış, Cavabdehnin nümayəndəsi X9 ilə İddiaçı arasında 18 noyabr 2019cu il tarixdə ilkin müqavilə bağlanmış, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin 1000 manatını satıcıya ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər.Bundan sonra tərəflər arasında 24 dekabr 2019-cu il tarixdə yenidən ilkin müqaviləyə əlavə müqavilə bağlanmış, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin qalıq 3200 manatını satıcıya ödəməyi, qalıq 300 manatın isə alqı-satqı müqaviləsi bağlandığı zaman ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. xx.xx.2019-cu il tarixli 3M-394 və xx.xx.2019-cu il tarixli 3M440 saylı müqavilələr üzrə 4200 manat məbləğ cavabdehin nümayəndəsi X9 tərəfindən notariusun bank hesabından götürülmüşdür. İş materiallarından həmçinin müəyyən olunur ki, sözügedən ünvan 3ində yerləşən 0.12 ha torpaq sahəsində Cavabdeh məxsus 2 fərdi yaşayış evi vardır və cavabdeh həmin evlərin qiymətinin 250000 manat olduğunu bildirmişdir. Həmçinin həmin torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi üçün müqavilələrdə nəzərdə tutulmuş 3 illik müddət keçmiş və bu müddət ərzində alqı-satqı rəsmiləşdirilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İşin faktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsi üzərində cavabdehə məxsus 2 fərdi yaşayış evi yerləşir və cavabdehin təmsilçisi X9 ilə iddiaçı arasında 18 noyabr 2019-cu il tarixdə və 24 dekabr 2019-cu il tarixdə ilkin müqavilələr bağlanmış, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evləri ilə birgə real dəyərindən dəfələrlə aşağı qiymətə, yəni 4500 manata torpaq sahəsinin alıcıya satılması barədə razılığa gəlmişlər. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən torpaqla bağlı cavabdehdən etibarnamə almış bacısı həmin əmlakın real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına dair alıcı ilə razılıq əldə etmişdir. Bununla da, qanunvericiliyin yuxarıda qeyd edlilən tələbləri baxımından təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Halbuki tərəflər arasında bağlanmış ilkin müqavilələr cavabdehin yox, məhz satıcının maraqlarına xidmət etmiş, cavabdehin mənafeyinə uyğun olmamışdır. Bağlanan əqd cavabdehin iradəsinə zidd olduğuna baxmayaraq təmsil edən hətta bu barədə cavabdehə məlumat belə verməmişdir. Göründüyü kimi, təmsilçi vasitəsi ilə tərəflər arasında bağlanmış ilkin müqavilə və ona əlavə cavabdehin iradə ifadəsini əks etdirməmiş, onu daha da ağır vəziyyətə salmışdır. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər ilkin müqavilə rəsmiləşdirildiyi andan 3 il ərzində satıcının mübahisə predmeti olan torpaq sahəsini alıcının sahibliyinə verməyi öhdəsinə götürsə də, torpaq sahəsi həmin 3 il müddətində naturada alıcıya təhvil verilməmiş, müqavilənin qüvvədə olduğu 3 il ərzində iddiaçı həmin torpaq sahəsinin alınması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçı Cavabdeh 2022-ci və 2023-ci illər ərzində əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsini göstərsə də, 2022-ci ilin hansı ayı və günündə və 2023-cü ilin hansı ayı və günündə, yəni hansı dəqiq tarixlərdə bununla bağlı cavabdehə şifahi və yazılı müraciət etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bundan başqa Cavabdeh sözügedən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh həmin 0,12 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları vardır. Hazırki iddianın təmin edilməsi cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əsassız pozulmasına səbəb olacaqdır ki, bu da qanunla yolverilməzdir. Belə ki, hazırki işdə cavabdehin həmin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından məhrum edilməsi və ya həmin hüquqların məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş şərtlər və məqsədlər mövcud deyildir, həmçinin bu demokratik cəmiyyətdə zəruri deyildir. Belə olan halda cavabdeh mülkiyyət hüququndan əsassız məhrum olmaqla ağır məhrumiyyətlərə məruz qalacaqdır ki, bunun üçün də qanuni əsaslar yoxdur. Eyni zamanda cavabdehin üzərinə iddiaçı ilə həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması və torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi vəzifəsinin qoyulması cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə yanaşı, müqavilə azadlığı prinsipinə də ziddir. İşdəki sübutlardan görünür ki, 0,12 ha torpaq sahəsinin alqı-satqısı üçün sözügedən müqavilələrdə nəzərdə tutulmuş 3 il müddət keçmiş və bu müddət ərzində həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilməmişdir. Yəni tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin həmin torpaq sahəsində əvvəllər tikilmiş cavabdehə məxsus 2 fərdi yaşayış evi vardır. İşin müəyyən olunmuş faktiki halları və hüquqi əsasları baxımından cavabdehin üzərinə həmin torpaq sahəsini iddiaçıya alqı-satqı qaydasında satmaq və torpaq sahəsini iddiaçının sahibliyinə vermək barədə öhdəlik qoyula bilməz. Əks hal qanunvericiylin tələblərinin kobud pozuntusu olardı ki, bu da qəbuledilən deyildir. İddiaçı cavabdehdən və ya onun təmsilçisindən ödənilən pulun geri qaytarılması, vurulmuş ziyanı tələb edə bilər ki, hazırki iddiada da bu tələb qoyulmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmamalı, həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 200 manat vəkilə ödənilmiş xərc İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 178.1, 324.1, 324.4, 331.1, 334.1, 359.1, 359.2, 359.3, 362.1, 777.1, 777.2, 778.1, 778.2, 778.3, 390.3, 404.1, 404.2, 405.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci, 77.1-ci, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)- 554/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Lakin həmin qətnamə əsassızdır və qanuna zidd olduğu üçün ləğv edilməlidir. Hazırki halda təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi notarius tərəfindən təhlil edilmiş, təmsil edənin ilkin müqavilə bağlamaq səlahiyyətinin olması və etibarnamənin müddətinin olmasını nəzərə alınmışdır. Cavabdeh bacısı (satıcı) X7 verdiyi etibarnamə də məhz ünvan 1i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsinin satılması üçün nəzərdə tutulmuşdur. Nə qədərki, cavabdehin bacısına verilmiş etibarnaməyə xitam verilməmiş və o hüquqi qüvvəsini itirmədiyindən bu arqument özü-özlüyündə əsassız olmaqla, hazırki mübahisənin predmeti deyildir.Lakin işə baxan məhkəmə bunu nəzərə almamışdır. Həmçinin cavabdehin özü və arvadı ilkin alqı-satqı müqavilələrindən, torpağın satış qiymətindən məlumatlı olmuşlar. Cavabdehin arvadı X1 tərəfindən imzalanmş və Balakən rayonu notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 8İ-6690 nömrəli,xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin satılmasına, bağışlanmasına etiraz etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 8 saylı Notariat Ofisində xx.xx.2019 cu il və xx.xx.2019-cu il tarixlərdə ünvan 1i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsinin satılması ilə bağlı İlkin Müqavilələr imzalanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısından aydın olur ki, cavabdehin nümayəndəsi alq-satqı müqaviləsinin bağlanmasına dəvət edilmiş, lakin o, heç yerə getməyəcəyini heç bir sənədə imza atmayacağını bildirir. Həmçinin bu fakt məhkəmə dindirilmiş şahid tərəfindən təsdiq edilir. Məhkəmə qətnaməsində isə həmin hissəyə münasibət bildirməmişdir. Qeyd olunanlara əsasən, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(019)-554/2023 saylı qətnaməsini ləğv edərək onunla Cavabdeh arasında əsas alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması və 100 manat dövlət rüsumunun, 200 manat vəkil xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə yeni qətnamənin çıxarılmasını xahiş edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(019)-554/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(019)-554/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya: İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci madsəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci madsəsində göstərilir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü madsəsində göstərilir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci madsəsində göstərilir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci madsəsində göstərilir ki, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci madsəsində göstərilir ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.2-ci madsəsində göstərilir ki, özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü madsəsində göstərilir ki,təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqaivlə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci madsəsində göstərilir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci madsəsində göstərilir ki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci madsəsində göstərilir ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.2-ci madsəsində göstərilir ki, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.3-cü madsəsində göstərilir ki, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-554/2023 saylı qətnaməsini ləğv edərək onunla Cavabdeh arasında əsas alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması və 100 manat dövlət rüsumunun, 200 manat vəkil xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(019)-554/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(019)-554/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 15 may 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3ində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmış, Cavabdehnin nümayəndəsi X9 ilə İddiaçı arasında 18 noyabr 2019-cu il tarixdə ilkin müqavilə bağlanmış, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin 1000 manatını satıcıya ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər.Bundan sonra tərəflər arasında 24 dekabr 2019-cu il tarixdə yenidən ilkin müqaviləyə əlavə müqavilə bağlanmış, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin qalıq 3200 manatını satıcıya ödəməyi, qalıq 300 manatın isə alqısatqı müqaviləsi bağlandığı zaman ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. xx.xx.2019-cu il tarixli 3M-394 cə xx.xx.2019-cu il tarixli 3M440 saylı müqavilələr üzrə 4200 manat məbləğ cavabdehin nümayəndəsi X9 tərəfindən notariusun bank hesabından götürülmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instaniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsi üzərində cavabdehə məxsus 2 fərdi yaşayış evi yerləşir və cavabdehin təmsilçisi X9 ilə iddiaçı arasında 18 noyabr 2019-cu il tarixdə və 24 dekabr 2019-cu il tarixdə ilkin müqavilələr bağlanmış, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evləri ilə birgə real dəyərindən dəfələrlə aşağı qiymətə, yəni 4500 manata torpaq sahəsinin alıcıya satılması barədə razılığa gəlmişlər. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən torpaqla bağlı cavabdehdən etibarnamə almış bacısı həmin əmlakın real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına dair alıcı ilə razılıq əldə etmişdir. Bununla da, qanunvericiliyin yuxarıda qeyd edlilən tələbləri baxımından təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Halbuki tərəflər arasında bağlanmış ilkin müqavilələr cavabdehin yox, məhz satıcının maraqlarına xidmət etmiş, cavabdehin mənafeyinə uyğun olmamışdır. Bağlanan əqd cavabdehin iradəsinə zidd olduğuna baxmayaraq təmsil edən hətta bu barədə cavabdehə məlumat belə verməmişdir. Göründüyü kimi, təmsilçi vasitəsi ilə tərəflər arasında bağlanmış ilkin müqavilə və ona əlavə cavabdehin iradə ifadəsini əks etdirməmiş, onu daha da ağır vəziyyətə salmışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər ilkin müqavilə rəsmiləşdirildiyi andan 3 il ərzində satıcının mübahisə predmeti olan torpaq sahəsini alıcının sahibliyinə verməyi öhdəsinə götürsə də, torpaq sahəsi həmin 3 il müddətində naturada alıcıya təhvil verilməmiş, müqavilənin qüvvədə olduğu 3 il ərzində iddiaçı həmin torpaq sahəsinin alınması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 402.5-ci maddəsinə əsasən Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı Cavabdeh 2022-ci və 2023-ci illər ərzində əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsini göstərsə də, 2022-ci ilin hansı ayı və günündə və 2023-cü ilin hansı ayı və günündə, yəni hansı dəqiq tarixlərdə bununla bağlı cavabdehə şifahi və yazılı müraciət etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kollegiya şikayətdə qeyd edilən iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısında cavabdehin nümayəndəsinin alq-satqı müqaviləsinin bağlanmasına dəvət edilməsi və onun heç yerə getməyəcəyini, heç bir sənədə imza atmayacağı barədə dəlilini əsassız hesab edir. Belə ki, həmin səs yazısının hansı tarxdə yazılması müəyyən deyildir. Yəni müqvilə müddədində yoxsa müqavilə müddəti bitdikdən sonra yazılmışdır. Ona görə də kollegiya şikayətin bu hissəsini əsassız sayır. Bundan başqa şikayətdə qeyd edilir ki, bu faktı məhkəmədə dindirilmiş şahid tərəfindən təsdiq edilir. Məhkəmə qətnaməsində isə həmin hissəyə münasibət bildirməmişdir. Kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, kollegiya müəyyən etmişdir ki, İddiaçı şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində şahidin dindirilməsinə münasibət bildirməməsi qeyd edilsə də, iş materiallarında şahidin dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin protokolunda hər hansı şahidin dindirilməsi faktı aşkar olunmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(019)- 554/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(019)-554/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar