Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1331/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh «Аzəriqаz» İstehsаlаt Birliyinə qarşı (açar sözlər: Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı X3 Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dаir” mülki iş üzrə Ucar Rаyоn Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(063)-109/2023 saylı qətnаməsindən cаvаbdeh «Аzəriqаz» İstehsаlаt Birliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı X7 Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu X10 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 16 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktla tətbiq edilmiş 2384,64 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, o, Ucar şəhərində yaşayır, məişət qayğılarının həll ed üçün təbii qaz xətti, elektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında cavabdehin əməkdaşının sayğaca baxış keçirdkdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh Ağsu X10 İdarəsinin əməkdaşları 16 noyabr 2022-ci il tarixdə barəsində akt tərtib etmişlər. Sayğacdan kənar qaz xətti ona akt tərtib edilən tarixdən təxminən 25-30 gün əvvəl quraşdırılmışdır. Sayğacdan kənar qaz xətti quraşdırılsa da o, həmin qaz xəttindən istifadə etməmişdir. Belə ki, o, sayğacdan kənar qaz xətti quraşdırılmış evdə tənha qalır, çox vaxt o, günün az bir hissəsini təmizlik niyyəti ilə həmin evdə olur, günün qala hissəsini digər qohumlarının yanında olur. Beləliklə, sayğacdan kənar qaz xətti faktiki olaraq istifadə olunmamış, istifadə edilmədən həmin xətt aşkarlanmamışdır.
3. Cavabdeh nümayəndəsi iddiaçının iddiasına qarşı birinci instansiya məhkəməsinə etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 16 noyabr 2022-ci il tarixində Cavabdehi Ağsu X10 İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan X3 fərdi yaşayış evinə baxış keçirərək, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə (qaz sayğacından kənar olaraq əlavə xətt çəkərək istifadə edir) təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 16 noyabr 2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu X10 İdarəsinə göndərilmişdir. Mənzildə sayğacdan kənar əlavə qaz xəttinin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə video və foto çəkiliş aparılmışdır (çəkilişin diski və 1 ədəd fotoşəkil etiraza əlavə edilir). 16 noyabr 2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 28 fevral 2022-ci il tarixdə Ağsu X10 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək X3 Ucar xidmət sahəsinin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 19872 m3 - 2384.64 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur X1 abonent koduna hesablanaraq vurulmuş 2384.64 məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. X7 ilə Ucar xidmət sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.
4. Ucar Rаyоn Məhkəməsinin (hakim Hilal Xəlilov) 14 mart 2023-cü il tаrixli, 2(063)- 109/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X5 Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 198 (bir yüz doxsan səkkiz) manat 72 (yetmiş iki) qəpik məbləğində müəyyən edilməsi və 2185 (iki min yüz səksən beş) manat 92 (doxsan iki) məbləğində pul onun abonent hesabından silinməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 5.4 və 5.5-ci bəndlərinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - 16 noyabr 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 16 noyabr 2022- ci ildə Cavabdeh Ağsu X9 İdarəsinin Ucar Xidmət Sahəsinin TQQSX-in əməkdaşları tərəfindən istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmışdır, baxış keçirilən zaman sayğacdan kənar olaraq mənzilinə əlavə xətt çəkərək istifadə etdiyi aşkar olunmuşdur. - Cavabdeh Ağsu X9 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 17 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərindən 1 ədəd həcmli su qızdırıcının maksimal saatlıq qaz sərfi 1.5 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, 1 ədəd PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və hesablanmış məbləğin ödənilməsi, cəmi 19872 kub/metr göstərilmişdir. - Abonentin saldosundan görünür ki, 2022-ci ilin noyabr ayı üçün abonentə-iddiaçıya akt üzrə 2384.64 manat hesablanmışdır. - AZE seriyalı, 16897024 nöməli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır.
7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmuş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. X1 abonent koduna hesablanaraq vurulmuş 2384.64 (iki min üç yüz səksən dörd) manat 64 qəpik məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. X7 ilə Ağdaş Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən tərəfimizndən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rаyоn Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(063)-109/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçı X2 tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
10. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; - 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 4.6. Qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; - 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; - 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. - 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
15. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
31. Müəyyən edilmişdir ki, 16 noyabr 2022-ci il tarixində Cavabdeh İB-nin Ağsu RQİİnin Ucar xidmət sahəsinin əməkdaşları Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan X3 fərdi yaşayış evinə baxış keçirərək, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə (qaz sayğacından kənar olaraq əlavə xətt çəkərək istifadə edir) təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 16 noyabr 2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu X10 İdarəsinə göndərilmişdir. Mənzildə sayğacdan kənar əlavə qaz xəttinin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə video və foto çəkiliş aparılmışdır (çəkilişin diski və 1 ədəd fotoşəkil etiraza əlavə edilir). 16 noyabr 2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 28 fevral 2022-ci il tarixdə Ağsu X10 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək X3 Ucar xidmət sahəsinin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 19872 m3 - 2384.64 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı 2384,64 manat borc məbləğinin hesabından silinməsi barədə məhkəməyə müraciət etmiş, Ucar Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
32. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının təqsirli hərəkətinə görə cavabdehin iddiaçıdan zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır, cavabdeh tərəfindən hesabat müddəti 360 gün göstərilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, məhkəmə cavabdehin bu hesabatını qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, cavabdehin 16 noyabr 2022-ci il tarixli aktına əsasən hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş təbii qazın dəyərinə görə iddiaçıya 198,72 manat məbləğində pul hesablanmalıdır. Belə ki, yuxarıda qeyd olunan Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.
34. Kollegiya iddiaçının abonent saldosuna nəzər istər cavabdeh tərəfindən pozuntu aşkar edildikdən əvvəlki və sonrakı dövrlərdə iddiaçının qaz sərfiyyatında elə bir ciddi fərqin olmadığı müəyyən edilmişdir. Ona görə də qaz paylayıcıya dəymiş zərərin hesablanması üçün 30 gün üçün hesabat aparılması daha ağlabatan olmaqla yanaşı, həm də ədalətlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
37. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
38. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ucar Rаyоn Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(063)- 109/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
40. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax 27-ci bənd). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rаyоn Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(063)-109/2023 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov