Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-134/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1443/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh mülkiyyətində olan Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 16 oktyabr 2020-ci il tarixli, 13 oktyabr 2021-ci il tarixli və 14 aprel 2022-ci il tarixli baş etibarnamə ilə iddiaçının istifadəsinə vermişdir. Daha sonra həmin etibarnaməni ləğv etmiş və avtomobili iddiaçıdan geri almışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlə arasında Hyundai Accent markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobilin faktiki alqı-satqısı üçün ödənilmiş 5500 manat, avtomobilin təmir-bərpa xərclərinə ödənilmiş 1500 manat və dövlət rüsumu olaraq ödənilmiş 90 manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 oktyabr 2020-ci il tarixdə hazırki iş üzrə Cavabdeh ilə onun mülkiyyətində olan Hyundai Accent markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5500 manat müqabilində ona satılmasına dair razılığa gəlmişlər. Həmin razılığa uyğun olaraq onun tərəfindən Cavabdeh 5500 manat pul ödənilmiş və maşının onun adına sənədləşdirilməsi üçün sonuncu tərəfindən ona 16 oktyabr 2020-ci ildə baş etibarnamə verilmişdir. Daha sonra o, həmin avtomobilin adına sənədləşdirilməsi üçün müraciət etdikdə, ona məlum olmuşdur ki, avtomobilin texniki pasportunda göstərilən mühərrik nömrəsi ilə faktiki mühərrik nömrəsi arasında ziddiyyət vardır. Bu səbəbdən də, həmin avtomobilin onun adına sənədləşdirilməsi mümkün olmamışdır. Daha sonra bununla bağlı Cavabdeh ilə əlaqə saxlamış və ona bu barədə məlumat vermişdir. Sonuncu isə cavabında bu narahatçılığa heç bir əsas olmadığını, bu problemi özü həll edəcəyini, sadəcə bir az vaxt lazım olduğunu bildirmişdir. Keçən müddət ərzində Cavabdeh tərəfindən ona əlavə olaraq 14 aprel 2021-ci ildə 1 il müddətinə, 13 oktyabr 2021-ci ildə isə 6 ay müddətinə əlavə etibarnamələr verilmişdir. Bu müddət ərzində avtomobil onun istifadəsində olmuş və həmin avtomobilin təmir-bərpa işləri üçün 1500 manat pul xərclənmişdir. Keçən müddət ərzində avtomobilin sənədlərində olan qüsurlar söz verilməsinə baxmayaraq, cavabdeh tərəfindən aradan qaldırılmadığından, sonuncu ilə aralarında mübahisə olmuşdur. Bundan sonra cavabdeh ona məlumat vermədən sonuncu verdiyi etibarnaməni ləğv etdirmiş, avtomobil onun tərəfindən istifadə edilərkən dövlət yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq saxlama meydançasına yerləşdirilmişdir. Daha sonra cavabdeh tərəfindən maşın saxlama meydançasından qaçırılmış və bu barədə ona heç bir məlumat verilməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, mümkün olmamış, cavabdeh onun zənglərinə cavab verməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclası zamanı və iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş və əlavə olaraq göstərmişdir ki, onunla Elxan arasında heç bir avtomobil alqısatqısı olmayıb. **-ED-*** nömrəli Hyundai markalı avtomobil ona məxsusdur və iş materiallarında olan sənədlər də bunu sübut edir. Elxan avtomobilə görə, heç 1 manat belə ona ödəniş etməmişdir. O, şəxsi münasibətlərə görə, (özünü yaxın göstərdiyi üçün) avtomobili ona istifadə etməyə vermişdir. Belə ki, Bakı şəhərinin Nərimanov rayonunda ailəsi ilə yaşadığı müddətdə 4-5 il Elxanla dostluq etmişdir. Hətta qızını məktəbə aparıbgətirmiş, qardaşları ilə çörək kəsmişdir. 2020-ci ilin noyabrında işi ilə əlaqədar valideynlərinin yaşadığı Mingəçevir şəhərində yerləşən evə gəlmişdir. Uşaqlarının da ehtiyacını normal qarşılamışdır. Amma həyat yoldaşı Sevinc Ələkbərova ilə səbəbsiz mübahisələri yaranmışdır. Ayda 3-4 dəfə gəlib uşaqlarını görmüşdür. Həmin vaxtlarda da yoldaşı onun tez getməyi üçün davalar salmışdır. 2021-ci ilin noyabrında Bakıda olduğu vaxt uşaqlarını götürüb bacısıgilə getmişdir. Yoldaşı isə israrla evdən çıxmağını istəmişdir. Şübhələndiyindən onu güdmək qərarına gəlmişdir. Ona “xəstəyəm, yatacam!” demiş amma o, evdən çıxan kimi bəzənib harasa getmişdir. O liftdən çıxana kimi taksiylə gözdən itmişdir. Bir neçə gündən sonra məsələ açılanda otelə “müəllimin ad gününə” getdiyini demişdir. Bu müddətdə də nə müəllimi tapa bilmiş, nə də əlavə şey sübut edilmişdir. Bu məsələdən sonra uşaqlarını götürüb Mingəçevirə gəlmişdir. Artıq 8 aydır ki, övladları yanındadır. Biri məktəbə, digəri bağçaya gedir. Bununla belə ailə münaqişələri başlayanda daima Elxandan şübhələnmişdir. Bir gün Elxanın şəklini uşaqlara göstərmiş və onlar Elxanın onların yaşadıqları evə gəldiyini hətta anasının bunları otağa salıb qapını bağladığı və Elxanla digər otaqda “yaşadığını” demişlər. Qızını məktəbə, gəzməyə aparmışdır. Bunları öyrənəndən sonra Elxanı Mingəçevirə çağırıb söhbət eləmək istəmişdir. Bu zaman mübahisələri yaranmış və polis bölməsinə düşmüşlər. Hətta guya onu döydüyünə dair şər atmışdır. Bölməyə uşaqları da dəvət olunmuşdur. Tədqiqatçı Pərviz müəllim Elxana bənzəyən bir neçə nəfəri uşaqlara göstərmiş, onlar Elxanı o insanların içərisindən tanımışlar. Ona görə də o, avtomobili onun əlindən almışdır. Əgər onunla iddiaçı arasında hər hansı bir alqı-satqı olsaydı və iddiaçı ona pul ödəsəydi, onda bu vaxta qədər avtomobili öz adına sənədləşdirərdi. Avtomobilin sənədlərində heç bir problem olmamışdır. İddiaçının istinad etdiyi dəlillər tamamilə əsassızdır. Elə bir hal olsaydı, iddiaçı ona dair sənəd təqdim edərdi. Odur ki, məhkəmədən iddianın rədd olunması haqda qətnamə çıxarılmasının xahiş edir.
5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmiş, cavabdeh isə məhkəməyə yazılı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh mülkiyyətində olan Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında iddiaçının istifadəsinə vermişdir. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu cavabdeh tərəfin izahatı və təqdim edilən sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçı iddia ərizəsində cavabdehlə aralarında olan şifahi alqısatqı müqaviləsinə əsasən həmin avtomobilin onun mülkiyyətinə verilməsi ilə bağlı iddiaçı ilə aralarında razılaşma olduğunu və buna görə də cavabdehə 5500 manat pul verdiyini göstərmişdir. Cavabdeh tərəf isə onunla iddiaçı arasında belə razılaşma olmadığını və bunun müqabilində də iddiaçı tərəfindən ona hər hansı pul verilmədiyini bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır.
7. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri daşınar əşyanın başqasının istifadəsinə verilməsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrdən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır.
8. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh mülkiyyət hüququnu öz adında saxlamaqla sahibliyində olan avtomobili iddiaçının əvəzsiz istifadəsinə vermiş, sonra isə vaxtından əvvəl iddiaçının adına verdiyi etibarnaməyə xitam verdirmişdir. Bununla da iddiaçı ilə cavabdeh arasında əvəzsiz istifadə ilə bağlı münasibətlər başa çatmışdır. Ona görə də, iddiaçının əvəzsiz istifadəyə götürdüyü avtomobili cavabdehə qaytarmaq vəzifəsi yaranmışdır. Həmin hal isə cavabdehin aidiyyəti orqanlara müraciəti əsasında öz həllini tapmışdır.
9. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olmuş etibarnamələrdə iddiaçının təyinatı üzrə avtomaşından istifadə etməsi zamanı onun dəyişməsi, pisləşməsi, həmçinin dəyərdən düşməsi üçün cavabdeh qarşısında maddi məsuliyyət daşıması, eləcə də, cavabdehin həmin avtomaşını iddiaçıya əvəzli verməsi, iddiaçının da hər hansı məbləğdə cavabdehə pul ödəməsi nəzərdə tutulmamışdır. Sonradan isə cavabdeh tərəf etibarnaməyə xitam verməklə özünə məxsus avtomaşını iddiaçıdan almış, bununla da tərəflər arasında mülki hüquq münasibətləri başa çatmışdır. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında hazırda müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır.
10. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı tərəfin tələbinin əsaslı olması üçün tərəflər arasında mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmalı, iddiaçı tərəf avtomobilin dəyərini cavabdehə ödəməli, cavabdeh isə avtomobilin iddiaçının sahibliyinə vermək öhdəliyini yerinə yetirməməlidir. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ yarana bilər.
11. İşin müəyyən olunmuş hallarından görünür ki, hazırda Hyundai Accent markalı, 10- ED-302 dövlət nömrə nişanlı avtomobil cavabdehin mülkiyyətindədir. Cavabdeh həmin avtomobili etibarnamə əsasında iddiaçının istifadəsinə vermişdir. İddiaçı isə etibarnamə əsasında həmin avtomobildən təyinatına uyğun istifadə etmişdir. Göründüyü kimi Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətinə deyil, yalnız istifadəsinə verilmişdir. İddiaçı isə həmin avtomobilin onun mülkiyyətinə verilməsi və bunun müqabilində 5500 manat pul ödəməsi, həmçinin 1500 manat məbləğində təmirbərpa işlərinin aparması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə bir daha öz hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, mübahisəli avtomobilin cavabdeh tərəfindən iddiaçıya əvəzli verilməsinə dair tərəflər arasında alqısatqı müqaviləsi bağlanmamış, ona görə də tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti yaranmamışdır. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı tələb hüququ yoxur.
13. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi əsaslı deyildir.
14. Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)- 1443/2022 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452, 575, 732 və 735-738-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
16. İşdə olan xx.xx.2020-ci il tarixli, ƏN-Vİİ 466134 saylı, xx.xx.2021-ci il tarixli ƏN- Vİİ 979104 saylı, xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ 212998 saylı etibarnamələrin surətindən görünür ki, Cavabdeh özünə məxsus Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam və digər hərəkətlər, qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaqda daxil olmaqla bütün hüquqlarnı İddiaçı etibar etmişdir.
17. İşdə olan Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahibliyindədir
18. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi biabırçı izahat tamamilə yalan və əsassızdır. Cavabdehin ailə münaqişəsini onunla əlaqələndirməsi iyrənc bir iftiradır. 2020-ci ilin noyabr ayında o Mingəçevir şəhərinə gedəndə artıq avtomobilini ona satmışdı və avtomobil istifadəsində idi. Əgər həqəqtən də o onun ailə münaqişəsinin səbəbkarıdırsa, onda cavabdeh hansı səbəbdən ilk etibarnamə verilən gündən 6 ay sonra yəni xx.xx.2021ci il tarixdə və 6 ay sonra xx.xx.2021-ci il tarixdə adına etibarnamələr verməsini necə əsaslandıra bilər? Bununla yanaşı cavabdeh etirazının əsası kimi iddiaçı ilə arasında olan münaqişənin polis şöbəsində araşdırılmasının nəticəsi barədə məhkəməyə sübut təqdim edə bilmiş və məhkəmə bunu araşdırmamışdır.
20. Məhkəmə cavabdehin iddiaçıya 1 illik baş etibarnamə verməsini aydınlaşdırmamışdır. Məhkəmə cavabdehin alqı-satqı niyyətinin olmadığını sübut edə bilmədiyini müəyyən etsə də buna qiymət verməmişdir. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh avtomobili satmaq niyyətinin olduğunu bildirsə də iddiaçıya 1 illik baş etibarnamə verməsini əsaslandıra bilməmişdir.
21. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1443/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o Hyundai Accent markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobilin əvəzində cavabdehə pul deyil, 16 oktyabr 2020-ci il tarixli etibarnamə ilə istifadəsində olan “Mitsubishi Pajero” markalı avtomobil vermişdir ki, hal-hazırda tələb etdiyi 5500 manat pul həmin avtomobilin dəyəri olan puldur.
24. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. 736.1-ci maddəsinə əsasən 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. 738-ci maddəsinə əsasən kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 53.cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)- 1443/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 19-20-ci bəndlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin iddiaçıya vermiş olduğu baş etibarnamələrdə cavabdehin həmin avtomaşını iddiaçıya əvəzli verməsi, iddiaçının da hər hansı məbləğdə cavabdehə pul ödəməsi nəzərdə tutulmamışdır. İddiaçı həmin etibarnamədən sonra iki dəfə ayrı-ayrı vaxtlarda cavabdehin iddiaçıya verdiyi etibarnamələrə istinad etsə də, işin hallarından müəyyən olunur ki, həmin etibarnamələrdə maşının iddiaçıya əvəzli verilməsini nəzərdə tutuan heç bir qeydə rast gəlinmir. Belə olan halda həmin etibarnamələrin hansı səbəbdən verilmiş olması sübutlarla təsdiq edilmədiyindən hazırki iş üzrə əhəmiyyət kəsb etmir. Hər üç etibarnamədən görünən odur ki, hazırki iş üzrə cavabdeh mülkiyyət hüququnu özündə saxlamaqla sahibliyində olan avtomobili iddiaçının əvəzsiz istifadəsinə vermiş, sonra isə vaxtından əvvəl iddiaçının adına verdiyi etibarnaməyə xitam verdirmişdir. Bununla da iddiaçı ilə cavabdeh arasında əvəzsiz istifadə ilə bağlı münasibətlər başa çatmışdır. Ona görə də, iddiaçının əvəzsiz istifadəyə götürdüyü avtomobili cavabdehə qaytarmaq vəzifəsi yaranmışdır.
31. İddiaçı apellyasiya şikayətində həmçinin cavabdehlə aralarındakı münaqişə ilə bağlı polis idarəsində aparılmış araşdırmaya istinad edir ki, həmin hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır.
32. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının bu qətnamənin 23-cü bəndində göstərilmiş izahatına qiymət verərək bildirir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsində iddiaçının cavabdehə istifadəsində olan “Mitsubishi Pajero” markalı avtomobili verməsi və hal-hazırda həmin avtomobilin dəyərinin tələb edilməsi ilə bağlı tələbə baxılmamışdır. İddiaçının apellyasiya şikayətində də həmin hallara istinad olunmamışdır. Bu qətnamənin 26-cı bəndində göstərilmiş hüquq normalarının tələblərindən görünür ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının ilk dəfə olaraq məhkəmə kollegiyasının iclasında irəli sürdüyü həmin tələblə bağlı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, hazırki işin apellyasiya icraatı dövrünü əhatə edən bəzi sənədlərdə birinci instansiya məhkəməsinin qətnaməsinin tarixi 12 sentyabr deyil, səhvən 4 oktyabr kimi göstərilmişdir ki, işin mahiyyəti üzrə həll edilməsinə təsir etməyən amildir.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)-1443/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(051)- 1443/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev