Məhkəmə qərarları › İş №2(107)-1350/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1350/2023

05.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1350/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- Birlik) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən Balakən rayonu, Hənifə kəndində iddiaçıya məxsus yaşayış evinə quraşdırılmış G-4 markalı, **********1 nömrəli qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılmışdır. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, sayğacın plastmas borusu deşilib. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Birliyin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı, **********1 nömrəli qaz sayğacının nominal qaz sərfi 6m3, iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 12960 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 1555,20 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanıb abonent koduna vurulmuş 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayon Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuşdur. Cavabdeh Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-cü il tarixdə qaz sayğacının çıxarılması haqqında akt tərtib edilərək sayğacın dövlət yoxlamasına göndərilməsi onlara bildirilmişdir və sayğacı yenisi ilə əvəz etmişlər. xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İB-nin X4 İstismar İdarəsindən ******* nömrəli akt tərtib edilməklə yaşadığı evin G-4 markalı, **********1 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacdan qaz keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması yazılmışdır. O, bununla razılaşmamış, tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. "Azəriqaz" İB-nin X4 İstismar İdarəsindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt göndərilmiş və onun 1555,20 manat qazdan istifadəyə görə borcunun yarandığı qeyd edilmişdir. Aktda göstərilən müdaxilə əlamətləri ona aid deyildir, bundan xəbəri olmayıb. O, bunlarla razılaşmamış, çünki o, sayğaca heç bir müdaxilə etməmişdir. Onun istifadə etdiyi sayğac onun həyətində deyil, yolda heç vaxt nəzarət etmədikləri bir yerdədir, bundan başqa üzəri qoruyucu qutu ilə örtülməmişdir. Onu gecə-gündüz qorumaq gücündə deyillər. Əgər müdaxilə olsaydı, hər halda qaz sərfiyyatında azalma müşahidə olunardı. Son illərin qaz sərfiyyatına baxanda da açıqaydın məlum olur ki, heç bir qaz oğurluğundan söhbət gedə bilməz. Buna görə də "Azəriqaz" İB-nin X4 İstismar İdarəsinin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 757/2023 nömrəli iş üzrə qəbul etdiyi 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbinin təmin edilməsi, Cavabdeh Zaqatala X3 İdarəsi tərəfindən İddiaçı əsassız hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat borcun İddiaçı abonent hesabından (**********00140) silinməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının yaşayış evinə gələn təbii qaz sərfiyyatının qeydiyyatını aparan qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda yol sahəsində quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, qaz sayğacının yoxlanılması barədə 10 may 2023-cü il tarixli 14-2-2/3-5- 4809/Q002 nömrəli akt, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 may 2023-cü il tarixli ******* nömrəli akt tərtib olunarkən, həmçinin xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 12960 kub metr itirilmiş qaz itkisi ilə bağlı xx.xx.2023-cü il tarixli tələbnamə verilərkən qaz sayğacına müdaxilənin İddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iş materiallarında İddiaçı tərəfindən və ya onun göstərişi və yaxud iştirakı ilə digər şəxs tərəfindən qaz sayğacına müdaxilə olunmasını, ehtimal edilən bu müdaxilə nəticəsində İddiaçı evinə gələn təbii qazın həcmini göstərən qaz sayğacının çıxış plasnmas borusunun deşilməsi,sayğacdan qaz keçməsi, hesablama mexaniziminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız vəziyyətə düşməsini təsdiq edən heç bir sübut yoxdur. İş üzrə Cavabdeh tərəfindən də İddiaçı tərəfindən və ya onun göstərişi və yaxud iştirakı ilə digər şəxs tərəfindən qaz sayğacına müdaxilə olunması, ehtimal edilən bu halla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə 10 may 2023-cü il tarixli 14-2-2/3-5-4809/Q002 nömrəli aktın, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 may 2023-cü il tarixli ******* nömrəli aktın və 10 may 2023-cü il tarixli ******* nömrəli akt əsasında 12960 kub metr itirilmiş qazın bərpası ilə bağlı xx.xx.2023-cü il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə etirazın əsasını təşkil edə biləcək həmin halların mövcudluğu sübut olunmamışdır. Ona görə də məhkəmə qeyd olunan aktları həqiqəti əks etdirməyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda cavabdeh Birlik tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 12960 kub metr qaz itkisi olmaqla 1555,20 manat məbləğində zərər vurulması, bu zərərlə İddiaçı ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Belə mötəbər sübutlar cavabdehin iddiaya yazılı etirazında da göstərilməmiş və həmin etiraza əlavə olunmamışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 560.1, 560.2, 1091.2, 1091.2, 1092.1, 1096.1, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 80, 81, 88, 89.1, 106, 119.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərərtam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsuru təsdiq edən xx.xx.2022-ci il tarixli ******* saylı sayğac çıxarılma aktını imza etsə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həm də ona görə əsassızdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünümüdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, Qaydaların 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur: birincisi sayğacın texniki cəhətdən nasaz olması, ikincisi sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilmsi. Bu iki hal bir-birindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehilik ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. Belə ki, birinci halda sayğacın zavod qurğuşun plombunda və onun flyans birləşməsinə vurulan plombunda, sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutlmaq olmaz. İkinci halda isə sayğacını nasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi) bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz. Çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qaz sərfi müdaxilə qaz sayğacının şəbəkədən açılmamışdan əvvəlki dövrü ilə yenisi ilə əvəz edildikdən sonrakı dövrlə müqayisədə nəzərə çarpacaq dərəcədə fərq vardır. Sayğacda mövcud olan qüsur elə bir müdaxilədir ki, onun üzərində qanunsuz əməllər həyata keçirilərkən (müdaxilə edilərkən) hökmən mənzilin qaz təminatı dayandırılmalıdır və bundan da vətəndaşın məlumatının olmaması qeyri-mümkündür. Digər tərəfdən sayğacın içəri mexanizminə təmas edildiyindən müəyyən vaxt tələb olunur və ona ərazidən keçən hər hansı şəxsin təsadüfən müdaxilə etməsi də mümkünsüzdür və bu halda da cavabdehin məlumatının olmaması mümkünsüzdür. İstehlakçının sayğacda müdaxilə faktı varsa deməli onun məlumatı daxilində mümkündür. Nəticə etibarilə istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Yuxarıda aparılan analizdən və mülki işin faktiki hallarından da göründüyü kimi istehlakçıya məxsus mənzildə sayğaca müdaxilə edilməklə qanunsuz qazdan istifadə edilməsi faktına heç bir şübhə yeri qoymur və iddiaçının göstərdiyi fikirlər isə yalnız formal mülahizələrdən ibarətdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 4.2. Qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar