Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1355/2022 07.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Accessbank QSC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğv olunması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı Accessbank QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Accessbank QSC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21.iyul 2022-ci il tarixli e-2(075)-970/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi əvvəllər Cavabdeh məxsus olmuş, lakin İddiaçı QSC ilə X1 arasında bağlanmış kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipotekaya qoyulmuşdur. Həmin kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrası təmin edilmədiyindən Cavabdeh məxsus olmuş Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə məhkəmə qərarı əsasında tutma yönəldilmişdir. Belə ki, Şəki Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(075)-3/2017 saylı qətnaməsinə əsasən digər əmlaklarla yanaşı Cavabdeh məxsus olmuş Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh və orada yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılması qərara alınmışdır. Məhkəmə qətnaməsinin icrası təmin edildikdən sonra Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC mülkiyyətində olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini Cavabdeh ilkin olaraq 5000 manat vəsaiti İddiaçı QSC-nə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan məbləği isə hər 3 aydan bir dəfə 2500 AZN olmaqla 10 ödəniş ödəmək şərti ilə cəmi 30000 manata satmışdır. Lakin alıcı tərəfindən yalnız ilkin ödəniş olaraq 5000 manat vəsaitin daşınmaz əmlakın mülkiyyətçisi olan İddiaçı QSC-nə ödənilməsinə baxmayaraq qalan məbləğin ödənilməsi təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Accessbank QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və əmlakın mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclasında iddiaçı Accessbank QSC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, işin bu qətnamənin 1ci bəndində göstərilmiş hallarına əsasən Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmiş və müqavilə şərtlərini pozmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2022-ci il tarixində müqavilənin ləğv edilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, işin bu qətnamənin 1-ci bəndində göstərilmiş halları səbəbindən iddaçı Accessbank QSC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclaslarına gəlməyərək iddia tələbinə qarşı hər hansı bir münasibət bildirməmişdir.
6. Göründüyü kimi iddiaçı Accessbank QSC Cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı müqaviləyə əsasən mülkiyyətində olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini ilkin 5000 manat, qalan dəyərini isə hər 3 aydan bir dəfə 2500 manat olmaqla, 10 dəfə ödəniş etmək şərti ilə Cavabdeh nisyə şəkildə satmışdır. Alıcı Cavabdeh nisyə şəkildə aldığı daşınmaz əmlakın dəyərindən ilkin olaraq 5000 manatını ödəsə də qalan məbləğin ödənilməsini təmin etməmişdir. Cavabdeh 14 iyul 2021-ci il tarixdə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə 14 iyul 2021-ci il tarixdən sonrakı aylarda hər 3 aydan bir dəfə 2500 manat ödənişləri etməyi öhdəsinə götürməsinə baxmayaraq ödəniş etmədiyindən iddiaçı Accessbank QSC 24 yanvar 2022-ci il tarixdə müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı Cavabdeh xəbərdalıq göndərilmişdir. Cavabdeh iddiaçı bankın müraciətlərinə cavab vermədiyindən, müqavilə üzrə razılaşdırılmış ödənişlərin aparılmasını təmin etmədiyindən Accessbank QSC alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin alqı-satqının predmeti olmuş daşınmaz əmlakdan çıxarılması, əmlakın boşaldılması, əmlakın mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı Accessbank QSC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir.
8. Qeyd edilən hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçı Accessbank QSC Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin alqı-satqının predmeti olmuş daşınmaz əmlakdan çıxarılması, əmlakın boşaldılması, əmlakın təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hazırkı iddia tələbində haqlıdır.
9. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ANİ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmalı, əmlak boşaldılmalı və əmlakın mülkiyyətçisi İddiaçı QSC-yə təhvil verilməlidir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu xərci Cavabdeh iddiaçı Accessbank QSC-nin xeyrinə tutulmalıdır.
10. Şəki Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(075)-970/2022 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin olunmuş, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və əmlakın mülkiyyətçisi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu xərcinin Cavabdeh iddiaçı Accessbank QSC-nin xeyrinə tutulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152, 324, 389, 421, 423, 567, 598, 600, 601 və 646-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İşdə olan 23 oktyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 280.9 kv.metr sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir
13. İşdə olan 14 iyul 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 280.9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini Cavabdeh ilkin olaraq 5000 manat vəsaitin İddiaçı QSC-nə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan məbləği isə hər 3 aydan bir dəfə 2500 AZN olmaqla 10 ödəniş ödəmək şərti ilə cəmi 30000 manata satmışdır.
14. İşdə olan İddiaçı QSC tərəfindən Cavabdeh göndərilmiş 24 yanvar 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, 14 oktyabr 2021- ci il tarixdən etibarən müqavilə üzrə əmlakın dəyərinin qalığı ödənilmədiyindən Cavabdeh müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə xəbərdarlıq edilmişdir.
15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı idi. İddiaçı həmin alqı-satqı müqaviləsi üzrə onun üzərinə götürdüyü öhdəlikləri icra etməməsini əsas göstərərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı həmin müqavilələrin ləğv edilməsini tələb etmək səlahiyyəti vardırsa, o, həmin müqaviləyə istinad edərək onun həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin alqı-satqı müqaviləsindən yaranmış öhdəliklərlə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl həmin müqavilənin ləğv edilməsi, həmin müqavilədə göstərilən pul məbləğlərinin ona qaytarılması ilə bağlı ona hər hansı bildiriş göndərməmiş, eyni zamanda bununla bağlı xəbərdaqlıq müddətini gözləməmişdir. Bunun əksini sübut edəcək hər hansı bir sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün səy göstərməmiş, eyni zamanda həmin qaydanı tətbiq etmək imkanı itirilməmişdir.
17. İddianın əsaslı olduğu öz təsdiqini tapmır. Məhkəmə iddianı təmin etməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir.
18. Ona görə də, Şəki Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(075)-970/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı Accessbank QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(075)-970/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. O, məhkəməyə ünvanladığı teleqramda məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclas zalından onunla əlaqə saxlanılarkən məhkəmə iclasında iştirak etmək istəmədiyini, onun iştirakı olmadan yekun qərar qəbul edilməsini istədiyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh Şəki Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(075)-970/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 16-cı bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş mülki işin 15-16-cı vərəqlərində yer alan bildiriş və qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müqavilənin ləğv edilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Hazırki iş üzrə iddia ərizəsi isə 6 aprel 2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı bank tərəfindən göndərilmiş bildirişə cavabdeh tərəfindən cavab verilməsi 2 aydan artıq gözlənilmiş, daha sonra məhkəməyə iddia verilmişdir. Göründüyü kimi, apellyatorun göstərilən arqumentləri əsassızdır.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 17-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 22-ci bəndində göstərilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrinə, o cümlədən 600 və 601-ci maddələrinə istinad etməklə iddiaçının hazırki tələbində haqlı olduğunu göstərməklə düzgün nəticəyə gəlmişdir. Hazırki iş üzrə iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600 və 601-ci maddələri təşkil etdiyindən və həmin maddələrin tələbləri işin mahiyyəti üzrə həll edilməsi üçün yetərli olduğundan, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən bu qətnamənin 5-8-ci bəndlərində qeyd olunmuş cümlələrlə işin halları düzgün şəkildə əks etdirildiyindən apellyatorun həmin arqumentləri də əsassızdır.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(075)-970/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(075)-970/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov