Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1357/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- subroqasiya hüququ, vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-1157/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 410 (dörd yüz on) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli RAZ**********№-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən mircedes Mercedes Benz minik markalı 36AC339dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri ərazisində 10CN588 dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsində ilə xx.xx.2017-ci il tarixli protokol yazılmışdır və AR İXM-nin 327.6cımaddəsi ilə TYP 077622 qərar yazılmışdır. Daewoo Nexia markalı, 10CN588 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 410 (dörd yüz on) manat ödənişi verilmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-1157/2022 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddianın təmin edilməsi, Cavabdeh 410 (dörd yüz on) manat məbləğində verilmiş sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixli RAZ**********№-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Mercedes Benz minik markalı 36AC339dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri ərazisində 10CN588 dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtomobili ilə toqquşmuşdur. Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsində ilə xx.xx.2017-ci il tarixli protokol yazılmış, AR İXM-nin 327.6- cımaddəsi ilə TYP 077622 qərar çıxarılmışdır. Təmir smetasına əsasən hadisə nəticəsində Daewoo Nexia markalı, 10CN588 dövlət nömrə nişanlı avtomobilə 410 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2017-ci il tarixində 410 manat məbləği zərərçəkmiş şəxsə ödəmişdir. "xxxx" ASC Cavabdeh 410 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Eyni zamanda müəyyən edilmişdir ki, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğlərini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədləri əsas götürüb, hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 410 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumu, cəmi 440 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2, 1096, 1097, 1114-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, Qəbələ Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, e-2(025)-1157/2022 nömrəli qətnaməsi ilə razı deyil, belə ki, o məhkəməyə kiçik iddiaya qarşı etiraz edərək mülki işin iddia icraatı qaydasında tərəflərin iştirakı ilə baxılmasını xahiş etsə də etirazı təmin olunmadan, mülki işə tərəflərin çəkişmə prinsipi qaydalarını pozaraq iddia tələbini təmin etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qəbələ Rayon Məhkəməsinin qətnaməsində qeyd olunur ki, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlansa da bu barədə əsaslı sübutlar təqdim etməmiş, etirazını əsaslandıra bilməmişdir. Bu səbəbdən mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur. Lakin məhkəmə tələb olunan məbləğin şişirdilmiş rəqəm olması, həqiqi dəymiş ziyan olması barədə ekspert rəyi olmadan (Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğlərini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədləri əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir) şəxsi mövqeyinə uyğun qiymətləndirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4.4-cü maddəsinin tələbində qeyd olunan iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa tələbini pozmuşdur. Ona görə ki, hadisə zamanı hiss edilməyəcək qədər kiçik toqquşma baş vermişdir və ziyan aktındakı rəqəm şişirdilmiş bir rəqəmdir. Göründüyü kimi, onun tərəfdən kiçik iddia ərizəsinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş vaxtda verilən etiraz heç bir hüquqi əsası olmadan təmin edilməmişdir. İddia tələbində qeyd olunan hadisə də təsadüfən ehtiyatsızlıqdan baş vermiş, hər hansı qəsdən ola biləcək hərəkətlərə yol verilməmişdir. Hadisə zamanı onun idarə etdiyi maşın digər zərəçəkmiş şəxsin minik avtomobilinə hiss edilməyəcək formada toxunmuş, arxa tərəfin yan hissəsi kiçik əzilmə ilə müşayiət olunmuşdur. Lakin ziyan aktında isə şişirdilmiş bir rəqəm göstərilmiş, bununla əlaqədar isə qiymətləndirici ekspert rəyi alınmamışdır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddiaçı hadisə baş verdikdən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(025)- 1157/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunu; İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(025)-1157/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-1157/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli RAZ**********№-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Mercedes Benz minik markalı 36AC339dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri ərazisində 10CN588 dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtomobili ilə toqquşmuşdur. Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsində ilə xx.xx.2017-ci il tarixli protokol yazılmış, AR İXM-nin 327.6- cımaddəsi ilə TYP 077622 qərar çıxarılmışdır. Təmir smetasına əsasən hadisə nəticəsində Daewoo Nexia markalı, 10CN588 dövlət nömrə nişanlı avtomobilə 410 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2017-ci il tarixində 410 manat məbləği zərərçəkmiş şəxsə ödəmişdir. "xxxx" ASC Cavabdeh 410 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, o, Qəbələ Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, e-2(025)-1157/2022 nömrəli qətnaməsi ilə razı deyil, belə ki, o məhkəməyə kiçik iddiaya qarşı etiraz edərək mülki işin iddia icraatı qaydasında tərəflərin iştirakı ilə baxılmasını xahiş etsə də etirazı təmin olunmadan, mülki işə tərəflərin çəkişmə prinsipi qaydalarını pozaraq iddia tələbini təmin etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, mülki iş materiallarına əlavə edilən 5030/CML-3722/2017 saylı siğorta aktından məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixli RAZ**********№-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Mercedes Benz minik markalı 36AC339 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri ərazisində 10CN588 dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtomobili ilə toqquşmuşdur. Mülki iş materiallarına əlavə edilən 29 yanvar 2017-ci tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən məlum olmuşdur ki, Mercedes Benz minik markalı 36AC339 dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə Cavabdeh tərəfindən İddiaçı ASC-də sığortalanmışdır. Həmçinin mülki iş materiallarına əlavə edilən avtonəqliyyat vasitələrinin texniki ekspertizasına dair 00062 saylı ekspert rəyinə əsasən məlum olmuşdur ki, Daewoo Nexia markalı 10CN588 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinə dəymiş zərərin bazar qiyməti 160 manat, işçilik xidmətləri isə 250 manat, cəmi 410 manat təşkil edir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli PAZ**********№-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Mercedes Benz minik markalı 36AC339dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri ərazisində 10CN588 dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtomobili ilə toqquşmuşdur. Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsində ilə xx.xx.2017-ci il tarixli protokol yazılmış, AR İXM-nin 327.6- cı maddəsi ilə TYP 077622 qərar çıxarılmışdır. Təmir smetasına əsasən hadisə nəticəsində Daewoo Nexia markalı, 10CN588 dövlət nömrə nişanlı avtomobilə 410 manat məbləğində zərər dəymişdir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, hadisə zamanı onun idarə etdiyi maşın digər zərəçəkmiş şəxsin minik avtomobilinə hiss edilməyəcək formada toxunmuş, arxa tərəfin yan hissəsi kiçik əzilmə ilə müşayiət olunmuşdur. Lakin ziyan aktında isə şişirdilmiş bir rəqəm göstərilmiş, bununla əlaqədar isə qiymətləndirici ekspert rəyi alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayətinin bu dəlili əsassızdır. B elə ki, apellyator verdiyi apellyasiya şikayətində qiymətləndirici ekspert rəyinin alınmadığını qeyd etsə də, qiymətləndirmənin təyin edilməsi ilə bağlı vəsatət məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq apellyator ziyan aktında şişirdilmiş bir rəqəmin olduğunu göstərsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı; ...çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici ekspertizanın təyin edilməsi üçün əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Hazırki mərhələdə isə apellyator hər hansı bir əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etməmişdir. Bundan başqa qanunverici ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur. Bu isə onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Eyni zamanda apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddiaçı hadisə baş verdikdən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, əvvəla iddia müddəti müqavilə tələblərindən irəli gələn hallara şamil edilir ki, iddiaçı ilə cavabdehlər arasında belə bir müqavilə mövcud deyil. Hazırkı halda ümumi iddia müddətindən söhbət gedə bilər ki, bu da Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə görə on il təşkil edir. Kollegiyanın qənaətinə görə Subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəfər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi qanunvericilik iddia müddətinin hansı halda tətbiq edilməli olduğunu müəyyən etmişdir. Yuxarıda qeyd edilən hallar isə hazırkı işdə müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-1157/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(025)-1157/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1357/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1357/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver