Məhkəmə qərarları › İş №2(107)-1358/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1358/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1358/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Malların nisyə alqı-satqısı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Oğuz Rаyоn Məhkəməsinin 29 avqust 2023-cü il tаrixli, e-2(054)-360/2023 saylı qətnаməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İşdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin ödəniş olmadan 18 ay müddətinə, xx.xx.2021-ci il tarixdən aylıq 91 manat, sonuncu ay 89,2 manat ödəmək şərtilə cəmi dəyəri 1636.2 manat olan “HP” markalı noutbuk, “Logitech” markalı kompüter siçanı, “Tp-Link” markalı modem, “Xiaomi” markalı çanta və “Baseus” markalı qulaqcıq satılmış, ödənişin xx.xx.2022-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur.

2. İşdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlığın və 162119 saylı qəbzin surətindən görünür ki, 1636,2 manat əsas borcunu və hesablanmış 2454 manat cərimə borcunu ödəmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh məlumat verilmişdir.

3. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə iddiaçıya 1636,2 manat əsas, xx.xx.2020-ci il tarixdən hesablanan gecikdirilən 498 gün üçün 2454 manat cərimə, cəmi 4090,20 manat borcu yaranmışdır.

4. İşdə olan xx.xx.2023-cü il tarixli, 2998-(2) saylı cavab məktubundan görünür ki, sözügedən müqavilə üzrə Cavabdeh satılmış “HP” markalı noutbukun qiyməti 1280 manat, “Logitech” markalı kompüter siçanının qiyməti 29 manat, “Tp-Link” markalı modemin qiyməti 79 manat, “Xiaomi” markalı çantanın qiyməti 65 manat və “Baseus” markalı qulaqcığın qiyməti 69 manatdır.

5. İşdə olan xx.xx.2021-ci il tarixli müştəri müraciətindən görünür ki, Cavabdeh “HP” markalı noutbuku şikayəti olmadan dəyişdirmək istəmiş, həmin məhsulun korpusunda ön hissədə gözlə görünən cızıq olduğu, servis tərəfindən baxılaraq qərar veriləcəyi qeyd edilmiş, müştəri tərəfindən imza edilməklə şərtlərlə tanış və razı olduğu təsdiq edilmişdir.

6. İşdə olan xx.xx.2021-ci il tarixli digər müştəri müraciətindən görünür ki, Cavabdeh “Tp-Link” markalı modemi şikayəti olmadan dəyişdirmək istəmiş, həmin məhsulun üzərində cızıqları olduğu, servis tərəfindən baxılaraq qərar veriləcəyi qeyd edilmiş, müştəri tərəfindən imza edilməklə şərtlərlə tanış və razı olduğu təsdiq edilmişdir.

7. İşdə olan xx.xx.2022-ci il tarixli texniki rəydən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə aldığı “HP” markalı noutbuk xx.xx.2021-ci il tarixdə servisdə qəbul edilmiş, məhsul yoxlanılarkən qüsur, maye və fiziki zədə təsiri aşkar olunmamış, nəticə olaraq əmtəə görünüşündə cızıq olduğu müəyyən edilməklə cihazın əmtəə görünüşü pozulduğundan cihazın dəyişilməsi və ya qaytarılmasının mümkün olmadığı bildirilmişdir.

8. İşdə olan xx.xx.2022-ci il tarixli texniki rəydən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə aldığı “Tp-Link” markalı modem xx.xx.2021-ci il tarixdə servisdə qəbul edilmiş, məhsul yoxlanılarkən maye və fiziki zədə təsiri aşkar olunmamış, nəticə olaraq əmtəə görünüşündə cızıqları olduğu müəyyən edilməklə cihazın əmtəə görünüşü pozulduğundan cihazın dəyişilməsi və ya qaytarılmasının mümkün olmadığı bildirilmişdir.

9. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən irəli gələn 1636,2 manat əsas, 245,4 manat cərimə, cəmi 1881,6 manat borcun və 38,82 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMCyə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə ilə İddiaçı MMC-nin Qəbələ rayon filialından cəmi dəyəri 1636,2 manat olan “HP” markalı noutbuk, 2 ədəd noutbuk aksessuarı, “Baseus”markalı qulaqcıq, “TP-Link” markalı modem və “Xiaomi” markalı çanta almışdır. Müştəriyə tam yararlı məhsullar təqdim edilib. Müəssisədə ancaq təzə mallar satılır. Məhsuldan vitrində 1 ədəd qaldıqda məhsul müştərinin razılığı ilə ona verilir. Məhsulu alan zaman müştəriyə izah edilib ki, əgər aldığı məhsullarda zavod “defekti” olarsa, 14 gün müddətində geri qaytarma hüququ var. Müştəri məhsulu zədələyib geri qaytarmaq istədiyi zaman kompensasiya tələb olunur. Cavabdeh noutbuk və modemi qeyd edilən müddət keçməmiş qaytarsa da məhsulların üzərində cızıq olduğu müəyyən edilib, buna görə dəyişdirilməsi mümkün olmayıb. Cavabdeh kompensasiyanı vermək istəməyib və məhsulları təqdim edib gedib. Məhsullarda zavod defektinin olub-olmadığına dair yoxlama aparılması barədə məlumatı yoxdur. Modemin Oğuzda işləməmə ehtimalı ola bilərdi, çünki həmin vaxt Oğuz rayonu ərazisində optik kabel mövcud deyildi, lakin həmin məhsulun da üzərində cızıq olduğundan müştəri kompensasiya ödəməli idi. Yalnız zavod defekti aşkar olunsa 1 il zəmanət müddəti ərzində pulsuz təmir aparıla bilər. Qalan hallarda xidmət pulludur. Cavabdeh özü də müraciətə imza edərək məhsulların qüsurunun olmadığını və üzərində cızıq olduğunu təsdiq etmişdir. Texniki rəy də verilib. Məhsullar indiyədək servisdədir. Mağazada cavabdehin oğlu əməkdaşlara qarşı kobudluq etmişdir. Alıcı indiyədək qaytardığı məhsulla maraqlanmayıb, yaxud aldığı məhsulların heç birinin dəyərini ödəməyib. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəməyə gec müraciət edilməsinin səbəbi hüquq departamentinin əməkdaşlarının sayının az olmasıdır. Hazırda iddiaçı 1636,2 manat əsas borcun, 245,4 manat cərimə məbləğinin və 38,82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.

11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, 10 mart 2021-ci il tarixdə iddiaçı ilə bağladığı müqaviləyə əsasən 18 ay müddətə ayda 91 manat ödəmək şərtilə noutbuk, modem, çanta, kompüter üçün siçan və qulaqcıqdan ibarət məhsulları satın almışdır. Ancaq evə gəlib noutbuku açanda ekranda ağ xətt olduğunu, həmçinin görüntünün ağ-qara olduğunu müəyyən edib. Modem isə ümumiyyətlə işləmədiyindən mütəxəssisdən soruşmuş, mütəxəssis modemin texniki şərtlərə görə həmin vaxt Oğuz rayonu ərazisində işləməyəcəyini bildirdiyindən hər iki məhsulu qaytarıb qutusuna yerləşdirmiş, 16 mart 2021-ci il tarixdə məhsulları geri qaytarmaq üçün müraciət etmişdir. Qəbələ şəhərində İddiaçı mağazasında satıcı 1 dəqiqə ərzində məhsula baxıb işlədiyini, ancaq noutbuka proqram yüklənməli olduğunu demişdir. Modemin isə həqiqətən Oğuz rayonunda işləməyəcəyi təsdiq edilmişdir. Həm modem, həm də noutbuku dəyişmək istədiyini bildirdikdə ona ərizə yazdırmışlar. Sonra demişlər ki, məhsullarda cızıq olduğundan dəyişə bilmirlər. Satış müdiri onunla kobud danışmışdır. Hər iki məhsulda cızıq olmasının deyilməsi və dəyişməkdən imtinaya əsəbiləşmişdir, çünki məhsulları heç işlətmədən ehtiyatla qutusuna qoymuş və mağazaya verib geri qayıtmış, bundan sonra heç bir ödəniş etməmişdir. Buna baxmayaraq hazırda onda qalan qulaqçıq, kompütür siçanı və çanta üçün ödəniş etməyə hazırdır. Digər iki məhsul dəyişilsə belə ona lazım deyil, çünki başqa noutbuk və modem alıb. İddianın qismən təmin edilməsinə etirazı yoxdur.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, Cavabdeh tərəfindən noutbuk və modem 16 mart 2021-ci ildə, alınandan cəmi 6 gün sonra qaytarılsa da, dəyişdirməkdən imtina edildiyindən məhsullar iddiaçıda qalıb, artıq mənəvi cəhətdən dəyəri aşağı düşüb, yəni köhnəlib. Cavabdeh isə özünə yeni və işlək məhsullar alıb. İddiaçının özünün də etiraf etdiyi kimi həmin məhsullar qaytarıldığı vaxtdan iddiaçının servisində qalıb, cavabdeh onu işlətməyib. Belə olan halda cavabdeh həmin məhsula görə niyə pul ödəməlidir. Guya məhsulların üzərində olduğu deyilən cızıqların isə cavabdehə aidiyyəti yoxdur. Cavabdeh ziyalı şəxsdir, o nəyə görə bu cızıqları çəkməlidir. Bir halda ki, məhsulları dərhal qaytarmaq qərarına gəlmişdir. Hazırkı vəziyyətdə yalnız cavabdehdə qalmış 3 məhsulun dəyəri ödənilməlidir. Cavabdeh buna etiraz etmir və iddia tələbini həmin hissədə dərhal icra etməyə hazırdır. İddianın tələb ediləcək hissəsinə müvafiq olaraq cərimə və dövlət rüsumu hesablanıb cavabdehdən tutulmalıdır. İddianın qismən təmin edilməsini xahiş etmişdir.

13. Oğuz Rаyоn Məhkəməsinin (hakim Səadət Zeynalova) 29 avqust 2023-cü il tаrixli, e-2(054)-360/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə satın aldığıqiyməti 29 manat olan “Logitech” markalı kompüter siçanı, qiyməti 65 manat olan “Xiaomi” markalı çanta və qiyməti 69 manat olan “Baseus” markalı qulaqcığın cəmi dəyəri 163 manat əsas borc, 16,3 manat cərimə borcu, cəmi 179,3 (bir yüz yetmiş doqquz manat otuz qəpik) manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin “HP” markalı noutbuk və “Tp-Link” markalı modemlə bağlı cəmi 1473,2 manat əsas borc, 229,1 manat cərimə borcu, 8,82 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir.

14. İddiaçı Oğuz Rаyоn Məhkəməsinin 29 avqust 2023-cü il tаrixli, e-2(054)- 360/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə obyektiv vəziyyəti düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə Cavabdeh verilmiş “HP” markalı noutbukun və “TP-Link” markalı modemin xx.xx.2021-ci il tarixində yəni ki, qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə geri qaytarıldığına əsaslanaraq “HP” markalı noutbuk və “TP-Link” markalı modemə münasibətdə iddia tələblərini təmin etməmişdir. Məhkəmə qərar verərkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsaslanmışdır. Belə ki, maddəyə əsasən istehlakçı tərəfindən əldə edilmiş lazımı keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya onunla birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Məhkəmə tərəfindən düzgün, obyektiv, hərtərəfli araşdırılma aparılmamış, İddiaçı MMC tərəfindən təqdim edilmiş sübutlar gözardı edilərək, cavabdehin şifahi, heç bir sübut təqdim etmədən yalnız izahatına əsaslanaraq qətnamə qəbul edilmişdir. Belə ki, tərəfimizdən məhkəməyə təqdim olunmuş texniki rəydən də göründüyü kimi “HP” markalı noutbukda və “TP-Link” markalı modemin əmtəə görünüşü pozulmuşdur və bu səbəbdən məhsulların qaytarılması və dəyişdirilməsindən imtina edilmişdir. Qeyd edirlər ki, həmin məhsullar cavabdeh tərəfindən əmtəə görünüşü yoxlanılaraq təhvil alınmış və cavabdeh tərəfindən imza ilə təsdiqlənmişdir. Bu səbəbdən qeyd olunan əmtəə görünüşündəki pozuntuların (cızıqların) cavabdehin diqqətsizliyi ucbatından yaranması istisna edilmir. Göstərilənlərə əsasən Oğuz Rаyоn Məhkəməsinin 29 avqust 2023-cü il tаrixli, e- 2(054)-360/2023 saylı qətnaməsinin qismən ləğv olunmasını və iddia tələbinin tam şəkildə təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Oğuz Rаyоn Məhkəməsinin 29 avqust 2023-cü il tаrixli, e- 2(054)-360/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

26. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə 5. İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ

1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. (...).

3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.

4. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir.

29. Maddə 7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları

1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. (...)

6. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.

30. Maddə 15. İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ

1. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rаyоn Məhkəməsinin 29 avqust 2023-cü il tаrixli, e-2(054)-360/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

47. Müəyyən edilmişdir ki, iddiaçı (kreditor) İddiaçı MMC ilə cavabdeh (borclu) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən ona ilkin ödəniş olmadan 18 ay müddətinə, ayda 91 manat, sonuncu ay 89,2 manat ödəmək şərti ilə cəmi dəyəri 1636,2 manat olan “HP” markalı noutbuk, “Logitech” markalı kompüter siçanı, “Tp-Link” markalı modem, “Xiaomi” markalı çanta və “Baseus” markalı qulaqcıq satılmışdır. Cavabdeh satın aldığı məhsullardan “HP” markalı noutbuk və “Tp-Link” markalı modemi xx.xx.2021-ci il tarixdə iddiaçının Qəbələ rayonu ərazisində yerləşən mağazasına geri qaytarılması üçün təqdim etmiş, öz hərəkətini əsaslandıraraq bildirmişdir ki, noutbuk açılarkən ekranda ağ cızıq müşahidə etmiş və görünüşün ağ-qara olduğunu görmüşdür. Habelə modem işləmədiyindən mütəxəssislə məsləhətləşmiş, ona aldığı modem markasının Oğuz rayonu ərazisindəki texniki şərtlərə uyğun olmadığı bildirilmişdir. xx.xx.2021-ci il tarixdə müştəri müraciətinə uyğun olaraq hər iki məhsul iddiaçının əməkdaşı tərəfindən təhvil götürülmüş, müraciətin mətnində “defekt: müştərinin heç bir şikayəti yoxdur, dəyişdirmək istəyir. Müştəri ilə əlaqə saxlanılsın.”, həmçinin məhsulların üzərində cızıq olduğu qeyd edilməklə “servis baxıb qərar verəcək” yazılmışdır. Müraciətin aşağı hissəsindəki cədvəlin sol tərəfində “Qeyd” bölməsində 5 şərt müştərinin nəzərinə çatdırılmış, cədvəlin sağ tərəfində müştəri “şərtlərlə tanış oldum və razıyam” sözlərinin aşağı hissəsindən imza etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş texniki rəylərə əsasən noutbuk xx.xx.2021-ci il tarixdə, modem xx.xx.2021-ci il tarixdə texniki servisdə qəbul edilmiş, texniki rəylə hər iki məhsulda qüsur, maye və fiziki zədə təsirinin aşkar olunmadığı, əmtəə görünüşü olaraq cızıqların olduğu göstərilmişdir. İddiaçı hazırkı iddia tələbləri ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıda göstərilən qaydada həll etmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

48. Kollegiyanın iclasında cavabdeh tərəf qeyd edilən hər iki əşyanın həmin vaxtdan iddiaçıda olduğunu bildirmiş, cızıqlarla bağlı iddianı qəti olaraq rədd etmişdir. İddiaçının nümayəndəsi kollegiyanın iclasında iclasında mübahisəli əşyaların həqiqətən qaytarıldığı vaxtdan indiyədək servisdə saxlanıldığını təsdiq etmişdir. İddiaçının nümayəndəsi qeyd edilənlərə baxmayaraq cavabdehin aldığı bütün əşyaların, o cümlədən mübahisəli əşyaların dəyərinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.

49. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, mübahisəli iki əşya xx.xx.2021-ci il tarixdən, yəni qanunla müəyyən edilmiş müddət ötürülmədən iddiaçıya təhvil verilmiş, həmin vaxtdan sonra iddiaçı tərəfindən cavabdehə yalnız xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq təqdim edilməklə ondan 1636,2 manat əsas borcun, müqavilənin şərtlərinə əsasən gecikdirilmiş günlərə görə hesablanan 2454 manat cərimə borcunun, cəmi 4090,2 manat pulun ödənilməsi tələb edilmişdir. Həmin vaxtdan sonra iddiaçı onda qalan məhsulların cavabdeh tərəfindən işlədilmədiyini nəzərə almamış, bunun mümkün nəticələri və kompromis şərtləri barədə cavabdehlə danışıqların aparılması üçün səy göstərməmişdir. Texniki rəylərlə qaytarılmış əşyalarda hər hansı qüsur olduğu aşkar edilməmişdir. Buna baxmayaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yuxarıda qeyd edilmiş tələblərinə əsasən cavabdehin bir müştəri olaraq qanunla müəyyən edilmiş müddətdə satın aldığı əşyanı qaytarmaq və ya dəyişdirmək hüququnun olduğu inkar edilə bilməz. Məhkəmə bildirir ki, cavabdehin müştəri müraciətlərinə imza etməsi qaytarılmış əşyalar üzərində olan şübhəli cızıqların onun hərəkətləri nəticəsində əmələ gəldiyini təsdiq etmək üçün kifayət hesab edilməsə də, iddiaçının nümayəndəsinin sözləri ilə qiymət verilərsə hər bir halda iddiaçı tərəfindən hər iki əşyanın üzərində olan cızıqlara görə cavabdehin məsuliyyətinin olub-olmaması, nəticədə kompensasiya ödəməli olubolmaması və kompensasiya məbləğinin müəyyən edilməsi, ən son halda iddiaçı tərəfindən həmin kompensasiya məbləğinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilməsi ədalətli olardı, çünki istifadə edilməmiş və iki ildən artıq müddətdə iddiaçının servisində qalmış əşyaların tam dəyərinin tələb edilməsi absurd hesab edilir.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.

51. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf qeyd edilən hər iki əşyanın həmin vaxtdan iddiaçıda olduğunu bildirmiş, cızıqlarla bağlı iddianı qəti olaraq rədd etmişdir.

52. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi mübahisəli əşyaların həqiqətən qaytarıldığı vaxtdan indiyədək servisdə saxlanıldığını təsdiq etmişdir. İddiaçının nümayəndəsi qeyd edilənlərə baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

53. İddiaçının nümayəndəsi mübahisə predmeti olan malların iddiaçıçının servisində qalmasına baxmayaraq iki ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmələrinin ağlabatan izahını verə bilməmişdir

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

55. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

56. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

58. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

59. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rаyоn Məhkəməsinin 29 avqust 2023-cü il tаrixli, e-2(054)-360/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

61. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Oğuz Rаyоn Məhkəməsinin 29 avqust 2023-cü il tаrixli, e-2(054)-360/2023 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar