Məhkəmə qərarları › İş №2(107)-1368/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1368/2022

06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1368/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- Birlik) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən Ağdaş rayonu Dovudlu kəndində yerləşən iddiaçıya məxsus yaşayış evinə quraşdırılmış G-4 markalı, **********2 nömrəli qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılaraq müvəqqəti sayğacla əvəz olunmuşdur. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ,0329374 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilməsi zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. Birliyin xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı, **********2 nömrəli qaz sayğacının nominal qaz sərfi 4m3, iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 4320 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2021-ci il tarixli ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 432 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanıb abonent koduna vurulmuş 432 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Dovudlu kəndində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nın X1 İstismar İdarəsinin əməkdaşları yaşayış evi üçün quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və o, evdə olmaya-olmaya onun ünvanına gələrək sayğacı açıb götürmüş və yerinə başqa sayğac qoymuşlar. Bundan sonra sayğac dövlət yoxlamasından keçirilməsi üçün növbədənkənar olaraq İTRİ-nin Qazservisisinformatika departamentinə göndərilmiş və sayğaca tərəfindən müdaxilə (tamamilə doğru deyil) olunduğu üçün sayğacın dəyərinin ödənilməsi tələb edilmişdir. Yaşadığı ünvanda təbii olaraq təbii qazdan istifadə edir və quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qazın dəyərini ödəyir. Aylıq sərf etdiyi təbii qaza görə ödənişlərini gecikdirməmişdir. Sayğaca heç bir zaman müdaxilə etməmişdir. Qaz sayğacı qapının çölündə küçədə yerləşir. Hesab edir ki, "Azəriqaz" İB-nin X1 İstismar İdarəsinin ******* saylı təqdim etdiyi akt və onun adına hesablanmış 432 manat borc qanunsuzdur. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)- 979/2022 nömrəli iş üzrə qəbul etdiyi 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh İB-nin X1 İstismarı İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçı **********00660 saylı abonent koduna vurulmuş 432 (dörd yüz otuz iki) manat borcun silinməsi, iş üzrə 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Birlikdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.5, 4.7, 4.8, 6.1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məəcəlləsinin 560.1, 560.2, 560.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İstehlakçı hazırki vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər rasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam ödənilməlidir. Təqdim edilən aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamışdır. İstehlakçı qüsuru təsdiq edən sayğac çıxarılma aktını imza etsə də, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktı imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə bu hallara qiymət verməmişdir. Sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Sayğacın texniki cəhətdən nasaz olması və sayğacın kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilməsi fərqli anlayışlardır. Qaz paylacısı yalnız birinci halda cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehlik ağlabatan deyildir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 4.2. Qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2022-ci il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar