Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-137/2023 24.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (açar sözlər: sığorta müqavilələri üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(046)-980/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları 1.Hazırkı məhkəmə mübahisəsi iddiaçı "xxxx" ASC-nin (bundan sonra –iddiaçı) ilə Cavabdeh (bundan sonra –cavabdeh) arasında baş vermiş sığorta hadisəsi nəticəsində vurulmuş zərərin subroqasiya qaydasında ödənilməsi ilə bağlıdır.
2. Nümayəndə2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzili xx.xx.2016-cı ildən xx.xx.2038-ci ilədək "xxxx" ASC-də əmlak sığorta növündə sığortalamışdır. Sığortalıya RRM100116417 nömrəli əmlak sığortası şəhadətnaməsi verilmişdir.
3. 2019-cu il mayın 28-də Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 4 saylı mənzildən "Xalq Sığorta” ASC-də sığortalanmış Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir.
4. xx.xx.2019-cu il tarixli baş vermiş hadisə yerində əmlaka dəymiş zərərlə bağlı baxış aktından görünür ki, Nümayəndə2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə həmin binanın 2-ci mərtəbəsində yerləşən su sayğacından su sızmışdır. Nəticədə həmin mənzilin mətbəxinin tavanına və divanına ziyan dəymişdir.
5. "xxxx" ASC-nın Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 11 saylı evin, 4cü mənzilinin giriş su xəttinin üzərindəki su sayğacından sonra mətbəxdə yerləşən su xəttində sızma meydana gəlmişdir. Mətbəxtə toplanmış sular aşağı mərtəbədəki 1 saylı mənzilə axmışdır.
6. Bakı şəhəri, Xətai rayonu, 6 saylı MKİS-in 10 iyun 2019-cu il tarixli aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə su axması faktı öz təsdiqini tapmışdır. "BEST SERVİCE BAKU” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 0786/19 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində sığortalı mənzilə 140 manat məbləğində zərər dəymişdir.
7. İşdə olan xx.xx.2019-cu il tarixli 2977 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Nümayəndə2 140 manat sığorta ödənişi ödənilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, onun hesabına cavabdehdən 140 manat vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 170 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini qətnamənin 2-7-ci bəndlərində göstərilənlərlə əsaslandırmışdır.
10. Cavabdeh verilmiş iddiaya etiraz edərək göstərmişdir ki, ona məxsus mənzil binanın 4-cü mərtəbəsində, ziyan dəymiş mənzil isə binanın 1 -ci mərtəbəsində yerləşir. Bundan başqa sözügedən hadisə ilə bağlı ona məxsus mənzilə baxış keçirilməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir.
11. Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(046)-980/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə məxsus su sayğacından su sızmasına görə həmin mənzilə baxış keçirilməmişdir. Həmin sayğacın mənzildən çöldə yerləşməsi, cavabdehə məxsus mənzilə baxış keçirilməməsi, iddiaçı "xxxx" ASC-də sığortalanmış Nümayəndə2 məxsus mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəyməsini inkar edir. Məhkəmə baxışı zamanı cavabdehdən 140 manat ziyanın alınaraq iddiaçıya ödənilməsinə dair heç bir sübut müəyyən edilməmişdir.
13. İddiaçı Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(046)- 980/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qətnamədə “...sayğacın mənzildən çöldə yerləşməsi, cavabdehə məxsus mənzilə baxış keçirilməməsi.. kimi “əsaslandrma” verməklə, məhkəmə kimi üzərinə düşən vəzifəni, yəni iddiaçının sübutlarını nə üçün qəbul etmədiyinə dair dəlliləri göstərməməklə, MPM-nin 220-ci maddəsində göstərilmiş vəzifəni yerinə yetirməkdən özünü kənarlaşdırmışdır. Halbuki, qətnamədə qeyd edilmişdir ki, “...Məhkəməyə təqdim edilmiş sübutlardan və məhkəmənin qətnaməsinin özündə qeyd edilənlərlə təsdiq olunmuşdur ki, baş vermiş su sızması hadisəsi məh cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 4 saylı mənzilnin giriş su xəttinin üzərindəki su sayğacından sonra mətbəxdə yerləşən su xəttində sızmanın nəticəsi olaraq baş vermişdir”. Qeyd olunalardan göründüyü kimi məhkəmənin yanaşması tamamilə qeyri-obyektiv yanaşmadır, ədalətli məhkəmə araşdırması və iş üzrə məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən, Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il, 2(046)- 980/2022 saylı qətnaməsinin ləğv edilməsinə və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 20222-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(046)-980/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
17. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına təkrarən gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
23. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
27.Maddə 6. Sığorta olunan, faydalanan şəxs və zərərçəkən
6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. (...) 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. (...) 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il, 2(046)-980/2022 saylı qətnaməsi ləğv edilməlidir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
42. Müəyyən edilmişdir ki, Nümayəndə2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzili xx.xx.2016-cı ildən xx.xx.2038-ci ilədək "xxxx" ASC-də əmlak sığorta növündə sığortalamışdır. 2019-cu il mayın 28-də Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 4 saylı mənzildən "Xalq Sığorta” ASC-də sığortalanmış Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir. Bakı şəhəri, Xətai rayonu, 6 saylı MKİS-in 10 iyun 2019-cu il tarixli aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə su axması faktı öz təsdiqini tapmışdır. "BEST SERVİCE BAKU” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 0786/19 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində sığortalı mənzilə 140 manat məbləğində zərər dəymişdir. Sığortaçı iddiaçı həmin dəymiş zərəri şığortalı (faydalanan şəxs) Nümayəndə2 ödədiyindən zərəri vurmuş iş üzrə cavabdehə subroqasiya qaydasında zərərin ödənilməsinə dair iddia qaldırmışdır.
43. İddianı təmin etməyən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin sığortalının (faydalanan şəxsin) mənzilinə zərər vurması sübuta yetmir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.
45. Beləki, məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 yanvar 2023-cü il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 4 saylı mənzil xx.xx.1999-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
46. Sözü gedən məktubdan və iş materiallarında olan baxış aktından və sığorta hadisəinə dair ərizədən də cavabdehə məxsus mənzilin binanın 2-ci mərtəbəsində yerləşdiyi məlum olur.
47. İş materiallarında olan "xxxx" ASC-nın Xətai rayon Sukanal İdarəsinin məktubundan cavabdehə məxsus mənzilin giriş su xəttinin üzərindəki su sayğacından sonra mətbəxdə yerləşən su xəttində sızmanın meydana gəldiyi və mətbəxtə toplanmış suların aşağı mərtəbədəki 1 saylı mənzilə axdığı bəlli olur.
48. Su sayğacından sonrakı hissədə yaranan problemlər (qəzalar) mənzil daxili problemlər olduğu üçün istehlakçının özü tərəfindən aradan qaldırılmalıdır.
49. İşə baxan birinci instansiya məhkəməsi işin bu diqqətəlayiq hallarını nəzərə almamışdır.
50. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
53. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
54. Azərbaycan Respublikasının MPM-in 119.1 -ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 45 manat məbləğində pul cavabdehə aid edilməlidir.
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməməiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il, 2(046)-980/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 140 manat və 45 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.
56. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. (bax 38-ci bənd) Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı “İddiaçı "xxxx" ASC- tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il, e-2(046)-980/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 140 manat və 45 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.