Məhkəmə qərarları › İş №2(107)-1385/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1385/2022

06.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1385/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X11, Cavabdeh5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2, X11, Cavabdeh5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə “torpağın mülkiyyətə verilməsinə dair” JN-265A KOD 90321018 saylı şəhadətnamə(bundan sonra- mübahisələndirilən şəhadətnamə) əsasında Ağdaş rayonu Qolqəti kəndində 0,28 ha həyətyanı torpaq sahəsi(bundan sonra-mübahisəli torpaq sahəsi) X19(iddiaçının əmisi), X13(iddiaçını nənəsi), X3(iddiaçının anası), Cavabdeh5(iddiaçının qardaşı), X7(eyni zamanda iddiaçının əmisi arvadı Cavabdeh2) və Cavabdeh3(iddiaçının əmisi oğlu) birgə mülkiyyətinə verilmişdir. Mübahisələndirilən şəhadətnamə əsasında verilmiş torpaq sahəsinə X19, X14, X5, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2V-405 reyestr nömrəli, 05 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 mübahisəli torpaq sahəsi üzrə xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum əri X22 məxsus paydan 1/2 hissədə pay almışdır. 2V-406 reyestr nömrəli, 05 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdeh X30 mübahisəli torpaq sahəsi üzrə xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum atası X22 məxsus paydan 1/2 hissədə pay almışdır. Bundan sonra mübahisəli torpaq sahəsinə 1/6 hissədə X5, 1/6 hissədə Cavabdeh5, 2/6 hissədə Cavabdeh3 və 2/6 hissədə Cavabdeh2 mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “torpağın mülkiyyətə verilməsinə dair”JN-265A kod 90321018 saylı şəhadətnamənin ona - İddiaçı məxsus olması faktının müəyyən edilməsi, buna müvafiq olaraq xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın həmin hissədə ləğv edilməsi, vərəsəlikdən sonra qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın həmin hissədə ləğv edilməsi və xx.xx.2021-ci il tarixli reyestr nömrəsi 2V-405 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarına əsasən Ağdaş rayonu Qolqəti kəndində X10, nənəsi X20, anası X8, qardaşı Cavabdeh5, X15 (şəhadətnamədə İddiaçı yazılmaq əvəzinə səhvən X15 yazılmışdır), əmisi oğlu Cavabdeh3 ümumbirgə mülkiyyət hüququ ilə 0,28 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi ayrılmış və onlara JN- 265A kod 90321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan əlavə Ağdaş rayon X18 xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə Ağdaş rayonunun Qolqəti kəndində X22, nənəsi X20, anası X6, qardaşı Cavabdeh5 və özü X4 təsərrüfatı məhsullarının istehsalı üçün 3,69 ha pay torpaq sahəsi ayrılmış və onlara JN- 265 kod 90321018 saylı “torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhvən onun adı mülkiyyətçilər siyahısında qeyd edilməmiş, əksinə heç bir hüququ olmayan X7 adı göstərilmişdir. X10 xx.xx.2018-ci ildə vəfat etmişdir. Sonradan ona və ailəsinə məlum olmuşdur ki, Cavabdeh2 0,28 ha həyətyanı torpaq sahəsini X30, X23, X11, Cavabdeh5, Cavabdeh2 (əslində İddiaçı olmalı idi), Cavabdeh3 adına qeydiyyata aldırmaqla qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Daha sonra vərəsəlik qaydasında mərhum X10nun və nənəsi X12 adına olan hissələri Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2V-405, 2V-406, 2V-407, 2V-408 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə Cavabdeh2 və Cavabdeh3 adına keçirilmiş, şəhadətnamələr əsasında qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Şəhadətnamədə İddiaçı yazılmalı olduğu halda texniki səhvə yol verilməsi səbəbindən Cavabdeh2 payçı olduğu qeyd etdiyi xx.xx.2019-cu il qeydiyyat tarixli ilkin çıxarış, bunun əsasında verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, ən sonda hazırda qüvvədə olan xx.xx.2021-ci il tarixli çıxarış qanunauyğun deyildir. İslahat vaxtı adına həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının eyni tarixli (xx.xx.1997ci il tarixli), eyni nömrəli (14 nömrəli) qərarla verilmişdir. İslahat vaxtı verilən torpaqların mülkiyyətçiləri eyni şəxslər olmuşlar. Eyni qərarda kənd təsərrüfatı təyinatı torpaq sahəsi onun, həyətyanı torpaq sahəsi isə əmisinin arvadı Cavabdeh2 adına verilmişdir. Eyni zamanda islahat vaxtı əmisinin arvadı Cavabdeh2 adına qeydiyyatda olduğu ata həyətində həyətyanı torpaq sahəsi və kəndin digər ərazisindən kənd təsərrüfatı torpaq sahəsi verilmişdir. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)-774/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə (hakim C.Sultanov) mülki iş üzrə icraata iddia tələbinin “xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24 olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın hissəvi ləğv edilməsi” hissələrində icraata xitam vermişdir. Rayon Məhkəməsi bununla bağlı qənaətini iddia tələblərinə inzibati məhkəmədə baxılmalı olması əsası ilə əsaslandırmışdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi və xx.xx.2021-ci il tarixli reyestr nömrəsi 2V-405 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” hissələrində iddianın rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı xx.xx.2006-ci il tarixdə torpağın mülkiyyətə verilməsinə dair DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə isə X7 və Cavabdeh3 adları mövcud olmuşdur. İddiaçı həmin sənəddə qeyd olunmuş Gülşən adlı şəxsin əslində Ayşən olduğunu bildirsə də, işin halları ilə müəyyən edilir ki, Gülşən ayrı bir şəxsdir. Gülşənin ata adı və soyadı həmin sənəddə düzgün qeyd olunmadığından, sonradan müvafiq düzəliş aparılmışdır. İddiaçının adının qeyd olunan şəhadətnamədə olmaması isə Cavabdeh2 adının iddiaçının adı ilə əvəzləşdirilməsi və ya sənəddə Cavabdeh2 əslində İddiaçı olmasının məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehlərin adları xx.xx.2000-ci il tarixdən həmin ərazidə yaşadıqları üçün sonradan verilmiş şəhadətnaməyə də daxil edilmişdir. Göründüyü kimi şəhadətnamə 2006-cı ildə verilmiş və işin materiallarında olan təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2000-ci ildən həmin yerdə yaşadıqları üçün adları siyahıya daxil edilmişdir. İddiaçının digər tələbi xx.xx.2021-ci il tarixli reyestr nömrəsi 2V-405 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2V-405, 2V- 406, 2V- 407, 2V-408 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə Ağdaş rayonunun Qolqəti kəndində yerləşən 0,2801 ha torpaq sahəsinin X22 və X16 məxsus olan hissələrinə dair Cavabdeh2 1/2 və Cavabdeh3 1/2 olmaqla payları tanınmışdır. X1 Cavabdeh2 əri, Cavabdeh3 isə atası olmuşdur. Notarius haqlı olaraq bu hissədə onları birinci dərəcəli vərəsə kimi qəbul edərək paylarını tanımışdır. Digər hissədə isə X23 iddiaçının nənəsi, Cavabdeh2 qayınanası, Cavabdeh3 isə nənəsidir. İddiaçı hesab edir ki, nənəsinə aid hissədə onun da payı tanınmalı idi və buna görə də şəhadətnamələrin ləğvini xahiş edir. Məhkəmə iddiaçının hüquqlarına toxunan hissədə şəhadətnamələrə hüquqi qiymət verərək bildirmişdir ki, iddiaçı belə tələb irəli sürərkən əvvəlcə nənəsindən qalan payın atası tərəfindən qəbul edilməsini məhkəmədə sübut etməli idi. Əksinə, işin halları ilə müəyyən edilir ki, iddiaçının atasının nə notarial qaydada, nə də faktiki olaraq miras əmlakı qəbul etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da görünür ki, iddiaçının atası X27 vəfat edən günədək başqa ünvanda, yəni ünvan 1 İddiaçının nənəsi daha əvvəl vəfat etdiyindən, atası isə daha sonra vəfat etdiyinə görə iddiaçı atasının əvəzinə nənəsinin birinci dərəcəli vərəsəsi ola bilməz. Məhkəmə mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının nənəsi Saqibə Əliyeva 2015-ci ilin iyul ayında, atası İntiqam Əliyev isə 2015-ci ilin avqust ayında vəfat edib. Mərhum atası nənəsi ölənədək ona məxsus təsərrüfatda yaşamış və onu idarə etmişdir. Cavabdeh2 isə nənəsinin təsərrüfatında yox, ümumi istifadədə olan, lakin bələdiyyəyə məxsus torpaq sahəsində yerləşən köhnə evə gəlin köçmüş və sonradan həmin torpaq sahəsində ev tikdirirək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Nənəsinin ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsindən ona çatası payı faktiki olaraq özü qəbul edərək idarə etmişdir. Nənəsi ölən vaxt əmisi X39 Federasiyasında olmuşdur. O, yas mərasiminə gəlib sonradan yenə Rusiyaya qayıtmışdır. Atasının ölümündən sonra o və qardaşı atasından qalmış əmlakı, o cümlədən nənəsinin ölümündən sonra atasına çatan payı irsi transmissiya yolu ilə faktiki olaraq qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, mülki işə birinci instansiya məhkəməsində uzun müddət ərzində baxılmış və hazırlıq iclaslarında iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə iddiaçı boş-boşuna hər dəfə iddia tələbini dəyişmişdir. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində mötəbər sübutlarını təqdim etmiş və bu sübutların təqdim edilməsi barədə cəhd də etməmişdir. Sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkünlüyü ilə bağlı da heç bir səbəb göstərməmişdir. İkincisi, iddia tələbinin özü aydın deyil. Məhkəmə iclasında dəfələrlə birinci instansiyada işin uzanmasının səbəbi də bir-biri ilə bağlılığı olmayan bir neçə iddianın birləşdirilməsindən ibarətdir. Yuxarıda iddiaçının tələbini tam yazmağımın səbəbi bu qədər bir-biri ilə əlaqəsi olmayan iddiaları göstərməkdir. Belə ki, iddiaçının “Ağdaş rayon AİK-nin xx.xx.1997-ci ii tarixli qərarında va JN-265A kod 90321018 sayli torpağın mülkiyatə verilməsinə dair şəhadətnamədə göstərilmiş X15 adının İddiaçı olmasi və sənədin ona məxsus olması faktinin müəyyən edilməsi” tələbi qanundan kənardır. Belə ki, hamının da bildiyi kimi fakt təsdiqi barədə iddialar yəni ərizələr (MPM-nin 3-cü yarımbölməsinə və 30-cu fəslinə əsasən) xüsusi icraat qaydasında və həmin yarımbölmənin tələblərinə əsasən baxılır. Möhtərəm hakim sizində bildiyiniz kimi fakt təstiqi xüsusi icraat qaydasında baxıldıqda işdə iştirak edən şəxs kimi tərəflər (yəni iddiaçı və cavabdeh) deyil ərizəçi və maraqlı şəxs kimi yazılmalıdır. Bundan əlavə hüquqi faktın müəyyən olunması ilə bağlı işə baxdıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim iddia ərizəsini baxılmamış saxlamalıdır. Üçüncüsü, bilindiyi kimi şəhadətnamədə və digər hüquq müəyyən edici sənədlərdə ad, soyad və ata adının düzəlməsi barədə və çıxarışın ləğv olunması ilə bağlı iddialar ümumi (şəhər-rayon) məhəkəmələrdə baxılması qeyri mümkündür. Sözügedən qaydada olan iddialar və tələblər İnzibati Məhkəmələrin aiddiyyatında olmaqla onlar tərəfindən baxılır. Belə olan halda aiddiyyat qaydaları pozulmasını bildirmək lazımdır. Dördüncüsü, iddiaçının tələbin digər hissələrindən olan vərəsəlik şəhadətnamələrinin ləğvi ilə bağlı hissəsi hansı qanuna əsaslanır və indiyə kimi niyə iddiaçıdan bu barədə soruşulmur maraqlıdır. Çünki iddiaçının bu cür iddia qaldırmaq hüququ yoxdur. Vərəsəlik şəhadətnamələrinin ləğvi ilə bağlı iddiaçının subyektiv hansı hüquqları pozulmuşdur? İddiaçı mərhum şəxslərin birinci növbə vərəsəsi deyil və vərəsəlik haqqında şəhadətnamələri mübahisələndirmək hüququ yoxdur. İddiaçı bu barədə heç bir sübut təqdim etməmiş və hansı səbəbdən mərhumların vərəsəsi sayılmasının səbəbini göstərməmişdir. İddiaçın atası X17 öz anasından qalan miras əmlakı qəbul etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Əksinə şikayətində də atasının Mingəçevir şəhərində qeydiyyatda olmasını bildirmişdir. Mirasın qəbulunun iki üsulu var ki, bunlardan biri mirasın faktiki qəbuludu. Lakin iddiaçının atası İntiqam Əliyevin anasının mirasını qəbul etməsi barədə heç bir sübut yoxdur. Bundan əlavə miras qəbulu şəxsi hüquqdur və İddiaçı vasitəsi ilə mirasın qəbulu ağlabatan deyil. Bundan əlavə iddiaçının atasının nə notarial qaydada, nə də faktiki olaraq miras əmlakı qəbul etmişdir. Bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da görünür ki, iddiaçının atası X27 vəfat edən günədək başqa ünvanda, yəni ünvan 1 Sözügedən işə bu qaydada baxılması MPM-nin tələblərinə ziddir. İddianın mahiyyəti üzrə baxılıb yekun qərarın verilməsi bu halda ədalət mühakiməsinin tələblərinə uyğun bir addım olmaz. İlk növbədə iddiaçının iddianı vermək üçün subyektiv hüquqlarının olub-olmaması araşdırılmalı, iddianın əsl iddiaçı və ya cavabdeh tərəfindən verilməsi araşdırlmalı idi. Beşincisi, iddiaçı iddia ərizəsini və şikayətini əsaslandırmaq əvəzinə yalnız etirazını bildirmiş və göstərdiyi halların qanunsuz olmasından başqa heç bir qanuni bir sənəd təqdim edə bilməmişdir. Cavabdeh2 adı hansı səbəbdən şəhadətnamədə olmamalıdır? Bu iddia ərizəsində və apellyasiya şikayətində öz əksini tapmamışdır. Yalnız bir neçə sadə mülahizələr əsasında fikirlər irəli sürülmüşdür. İddiaçının şəhadətnamənin ona məxsus olması ilə bağlı heç bir hüquqi əsas yoxdur. Bundan əlavə sənədlər mənim tərəfimdən araşdırılarkən mənə məlum olmuşdur ki, Cavabdeh2 adı bütün təsərrüfat başına kitablarda, arxiv arayışlarında, dövlət torpaq və xəritəçəkmə komitəsinin arayışında (45 saylı, xx.xx.2015-ci il tarixli arayışlarında olmuşdur.) Altıncısı, sübutlar tərəflər tərəfindən təqdim olunmalıdır. Ümumi məhkəmələr sübut yığmağa məcbur deyillər. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən sorğular verilmiş sübutlar yığılmasına çalışılmışdır. Bu qanunla qadağandır və digər şəxs yəni cavabdehin hüquqlarının pozulmasıdır. Belə ki, sorğu məhkəmə tərəfindən o halda verilir ki, tərəf həmin sübutu özü ala bilməsin. Lakin iş materiallarında iddiaçının həmin müəssisə və idarələrdən bu barədə sorğu və bu orqanların imtinası olması barədə heç bir sənəd yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat vermişdirlər. İddiaçı və cavabdehlər X11, Cavabdeh5 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, İşdə olan sənədlərdən və tərəflərin məhkəmələrə bildirdikləri məlumatlardan aşağıdakılar müəyyən edilir: - hazırki iş üzrə iddiaçı X13 övladı X17 qızı, iş üzrə cavabdehlər Cavabdeh4 iddiaçının anası, Cavabdeh5 iddiaçının qardaşı, Cavabdeh2 isə iddiaçının əmisi (X30) arvadıdır. - X28 (ailə başçısı), X30 (ailə başçısının oğlu), X9 (ailə başçısının gəlini), Cavabdeh5 (ailə başçısının nəvəsi), İddiaçı (ailə başçısının nəvəsi), X24 (ailə başçısının gəlini) və Cavabdeh3 (ailə başçısının nəvəsi) adları xx.xx.2000-ci il tarixdə təsərrüfatbaşına kitabda təsərrüfat üzvlərinin siyahısında qeyd olunmuşdur. - Cavabdeh2 adı işdə olan bəzi sənədlərdə səhvən “X15” kimi qeyd olunmuşdur. - Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən X30, X28, X9, Cavabdeh5 (hazırki iş üzrə cavabdeh), X15 (hazırki iş üzrə cavabdeh) və Cavabdeh3 0,28 ha kənd fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı həmin şəxslərin adına JN-265A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. - Ağdaş rayonunun Qolqəti kəndindən yaşayış məntəqələrinin torpaqları üçün 0,2801 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına xx.xx.2021-cı il tarixli, ********** saylı Çıxarış və xx.xx.2021-ci il tarixli, AA seriyalı, № 617685 saylı planı və ölçü verilmişdir. Hazırda iddiaçı iddia edir ki, o, Ağdaş rayonunun Qolqəti kəndi ərazisində yerləşən 0,28 toraq sahəsinin birgə mülkiyyətçisidir və həmin torpaq sahəsinə dair verilmiş şəhadətnamədə onun adı səhvən X2 qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunmuş bu dəlili əsassızdır. Çünki mübahisəli torpaq sahəsinrin onun mülkiyyətinə verilməsi faktının müəyyən edilməsini tələb edən iddiaçı, həmin torpağa dair Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına və bu qərar əsasında verilmiş JN-265A kod 90321018 saylı şəhadətnaməyə istinad edir. Lakin bu zaman iddiaçı Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarını nə birinci instansiyası məhkəməsinə, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir. Digər tərəfdən işdə olan sənədlərlə təsdiq olunur ki, mübahisəli torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə verilmiş şəhadətnamədə Cavabdeh3 və X7 adları qeyd olunmuş, sonuncunun soyadı və ata adı səhv göstərilmiş, bununla bağlı sonradan sənəddə müvafiq düzəliş aparılmış və həmin şəxsin iş üzrə Cavabdeh2 olduğu müəyyən edilmişdir. Belə ki, təsərrüfatbaşına kitabda Cavabdeh2 adı xx.xx.2000-ci il tarixdə tərtib edilmiş təsərrüfat üzvlərinin siyahısına salınmışdır. Cavabdeh2 təsərrüfat üzvlərindən biri olduğuna görə də, sonradan mülkiyyətə verilmiş mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçilərinə Cavabdeh2 da aid edilmişdir. Bu baxımdan hesab edilməlidir ki, mübahisəli torpaq sahəsinə dair verilmiş JN-265A kod 90321018 saylı şəhadətnamədə iddiaçının adının qeyd olunmaması Cavabdeh2 adının iddiaçının adı ilə əvəzləşdirilməsi və ya həmin sənəddə Cavabdeh2 əslində iddiaçı olmasının məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə iddiaçının tələbi əsassız, həmin tələbi rədd etmiş Rayon Məhkəməsinin mövqeyi isə əsaslıdır. İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü digər tələb isə xx.xx.2021-ci il tarixdə 2V-405 №-li ilə reyestrdə qeydə alınmış (iş № V-220/2021) Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədədir. İddiaçının bu tələblə bağlı dəlilləri ondan ibarətdir ki, nənəsi Saqibə Əliyeva 2015-ci ilin iyul ayında, atası İntiqam Əliyev isə 2015-ci ilin avqust ayında vəfat etmişdir. Mərhum atası nənəsi ölənədək ona məxsus təsərrüfatda yaşamış və onu idarə etmişdir. Cavabdeh2 isə nənəsinin təsərrüfatında yox, ümumi istifadədə olan, lakin bələdiyyəyə məxsus torpaq sahəsində yerləşən köhnə evə gəlin köçmüş və sonradan həmin torpaq sahəsində ev tikdirirək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Nənəsinin ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsindən ona çatası payı faktiki olaraq özü qəbul edərək idarə etmişdir. Nənəsi ölən vaxt əmisi X39 Federasiyasında olmuşdur. O, yas mərasiminə gəlib sonradan yenə Rusiyaya qayıtmışdır. Atasının ölümündən sonra o və qardaşı atasından qalmış əmlakı, o cümlədən nənəsinin ölümündən sonra atasına çatan payı irsi transmissiya yolu ilə faktiki olaraq qəbul etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, X23 (iddiaçının ata anası) xx.xx.2015-ci il tarixdə, X27 (iddiaçının atası) xx.xx.2015-ci il tarixdə, X30 (iddiaçının əmisi) xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin müddalarının mənasına görə, irsi transmissiya - vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi deməkdir. Mülki Məcəllənin bu tələbindən çıxış edərək bu qənaətə gəlinir ki, tərəflər arasında mövcud mübahisənin həllində irsi transmissiya haqqında normalar o halda tətbiq oluna bilər ki, iddiaçının atası İntiqam Əliyev öz anası (iddiaçının nənəsi) Sahibə Mayılovadan miras qalmış əmlakı qəbul etmiş olardı. Bundan başqa, Sahibə Mayılovanın ölümündən sonra miras qalmış əmlakın əvvəl iddiaçının atası İntiqam Əliyev tərəfindən, sonuncunun ölümündən sonra isə iddiaçı tərəfindən nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi , nə də miras əmlakı faktiki qəbul etməsi, əmisi Mürsəl Əliyevin isə bunun əksinə miras əmlakı qəbul etməməsi iş materialları ilə təsdiq olunmur, bununla bağlı sübutları iddiaçı məhkəmələrə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üzrə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin artıq qeyd olunduğu kimi, iddiaçı istinad etdiyi dəlillərini təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının iddiası və apellyasiya şikayəti əsassız, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar