Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1389/2022 01.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz hesablanan borc, borcun tutulması, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1288/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Ağdaş qaz istismar sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmişdir. Sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlı-vaxtında cavabdeh orqanın hesabına ödəmişdir. Azəriqaz İB-nin Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğac normaya uyğun deyil, sayğac minimal sərfiyyatda nisbi xətayla işlədiyi, plasmas qapağın yan tərəfində iz olduğunun plomb açılmış, sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilməsi qənaətinə gəlmişlər. Qaz sayğacını yenisi ilə əvəz edəcəklərini bildirərək qanunsuz akt tərtib etmişlər. Bundan sonra sayğaca tərəfindən müdaxilə olunduğu üçün onun xəbəri olmadan sayğacı növbədənkənar dövlət yoxlamasından keçirilməsi üçün İTRİ-nin Qazservisinformatika departamentınə göndərilmişdir. Bundan əlavə 2022-ci il üçün abonent kimi ona təqdim edilmiş, Ağdaş XS-dən aldığı saldonun surətindən görünür ki, həmin akt əsasında ona 518,40 manat borc hesablanmışdır. Aktda sayğacın sökülməsi zamanı sayğacın sərfiyyat göstəricisi qeyd edilməmişdir. Bu isə sui-istifadə halına səbəb olmuşdur. Aktda onun qaz paylayıcı arasında müqavilənin nömrəsinə, tarixinə istinad olunmamışdır. Bundan belə nəticəyə gəlmək olur ki, qaz sayğacı mənzildə olmalı, zərurət olanda istehlakçı nəzarət orqanlarına baxış üçün şərait yaratmalıdırlar. Lakin onun evinə quraşdırılmış sayğac küçədə yerləşir, küçədə yerləşdiyi üçün də sayğacın heç bir halda kənar qüvvələrin təsirinə məruz qalmayacağına cavabdeh ola bilməz. Ağdaş Xidmət sahəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəz olunacağı adı ilə götürülən sonradan yoxlanılması üçün İTRİ-nin Qazservisinformatika departamentinə göndərilmiş, sonra da sayğaca müdaxilə etdiyi iddia edildiyi üçün təbii qazdan istifadə qaydalarını pozma haqqında ******* saylı saxta akt tərtib edilmişdir. Həmin aktdakı qanunsuzluqlar aşağıdakılardır. Aktda heç bir zaman müdaxilə etmədiyi halda qanunsuz qazın həcmi onun sərfiyatı olaraq hesablanmışdır. Zaqatala RQİİ-nin Ağdaş Xidmət sahəsinin əməkdaşları ilkin olaraq inzibati araşdırma aparmalı, sayğaca müdaxilənin və qayda pozuntusunun kimin tərəfindən törədildiyini müəyyən etməli və inzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə (Təbii qazın, elektrik və istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) protokol tərtib etməli idilər. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Ağdaş XS-nin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcədə istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, buda yolverilməzdir. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1288/2022 saylı qətnaməsi ilə (hakim C.Sultanov) İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı **********00810 saylı abonent koduna yazılmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borcun silinməsi, iş üzrə 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən məlum olmuşdur ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı **********00810 saylı abonent koduna yazılmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc silinməli, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 və 76.2-ci, 119.1, 119.2, 217.3, 217.4-cü maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.5-ci, 4.7-ci, 4.8-ci bəndləri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, 8.1.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırki mövqeyi hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfdindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsuru təsdiq edən xx.xx.2022-ci il tarixli ******* aktı imza etsə də inventarizasiyanın aparılmasına dair xx.xx.2022-ci il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi qanunsuz qazdan istifadə halının aşkar edilməsi zamanı istehlakçının iştirakı və qüsurun məhz onun yanında aşkar edilməsini nəzərə almamışdır. Sayğacın istismara yararsız vəziyyətə gətirilməsi ona faktiki fiziki müdaxilə edilməsi ilə baş verir. Sərfiyyatın qeydə almaması üçün sayğacın borusunda dəlik açılması məqsədilə onun hökmən şəbəkədən açılması və mənzilin qaz təminatı hökmən dayandırılması zərərudir ki, bundan da istehlakçının məlumatının olmaması qeyri mümkündür. Mübahisəli qaz sayğacı əvvəlki tarixdə onun flyans (qayka) birləşməsinə plomb vurularaq abonentə təhvil verilmiş və bu səbəbdən sayğacın və plombların qorunub saxlanılmasına abonent cavabdehlik daşımışdır. Qeyd edilənləri nəzərə alaraq o, Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1288/2022 saylı qətnaməsi ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1288/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddiaçının iddiasının təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1288/2022 saylı cavabdehin apellyasiya şikayətinə münasibətdə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsuru təsdiq edən xx.xx.2022-ci il tarixli ******* aktı imza etsə də inventarizasiyanın aparılmasına dair xx.xx.2022-ci il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın çıxış plasmas borusu deşilib” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-markalı 10021284 saylı sayğacın çıxış plasmas borusunun deşilməsinin iddiaçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin etirazı o halda əsaslı sayıla bilərdi ki, cavabdeh sayğacda olan qüsurun iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etsin. Lakin belə hallar müəyyən edilmir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunsuz qazdan istifadə halının aşkar edilməsi zamanı istehlakçının iştirakı və qüsurun məhz onun yanında aşkar edilməsini nəzərə almamışdır. Sayğacın istismara yararsız vəziyyətə gətirilməsi ona faktiki fiziki müdaxilə edilməsi ilə baş verir. Sərfiyyatın qeydə almaması üçün sayğacın borusunda dəlik açılması məqsədilə onun hökmən şəbəkədən açılması və mənzilin qaz təminatı hökmən dayandırılması zərərudir ki, bundan da istehlakçının məlumatının olmaması qeyri mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, “sayğacın çıxış plasmas borusu deşilib” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan həyətində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1288/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1288/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1389/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1389/2022
01.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver