Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1397/2021 05.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-53/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qax rayon Dövlət Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında Qax şəhəri, Azərbaycan prospekti, 2F ünvanında yerləşən əmlak kompleksinə dair 21 noyabr 2017-ci il tarixdə Qax rayonu notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, RX seriyalı, ******* saylı Çıxarışın, Cavabdeh1 oğlu ilə “X1” MMC arasında Qax şəhəri, Azərbaycan Prospekti, 2F ünvanında yerləşən əmlak kompleksinə dair 25 noyabr 2017-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin əslində nəzərdə tutduqları alqı-satqı müqaviləsinə aid qaydalar tətbiq edilərək, Cavabdeh2 oğlu ilə İsmayılov Namaz İsa oğlu arasında Qax şəhəri, Azərbaycan prospekti, 2F ünvanında yerləşən əmlak kompleksinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin əmlaka dair İddiaçı Çıxarışın verilməsinin Daşınmaz Əmlaka həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmini tədbiri kimi Qax şəhəri, Azərbycan prospekti, 2F ünvanında yerləşən əmlak kompleksinin istifadəyə dair hər hansı maneələrin yaradılmasının Cavabdeh1, habelə üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(024)-53/2021 saylı qərardadına əsasən İddiaçı iddianın təmini tədbiri kimi Qax şəhəri, Azərbycan prospekti, 2F ünvanında yerləşən əmlak kompleksinin istifadəyə dair hər hansı maneələrin yaradılmasının Cavabdeh1, habelə üçüncü şəxslərə qadağan edilməsi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)-53/2021 saylı, 18.05.2021-ci il tarixli qərardadı ilə tərəfimdən verilmiş ərizə təmin edilməmişdir. Aşağlda qeyd edilənlərə əsasən, hesab edir ki, Qax Rayon Məhkəməsinin 2(024)-53/2021 saylı, 18.05.2021-ci il tarixli qərardad ləğv olunmalı, ərizə tam təmin edilməlidir. Belə ki, Qax şəhəri, Azərbaycan prosp, 2F ünvanında yerləşən əmlak kompleksi mübahisə predmeti olduğundan iddiaçının istifadəyə dair hər hansı maneələrin yaradılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi xüsusi ilə zəruridir. Cavabdeh dəfələrlə həmin əmlak kompleksinə daxil olmasının istədiyini ona bildirmişdir. Cavabdehin istədiyi vaxtda həmin əmlakın kompleksinə daxil olması, “X1” MMC-nin fəaliyyətinə zərər verəcəkdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 18 may 2021-ci il tarixli 2(024)-53/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(024)-53/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-53/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunun mənasına görə iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən, iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. İddiaçının şikayətində göstərdiklərinin “X1” MMC-nin fəaliyyətinə zərər vura biləcəyinə dair hər hansı mötəbər sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bundan əlavə Cavabdeh1 həmin kompleksin mülkiyyətçisidir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152. maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu səbəblə də onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Odur ki, kollegiya şikayətin dəlillərinin formal mülahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-53/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-53/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1397/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1397/2021
05.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver