Məhkəmə qərarları › İş №2(107)-1406/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1406/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1406/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair sadələşdirilmiş iddia ərizəsi üzrə Şəki Rаyоn Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, e-2(075)-2499/2023 saylı qərаrdаdındаn İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı “pul tələbi”nə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, e-2(075)-2499/2023 saylı qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı QSC şikayət verərək, Şəki Rаyоn Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, e-2(075)-2499/2023 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi e-2(075)-2499/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qəbul edərkən qarşı tərəfə göndərilmiş bildirişin çatdırılması barədə sənəd tələb edərək Mülki Prosesual Məcəllənin tələblərini pozmuşdur. Belə ki, bildirişin qarşı tərəfə çatdırılması tələbi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsində ipoteka predmetinə tutulma yönəldilən zaman nəzərdə tutulmuşdur ki, bu halda da bildiriş 5 gün müddətində çatmış hesab olunur. Bu səbəbdən də mülki işlə bağlı bildirişin qarşı tərəfə çatdırılmasının məhkəmə tərəfindən tələb edilməsi qanunsuzdur. Mülki Prosesual Məcəllənin 135.1-ci maddəsinin məzmunundan da göründüyü kimi rəsmi şəkildə çatdırılması tələb olunan sənədlərin siyahısı həmin məcəllənin 134-cü maddəsində tam olaraq sadalanır. Bunlara iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi, iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətləri, məhkəmə bildirişləri, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları, iş üzrə icraatın qurtardığını göstərən qərardad, məhkəmə əmri, apellyasiya şikayətinin surəti, kassasiya şikayətinin surəti aiddir. Lakin, qeyd olunan sənədlərin içində borc barədə bildiriş qeyd olunmamışdır. İddiaçı QSC ilə borclu arasında olan məhkəmə mübahisəsinin kommersiya mübahisəsi olmaması, mülki qanunvericilikdə yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi halı istisna olmaqla, borclu tərəfindən bildirişlərin cavabdehə çatdırılmasını tələb edən normanın olmaması halları Şəki Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilən zaman nəzərə alınmamışdır. İddiaçı QSC və Cavabdeh arasında olan məhkəmə mübahisəsi kommersiya mübahisəsi olmadığı üçün pretenziya qaydasında göndərilmiş bildirişin cavabdehə çatmasını təsdiq edən sənəd iddiaçıdan tələb edilə bilməz. İddiaçı QSC tərəfindən borcluya məhkəməyə müraciət etməzdən əvvəl bildiriş göndərilmiş, lakin heç bir cavab alınmamışdır. Qeyd olunan hal iddia ərizəsinə əlavə edilmiş poçt qəbzində öz əksini tapmışdır. Bu isə İddiaçı QSC-nin qabaqcadan nizama salma tələblərinə riayət etdiyini təsdiq edir. Odur ki, Şəki Rаyоn Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, e-2(075)- 2499/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rаyоn Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(075)-2499/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Rаyоn Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, e- 2(075)-2499/2023 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, GVL000376 saylı müqavilənin 5.1 və 5.2-ci bəndlərində qeyd edilmişdir ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. İddia ərizəsinə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair cavabdehə ünvanlanmış bildiriş və onun göndərilməsini təsdiq edən poçt reyestri əlavə edilsə də həmin bildirişin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Halbuki, iş materiallarından görünür ki, tərəflər arasındakı münasibətlər məhz İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış “kredit” müqaviləsindən irəli gəlir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Şikayətlə razılaşan kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.1.6-ci -cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Deməli həmin əsasla iddia ərizəsi iki halda qaytarıla bilər 1) qanunla pretenziya qaydası nəzərdə tutulduğu hallarda 2) müqavilə ilə pretenziya qaydası nəzərdə tutulduğu hallarda. Hazırkı mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli mübahisə olmaqla açıq şəkildə müəyyəndir ki, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası ümumiyyətlə nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş və mübahisənin yaranmasına əsas olan müqavilədə də nəyinki pretenziya qaydası nəzərdə tutulmamışdır, hətta bu qəbildən olan şübhələrə yol verməmək üçün Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi yuxarıda qeyd edilən nörmalarda iddia ərizəsinin bu əsasla qaytarılması nəzərdə tutulmamışdır. İşin bu halı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilər. Ona görə də kollegiya hesab edir ki, Şəki Rаyоn Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, e-2(075)-2499/2023 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rаyоn Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, e-2(075)-2499/2023 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar